Fermerlərə əlavə güzəştlər nəzərdə tutulub 

 

Ümumilikdə 2015-ci il üçün icra meyarları aqrar sahənin hərtərəfli inkişafına yönəlib

 

Dayanıqlı iqtisadiyyatın əsası çoxşaxəli fəaliyyət istiqamətindən ibarətdir ki, aqrar sektor da onun çox mühüm hissəsini təşkil edir. Artıq 2011-ci il üçün hədəflərini müəyyənləşdirən Azərbaycanda bu sahənin prioritet elan edilməsi də təsadüfi deyil. Kənd təsərrüfatının hərtərəfli inkişafını, eyni zamanda ərzaq təhlükəsizliyinin təmin olunmasını qarşısına məqsəd qoyan ölkədə bu il ərzində atılan ilk addımlardan biri məhz heyvandarlığın inkişafı ilə bağlı olub. Belə ki, ölkə başçısı növbəti sərəncamı ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, habelə damazlıq heyvandarlığı inkişaf etdirmək məqsədi ilə verilib. Sərəncama əsasən, 2011-ci ildə xaricdən damazlıq heyvanların idxal olunması və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılması həyata keçiriləcək. Bunun üçün 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə beş milyon manat vəsait ayrılıb. Maliyyə Nazirliyinə isə sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirilməsi həvalə edilib. Bu sahənin inkişafındakı digər problemlərə gəlincə, heyvandarlıqda əsas problemlərdən biri yem bazasının zəif olmasıdır. Senaj və silos kimi qiymətli yemlər heyvanların yem rasionundan çıxıb. 2007-ci ildə ölkədə cəmi 6,4 min ton yaşıl qarğıdalı kütləsi və 2,4 min ton kökümeyvəlilər istehsal olunub. İnək və camışlar əsasən kəndətrafı örüş sahələrinin hesabına saxlanılır. Bu sahələrin isə ot örtüyü xeyli seyrəkləşib, qış otlaqlarının quru ot məhsuldarlığı isə 3-4 sentnerə qədər azalmışdır. Hazırda quşçuluq müəssisələri istisna olmaqla qarışıq yem istehsal olunmur. Damazlıq işinə gəlincə, hər inək və camışdan 2007-ci ildə 1110 kq süd sağılması onu göstərir ki, iribuynuzlu mal-qara arasında damazlıq işi də tələb olunan səviyyədə aparılmır, qısırlığa qarşı mübarizə tədbirləri zəif həyata keçirilir. Bu sahədə problemlərin aradan qaldırılması üçün iribuynuzlu mal-qaranın cins tərkibinin yaxşılaşdırılması ilə bağlı aparılan işlər genişləndirilməli və hər il xaricdən ən azı 7-8 min baş cins mal gətirilməlidir. Ümumiyyətlə, bu gün ölkədə aqrar sahənin müxtəlif qollarının inkişafı ilə yanaşı, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair 2008-2015-ci illəri əhatə edən Dövlət Proqramı mövcuddur. Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərti olduğundan bu sahənin diqqət mərkəzində olması hər bir dövlətin ümdə vəzifəsidir. Bundan başqa, Azərbaycanda kənd təsərrüfatının inkişafını güclü zərurətə çevirən digər amil ölkənin Ümumdünya Ticarət Təşkilatına üzvlük istiqamətində apardığı danışıqlarıdır. Təşkilata üzv olmaq istəyi ölkənin aqrar sahəsinin rəqabətədavamlı olması tələbini labüd edir. Mövcud vəziyyət daxili ərzaq bazarının idxaldan asılılığının maksimum azaldılması və ərzaq ehtiyatlarının yaradılması məsələsinə kompleks yanaşma tələb edir. Araşdırmalar göstərir ki, 2003-2007-ci illər ərzində aqrar bölmədə real artım hər il orta hesabla 4,5 faiz təşkil edib. Sahənin davamlı inkişafı üçün fermerlərə yanacağın, motor yağının və gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi və s. davam etdirilir. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın ötənilki icrasına gəlincə, İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, 2010-cu ildə qarğıdalı da daxil olmaqla 966,7 min hektar sahədən hər hektardan orta hesabla 20,7 sentner olmaqla 2000,9 min ton taxıl məhsulu toplanıb. Bundan əlavə, hesabat dövrü ərzində 953,7 min ton kartof, 729,3 min ton meyvə və giləmeyvə, 1614,6 min ton tərəvəz və bostan bitkiləri, 129,5 min ton üzüm, 256,5 min ton şəkər çuğunduru, 544,9 ton yaşıl çay yarpağı istehsal olunub. Heyvandarlıq sahəsində isə 2010-cu ildə 2009-cu illə müqayisədə iribuynuzlu mal-qaranın sayı 1, qoyun və keçilərin sayı isə 0,6 faiz artıb. Dövlət Taxıl Fondunun təşkili üçün tələb olunan infrastrukturun yaradılması məqsədi ilə Fövqəladə Hallar Nazirliyi tərəfindən mövcud elevatorların və taxıl anbarlarının reyestri tərtib edilib. Kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı sahəsində sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədi ilə dövlətin maliyyə dəstəyi ilə ötən ildə də davam etdirilib. Belə ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2010-cu il ərzində 1346 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 71525,9 min manat güzəştli kredit vəsaiti ayrılıb və s. Dövlət Proqramının 2015-ci il üçün icra meyarlarını təşkil edən əsas hədəf göstəricilərinə gəlincə, dənli bitkilərin əkin sahələrini 900 min hektara, məhsuldarlığı 32 s/ha-ya, ümumi istehsalı 2,8 milyon tona çatdırılması nəzərdə tutulur. Ət istehsalını 340 min tona, süd və süd məhsullarının istehsalını 2,4 milyon tona,  sənaye üsulu ilə illik quş əti istehsalını 80 min tona, yumurta istehsalını 1,3 milyard ədədə kartof istehsalının həcmini 1,12 milyon tona, tərəvəz və bostan bitkilərinin istehsalını 1,72 milyon tona yüksəltmək də başlıca hədəflərdəndir. 2015-ci ilə qədər ölkədə meyvə istehsalını 800 min tona, yağlı bitkilərin əkin sahələrini 135 min hektara, şəkər çuğundurunun əkin sahəsini 20 min hektara, çay yarpağı istehsalını 3 min tona çatdırmaq da planlaşdırılır. Bundan başqa, yem bitkilərinin əkin sahələrini 500 min hektara, yüksək keyfiyyətli, balanslaşdırılmış qarışıq yem istehsalını ildə 2 milyon tona çatdırmaq da proqram müddətində icra olunmalıdır.

 

 

Həqiqət İsabalayeva

 

Kaspi.- 2011.- 8 mart.- S. 9.