İlin axır çərşənbəsi 

 

Digər çərşənbələr - Su, Od, Yel öz işlərini bitirmiş sayılırlar və Torpağa yer verirlər. Torpaq isə deyir:  “Səndən hərəkət, məndən bərəkət”

 

Bu gün Novruz çərşənbələrinin sonuncusu - Torpaq çərşənbəsidir. Xalq arasında "Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" adı ilə tanınan bu çərşənbədə yer oyanır, torpaq nəfəs alır və inama görə, artıq əkinə, toxum səpininə hazır olur. Torpaq çərşənbəsi öz xüsusiyyətlərinə və bayrama yaxın olduğuna görə daha çox insanlar tərəfindən sevilir və seçilir. Bununla yanaşı torpağın insana və bəşəriyyətə verdiyi bu nemətlər heç vaxt unudulmur. Ona görə də həmin günə Azərbaycan xalqı daha təmtəraqlı şəkildə hazırlaşır. Torpaq çərşənbəsi mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zənginidir, çünki həmin günün mərasimləri həm Suya, həm Oda, həm Yelə, həm də Torpağa inamı əks etdirir. Xalq arasında belə bir inam olub ki, dörd ünsürdən sonuncusunun oyanması ilə Sel, Atəş, Yel və Torpaq daha böyük güc alır, ərzin donunu dəyişir, adamları yoxluq və qıtlıqdan, çətinlik və məhrumiyyətlərdən qurtarır.

Bu çərşənbədə bütün ayin və mərasimlər daha şən, kütləvi xalq şənlikləri kimi qeyd olunur. Şənliklər sübh tezdən suya tapınma ayini ilə başlayır. Adamlar su üstünə çıxır, su üstündən atlanır, dərdini, arzusunu suya danışır və sudan imdad diləyirlər.

Həmin gün insanlar torpaq sahələrinə çıxır, burada təmizlik işləri görür, müxtəlif ayinlər, kütləvi şənliklər keçirir, əmək nəğmələri oxuyurlar. Bu çərşənbənin axşam şənlikləri daha gur olur: küsülülər barışır, evlərdə üzərlik yandırılır, tonqallar qalanır, məşəllər yandırılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur və s.

Torpaq çərşənbəsində süfrəmizin gözəl təamlarından olan paxlava, şəkərbura, qoğal və bir çox şirniyyatlar hazırlanır. Qoğal günəşin və istiliyin simvolu kimi stola gətirilir. Şəkərbura da kənarındakı və üzərindəki mənalara görə günəş şüalarını xatırıladır, paxlava isə mərkəzinə qoyulmuş fındıqla mifik mənanı özündə əks etdirir. Şirniyyatların süfrəyə qoyulması bütün ilin bərəkətli, ruzili və həmişə şirin keçməsini mənalandırır. Bununla yanaşı qoz, fındıq, badam və bir çox çərəz növləri də süfrəni bəzəyir. Qadınlar, qızlar isə evlərinə xonça tuturlar və müxtəlif konfetlərlə onu bəzəyirlər. Süfrə qoyulmuş səməni isə öz yaşıl görkəmi və belinə bağlanmış qırmızı lentlə daha çox diqqət cəlb edir. Həmin gün hamı deyib, gülür və insanlar evlərində xoş sözlər danışırlar.

 

“Səndən hərəkət məndən bərəkət”

 

Torpaq çərşənbəsi olduğu üçün artıq xalq əkin - biçinə başlamalı olur. Digər çərşənbələr - Su, Od, Yel öz işlərini bitirmiş sayılırlar və Torpağa yer verirlər. Torpaq isə deyir:  “Səndən hərəkət, məndən bərəkət”. Yerlər şumlanır, toxumlar səpilir və artıq yazın gəlməsi ilə işgüzarlıq da özünü göstərir.

Axır çərşənbə günü qadınlar, qızlar çilələrini tökmək üçün çay üzərinə yollanır və su üzərindən tullanırlar. Həmçinin həmən gün axşam vaxtı yenə də tonqallar qalanır, lakin bu çərşənbənin tonqalları digərlərindən tamam fərqlənir. Çünki həmin gün daha çox maraq olur və hamı od ətrafına yığışaraq onun istisinə qızınmağa çalışırlar. Bu inamla bağlı ulu babalarımız axır çərşənbə axşamı bacaların qırağında və həyətlərdə böyük tonqallar qalayardılar. Bununla onlar ata-ana ruhlarının öz ocaqlarına rahat gəlib qayıtmalarını təmin etməyə çalışırdılar. Bu zaman böyükdən-kiçiyə hamı oxuya-oxuya alovun üstündən tullanırdı:

 

Ağırlığım, uğurluğum get,

Qada-bala bizi tərk et...

 

Axır çərşənbə axşamı evlərdə qadınlar yemək qazanları asır, plov dəmləyir və bir çox xörəklər bişirirlər. Bunların müxtəlifliyi süfrənin daha da cəzbedici olmasına səbəb olur. Nişanlı qızlara hədiyyələr gəlir, təzə gəlinlər qırmızı geyinirlər. Xanımlar isə evlərini ən yüksək səviyyədə bayrama hazırlayırlar. Həmçinin həmin gün evlənməyən subay qızlara baxmağa gələn oğlanlar olduqca çox olur, xüsusən papaq atmaq mərasimi bütün oğlanlar tərəfindən sevilir. Onlar öz papaqlarını başqalarının qapısına ataraq bayram payı gözləyirlər. Qapını açan şəxslər isə bayram tədarüklərindən və evlərində olan nemətlərdən papağa qoyaraq həmin adamları sevindirirlər. Çərşənbə günü yumurtalar boyanır, rəngləri isə xonçalarda bəzəkli görünsün deyə müxtəlif olur. Axır çərşənbədə yumurtalar toqquşdurulur və uşaqlar mərcə girirlər. Kimin yumurtası digərinə aid olanı sındırsa həmin şəxs qalib elan olunur.

Torpaq çərşənbəsində insanlar öz qohumlarını yadına salır və onlara qonaq getməyə başlayırlar, həmçinin vəfat etmiş insanları da yada salmaq lazımdır. Rəhmətə gedən insanların qəbirlərini ziyarət edir, onları da xatırlayırlar. Həmçinin qoca insanları və valideynləri yada salmaq daha mühüm əhəmiyyətə malikdir. Bu bayram günlərində şikəstlərə, əlillərə əl tutmaq və valideyni olmayan uşaqlara yaxşılıq etmək həmin insanın savaba girməsi ilə nəticələnir.

 

İnanclar

 

Çərşənbə günü ev sahibləri gec yatmalıdır və evində qulaq falına çıxanları nəzərə alaraq xoş söhbətlər etməlidir. Əkin – biçinlə məşğul olunan torpaq sahələrində cütçülərin və sayaçıların sözlərinə rast gəlmək mümkündür. Hətta mal-qara saxlayan insanlar da həmin günlər ərzində kefləri kök olur. Xüsusən axır çərşənbə sayılan Torpaq çərşənbəsi günündə evdən od, neft, kibrit vermək olmaz. Hətta ağartı qidaların da verilməsi düzgün hesab olunmur. Çərşənbə günündə başyalan mərasimlər səhər tezdən elan olunur və gün dəyişənə qədər davam edir, həmin gecə evlərdə şamlar yandırılır, hər bir şəxsin adı qoyulmuş şam sona qədər yanmalıdır. Şamların kimsə tərəfindən söndürülməsinə icazə verilmir.

Torpağın əzizlənməsi, onun qeydinə qalınması, bostan və dirriklərdə aparılan tədarüklər də hamı tərəfindən hiss ediləcək dərəcədə olur. Yazın gəlişi havalrın dəyişilməsində də güclü şəkildə hiss olunur və mərasimlər zamanı yazla, qış vəsf olunur.

Həmin günü buğdalar qovrulur və onlar tavaya atılarkən müxtəlif qızların adları tutulur. Kimə aid olan buğda tez atılsa, deməli həmin qız hamıdan əvvəl evlənəcəkdir. Subay qızları görməyə gələn oğlanlar kənd yerlərində bacadan torba sallayırlar və qızlar da onların içərisində müxtəlif şirniyyatlar qoyaraq yenidən özlərinə göndərirlər. Həmçinin Torpaq çərşənbəsində müxtəlif ayinlər qurulur, nəğmələr, bayatılar oxunulur, insanlar qulaq falına çıxırlar. Xüsusən axır çərşənbə günü qadınlar, qızlar bir evə evə toplaşaraq fal mərasimlərini yerinə yetirirlər.

Məsələn, ilin-ayın axırında (Novruz bayramından iki gün əvvəl) bulaqdan, yaxud çaydan axar sudan “lal su” gətirilir. Buna ona görə “lal su” deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib evdə, iynə salınacaq qaba tökənəcən dinməməlidir (həmin su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam tərəfindən müşayiət oluna bilər. Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolayır, birini qız, birini oğlan deyə fikirdə tutur (falı açılan şəxslər) və hərəsini bir tərəfdən üsulluca suya qoyurlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər. Qovuşacaq adamlarda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə qovuşurlar. İynə suyun dibinə çökürsə - elə ilk dəfə qoyulanda, deməli, su “lal su” deyil. Su gətirən adam üstündə danışıb. O, heç olmasa, “a” deyə səs çıxarıb.

Axır çərşənbə günü, yaxud həftənin uğurlu günləri axşamçağı qonşuların qapısını kirimişcə pusurlar. Qapıya yaxınlaşərkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. (Bu səbəbdəndir ki, həmin günün axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur). Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” və s. olarsa, hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, “söndü”, “viran qalsın” və s. kimi sözlər eşidiləndə pis tərəfə yozulur.

Axır çərşənbə axşamı gec yatırlar. Yatanda işə əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir.

İlin axır çərşənbə axşamı cavan qızlar bir yerə yığışırlar. Bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, sayırsan. Demək o yaşda da gəlin gedəcəksən.

Çərşənbə axşamı otuzluq lampanın altına qıfılı bağlayıb qoyurlar. Niyyət edib gözləyirlər. Kim qapını açıb birinci evə girsə, onun birinci sözünü niyyətlərinə görə yozarlar.

Balığın çanaq sümüyünü övlad gözləyən gəlinin oğlu və ya qızı olacağını bilmək üçün iki barmağın ortasından atırlar. Arxası üstə düşərsə, qız, üzüstə düşərsə oğlan olacağı gözlənilir.

İtkin olan zaman, onu tapmaqçın ələyə qaysının iki ucunu sancıb, fırlardırlar. İtkinin kim tərəfindən olduğunu bilmək üçün şübhələndiyin adamın adını çəkirsən. Əgər ələk fırlanarsa, bu iş həmin adam tərəfindən olub. Fırlanmazsa demək o günahkar deyil.

Qorxan adamın başının üstündə ərimiş qurğuşunu onun qarşısındakı qabın içindəki suya tökürlər. Adam nədən qorxubsa onun şəkili suyun içində formalaşır.

Axır çərşənbə gecəsi ürəyində niyyət tutub  yatarlar. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən. Amma gərək qorxmayasan. Qorxsan bu niyyətin baş tutmaz.

İlin axır çərşənbə günü niyyət tutub bağa getmək lazımdır. Bağdan bir çəngə ot qırırsan. Niyyət düzdürsə, sühərəsi gəlib görürsən ki, qırdığın otlar uzanıb əvvəlki kimi olub.

İlin axır çərşənbə gecəsi ürəyində niyyət tutursan. Bağda bir daşı qaldırıb altını təmizləyirsən. Niyyətin hasilə çatandan sonra, gəlib daşın altına baxırsan. Görürsən ki, daşın altında ot bitib.

İlin axır çərşənbə axşamı ana uşaqlarının başından tük qırır və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyirsən. Guya ki, bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.

 

Gün o gün olsun...

 

Bu gün torpaqlarımızın 20 faizindən çoxu işğal altındadır. Qarabağımız dardan qurtarmayıb. Minlərlə sərgərdan şəhid ruhu yurdumuzu dolaşır. Viran yurd yerlərimizdən analarımızın çörəyinin ətri gəlmir.

Gün o gün olsun ki, darda qalan torpaqlarımızda Çərşənbə və Novruz tonqalları qalansın! Müqəddəs odumuzda dərdlər, bəlalar yansın! Od üstündən atılanda, yaddan çıxan bir mahnını hamı yada salsın:

Ağırlığım, ağrılarım odda yansın,

Dərdlər keçən ildə qalsın...

Hazırladı:

 

 

Təranə Məhərrəmova

 

Material KİVDF-nin dəstəklədiyi layihə çərçivəsində hazırlanıb. 

 

Kaspi.- 2011.- 15 mart.- S. 12.