Süleyman Rüstəmin oğlu: “Atamın yalnız bir əqidəsi olub”

 

Azad Rüstəmzadə – xalq şairi Süleyman Rüstəmin yeganə övladı. 1946-cı ildə doğulub. 1968-ci ildə Bakı Dövlət Universiteti şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb ədəbiyyatı üzrə filologiya elmləri namizədidir. Uzun müddət Azərbaycan Elmlər Akademiyasında çalışıb. 1989–2009-cu illərdə Milli Məclisdə beynəlxalq şöbədə baş məsləhətçi işləyib. Ailəlidir, iki övladı var. Oğlu Günəş Xarici İşlər Nazirliyində işləyib, hazırda İsveçdə Azərbaycan səfirliyinin müşaviridir. Qızı Azadə isə həkimdir.

 - Azad müəllim, atanız Süleyman Rüstəm xaraktercə necə adam idi?

- Atam çox mülayim adam idi. Mənim tərbiyəmdə anam böyük rol oynayıb. Məni məktəbə o aparıb-gətirib. Həmişə valideynlərim deyərdilər: «Sən gərək özünü elə aparasan ki, bu ailənin başı uca olsun. Heç bir xəta etmə ki, gəlib bizə nəsə desinlər».

   - Necə oldu ki, atanız o dövrdə Rüstəmzadə soyadını götürdü? Bildiyimə görə, siz əslən bakılısınız…

- Bəli, biz bakılı sayılırıq. Atam Çəmbərəkənddən, anam isə Novxanıdandır. Atamla anam 34-cü ildə Novxanı bağlarında tanış olublar. Qaldı ki, soyad məsələsinə, atam hələ 20-ci illərdə rus sonluğundan imtina edərək Rüstəmzadə soyadı götürüb. Nəsildəkilər isə hamısı Rüstəmov gedirdi.

  - Ailədə niyə tək uşaqsınız?

  - (Gülür). Əslində, mən tək olmamışam, məndən əvvəl bir qardaşım da olub, amma çox yaşamayıb. Onun da adı Azad olub. Mənə dedilər ki, bəs Hüseyn Cavidin oğlu Ərtoğrul qardaşın Azada musiqi də bəstələyibmiş. 34-cü ildə atamla anam evlənirlər, 35-ci ildə isə birinci Azad dünyaya gəlir. Yusif Səmədoğlu ilə yaşıd olublar. 36-cı ildə dizenteriya xəstəliyi olub, uşağı saxlaya bilməyiblər, bağda dünyasını dəyişib. Mənim dünyaya gec gəlməyimin səbəbi bu olub ki, anam müharibə vaxtı universitetdə oxuyurdu. Atam isə yanında deyildi, cəbhə zonalarında idi. Mən sonra, 46-cı ildə anadan olmuşam. 9-cu sinfə qədər anam məni əlimdən tutub məktəbə aparırdı.

   - Azad müəllim, məlumdur ki, 37-ci ildə bir çox görkəmli ziyalılarımız repressiyaya məruz qaldılar. Amma bir çox yazıçılar bundan yan keçdilər. O cümlədən Süleyman Rüstəm də. İstərdim bu haqda danışasınız…

- Mən 80-ci illərin axırlarından Şərqşünaslıq İnstitutunda işləmişəm. Bizim sonuncu direktorumuz akademik Ziya Bünyadov idi. Bir dəfə iş zamanı katibəsi mənə zəng etdi. «Tez bizim şöbəyə gəlin, Ziya müəllim sizi axtarır» -dedi. Mən Ziya Bünyadovun otağına getdim. Ziya müəllim mənə dedi: «Sənin atan kişi adam imiş. Vaqif Hüseynov (DTK-nın keçmiş sədri – red.) mənə icazə verib ki, DTK-nın arxivində işləyim. Neçə gündür baxıram, mən orda S.Rüstəmin imzasıyla bir ərizə, danos görmədim. Başqa adamların adına rast gəldim». Mən soruşdum ki, kimlərdir onlar? Dedi, «atana deyərəm, sənə yox».

- Atanıza dedi onların adını?

- Bəli, dedi. Amma atam onların kim olduğunu mənə demədi.

- Bəs onda niyə başqa adamların yox, məhz sizin atanızın adı hallanıb?

- Bu onu istəməyən paxıl adamların işidir. Atamın yalnız bir əqidəsi olub: proletar. Ömrü boyu əqidəsinə sadiq qalıb. Atamın ailəsinə fikir verin: babam dəmirçi olub. Qardaşı ilə birlikdə Beşmərtəbə deyilən bina ilə üzbəüz dəmirçi yerləri olub. Atamın bir sifəti, bir əqidəsi olub. Atam o quruluşa inanıb, həmişə də onu tərənnüm edib. Şeir, nəzmlə kəskin əksinqilabçıları təbliğ edib. Ona görə də ona əks tərəfdən hücumlar olub.

- Bildiyimə görə, atanız Mir Cəfər Bağırovla tez-tez görüşürmüş. Elədir?

- Əlbəttə, onların görüşləri çox olub. Bilirsiniz, o vaxt yazıçılara böyük hörmət vardı. Bağırov özü də yazıçılara qiymət verirdi, tez-tez onları yanına çağırırdı. Atam danışırdı ki, «Bağırov bir dəfə Səməd Vurğunla məni kabinetinə çağırıb dedi: «özünüzü elə aparın ki, aqibətiniz o birilər kimi olmasın».

- Yəni pantürkist olmayın...

   - Belə çıxırdı. Hüseyn Cavid və o biriləri nəyin güdazına getdilər? Türkçülüyün. O vaxt Moskva hər şeyə nəzarət edirdi. Atam 37-38-ci illərdə Dram Teatrının direktoru olub, nə qədər aktyoru M.C.Bağırovun qəzəbindən qoruyub-saxlayıb. Rəhmətlik Barat Şəkinskaya o dövr xatirələrində yazırdı ki, «Süleyman Rüstəm teatrda direktor olarkən neçə aktyoru repressiyadan xilas etmişdi, qoymamışdı onları tutub aparsınlar». Bilirsiniz, Azərbaycan ədəbiyyatı tarixində çox əyintilər olub, paxıllıqlar, böhtan və s. S.Rüstəm və S.Vurğun haqqında da müxtəlif fikirlər söylənilib. Amma hər ikisi böyük sənətkar idilər. Səməd Vurğun Qazaxda olanda atam onu Bakıya dəvət edib ki, gəl oxu. Başa düşürəm ki, qazaxlılar, onu çox istəyənlər nələrisə danışırlar. Amma ədəbiyyatımızda Vurğunun öz yeri, S.Rüstəmin isə öz yeri var.

         - Atanız M.C.Bağırov haqqında daha nə danışırdı?

- Atam deyirdi ki, düzdür, Bağırov zalım adam olub, amma həm də mərd idi, bir çox müsbət işləri də vardı. Bilirsiniz, əslində, bir adam heç vaxt ideal ola bilməz, onun səhvləri də olmalıdır. Məsələn, Rusiya əhalisinin yarısı Stalini sevmir, yarısı da ona rəhmət oxuyur. Eləcə də Bağırov haqqında fikirlər müxtəlifdir.

- Atanızın Əhməd Cavadla münasibətləri necə olub?

- Onu dəqiq bilmirəm. Əhməd Cavadın oğlu Yılmaz deputat olanda mən bir dəfə onu gördüm. Heç yaxınlaşıb salamlaşmadıq da. Düzü, mən o dövrlə çox maraqlanmıram.

- Sizcə, atanız bildiyi çox şeyləri danışmırdı?

- Ola bilsin bildiklərini gizlədirdi. Mən 60-cı illərin tələbəsi olmuşam, bir çox ictimai işlərdə işləmişəm. Mən evdə hər dəfə kiminsə haqqında söhbət salanda atam «o, yaxşı, təmiz adamdır» – deyərdi.

- Atanıza o dövrlə bağlı sonradan münasibət necə idi?

- Atam tez-tez məktublar alırdı. Müşfiq haqqında anonim məktublar gəlirdi ona. «Niyə sən sağ qaldın, amma filankəs getdi Atam danışırdı ki, müharibədən əvvəl yazıçılar çox mehriban, səmimi idilər. Müharibədən sonra nəsə ayrı-seçkilik yarandı.

- Səhv etmirəmsə, atanız 1941–45 müharibəsi illərində həm də siyasi xadim kimi fəaliyyət göstərirdi…

- Bəli, elədir. Atamın siyasi xadimliyi elə o vaxtdan başlayır. Bir dəfə atamla Tiflisə getmişdik. Rustaveli küçəsində bizim köhnə «İnturist» kimi bir mehmanxana vardı. Atam dedi ki, «mən müharibə vaxtı bir il bu mehmanxanada qalmışam». Tiflisdə türkcə «Zakavkazskiy voyennıy opıt» adlı qəzet nəşr olunurdu. Atam da burada işləyib. Sonra 2 il Təbrizə getdi. Onlar bir ideoloci komanda idi: Əziz Əliyev, Mirzə İbrahimov, atam və başqaları. Təbrizdə «Vətən uğrunda» adlı qəzet çıxarırdılar. Qılman İlkinin əsərləri də orada gedirdi. Qəzetin elə bir nömrəsi olmazdı ki, atamın orada yeni şeiri çap olunmasın. Atam Cənubi Azərbaycanı yaxından tanıdı, insanların çətinliklərindən xəbərdar oldu.

- Atanız Məmmədhüseyn Şəhriyarla məktublaşırdı. Onların görüşləri olubmu?

- Təəssüf ki, yox. Atam heç vaxt Şəhriyarla görüşməyib. Professor Rüstəm Əliyev vardı, sovet vaxtı Cənubi Azərbaycana gedib-gəlirdi. Birinci dəfə Şəhriyarın atama şeirlə yazdığı məktubu Bakıya o gətirmişdi. Sonra onların məktublaşması başladı. Çox gözlədilər ki, Şəhriyara Bakıya gəlməyə icazə versinlər, amma alınmadı. Əvvəlcə Şəhriyar, ondan 6-7 ay sonra da atam rəhmətə getdi.

- Atanızın yazdığı hər hansı bir əsərə görə ona bir təzyiq olub?

- Dediyim kimi, o dövr çox keşməkeşli idi. Əlbəttə, təzyiqlər olub. Elə götürək o vaxtkı I katib İ.Mustafayevi. Atam bir pyes yazmışdı: «Burda mənəm, Bağdadda kor xəlifə». Bununla cəmiyyətdə olan əyintiləri satirik yolla ifşa edirdi. Bu əsər Dram Teatrında səhnələşdirildi, amma ictimai baxışdan keçmədi. Dedilər, olmaz. Halbuki yaxşı əsər idi, baş rolu da Ağasadıq Gəraybəyli oynayırdı. Sonradan kimsə klubların birində həmin əsəri səhnələşdirdi.

- 88-ci il hadisələrini necə qarşıladı atanız?

- Əslində, atam hadisələrin belə olacağına inanmırdı. O vaxt hələ Tiflisdə baş verənlər ona çox pis təsir etmişdi. Hansı ki, cəmi 17 nəfər ölmüşdü, ən çox haray-həşir salan da atam idi.

«Qarabağnamə» adlı əsər də yazmışdı. O vaxt Xankəndidə bir jurnal çıxırdı. Atam nə qədər çalışsa da, erməni redaktor həmin şeiri çap etmədi.

- Ömrünün son günləri necə keçdi? Atanızın hər hansı xəstəliyi vardı?

- Onun xəstəliyi vardi. Dedilər ki, əməliyyat olunmalıdır. Atam dövlət xadimi olduğundan Ali Sovetə gedib-gəlirdi, qəbulları olurdu. Gərək əməliyyata girməyəydi. Əməliyyat olunandan 3 gün sonra 83 yaşında dünyasını dəyişdi.

- Sizcə, Süleyman Rüstəm öz layiqli qiymətini ala bilib?

- Layiq olan qiyməti xalq verir. Tanımadığım adamlar məni küçədə görəndə yaxınlaşaraq «Siz Süleyman Rüstəmin oğlusunuzdeyə soruşurlar. Televiziyalarda hansısa bir şeirini söyləyirlər. Bütün bunlarla qarşılaşanda deyirəm ki, Süleyman Rüstəm yaşayır.

 

 

Kaspi. -2011. -7-9 may. –S. 15.