Müəllimin
ölümü
(hekayə)
Nəhayət
ki, bu gün, köçdüyümüz yataqxananın darısqal olan bir
otağında məskunlaşa bilmişdik. Divarları
yarıya qədər yaşıl rəngli yağlı boya ilə
boyanmış otaqdan toz-torpağın iyi hələ çəkilib
getməmişdi. Beşmərtəbəli
yataqxananın 1-ci mərtəbəsində olan bu otağı
indiyə qədər bizdən başqa heç bir ailə bəyənib
yaşamamışdı. Otaq çox
darısqal, həm də ayaqyolu, hamamla üz-üzə idi.
Rayondakı evimizdən gətirdiyimiz iki
çarpayı, mir-mitil, televizor, soyuducu stol-stul
hamısını bu otağa sığışdırmışdıq.
Atamla–anam eyvanda söhbət edirdilər. Bacımla mən
ortası çökmüş taxtın üstündə
uzanmışdıq. Anam qardaşıma yerdən yer salmışdı. Mən yuxulaya-yuxulaya atamın sözlərini
eşidirdim.
- Altı
təpili otağı
ver erməniyə, özün də gəl gir bu
daxmaya.
Səhəri biz yuxudan qalxanda saat 10-u keçmişdi. Otaqda
bacımla məndən başqa heç kəs yox idi. Biz paltarlarımızı geyinənə qədər
anam əlində, boşqab dolu ləyən otağa girdi.
Axşamdan qalan qabları mətbəxdə
yuyub gətirirdi. Otağa girən kimi tərs-tərs bizə
baxıb dedi:
- Niyə durmusunuz? Qayıdın
təzədən yatın.
Biz yuxulu-yuxulu
gözümüzü döyürdük.
- Bura murdarçılıqdı. Ayaqyolu, hamam, mətbəx hamısı ümumidi.
Mətbəxdə bir stol qoyublar, adam
baxanda ürəyi bulanır. Oralara girib,
çıxanda ehtiyatlı olun. Sonra anam
köksünü ötürərək dedi:
- Leylanı bir yerdə yatsın,
min yerə iyi düşsün. Gül kimi ev
idi də oturmuşduq.
Leyla bizim əvvəl evində kirayə
qaldığımız evin sahibi idi. Kirayə pulunu elə
məbləğə qaldırdı ki, verə biməyib
çıxmışdıq.
Bacımla
mən, əl-üzümüzü yumaq istəyirdik, otaqdan
çıxıb, üzbəüz hamama girdik, içəridə
ortayaşlı yaşlı bir kişi ilə
sarışın, uzun
cavan oğlan söhbət
edirdilər. Kişinin üzünün
yarısı sabunluydu, üzünü təraş edirdi.
Oğlanınsa əlində sabunqabı və diş
şotkası vardı. Biz onları görəndə
hürküb çölə çıxdıq. Oğlan tez çıxıb getdi. Gedərkən gözucu bizə baxmağı da
unutmadı.
- Mənim qazanımı
götürüb kənara qoyanın gözünü
çıxardaram. Deyəsən,
üstümü unlu görüb adımı dəyirmançı
qoymaq istəyirsiniz?
Kənardakı
stolun üstündə
qabları şampunlayan qarayanız bir arvad anama
baxıb deyirdi.
- Ay bacı o yaşlı qadındı,
götürüb, götürüb də qan olmayıb?
Anam daha
da əsəbləşib dedi:
- Yaşlıdı sənin
qazanını götürsün də məni niyə
gözümçıxdıya salıb, dünən də
çaydanı götürüb kənara qoymuşdu. Bir də
mənim qoyduğum qazanı, çaydanı bir adam yerindən tərpətsə heç kəs
mənən inciməsin.
Anam mətbəxdən çıxanda, elə bil
qurbağa gölünə daş atdılar. O dildən iti, sözdən
bol qadındı. Bir də kim olur-olsun haqqını heç kəsə
verməzdi, onun ayağını tapdalayan adamın dərsini
mütləq verərdi. Düşdüyü yerdə
özünü ilk andaca tanıdırdı ki, bu mənəm!
Mənlə ehtiyatlı olun.
Bir-iki
gündən sonra isə yataqxananın bütün sakinləri
ilə
Atam Azərbaycan dili müəllimi idi. Ancaq o müəllimliyin
daşını atmışdı, daha doğrusu atmağa məcbur
olmuşdu. O hər axşam evimizin yaxınlığında
yerləşən pekarnidən 30-40 çörək alıb
iki iri çantaya yığar, sonra qardaşımla köməkləşib
metroların birinin qarşısına aparıb satardılar. Onlar gecə saat 12-yə qədər çörəklərin
hamısını satdıqdan sonra evə qayıdardılar.
Üstəlik atam hər gün
özümüzün çörək payını da gətirərdi. Amma
dolanışıq yenə də çətin idi. Həmişə yaxşı yemiş-içmiş
ailə idik. Atam
çalışırdı ki, uşaqları heç nədən
korluq çəkməsin.
Neçə vaxt idi ki, anamın ödündə
çox iri daş özünə əməlli-başlı
yer eləmişdi. O nə qədər müalicə olunsa da xeyri
olmadı. Uzun və sıxıcı qış günlərinin
birində ödündəki daşın verdiyi sancılar
şiddətləndi və o əməliyyat olunmağa məcbur
oldu.. Yataqxanadakı evimizin
qadınlıq işləri bütün
ağırlığı ilə mənim çiyinlərim
üzərinə hücuma keçdilər. Hər
gün tezdən durmaq, atamla-qardaşımı işə yola
salmaq, sonra otağı yır-yığış edib məktəbə
getmək, günorta dərsdən gəlib evə, xəstəxanaya,
anama xörək bişirmək,
üstəlik yataqxanada həftədə bir dəfə
növbələşərək mətbəxi, hamamı,
ayaqyolunu təmizləmək mənim vəzifəm idi. Bacım məndən 6 yaş balacaydı, onu evimizdən
bir xeyli aralıda yerləşən Laçın rayon
qaçqınlar məktəbinə qoymuşduq. Bacım hər gün yataqxanadakı rəfiqələri
ilə birgə gedib-gəlirdi. Evdən məni
də həmin məktəbə göndərmək istəsələr
də mən evimizin yaxınlığınakı şəhər
məktəbinə getdim.
Qardaşımın ayaqları
ağrıdığından iki gün idi atam onu özü
ilə çörək satmağa aparmırdı. Bu gün axşam qardaşım saat
9-da gəldi, xörəyini yeyib yatdı. Axşam
saat 12-ni göstərirdi. Atam harda olsa gələcəkdi,
xörək qazanını götürüb mətbəxə
getdim, belə vaxtlar mətbəxdə heç kim
olmurdu. Qazanı qızdırıb otağa gəldim.
Anam olmadığından qardaşım
anamın çarpayısında yatmışdı.
Televizorda mənim uşaqlıqda çox sevdiyim Robin Qud filminin yeni çəkilmiş
versiyasını verirdilər. Bu filmin köhnəsinə
mən 10 yaşımda baxmışdım, 3-4ay o filmin
havası başımdan çıxmamışdı. Robin Qud rolunu ifa edən aktyora əməlli
başlı aşiq olmuşdum. Qonşuluğumuzda
yaşayan Aynur adlı rəfiqəm mənim bu aşiqliyimə gülüb məni o ki, var
cırnadırdı. Əvəzində mən öz eşqimə
sadiqliyimi nümayiş etdirmək üçün deyirdim ki, baxarsan mən bir az
böyüyüm gedib o aktyoru tapacağam. Bir bilsəydiniz o
vaxtlar hər şey mənə necə də asan və həll
edilməsi rahat görsənirdi…
Film bitti, saat 2-nin yarısı idi. Atam gəlməmişdi.
Onun ən gec gəldiyi vaxt 1 olardı. Bayırda boz dekabr havası tüğyan edirdi.
Arabir yağış çiskinləyir, sonra
yerini külək alırdı. Mən televizoru söndürüb
atamın çarpayısına uzandım. Atamın
yerində uzanıb yatmaq mənim çox xoşuma gəlirdi.
Onun tərli, bir az tütün iyi ilə
qarışmış olan qoxusunu milyon qoxunun içərisindən
seçə bilərdim. Çox yorğun olduğumdan, uzanan
kimi yuxuya getmişdim…
…Xırıltılı,
boğuq və
- Səidə, Səidəə.
Deyəsən yuxu görürdüm, səs də
atamın səsi idi. Birdən bərk taqqıtı səsi gəldi.
Gözlərimi açdım, yox yuxu deyildi və
həmin səs yenə məni səsləyirdi. Sərsəm kimi
ayıldım, saata baxdım 3 tamam olmuşdu. Bu dəfə lap möhkəmdən atamın səsini
eşitdim.
-Səidə
qapını aç.
Amma səs qapıdan gəlmirdi, eyvandan gəlirdi. Eyvanın
qapısını açdım. Bizim
otağımız birinci mərtəbədə yerləşirdi.
Eyvanın dəmir barmaqlıqları
araısından atamın qançır olmuş
üzünü və zavallı gözlərini gördüm.
- Sənə nə olub? deyə mən qışqırdım.
Atam bunu
gözləyirmiş kimi əlini ağzına
yaxınlaşdırıb dedi:
- Qışqırma get,
qardaşını durğuz gəlsin.
Mən otağa qayıdıb qardaşımı
oyatdım.
Biz ikimiz köməkləşərək atamı
yuxarı qaldırıb evə gətirdik. Onun əynindəki
qara gödəkçə tamam palçığa
bulanmışdı. Üz-gözü
şişmiş, alt dodağı partlamışdı. Başının sağ tərəfində,
gümüşü saçlarının arasında yara
vardı, yaranın ətrafından axan qan qaralıb
qurumuşdu. Əllərinin üstü
didik-didik idi. Qardaşımla mən həm
qorxu, həm də təəccüb içərisində
atama baxırdıq. Bircə bacım
bütün olanlardan xəbərsiz yatırdı. Atam əlindəki
palçıqlı sellofanda təmiz qalmış
çörəkləri mənə verib güclə
eşidiləcək səslə dedi:
- Yod
pambıq, bir az da ilıq su gətir.
Qardaşım atamın palçıqlı paltarlarını
dəyişir, mənsə onun yaralarının qanını
təmizləyib, yerinə yod vururdum. Başındakı
yara çox dərin idi.
Biz həmin gecə onun yaralarını yodlayıb
sarıdıq və səhər hava işıqlanana yaxın
yatdıq. Atamın yaraları onu yatmağa qoymurdu. O biruzə
verməməyə çalışsa da mən bunu hiss edirdim. Ertəsi gün o bizim bütün
sullarımızı cavabsız qoydu. Çox
sakit və kədərli görsənirdi. Tez-tez
eyvana çıxıb uzaqlara tamaşa edir və siqaret
çəkirdi. Bütün gün ərzində
o bir stəkan su da içmədi. Axşama
qədər iki qutu siqaret çəkib
boşaltmışdı. Mən onun çarəsiz və
gücsüz olduğunu dərindən hiss edirdim. Yalnız
axşama yaxın o qardaşıma dedi ki, dörd nəfər
içkili cavan oğlanlar onu döyüblər. Biz hadisənin
əsas məğzini anam xəstəxanadan çıxıb
evimizə gələndə anamdan öyrəndik…
Həmin günü atam çörək satmaq
üçün metronun qarşısında dayananda, dörd nəfər
yeniyetmə oğlan ona yaxınlaşıb, ondan iki ədəd
çörək alıb, ancaq birinin pulunu veriblər. Atam onlardan
ikinci çörəyin pulunu tələb edəndə
oğlanlardan biri atama deyib ki, o bir çörəyin
üstündə iki çörəyin pulunu qazanır.
Beləcə onların arasında mübahisə
yaranır. Və atam çörəyi
onlara satmır, əllərindən alır. Həmişəki
kimi bütün çörəkləri satıb evə qayıdanda içkili
oğlanlar pusquda dayanıb, atamı güdürlər və
onu döyürlər. Geərkən atamın üst-başını
soymağı da yaddan çıxartmırlar. Onlar
çıxıb getikdən sonra atam bir xeyli vaxt özünə gələ
bilmir, sonra birtəhər qalxıb palçığın
içindən bizim payımız olan sellofandakı iki
çörəyi götürüb evə gəlir. Amma yataqxananın həyətində adamlar və
gözətçi olduğundan o, onların yatmasını
gözləyib qapıdan yox, eyvandan gəlməyi üstün
tutur.
Aradan zaman keçdikcə atamın başındakı o
yaranın izi itdi, yerində isə balaca bir düyün əmələ
gəldi.
Sonralar o düyün illərlə sövdələşmiş
kimi getdikcə böyüməyə başladı və əlacı
olmayan pis bir
xəstəliyə çevrildi. Atam elə o xəstəliyin
yükü ilə də bu dünyadan köçdü.
Onun rəhmətə getdiyi günü yaxşı
xatırlayıram…
Qurumuş
bir sümük yığını inadla dərisindən
süzülüb çölə çıxmaq istəyirdi.
Bədənin ixtiyarı isə öz əlindən
çıxacaq vəziyyətdə ruhu ilə
çarpışır, ölüm bədənin ətrafında
sürətlə var-gəl edir, istədiyini ala bilmək
üçün atamın gözlərinə görsənib
onu silkəlyir, atamsa can vermək istəmirdi. Onsuzda bu
dünyadan kim gedirsə hər kəsin əli uzalı,
gözü aralı qalır.. Atam da ömrünün son anlarını məşəqqətlə
tərk edirdi. Təntənəli
mübarizəsindən sonra ölüm həmişəki kimi
qalib gəldi. Atamın sinəsindən
güclü bir xırıltı eşidildi və itdi. Mən
atamın cansız bədəninə, açıq
qalmış bulanıq, bir azca sulu gözlərinə
baxırdım. Ondan mənə qalan isə
nisgilli xatirələr, birdə həmin gecənin unudulmaz
gücsüzlüyü oldu.
Samirə Əşrəf
Kaspi.- 2011.- 7-9
may. –S. 20.