Elektron ticarət qanuni fəaliyyət növüdür
Elektron ticarətin
xüsusiyyəti təqdim olunan məhsulların eksklüzivliyidir
Cəmi 10 il əvvələ qədər internet Azərbaycanda elektron poçt və xəbərlərin yayılması vasitəsi kimi istifadə olunurdu. 15 il əvvəl isə dünyanın inkişaf etmiş ölkələrində də internetin imkanları məhdud idi. Cəmiyyət sürətlə inkişaf edir və yeniliklərin günü-gündən biri-birini əvəz etməsi fonunda bu gün internetin funksiyaları xeyli zənginləşib. İnternet üstündən alış-veriş etmək, yəni İnternet mağazaların açılması isə son illərə qədər xəyal kimi görünə bilərdi. Ancaq bu gün dünyanın inkişaf etmiş ölkələrində elektron ticarət gündəlik həyat tərzinə çevrilməyə başlayır. Azərbaycanda da son 5 ildə baş vermiş dəyişikliyi «elektron sıçrayış» adlandırmaq olar. Buna şərait isə ilk növbədə hüquqi bazanın mövcudluğundan yaranır. «Elektron ticarət haqqında» Azərbaycan Respublikasının qanunu 10 may 2005-ci ildə qəbul olunub, həmin ilin iyun ayında qüvvəyə minib. Bununla Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin elektron ticarətlə məşğul olması üçün hüquqi baza yaranıb. İlk dövrlərdə Azərbaycanda elektron mağazaların olmaması, internet və digər informasiya kommunikasiya texnologiyalarının (İKT) lazımi səviyyədə inkişaf etməməsi elektron ticarətin yaranmasına və inkişafına da mənfi təsir göstərirdisə, son illərdə bu sahədə vəziyyət xeyli dəyişib.
Azərbaycan Respublikasının qanunvericiliyinə görə, elektron ticarət – informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət növüdür. Elektron ticarətin iştirakçıları – elektron ticarətin həyata keçirilməsi zamanı satıcı (təchizatçı), alıcı (sifarişçi) və elektron sənəd dövriyyəsi vasitəçisi kimi çıxış edən hüquqi və fiziki şəxslər olur. Satıcı – malları satan elektron ticarət iştirakçısı, alıcı malları alan elektron ticarət iştirakçısı, vasitəçi isə elektron sənədi göndərən və alan arasında elektron sənəd dövriyyəsi xidmətlərini göstərən fiziki və hüquqi şəxslərdir. Elektron ticarət lisenziyasız fəaliyyət növüdür, yalnız xüsusi razılıq (lisenziya) tələb olunan malları satan satıcı bu cür razılıq əldə etməlidir.
Hazırkı dövrdə ölkədə elektron ticarətin hər üç iştirakçıları mövcuddur. Yəni həm satıcı, həm vasitəçi, həm də alıcı kimi çıxış edən hüquqi və fiziki şəxslər mövcuddur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2006-cı ildən həyata keçirilməyə başlanmış «Azərbaycanda elektron ticarətin tətbiqi» adlı layihənin məqsədi də bu sahənin inkişaf etdirilməsinə dövlət qayğısının artırılması olub. Hazırda ölkədə bütün iştirakçıları yerli bazarın təmsilçiləri olan elektron mağazaların da sayı artmaqdadır. Ölkə əhalisi, həmçinin dünyanın müxtəlif ölkələrində yaradılmış və İnternet üstündən fəaliyyət göstərən çoxsaylı elektron mağazalardan istifadə edir. Əlbəttə ki, Azərbaycan dövlətinin formalaşdırdığı hüquqi baza və informasiya texnologiyalarının inkişafı ticarətin bu sahəsinin genişlənməsinə şərait yaradır. Son 3 ildə İKT inkişafında respublikamızın MDB ölkələri içərisində liderliyini qoruyub saxlamasını xüsusi qeyd etmək yerinə düşər. Ölkədə 2 milyona yaxın internet istifadəçisinin olması faktı da İKT resurslarından istifadənin yüksək səviyyədə olduğunu təsdiqləyən amillərdəndir.
Kommunal ödənişlərin, bank xidmətlərinin elektron səviyyədə həyata keçirilməsi ilə başlayan fəaliyyət sonradan malların və xidmətlərin real alqı-satqısını həyata keçirən e-mağazaların da yaranmasına və sürətlə inkişafına şərait yaradıb. Aviabiletlərin satışından əlavə, musiqi, İKT məhsullarının, məişət əşyalarının satışı sahəsində daxili bazarda ixtisaslaşmış e-mağazaların fəaliyyəti günü-gündən genişlənir.
İlk dəfə tətbiqinə 1995-ci ildə ABŞ-da başlanılmış elektron mağazalar çox qısa bir müddətdə digər ölkələrə yayılıb, dünyanın əksər ölkələrində geniş populyarlıq qazanıb, bununla dünyada e-mağazaların geniş şəbəkələri yaranıb. Azərbaycan alıcıları da harada yerləşməsindən asılı olmayaraq, heç bir məhdudiyyət olmadan virtual e-mağazalardan istifadə etmək imkanındadırlar. İnternetə qoşulmaq imkanı olan istənilən məkandan qlobal şəbəkəyə daxil olmaqla istənilən malı və xidməti elektron formada sifariş vermək mümkündür. Bu zaman alınan malların və xidmətlərin dəyəri də elektron formada ödənilir.
Mütəxəssislərin araşdırmaları göstərir ki, elektron ticarətdə satılan mallar və göstərilən xidmətlərin qiyməti real satış obyektlərində olduğundan ucuzdur. Bu, malların daşınması, saxlanması, mağaza icarəsi və ya alınması, satış fəaliyyəti ilə bağlı işçi personala əmək haqlarının ödənilməsi və s. bu kimi xərclərə elektron mağazaların fəaliyyətində qənaət edilməsi ilə bağlıdır. Bir sıra ölkələrdə isə hətta elektron ticarət vergilərdən azad olunur.
Elektron ticarətin digər xüsusiyyəti isə təqdim olunan məhsulların eksklüzivliyidir. Adətən, elektron vasitələrlə satılan məhsulların eynisi adi satış şəbəkələrində yayılmır. Mütəxəssislər bunu da elektron ticarətə diqqətin artmasına təsir edən amillər sırasında qeyd edirlər.
Xarici ölkələrdə fəaliyyət göstərən elektron mağazaların əksəriyyəti satışı artırmaq və şəbəkəni genişləndirmək üçün müxtəlif stimullaşdırıcı vasitələrdən istifadə edirlər. Bu sıraya – müxtəlif dövrlərdə tətbiq olunan güzəştlər, birdəfəlik mükafatlar, mütəmadi bonuslar və s. üsulları daxil etmək olar. Bununla elektron marketinq sahəsi də sürətlə inkişaf edir və ticarətin bir ünsürünə çevrilir.
Şəbəkə marketinqi fəaliyyəti ilə məşğul olan ilk şirkət ABŞ-da 1934-cü ildə təsis edilib. Bu şirkət yeni məhsulun yaranmasının təməlini qoyub və daha əlverişli paylanma və satış modelinə olan ehtiyacı qarşılayıb. Həmin vaxtdan şəbəkə marketinqi çox inkişaf edib və bununla yanaşı davamlı şəkildə müasir biznes tələblərinə uyğunlaşıb.
Ötən yüzilliyin sonlarında şəbəkə ticarəti biznesinə nəzarət edən güclü regional və qlobal sənaye assosiasiyalarının yaranması və dünyanın ABŞ, Kanada, Sinqapur, Honkonq və Malayziya kimi bir çox inkişaf etmiş ölkələrinin iqtisadiyyatında bu sahənin tənzimlənməsi üçün xüsusi qanunların qəbul edilməsi faktorları ticarətin bu növünün daha da inkişafına şərait yaradıb. Məhz bu iki faktorun inkişafı ilə ticarət sənayesinin daha yaxşı idarə edilməsi və tənzimlənməsi mümkün olur, bu isə şəbəkə marketinqinin daha da genişlənməsinə yol açır. Hazırda dünyada birbaşa satış biznesinin liderlərindən hesab edilən www.qnet.net elektron mağazasından Azərbaycanda da istifadə etmək mümkündür.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənən elektron ticarət və şəbəkə marketinqi yüksək peşəkarlıqla və effektiv aparıldığı təqdirdə inkişafı təmin edən müasir biznes növüdür. Mütəxəssislər tövsiyə edirlər ki, hər bir alıcı şəbəkə biznesinə qoşulmazdan əvvəl diqqətlə ən yaxşı şəbəkə marketinqi üsulu ilə fəaliyyət göstərən şirkəti seçməlidir. Networker («şəbəkə işçisi») olduqdan sonra azad nümayəndə öz şəxsi biznesini qurmaq üçün şəbəkəyə yeni distrübüterlər cəlb etməli və həmin yeni qoşulmuş distrübüterləri (gələcəyin “networker”ini) müvafiq məlumatlarla, təlim materialları ilə təmin etməli və lazım olduğu təqdirdə dəstək olmalıdır. Hər bir distrübüter, şəbəkə işçisi fəaliyyət göstərdiyi ölkənin qanunlarına ciddi riayət etməli, bağlı olduğu şirkətin qaydalarının yerli qanunvericiliklə uzlaşmasını təmin etməlidir. Hər bir halda nəzərə almaq lazımdır ki, adi ticarətdə olduğu kimi, elektron mağazadan məhsul aldıqdan sonra onun distrübüteri olmaq istəyən şəxs bunu yalnız qanuni təşviq və təbliğat vasitəsilə edə bilər. Heç bir halda distrübüter elektron mağazanın işçisi sayılmır, oradan əmək haqqı almır, yalnız məhsul təşviqinə görə satışdan əldə olunan vəsaitdən komisyon mükafat ala bilər.
M.Aslanov
Kaspi.- 2011.- 15 mart.- S. 6.