«Dilimdən iltizam aldılar ki, əgər başıma bir
iş gələrsə…»
Böyük Vətən Müharibəsinin
88 yaşlı veteranı Məmməd Qarayev 1942-ci ildən
başlayan döyüş yolundan danışır
Böyük Vətən Müharibəsi
veteranları hər il 9 may Qələbə Gününü
səbirsizliklə gözləyirlər. Onlar yalnız həmin
gün xatirələrini bir yerə cəm edirlər.
Danışdıqca da müharibənin dəhşətlərini
sanki yenidən yaşayırlar. Heç zaman unudulmayan tarixi
yazdıqları üçün özləri də
unudulmurlar. Bu tarixdə həm də onlar üçün daha
çox sevinc payı var. Qocaman veteran Məmməd Qarayevin
ömür yolu da heç zaman unudulmayacaq tarix, hər bir gəncə
örnək olası nümunədir. 88 yaşlı veteran bu
gün də Bakı şəhər Veteranlar
Şurasının sədri kimi yorulmadan fəaliyyətdədir.
Cəbhə xatirələri
Məmməd Qarayev 1923-cü ildə
Tovuz rayonunda doğulub. 1942-ci ildə hərbi
qulluğa çağırılıb. Beş ay Bakı şəhər
Piyadalar Məktəbində oxuyub. Sonra xəstəliyi
üzündən bir müddət hospitalda müalicə
olunub. Sağalandan sonra onu Gürcüstanda yerləşən
18-ci ehtiyat polkuna göndəriblər. 3 aydan sonra Moskva ətrafına
göndərilərək orada qulluq edib. Daha sonra 47-ci
briqadanın tərkibində Qərb cəbhəsində gedən
döyüşlərdə iştirak edib. O cümlədən
Müharibədən
sonra göstərdiyi qəhrəmanlıqla bərabər,
yaddaşında çoxlu xatirələr qalıb: «Bəxtim
elə gətirib ki, həmişə rusların arasında
olmuşam. Başqa millətlərdən əsgərlər
arasında təkcə bir erməni, bir də gürcü var
idi. Yerim tez-tez dəyişdiyindən, ayrı-ayrı
hospitallarda müalicə olunduğumdan sonradan həmin əsgər
və zabitlərin heç birini görə bilmədim. Sonuncu
dəfə qulluq etdiyim polkun özəyi və əsgər
heyətinin çoxu İvanov şəhərindən idi.
Hamısı qəhrəman əsgərlər idi. O günlər
bizim üçün əsil həyat məktəbi oldu».
Döyüş cəbhəsindən
əmək cəbhəsinə
M.Qarayev
sağalandan sonra doğulduğu rayona - Tovuza gəlib. Daha sonra
Bakıda Politexnik İnstitutunu bitirərək mühəndislik
ixtisasına yiyələnib. İnstitutu bitirdikdən sonra təyinatla
Göyçay avtobazasına baş mühəndis vəzifəsinə
göndərilib. 3 ay işlədikdən sonra yaxşı
işinə görə irəli çəkilib. Avtobazanın
direktoru vəzifəsinə təyin edilib. 3 ildən sonra isə
onu Yevlax sərnişindaşıma avtobazasına göndəriblər.
Üç il də orada çalışdıqdan sonra Mərkəzi
Komitənin tapşırığı ilə Tovuz rayon
avtobazasına direktor vəzifəsinə göndərilib və
orada beş il çalışıb. Daha sonra isə ailəsi
ilə Bakıya köçən M.Qarayev ixtisası üzrə
Bakı və Sumqayıt şəhərlərində
çalışıb. Həmişə də işinə
münasibəti ilə fərqlənib, başqalarına
nümunə göstərilib. Döyüş bölgəsindəki
qəhrəmanlığını özü ilə əmək
meydanına gətirib.
Veteran hərəkatı
M.Qarayev
1992-ci ildə təqaüdə
çıxıb. Əli həmişə
işə alışan M.Qarayev təqaüdə
çıxdıqdan sonra veteran hərəkatına qoşulub.
Böyük Vətən müharibəsində iştirak edən,
təqaüdçülər, hərbi hissələrdən,
Daxili İşlər Nazirliyi orqanlarından təqaüdə
çıxanları öz tərkibində birləşdirən
şuranın fəal üzvlərindən birinə
çevrilib. Şuranın nizamnaməsində yazılan və
yazılmayan qanunlara bütün üzvləri riayət etməyə
çağırıb. Veteran hərəkatı öz
üzvlərini ətrafında yumruq kimi birləşdirib. «Vəzifəmiz
orta və ali məktəblərdə təhsil alan şagird və
tələbələrlə söhbətlər aparmaq, gənclərlə
görüşlər təşkil etmək, onlara hərbi
qulluğun sirlərini anlatmaq, hansı çətinliklərlə
rastlaşacaqlarını onlara başa salmaq, gəncləri vətənpərvərlik
ruhunda tərbiyə etmək və qarşıya qoyulan məsələlərin
həllində aktiv iştirak etməkdən ibarətdir» - deyə
qocaman veteran bildirir. Hazırda M.Qarayevin sədri olduğu
Bakı Veteranlar Şurasının Bakının 11 rayonunda
şöbəsi fəaliyyət göstərir. Hər
şöbənin də çoxlu veteranı var. Ümumilikdə
isə, Veteranlar Şurası 324 təşkilatı, 90 minə
yaxın veteranı öz ətrafında birləşdirir.
Onların içərisində 1152 müharibə
veteranının adı var. M.Qarayev xatırladı ki, 1985-ci
ildə yaranan Bakı veteranlar Şurasının ilk sədri
polkovnik Səlim Səlimov olub. Hal-hazırda Şuranın
işçiləri ictimai əsaslarla çalışır
və onlar üçün heç bir əməkhaqqı nəzərdə
tutulmayıb.
Həmişə sülh olsun!
Hər il
9 may Qələbə günü yaxınlaşanda qocaman
veteran həmin dəhşətli günləri sanki yenidən
yaşayır. Əslində bu xatirələrin onu tərk
etdiyi olmayıb heç. “Bütün insanlar həmişə
istəyirlər ki, sülh, əmin-amanlıq olsun. Sülh o
deməkdir ki, insan sərbəst, azad yaşamaq imkanı qazanır.
Müharibə
isə dəhşətdir. Müharibə
dağıntıdır. Müharibə insanlara fəlakət
gətirir. Onların ölümü, şikəst olması
ilə nəticələnir. Biz veteranlar müharibəni
gördüyümüzdən onun dəhşətlərini
heç vaxt unuda bilmirik. Ona görə də insanların həmişə
sülh şəraitində, müharibəsiz bir zamanda
yaşamasını arzulayırıq!»
88
yaşlı veteran dövlətimiz tərəfindən
veteranlara göstərilən qayğıdan da
razılığını bildirir: «Ulu öndər Heydər Əliyev
Naxçıvandan Bakıya gələndən sonra müharibə
veteranlarına qayğısı daha da artdı. Heydər Əliyev
veteranları qəbul edirdi, onların qayğıları,
problemləri ilə həmişə maraqlanırdı”.
Prezident İlham Əliyevin bu günlərdə
imzaladığı “1941-1945-ci illər Böyük Vətən
müharibəsi iştirakçılarına, həlak
olmuş və ya sonralar vəfat etmiş
döyüşçülərin dul arvadlarına, arxa cəbhədə
fədakar əməyinə görə orden və medallarla təltif
edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə” sərəncamı
veteranların böyük sevincinə səbəb olub.
“Sevinirik ki, dövlət başçısı İlham Əliyev
ümummilli liderin kursunu layiqincə davam etdirir, veteranlara
lazımi diqqəti göstərir. Biz veteranlar ölkə
başçımızın qayğısından
razıyıq. Hər il 9 mayda ölkə
başçısı Sovet İttifaqı Qəhrəmanı
Həzi Aslanovun abidəsi yaxınlığında bizimlə
görüşür, problemlərimizlə maraqlanır. Bu,
bizə ruh verir”.
M.Qarayev
xatırlayır ki, keçən il prezident İlham Əliyevlə
görüşəndə Veteranlar Şurası
üçün mikrovtobus verilməsini
xahiş edib: “Veteranların xeyrində,
şərində iştirak etmək üçün nəqliyyatımız
yox idi. Prezidentdən xahiş etdim ki, problemimizin həlli
üçün bizi maşınla təmin etsin. Elə həmin
axşam mənə prezidentin adından zəng vurub
xahişimi yerinə yetirdilər. Mən
düşündüm ki, prezidentə hər hansı şəxsi
xahişlə müraciət etməkdənsə, tale
yüklü məsələ ilə bağlı müraciət
etmək daha yaxşıdır».
Qocaman
veteran Şurada əllərinin zəhməti ilə
yaratdıqları Şöhrət Muzeyindən də həvəslə
danışır. Özü ilə bərabər yüzlərlə
igid eloğullarımızın şəkli bəzəyir bu
muzeyi. M.Qarayev deyir ki, bu muzeydə acılı-şirinli illərinin
xatirələri cəmlənib. Əsgər və zabitlərimizin
döyüş yolunu əks etdirən foto və sənədlərdə
bütöv bir tarix yaşayır. Həmişə qürur
doğuracaq, gələcək nəsillərə örnək
olacaq bir tarix. Bu tarixi yazanlar isə Məmməd Qarayev kimi
veteranlardır.
Təranə Məhərrəmova
Kaspi. -2011. -7-9 may. –S. 6.