Türk dünyasının böyük şəxsiyyəti 

 

Onun qurduğu Səfəvilər dövləti Avropa, Asiya və Afrika qitəsini əhatə edib

 

Bu il Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin (Səfəvi) anadan olmasının 521 ili tamam olur. Şah İsmayıl Xətai-Azərbaycan dövlətçilik tarixində özünəməxsus yeri olan şəxsiyyətlərdən biridir. Şah İsmayıl tarixdə ilk dəfə Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə yüksəldib. O, 1487-ci il iyulun 17-də Ərdəbil şəhərində kökü tarixin çox-çox uzaq çağlarına gedib çıxan nüfuzlu azərbaycanlı zadəgan ailəsində anadan olub. 13 yaşında İsmayıl artıq müstəqil şəkildə siyasi fəaliyyətə başlayır. 1499-cu ilin avqust ayında İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollanır. O, 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, Çuxursədd, Şuragil, Kağızman, Tircan yolu ilə Ərzincana gəlir. Burada qızılbaş tayfalarından, habelə Qaradağ sufilərindən təqribən 7 min tərəfdar toplayaraq 1500-cü ilin axırlarında Şirvana hücum edir və müqavimətsiz Şamaxıya daxil olur. Daha sonra Gülüstan qalası yaxınlığında Cabanı adlı yerdə döyüşdə (Çobanı döyüşü) Şirvanşah qoşunlarını məğlubiyyətə uğradır. Döyüşdə Şirvanşah Fərrux Yassar öldürülür. Bundan sonra şah İsmayıl ona böyük sərkərdə kimi şöhrət gətirən bir çox parlaq qələbələr qazanır, lakin Cabanı yaxınlığındakı qələbəsi gənc sərkərdənin tərcümeyi-halında onun həm siyasi, həm də dini baxımdan özünü təsdiq etməsi üçün ən vacib və ən əhəmiyyətli döyüşü kimi yazılmışdır. «Azərbaycan tarixi» çoxcildliyində göstərilir ki, həmin dövrün Azərbaycan miniatürlərində məhz bu döyüşün tez-tez təsvir olunması da təsadüfi deyildir. İsmayıl kiçik bir dəstəsini Gülüstan qalasının mühasirəsi üçün saxlayaraq, Bakıya yollanır və buranı aldıqdan sonra yenə geri, həmin dəstənin yanına qayıdır. Burada xəbər tutur ki, Ağqoyunlu hökmdarı Əlvənd Mirzə Ağqoyunlu onun üzərinə hücuma hazırlaşır. İsmayıl qızılbaş əmirlərini məşvərətə yığaraq onlardan soruşur: "Siz nə istəyirsiniz, Azərbaycan taxt-tacını, yoxsa “Gülüstan” qalasını?" Onlar yekdilliklə Azərbaycanı üstün tuturlar. Şirvanşahların xəzinəsi də daxil olmaqla böyük bir qənimət qazanmış İsmayıl öz qoşunu ilə Naxçıvan istiqamətində hərəkət edir. 1501-ci ilin ortalarında Əlvənd Mirzə onları Şərur düzündə qarşılayır. Əlvənd Mirzənin 30 minlik ordusu ilə döyüşə girən (Şərur döyüşü) İsmayıl 7 minlik qoşunu ilə onu darmadağın edir. 1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu. I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Sultan Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş də qızılbaşların qələbəsi ilə nəticələndi. Ağqoyunlu dövləti süqut etdi. Çox qısa müddətdə şah İsmayıl Şeybani xanın özbək dövlətindən tutmuş Osmanlı imperiyasının sərhədlərinə qədər uzanan möhtəşəm bir dövlət yarada bilir. Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrildi. Səfəvi dövləti öz yüksəlişinin zirvə nöqtəsinə çatır. Onun ərazisinin sahəsi 2 milyon 800 min kvadrat kilometrə çatırdı.

 

Çaldıran döyüşü

 

1514-cü ildə Sultan 1 Səlimin (1512-1520) başçılıq etdiyi Osmanlı ordusu ilə Çaldıran düzündə baş vermiş döyüşdə (Çaldıran döyüşü) qızılbaşlar məğlubiyyətə uğradılar. Bu döyüşdə osmanlılar sayca çox idilər. Bundan başqa onların daha bir üstünlüyü də 300-ə qədər topun olması idi. Bütün bunlar döyüşün gedişinə təsir göstərməyə bilməzdi. Üç gün davam eləyən gərgin döyüş osmanlıların qələbəsi ilə nəticələnir. Yaralı Şah İsmayılı təqib edən I Sultan Səlim yol boyu Xoy, Mərənd və Təbriz şəhərlərini tutur. Buna baxmayaraq, o, Təbrizdə çox qala bilməyib, altıca gündən sonra şah İsmayılın tacı, əlbisələri və bəzək əşyaları da içində olmaqla xeyli qənimət götürərək, şəhəri tərk edir. Sultan Səlim qənimətlə birlikdə özü ilə İstanbula sonradan Türkiyənin incəsənət və sənətkarlığının inkişafında müstəsna rol oynamış bir çox incəsənət xadimlərini və sənətkarları da aparır. Dünyanın ən zəngin muzeylərindən sayılan İstanbul topqapı sarayında, Əsgər muzeyində Azərbaycan tətbiqi sənətinin Çaldıran döyüşündən sonra buraya gətirilmiş ən nadir nümunələri nümayiş etdirilməkdədir. I Sultan Səlimin əlinə keçmiş əsirlər arasında şah İsmayılın döyüş paltarı geymiş arvadları Bəhruzə xanım və Taclı xanım da vardı. Tarixçilərin bildirdiyinə görə, Çaldıranda, döyüş meydanında kişi paltarı geyib, öz ərləri ilə birlikdə vuruşan xeyli qadın meyiti tapılmışdı. Azərbaycan qadınlarının vətənpərvərlik və igidliyindən heyran olmuş Sultan Səlim onların döyüşçüyə xas ehtiramla basdırılması üçün əmr vermişdi. 1515-ci ildə Osmanlı imperiyası ilə sülh bağlanır. Şərtə görə, Şərqi Anadolu həmişəlik Osmanlıya verilir.

Sonrakı illərdə Şah İsmayıl Şəki hakimliyini, Şirvanşahları, gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə saldı. Hakimiyyətinin son illərində şah İsmayılla Şirvanşah Şeyxşah arasında dostluq və qohumluq münasibətləri yaranır. Əvvəlcə Şah İsmayıl qızı Pərixan xanımı Şeyxşahın oğlu Sultan Xəlilə ərə verir, sonra isə özü Şirvanşahın qızlarından biri ilə evlənir. Şah İsmayılın toyu 1523-cü il 5 noyabrda Təbriz yaxınlığında olur. Lakin bu toydan sonra Xətai çox yaşamır. O, Şəkiyə növbəti səfərdən Ərdəbilə qayıdarkən vəfat etdi. Onun ölümü ilə bağlı qaynaqlarda belə bir qeyd vardır ki, Şah İsmayıl ölümündən bir qədər əvvəl ova çıxır. Şahdağda öz adamları ilə cərgə ovu təşkil edir. Ov şənliyi qurtarar-qurtarmaz o, ağır şəkildə xəstələnir və dərhal Ərdəbilə qayıdır. Burada da onun halı yaxşılaşmır. Tələsik Təbrizə yola düşürlər. Yolda Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki, düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Hökmdar şair 1524-cü ildə mayın 23-də vəfat edir. Nəşini Ərdəbilə gətirib Şeyx Səfi kompleksində dəfn edirlər. Şah İsmayıl Xətai 38 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar bir çağında dünyadan köçür, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırmışdır. Şah İsmayılın yüksək hərbi istedadı haqqında K. Marks yazmışdır: «Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi»

 

Şah İsmayıl şəxsiyyəti

 

Şah İsmayıl çox nadir dühaya malik bir şəxsiyyət olub. O, hələ uşaq yaşlarından idman oyunlarına, cıdır yarışlarına böyük həvəs göstərir, tez-tez ova gedirdi. Sərkərdəliyi dövründə o bir neçə zorxana açdırmışdı ki, burada bayram şənlikləri düzənlənər və pəhləvanlar öz güclərini sınayardılar. Şah İsmayıl həm də rəssamlıq və xəttatlıq bacarığı ilə də seçilir, kitab oxumağı çox sevirdi. Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində o, yeni tipli geniş bir kitabxana açdırmışdı ki, buradan nəinki öz ölkəsinin əhalisi və alimləri, hətta qonşu ölkələrin alimləri də istifadə edirdilər. Venesiyadan olan bir tacir yol qeydlərində özünün şah İsmayılla Təbrizdəki görüşlərini belə xatırlayır: "İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Ona qız kimi vurulmaq olar. Solaxay olsa da bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı adətən musiqi çaldırır. Rəqsi çox sevir və rəqqasələr oynayarkən ayaqlarını yerə döyərək, İsmayıla həsr olunan mahnılar da oxuyurlar. O, hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir. Bu yarışlar vaxtı onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz təbəələri, xüsusilə də əsgərlər tərəfindən Allah kimi sevilir və pərəstiş olunur. Onun əsgərlərindən bir çoxu döyüşə yalın əllə-dəbilqə və zirehsiz girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq". Bütün müsbət keyfiyyətlər bu böyük şəxsiyyətdə toplanmışdı. Şah İsmayıl bütün bunlarla yanaşı gözəl səsə də malik idi. O, bərbəd adlanan alətdə gözəl çalır və oxuyurdu. O, uşaq yaşlarından şeir yazmağa başlamışdı. Şeirlərini elə aydın və nəsihətamiz tərzdə yazırdı ki, onu oxuyan hər bir kəs, hətta əhalinin ən savadsız təbəqəsi belə bu şerləri oxuduqda nəsə öyrənir, özü üçün nəticə çıxarırdı. Şah İsmayıl dinə bağlı bir insan idi. Lakin bu xüsusiyyət ona reallığı olduğu kimi qəbul etməyə mane olmurdu. Şah İsmayıl heç vaxt tamahkar olmamış, nəfsi ucundan səhvlərə yol verməmişdi və şəxsiyyətini, ləyaqətini hər şeydən uca tutmuşdu. O, insanlığa, gözəlliyə böyük qiymət verir və hər şeydə gözəllik axtarmağa çalışırdı. Şah İsmayıl az həyat sürməsinə baxmayaraq yalnız xeyirxah işlər görməyə can atmış, şərdən, pis əməllərdən uzaq bir insan olmuşdu. Şah İsmayıl həm də məğrur, azad fikirli, öz qüdrətinə inanan bir sərkərdə, həqiqət yolundan zərrə qədər kənara çıxmayan nəcib insan idi. Şah İsmayıl həmişə xalqının rifahı üçün çalışıb, qurduğu qüdrətli dövlətin daim çiçəklənməsi üçün əlindən gələni əsirgəməyib. Daima xalqın arasında olub və xalqının dərd-sərinə şərik olub. Hətta rəvayətə görə, Şah İsmayıl dərviş paltarı geyinib məmləkəti gəzib dolaşar və xalqın dərdi ilə maraqlanarmış. O, uşaq yaşlarından sərkərdəlik etməsinə baxmayaraq, dərin düşüncə qabiliyyətinə, sərkərdəlik bacarığına malik idi. Tərəfdarlarına qarşı həmişə sədaqətli olmuşdu və dönüklüyə nifrət edirdi. Bu xüsusiyyətinə görə də tərəfdarları ona dərin hörmət bəsləyir və inanırdılar. Hər bir addımında diqqətli, ehtiyatlı olan Şah İsmayıl ağıllı məsləhətlərə də qulaq asır, əqidə, məslək yolunda sədaqətlə hərəkət edirdi. Döyüşə nikbin əhval-ruhiyyə ilə gedərdi. O, böyüklə-böyük, kiçiklə-kiçik olmağı bacarırdı. Şah İsmayılın apardığı müharibələr onun vahid Azərbaycan dövləti yaratmaq arzu və istəyindən irəli gəlirdi. O, Azərbaycan türkcəsini dövlət dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün ölçüyəgəlməz dərəcədə bölük işlər görmüşdür.

 

 

Azər NURİYEV

 

Material KİVDF-nin dəstəklədiyi layihə çərçivəsində hazırlanıb. 

 

Kaspi.- 2011.- 12-14 mart.- S. 6.