Azərbaycanda
xeyriyyəçilik hərəkatı və Həsən bəy
Zərdabi
Azərbaycanda
xeyriyyəçiliyin qədim kökləri vardır. Lakin XIX
əsrin sonunda xeyriyyəçilik geniş miqyas alır, yeni
forma və məzmun kəsb edir, hüquqi normaya çevrilir,
bu sahədə təşkilatlar yaranır. Bu da zənnimizcə
hər şeydən əvvəl Azərbaycanda kapitalist
münasibətlərinin inkişafı, habelə
dövrün ictimai-iqtisadi həyatı ilə bağlı
olmuşdur. Yəni XIX əsrin ikinci yarısında Azərbaycanda
kapitalist münasibətlərinin sürətlə
inkişafı ölkədə ictimai-iqtisadi münasibətlərlə
yanaşı, həm də əhalinin sosial-mədəni həyatına
da öz təsirini göstərmişdi. Azərbaycan
iqtisadiyyatı kapitalist münasibətləri axarında
inkişaf etdikcə, burada əhalinin təbəqələşməsi
qüvvətlənir, nəticə etibarı ilə bir ovuc
milyonerlərlə yanaşı, xalqın böyük əksəriyyətini
təşkil edən yoxsullar ordusu meydana
çıxırdı. Kapitalizmin bütün ziddiyyətləri
ilə əhatə olunan xalq kütləsi hər şeydən
əvvəl maddi çətinliklərlə üzləşirdi.
Belə bir ictimai-iqtisadi şəraitdə xalqı
haqqında, onun elmə, təhsilə yiyələnməsi,
dolanacağı barədə düşünən demokratik
ruhlu ziyalıları yeni xeyriyyə cəmiyyətləri
yaratmaq təşəbbüsünə əl atdılar. Azərbaycanda
kimsəsizlərə, evsiz-eşiksizlərə, kasıblara,
qoca və xəstələrə arxa durmaq, təhsil almağa
imkanı olmayan uşaqlara əl tutub, onların oxumasına
yardım etmək kimi humanist ideyalara qulluq edən belə bir cəmiyyətin
yaradılması xalqımızın ictimai fikir tarixində
xüsusi yeri olan böyük maarifçi Həsən bəy
Zərdabinin adı ilə bağlıdır. XIX əsrin 80-ci
illərində Azərbaycandakı ictimai-iqtisadi və siyasi həyatı
yaxından dərk edən böyük mütəfəkkir,
Bakı realnı gimnaziyasında müəllim işlərkən
burada təhsil alan kasıb, kimsəsiz uşaqların
acınacaqlı həyatına ürəkdən acıyaraq,
onlara kömək, maddi yardım etmək məqsədi ilə
xeyriyyə cəmiyyəti yaratmaq təşəbbüsünə
qoşulur. Qeyd etmək lazımdır ki, Azərbaycan
tarixşünaslığında təqdim edilən dissertasiya
işinədək xeyriyyəçilik hərəkatı
tarixi öyrənilib tədqiq edilmədiyindən, Azərbaycanda
ilk xeyriyyə cəmiyyətinin nə vaxt və kim tərəfindən
yaradılması haqqında bir-birinə zidd və müxtəlif
fikirlər mövcuddur. Lakin əldə etdiyimiz arxiv sənədləri,
ədəbiyyat materialları və araşdırmalar, gec də
olsa, bu dolaşıqlığa son qoymağa imkan verir. Bu sahədə
olan əsas mənbə Həsən bəy Zərdabinin ədəbi
irsidir. Onun «Həyat» qəzetinin 1905-ci il 25 noyabr tarixli 107-ci
sayında çap etdirdiyi «Cəmiyyəti xeyriyyə
binası» adlı məqaləsində Azərbaycanda ilk xeyriyyə
cəmiyyətinin yaranması tarixini açıqlayır. Məqalədə
oxuyuruq: «1871-ci ildə mən bizim müsəlmanlar üçün
bir cəmiyyəti-xeyriyyə nizamnaməsi tərtib edib və
bir neçə qeyri adamlara da onun ərizəsinə qol
çəkdirib, Sərdara verib təsdiq elətdirdim. Amma mənim
çağırışıma nə ki, bir qeyri müsəlman,
hətta ərizəyə qol çəkənlər də gəlmədi»
(Həsən bəy Zərdabi. Seçilmiş əsərləri.
Bakı, Azərnəşr, 1960, s.211.) rus və Azərbaycan
dillərində yazdığı bu nizamnamə «Müsəlmanlardan
dərs oxuyan uşaqlara iyanət etmək üçün fərahəm
olan icmanın vaxtilə qərar olunan qaidəsidir» adlanır
və Azərbaycan Elmlər Akademiyası Əlyazmalar İnstitutunda
saxlanılır. Nizamnamənin altıncı maddəsində
isə cəmiyyətin əsasən yetim və kimsəsiz
uşaqlara təhsil vermək məqsədi
açıqlanır. Burada deyilir: «İcma şagirdlərinin
cümləsinə götürüləcəkdir. Hər bir
müsəlman əhalisinin ki, elm kəsb etməyə qüdrəti
yoxdur və əksərən yetim olan uşaqlardır». H.Zərdabinin
xeyriyyə cəmiyyəti yaratmaq təşəbbüsü
hökumət dairələri tərəfindən hüquqi cəhətdən
təsdiq edilsə də, əhali arasında ona məhəl
qoyan tapılmır. Odur ki, Həsən bəy Bakının
baş ruhanisi və qazisi molla Cavad Axunddan xahiş edir ki,
şəhərin adlı-sanlı adamlarını evinə dəvət
edib, cəmiyyətin fəaliyyət göstərməsinə
kömək etsin. Molla Cavad belə də edir. H.Zərdabi
adını çəkdiyimiz məqaləsində yazır
ki, camaat toplaşanda mən cəmiyyəti-xeyriyyə nədir
və onun xalq üçün xeyri gələcəkdə nə
olacağı haqqında məlumat verdim. Cənab
H.Z.Tağıyev də bu haqda çox danışdı. Amma
pul sözü araya gələndə hacılar iztiraba
düşdülər və onlardan biri «bu xeyir işə bir
xeyir-duaçı da gərəkdir. Təvəqqe edirəm
məni belə duaçı hesab edəsiniz» – deyib, durub
getdi. Bir qeyri Hacı durub «abidəstə gedirəm» – deyib
çıxıb qaçdı. Sonra məclisdə qalan əşxas
bir-birinə baxıb təşrif apardılar. Biz məclisdə olan
üç-dörd adamlar da onlardan sonra durub getdik. Mən dəftərimi
qoltuğuma vurub mənzilimə gələndən sonra bizim bədbəxt
müsəlmanların hərəkətindən bir neçə
gün xörək yeyə bilmədim və gecələr yuxu
mənə haram oldu. Bəs deyilmi, haçan biz
ayılacağıq. (Həsən bəy Zərdabi.
Seçilmiş əsərləri, s.211-212.). Xeyriyyə cəmiyyətini
yaratmaq uğrunda sonralar mübarizəsini davam etdirən Həsən
bəy XX əsrin əvvəllərində o, yenidən bu məsələyə
qayıtmış və bu dəfə «Bakı Müsəlman
Xeyriyyə Cəmiyyəti»nin rus və Azərbaycan dillərində
nizamnaməsini yazaraq Qafqaz Canişinliyi idarəsinə təqdim
etmişdir. Nizamnamə 1905-ci il oktyabrın 10-da Tiflisdə
Qafqaz canişini qraf Vorontsov-Daşkov tərəfindən təsdiq
edilmişdir. Azərbaycan Mərkəzi Dövlət Tarix
Arxivinin 46-cı fondunda, yəni Bakı qradonaçalniki
(şəhər rəisi) idarəsinin dəftərxanasına
məxsus qovluqda saxlanılıb, 1913-cü ildə Bakıda
İsa bəy Aşurbəyovun «Kaspi» mətbəəsində
çap olunan nüsxəsindən məlum olur ki, nizamnamə
altı bölmədən və 42 bənddən ibarət
olmuşdur. Nizamnamənin sonunda Cəmiyyətin təsisçilərinin
21 nəfərdən ibarət adları qeyd edilir. Onlar
aşağıdakılar idi: Kommersiya müşaviri Hacı
Zeynalabdin Tağıyev, «Əkinçi» qəzetinin sabiq
redaktoru, «Kaspi» və «Həyat» qəzetlərinin əməkdaşı
Həsən bəy Məlikov, «Kaspi» qəzetinin redaktoru –
naşiri, «Həyat» qəzetinin naşiri Əli Mərdan bəy
topçubaşov, «Həyat» qəzetinin keçmiş redaktoru
Əhməd bəy Ağayev, «Həyat» qəzetinin redaktoru,
doktor Əli bəy Hüseynzadə, Bakının nəcabətli
fəxri vətəndaşı İsmayıl bəy Səfərəliyev,
Bakının nəcabətli fəxri vətəndaşı
Hacı Aslan Aşurov, Bakının birinci dərəcəli
gildiya taciri İsa bəy Hacınski, Bakı şəhər
idarəsinin üzvü Kamil bəy Səfərəliyev,
doktor Əbdülxalıq Axundov, doktor Məmmədrza bəy Vəkilov,
doktor Həsən bəy Ağayev, duma üzvü Kərbəlayi
İsrafil Hacıyev, duma üzvü Həsənağa Həsənov,
Bakının birinci dərəcəli gildiya taciri Mirzə Əsədullayev,
praporşik Əsədbəy Səlimxanov, Bakı taciri
Ağabala Quliyev, duma üzvü Hacı Həsən Atamaliyev,
Bakı taciri Nəcəf Əmiraslanov. Arxiv sənədlərindən
məlum olur ki, cəmiyyətin ilk iclasında onun 11 nəfərdən
ibarət idarə heyəti sevilmişdir. Hacı Zeynalabdin
Tağıyev idarə heyətinin sədri, İsrafil
Hacıyev müavini, Hacı Mustafayev xəzinədar, Əhməd
bəy Ağayev katib, Əsədulla Əhmədov,
İsmayıl bəy Səfərəliyev, Həsən bəy
Zərdabi, Əlimərdan bəy topçubaşov və
başqaları idarə heyətinin üzvləri
seçilmişdilər. Cəmiyyətin 1905-ci ilə aid olan
başqa bir sənədindən məlum olur ki, onun fəxri sədrliyinə
Bakı qubernatoru knyaz M.N.Nakaşidzenin arvadı Adelanda Lvovna
Nakaşidze seçilmişdi. H.Z.Tağıyevin həyat
yoldaşı Sofiya Tağıyeva isə idarə heyətinin
fəxri üzvləri arasında idi. Beləliklə, Azərbaycanda
ilk müsəlman xeyriyyə cəmiyyəti fəaliyyətə
başladı. Cəmiyyətin maliyyələşdirilməsi
əsasən H.Z.Tağyevin və digər Bakı
milyonçularının üzərinə
düşürdü. İdeya istiqamətinin keşiyində
isə Həsən bəy Zərdabi və onun həmfikirləri
dururdu.
Nizamnamənin
birinci bəndində Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin
məqsədi belə izah edilirdi: «Müalicəxanalarda, əlillər
evlərində, digər xeyriyyə müəssisələrində
əldən düşmüş qocaları saxlamaq, habelə
kasıb müsəlman uşaqlarının orta və ali tədris
müəssisələrinə daxil olub, təhsillərinin
başa vurulmasına maddi yardım göstərmək.
Kasıb müsəlmanlara Cəmiyyətin köməyi onlara
paltar, yemək verilməsi, mənzillərində tibbi xidmət
göstərilməsi, nadir hallarda isə pul vəsaitlərinin
verilməsi və tədris haqqının ödənilməsindən
ibarətdir». Nizamnamənin üçüncü bəndində
deyilirdi ki, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinə
azyaşlılar, tədris müəssisələrində
oxuyan şagirdlər, həqiqi hərbi qulluqda olan
aşağı çinli zabitlər və yunkerlər, habelə
məhkəmə tərəfindən hüququ
alınmış şəxslər müstəsna olmaqla millətindən,
dinindən asılı olmayaraq hər iki cinsin nümayəndələri
üzv ola bilərlər. Cəmiyyətin üzvləri fəxri,
həqiqi və adi olmaqla üç qrupa
bölünürdü. Nizamnaməyə əsasən fəxri
üzvlər Cəmiyyətin ümumi
yığıncağında seçilərək birdəfəlik
500 rubl, ildə isə 50 rubl, həqiqi üzvlər isə ildə
5 rubl, adi üzvlər isə 1 rubldan az olmayaraq 5 rubladək cəmiyyətə
üzvlük haqqı verməli idilər. Cəmiyyətin əsas
gəliri üzvlük haqlarından, pul, paltar, habelə
müxtəlif vasitələrlə verilən ianələrdən,
konsert tamaşalarından, bədii gecələrdən
toplanmış vəsaitdən ibarət idi. Cəmiyyət
öz üzvləri tərəfindən bir il müddətinə
ümumi iclasda seçilmiş idarə heyəti tərəfindən
idarə edilir və ayda bir dəfədən çox olmayaraq
iclaslarını keçirirdi. İdarə heyətinin
iclasının qanuni sayılması üçün sədrdən
əlavə onun ən azı üç üzvünün də
burada iştirakı vacib sayılırdı. İdarə heyətində
bütün məsələlər sadə səsvermə yolu
və səs çoxluğu ilə həll edilirdi. Nizamnaməyə
əsasən Cəmiyyətin iclasları ümumi və
fövqəladə olardı. Nizamnamənin 25-ci bəndində
müvafiq olaraq illik iclaslar hər il martın 1-də
keçirilirdi. Cəmiyyətin Bakıda yaşayan üzvlərindən
dörddə birinin iştirak etdiyi halda ümumi iclasın
keçirilməsi qanuni sayılırdı. Burada da məsələlər
adi səs çoxluğu ilə həll edilirdi. Bakı
müsəlman Xeyriyyə Cəmiyyətinin
xalqımızın ictimai-siyasi həyatında nə kimi
xeyirxah işlər görməsi, birinci dünya müharibəsi
dövründəki fəaliyyətində daha geniş
olmuşdur. Əvvəllər Bakı Müsəlman Xeyriyyə
Cəmiyyəti başlıca olaraq Bakı və onun ətraf ərazilərində
fəaliyyət göstərirdi. Lakin sənədlərdən
aydın olur ki, Cəmiyyət müharibənin
başlanması dövründə öz nizamnaməsində bəzi
dəyişiklik edərək, Qafqaz cəbhəsindən
qaçqın düşənlərə, ata-analarını
itirmişlərə, əsir düşmüş türk əsgərlərinə
yardım etmiş, bu sahədə təqdirəlayiq işlər
görmüşdür. Cəmiyyət öz nizamnaməsinə
müharibədən qaçqın düşənlərə
köməklik göstərilməsi barədə xüsusi
maddə əlavə edərək, bu sahədəki fəaliyyətini
hüquqi cəhətdən qanunlaşdırmışdı.
Azərbaycan Mərkəzi Dövlət Tarix Arxivinin 335-ci fondunun
iki saxlama vahidi bütünlüklə Bakı Müsəlman
Xeyriyyə Cəmiyyətinin 1916-1917-ci illərdə
müharibə dövrü fəaliyyətinə həsr
olunmuşdur. Həmin saxlama vahidlərində cəmləşmiş
200-dən artıq sənədin demək olar ki, hamısı
Bakı və Qafqaz Müsəlmanları Xeyriyyə Cəmiyyətinin
iki illik fəaliyyətindən bəhs edir. Həmin sənədlərdən
məlum olur ki, müharibə dövründə Tiflisdə
«Qafqaz cəbhəsində qaçqınların yerləşdirilməsi
üzrə baş müvəkkillik» adlı xüsusi təşkilat
fəaliyyət göstərirdi. Bu idarə nəzdində isə
Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Qafqaz cəbhəsində
qaçqınların yerləşdirilməsi üzrə
baş müvəkkili var idi. Bu vəzifə Xosrov Paşa bəy
Sultanova həvalə edilmişdi. Qafqaz cəbhəsində
qaçqınların yerləşdirilməsi üzrə
baş müvəkkillik vəzifəsi isə general-mayor
Tamamşevə tapşırılmışdı. Bu təşkilatların
müharibə dövründəki fəaliyyətləri barədə
xeyli sənədlər, teleqram və məktublar mövcuddur.
Məsələn, general Tamamşevin 4 iyun 1916-cı ildə
Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti sədrinin
adına göndərdiyi teleqramda deyilirdi: «Rəhbərlik
etdiyiniz Cəmiyyətin nəzdində neçə
yetimxananın mövcudluğu və onlara nə qədər
kimsəsizin yerləşməsi, habelə onların hökumət
tərəfindən tam təmin olunması və ya cəmiyyətinizin
də köməyinə ehtiyacı olması haqqında mənə
təcili məlumat verməyinizi xahiş edirəm». General
Tamamşevin bu məzmunlu digər teleqramı Bakı Müsəlman
Xeyriyyə Cəmiyyətinin Tiflisdə yerləşən və
müharibədən zərər çəkənlər və
qaçqınlar üzrə baş müvəkkilli Xosrov bəy
Sultanovun adına göndərilmişdi. Teleqramda deyilirdi ki,
kimsəsizlərə 70 odeyal almaq üçün nə qədər
pulun lazım olması, habelə üç yetim evinin və
oradakı vəsaitin lazım olması haqqında təcili məlumat
verməyinizi xahiş edirəm». Və yaxud Xosrov bəy
Sultanovun adına 1916-cı il iyunun 21-də Zemski Soyuz
Ümumrusiya təşkilatı müvəkkilinin köməkçisi
Lebed tərəfindən verilmiş teleqramda deyilirdi ki,
Zemsoyuzun İspir məntəqəsində 32 yetim müsəlman
uşağı vardır. Onların hara və kimə göndərilməsi
barədə bizə teleqrafla xəbər verməyinizi
xahiş edirik. Aparılma xərclərini öz üzərimizə
götürürük. Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti
adına Sultanovun imzası ilə 1916-cı il iyunun 22-də
göndərilən cavab teleqramından aydın olur ki, Cəmiyyətin
üzvü Rövşən bəy Əfəndiyev 32 yetim
müsəlman uşaqlarının Tiflisə gətirilməsi
üçün ezam olunmuşdur.
R.Ağayev
Material
KİVDF-nin dəstəklədiyi layihə çərçivəsində
hazırlanıb.
Kaspi.- 2011.- 11 mart.- S. 12.