Unudulmaz türk
qırğını – Fərqanə faciəsi
Özbəkistanın
Fərqanə vadisində baş vermiş qanlı hadisə
haqlı olaraq "xalqlar imperiyası" adlanan Sovet
İttifaqında obyektiv gerçəkliyi nəzərə
almadan aparılan milli siyasətin yanlış və
acınacaqlı nəticələrindən biridir. SSRİ-də
vahid ideologiya şəraitində milli zəmində hər
hansı qarşıdurmanın baş verməsinin
mümkünsüzlüyü təbliğ olunmuş, meydana
çıxan və ya potensial münaqişə ocaqları
süni yollarla gizlədilmiş, səbəbləri aradan
qaldırılmamışdı. Uzun illər ört-basdır
edilmiş milli məsələnin gərginliyi imperiyanın
çökməsi ərəfəsində, demək olar ki,
bütün müttəfiq respublikalara sirayət etmiş və
müxtəlif formalarda özünü büruzə
vermişdi. Zəifləmiş totalitar rejim üçün
gözlənilməz olan gərginliyi kosmetik islahatlar yolu ilə
zəiflətmək cəhdləri isə heç bir
yaxşı perspektiv vəd etmirdi, əksinə, 1980-ci illərin
ikinci yarısında Litvada, Latviyada, Estoniyada, Azərbaycanda
başlanan milli hərəkat gedişində artıq müstəqillik
şuarları səslənirdi. İqtisadi vəziyyətin
olduqca gərgin və insanların həyat səviyyəsinin
çox aşağı olduğu Orta Asiyada da uzun illərdən
bəri yığılıb qalan siyasi, milli, sosial zəminli
problemlər şəraitində vəziyyət olduqca mürəkkəbləşmişdi.
Qeyd edək ki, respublikadan qovulmayana qədər ahıska
türkləri ilə özbəklər arasında heç
bir münaqişə olmamışdı. "Yerli əhali
Stalin rejimi zamanı buraya məcburi qaydada deportasiya olunmuş
on minlərlə Krım tatarına, ahıska türkünə
və başqa Qafqaz xalqlarına qonaqpərvərliklə
yanaşmış, ayrı-seçkilik qoymamışdır.
Özbəkistanın pambıq becərilən münbit
torpaqları olan Fərqanə vadisində məskunlaşan məhsəti
türkləri respublikanın kənd təsərrüfatında
yaxından iştirak etmiş, əmək uğurları
qazanmışlar".
1980-ci
illərin ikinci yarısında Özbəkistanda baş
qaldıran milli hərəkat tezliklə antirus xarakteri
almağa başladı. Bu zaman "yenidənqurma"nın gətirdiyi
demokratikləşmə əhval-ruhiyyəsindən yararlanaraq
formalaşan ictimai birliklərdə respublikadakı vəziyyət
müzakirə olunurdu. Şübhəsiz ki, SSRİ
Prokurorluğunun 1983-cü ildən başladığı
qondarma faktlara söykənən üzücü istintaq
Moskvaya olan narazılıqları daha da
artırmışdı. "1988-ci ilin 4 dekabrında Daşkənddə
Tasıqbayev meydanında xüsusən gənclərin aktivliyi
ilə mitinq keçirildi. Bu kütləvi etiraz aksiyasında
"Ruslarsız Özbəkistan", "Rədd olsun
ruslar" kimi şüarlar açıq formada səslənirdi.
Özbəkistan KP-nin hadisələrə vaxtında reaksiya
verməməsi prosesi getdikcə idarəolunmaz məcraya
yönəldirdi. "Dekabrın 14-də Əndincanda paylanan vərəqələrdə
qeyd olunurdu. "Hörmətli dostlar diqqət edin! Əgər
siz həqiqi özbək oğullarısınızsa, rus millətinə
aman verməyin!". 1989-cu il aprelin 23-də Daşkənddə
tələbə şəhərciyində başqa bir
qarşıdurma oldu. 23 apreldə baş vermiş
çaxnaşmada mindən çox tələbə
iştirak edirdi. Xüsusi olaraq vurğulamaq lazımdır ki,
bu cəhdlərin heç birində məhsəti (ahıska)
türklərinin adı hallanmırdı, ümumiyyətlə,
prosesin gedişində belə bir problemin ortaya
çıxacağı gözlənilmirdi.
Özbəkistan
KP-nın birinci katibi Osman Xocayevi bu vəzifədə Rafik
Nişanoviç Nişanovun əvəzləməsi başlanmış
etiraz hərəkatını daha da dərinləşdirmiş
oldu. R.Nişanovun milli xüsusiyyətlərə bələd
olmaması respublikada siyasi gərginliyi artırmaqla
yanaşı, münasibətləri sosial partlayış həddinə
çatdırmışdı. Özbəkistan islam dəyərlərinə
daha yaxın olduğu üçün, hətta sovet
ideologiyası belə yerli əhalinin təfəkküründən
dini dəyərləri silib ata bilməmişdi. Mərkəzi
hakimiyyətin zəiflədiyi, yerli Partiya Komitəsinin proseslərə
nəzarəti itirdiyi bir dönəmdə dini-mənəvi dəyərlərin
oyanışı prosesi başlandı və bu məqsədlə
çoxsaylı ictimai təşkilatlar yarandı. Təbii ki,
onların məqsədi eyni dinə mənsub olan türklərə
qarşı mübarizə aparmaq deyildi. Hərçənd
ki, həmin ərəfədə mərkəzi mətbuat
"dini ekstremizm" ifadəsini tez-tez işlədirdi.
Az
vaxtda antirus şüarların mahiyyəti dəyişildi və
"kin" hədəfinə ahıska türkləri
çevrilməyə başladı. "Hadisələrin mərkəzi
Qırğızıstanın Oş bölgəsi ilə sərhəddə
yerləşən Fərqanə vilayətinin balaca Kuvasye
şəhəri oldu. Məhz burada yerli əhalinin nümayəndələri
ilə türk icması arasında birinci qarşıdurma qeydə
alınıb. Konflikt kortəbii, gözlənilməz və təsadüfi
deyildi". Hadisələrin canlı şahidi olan tarix elmləri
doktoru, professor, Özbəkistan Elmlər Akademiyası Tarix
İnstitutunun aparıcı elmi işçisi Şahobitdin
Ziyamovun yazdığına görə, Fərqanə vilayətindəki
qarşıdurma konkret bir mərkəz tərəfindən
hazırlanmış və diqqətlə həyata
keçirilmişdi.
1989-cu
ilin 23-24 mayında Kuvasyedə milli zəmində baş
vermiş münaqişədə mindən çox adam
iştirak etmişdi. Qarşıdurmada odlu və soyuq silahdan, əldə
düzəldilmiş partlayıcı maddələrdən,
metal armaturlardan, daşdan istifadə olunmuşdu. "Nəticədə
52 nəfər xəsarət aldı, onlardan 29 nəfəri xəstəxanaya
düşdü, bir iştirakçı - Fərqanə rayon
Valik qışlağının sakini İ.Əbdürrəhmanov
öldü. Türklərin evlərinə və xüsusi
mülkiyyətlərinə ciddi ziyan dəydi. İnsidenti
yalnız dövlət və hüquq-mühafizə
orqanlarının işə qarışmasından sonra
yatırtmaq mümkün oldu. Aktiv iştirakçılar
haqqında cinayət işi qaldırıldı, milisin və
könüllülərin köməyi ilə müəssisə
və təşkilatların sutka ərzində mühafizəsi
təşkil olundu. Aparılmış axtarış tədbirləri
nəticəsində üç orta ümumtəhsil məktəbindən
və vətəndaşlardan 280-nə yaxın odlu silah
yığıldı".
Situasiyanı
sabitləşdirmək üçün əhalinin geniş təbəqələri
arasında izahat işi aparıldı, yerli əhali və
türklərin nüfuzlu şəxsləri arasında dialoqun
təşkil edilməsi sayəsində
qarşılıqlı münasibətləri
normallaşdırmaq mümkün oldu. "Kuvasyedə 1989-cu
il mayın 25-də aparılan danışıqlar zamanı məlum
oldu ki, hələ münaqişəyə xeyli qalmış
1989-cu il mayın 1-də böyük qarşıdurmanın
olacağı barədə şayiələr gəzirmiş,
aydınlaşdı ki, 23 mayda baş verən savaşda yerli əhaliyə
aidiyyatı olmayan adamlar təxribat ediblər.
"Bundan
sonra şəhərdə vəziyyət müəyyən qədər
sabitləşdi (yerli əhali də sonrakı təxribatlara
qoşulmurdu). Respublikanın rəhbər orqanlarının təmsilçiləri
Ş.Ziyamov və Əbdürrəhmanov Özbəkistan KP
MK-nın katibi M.Xalməhəmmədova etnik zəmində
baş vermiş münaqişə barədə məlumat
vermiş və obyektiv tədqiqat üçün təxirəsalınmaz
tədbirlər görülməsini xahiş etmişlər. Ancaq
onun tərəfindən heç bir addım
atılmamış, əksinə, o, milli zəmində
savaşın olması faktını ört-basdır
etmişdi". Belə olan şəraitdə sözügedən
şəxslər tərəfindən Özbəkistan KP MK-ya
"Fərqanə vilayətinin Kuvasye şəhərində
milli zəmində baş vermiş neqativ hadisələr
haqqında" məruzə ünvanlanmış və orada
göstərilmişdi ki, hadisələrlə bağlı
mütləq obyektiv tədqiqat aparılmalı, vilayətin
qarşılaşdığı kəskin sosial-iqtisadi problemlərin
həlli üçün zəruri tədbirlər həyata
keçirilməlidir. "Məruzə bütün
bürokratik maneələri çətinliklə dəf edərək
Özbəkistan KP MK-nın rəhbərliyinə
çatdı, belə ki, həmin vaxt onlar Moskvada SSRİ Xalq
Deputatlarının I qurultayında iştirak edirdi". Ancaq rəsmi
səviyyədə gözlənilən reaksiya olmadı.
SSRİ xalq deputatlarının qarşısında
çıxış edən Özbəkistan KP MK-nın
birinci katibi R.R.Nişanov milli zəmində toqquşmanı
gizlədərək, onu "bazarda çiyələk zənbili"
üstündə düşən və müəyyən nəticələrə
gətirib çıxaran hadisə kimi qiymətləndirdi.
Şübhəsiz ki, rəhbərliyin məsələyə
məişət müstəvisində baş vermiş hadisə
kimi yanaşması, ona düzgün siyasi qiymət verib, qətiyyətli
addımlar atmaması ucbatından münaqişə daha da dərinləşdi.
"Respublika rəhbərliyinin astagəlliyi və hərəkətsizliyindən,
həmçinin, yaranmış informasiya
qıtlığından qanlı hadisələrin təşkilatçıları
məharətlə istifadə edərək nəinki Fərqanə
vilayətində, bütünlükdə respublika ərazisində
belə bir yalan informasiya yayırdılar ki, guya 24 mayda Kuvasyedə
Ahıska türkləri özbək uşaqlarını
öldürüblər. Bu böhtanı "sübut etmək"
üçün hətta təxribatçı fotomontaj da
hazırlanmışdı".
Bu da öz növbəsində yerli əhalidə
"günahkarlara qarşı" mənfi ovqat
yaradırdı. Proseslərin bu tempdə gedişi, birtərəfli
qaydada yalan informasiyanın yayılması əhaliyə təsir
göstərdi, növbəti qırğına rəvac
vermiş oldu.
"İyunun
3-də Daşlak rayonunda türklərin kütləvi qaydada
öldürülməsi, evlərinin yandırılması və
qovulması prosesi başlandı. Sonra yaranmış
başıpozuqluq Kokanda, Margilana, Fərqanəyə,
Altağarıka və vilayətin başqa rayonlarına
keçdi. Elə həmin gün rəhbərlik Moskvadan Fərqanəyə
qayıtmış respublika Nazirlər Sovetinin sədri Q.Qədirovun
başçılığı ilə hökumət
komissiyası yaradılması haqqında qərar verdi. Ancaq 16
nəfərin də qatıldığı komissiya yalnız
iyunun 6-da formalaşdırıldı". Qanlı hadisələri
öz gözləri ilə görmüş ahıska
türkü yazıçı Nurəddin Sosıyevin dediyinə
görə, "hüquq-mühafizə orqanları Kuvasyedə
23 mayda baş vermiş qanlı münaqişənin
qarşısını almağa nail olsa da, sonradan sabitlik
pozuldu. 1989-cu ilin 3 iyunda səhər tezdən Fərqanənin
digər şəhərlərində və Margilanda, həmçinin,
başqa yaşayış məntəqələrində təxminən
500-ə qədər yaraqlı yenidən türklərə
hücuma keçərək evləri yandırmağa,
onları kütləvi şəkildə qovmağa
başladı. İyunun 12-nə kimi davam edən
qırğınlar Fərqanə vilayətinin dağlıq kənd
rayonlarını da əhatə etməklə türklərin
kütləvi qovulması ilə nəticələndi. "Bu hadisələrdən dərhal
sonra SSRİ Ali Sovetinə SSRİ Baş Prokurorunun müavini
A.Suxarevin göndərdiyi məktubda Fərqanə vilayətində
baş vermiş 3-12 iyun qovulması nəticəsində 112 nəfərin
öldürüldüyü, onlardan 51-nin türk, 12-nin isə
azərbaycanlı olduğu bildirilirdi".
3-4
iyunda Daşlakda başlamış qovulma prosesinin kütləvi
xarakter almasına baxmayaraq, bu faktlar rəhbərlik tərəfindən
həmin vaxt Moskvada SSRİ Xalq Deputatlarının I
Qurultayında iştirak edən respublika nümayəndə
heyətindən gizlədilirdi. "Onlar Fərqanədə
baş vermiş vəziyyət barədə birinci
informasiyanı mərkəzi televiziyanın müxbirinin verdiyi
reportajdan almışdılar". Yalnız bundan sonra
respublika ictimaiyyəti arasında aparılmış izahat
işi və hökumət komissiyasının fəaliyyətinin
gücləndirilməsi nəticəsində məhsəti
türklərinin respublikadan evakuasiyası başlandı.
Türklərin böyük bir hissəsi Tacikistanın
Leninabad vilayətinin Vaxşeki rayonuna evakuasiya edildi, 16 min nəfər
isə Rusiyanın Smolensk və digər vilayətlərində
yerləşdirildi. Bundan başqa, Fərqanə vilayətindəki
türklər Özbəkistanın digər ərazilərinə,
o cümlədən, Daşkənd vilayətinə
köçürüldü. Ancaq vəziyyət bununla sabitləşmədi
- respublikanın digər vilayətlərində - Namanqan,
Sırdərya, Daşkənddə də türklərin təqib
olunması davam edirdi.
Həm
İttifaq, həm də respublika rəhbərliyinin laqeyd
münasibəti cinayətkarları daha da şirnikləndirirdi.
"Vəziyyətə nəzarət edə bilməyən
hökumət komissiyasının sədri Q.Qədirov komissiya
üzvlərinin razılığı olmadan mərkəzi
orqanlara Fərqanə vilayətində hərbi vəziyyət
elan edilməsi xahişi ilə müraciət etdi. O, öz
fikrini belə əsaslandırmışdı ki, "vilayətdə
fəallaşan ekstremist qruplar guya sovet hakimiyyətini devirməyə
hazırlaşırlar". "Mərkəz öz növbəsində
vilayətdə hərbi vəziyyət elan etməyə tələsmədi,
ancaq general Y.Şatalinin başçılığı ilə
nə komissiya, nə də respublika rəhbərliyinə tabe
olan DİN-in daxili qoşunları Fərqanəyə yeridildi.
Ordu öz növbəsində Özbəkistanın bir suveren
ittifaq respublikası kimi elementar hüquqlarını belə
hesaba almırdı. Faciəli hadisələrin gedişində
107 nəfər öldürüldü, mindən çox adam
yaralandı, xəsarət aldı, yüzlərlə evlər
yandırıldı, dağıdıldı, qorxu və təşviş
iki həftə ərzində bütün regionda davam
etdi".
Kaspi.- 2011.- 11 mart.- S. 11.