Yazıçı – publisist, yoxsa dövlət rəsmisi?

 

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun «Kaspi»yə müsahibəsini təqdim edirik

 

- Dini qurumlarla işləmək çətin deyil ki?

- Maraqlıdır.

- Ölkəmizdə din-dövlət münasibətlərinin tənzimlənməsi barədə nə deyə bilərsiniz?

- Azərbaycan dövləti ilə dini qurumlar arasında münasibətlər qarşılıqlı hörmət əsasında formalaşmışdır. Ölkəmizdə dini etiqad azadlığının təmin olunması üçün hər şərait yaradılmışdır. Bu, bizim qanunçuluq bazamızda, o cümlədən Konstitusiyamızda, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Eyni zamanda, praktik həyatda da dini etiqad azadlığı kifayət qədər və sözün tam mənasında təmin olunmuşdur. Ona görə də birmənalı olaraq bildirmək istəyirəm ki, Azərbaycanda dövlət-din münasibətləri kifayət qədər yüksək səviyyədə tənzimlənir. Bu, həm də  ölkədə tarixən mövcud olmuş dini tolerantlıq ənənələrinin qorunması və daha da inkişaf etdirilməsi baxımından yaxşı nümunədir.

- Bəs dini icmalar arasında münasibətlər necədir?

- İcmalararası münasibətlər normaldır. Bu sahədə də heç bir problem yoxdur. Qeyd edim ki, İslam icmaları təşkilat işləri baxımından Qafqaz Müsəlmanları İdarəsinə tabedirlər. Yəni onların dini ayinləri yerinə yetirməsi, müxtəlif mərasimlərinin icrası kimi məsələlər Qafqaz Müsəlmanları İdarəsi tərəfindən istiqamətləndirilir.

Həmçinin Azərbaycanda xristian, yəhudi və digər dinlərin mənsubları icma şəklində dövlət qeydiyyatından keçməklə fəaliyyət göstərirlər.

 

 

Azərbaycan dövləti təriqətlərüstü siyasət aparır

 

- Hazırda bütün dünyada müxtəlif maraqlara xidmət edən missioner təriqətlər, cərəyanlar və təlimlər yayılmaqdadır. Onlara münasibətiniz necədir və Dövlət Komitəsi onlarla mübarizədə nə kimi işlər görür?

- Azərbaycan dövləti təriqətlərüstü siyasət aparır. Azərbaycan dövləti üçün dövlət dini anlayışı da yoxdur.

Təxmini hesablamalara görə, ölkə əhalisinin 96 faizi müsəlmanlar, qalanlar isə digər dinlərin mənsublarıdır. Buna baxmayaraq, onların arasında heç bir fərq qoyulmur. Dövlət bütün dini icmalara, bütün konfessiyalara eyni nəzərlə baxır, təriqətlərin fəaliyyətinə mane olmur - o həddə qədər ki, dövlətçiliyimizə, müstəqilliyimizə təhlükə yaratmasınlar, radikallıq etməsinlər, qanunları pozmasınlar və  bir–birinə qarşı çıxıb cəmiyyətdə narahatlıq yaratmasınlar. Əgər bu tip dini ekstremizm, radikallıq halları, dinlər və təriqətlər arasında ayrı-seçkilik meyilləri müşahidə olunarsa, bütün inkişaf etmiş, demokratik cəmiyyət və ölkələrdə olduğu kimi, şübhəsiz ki, dövlətimiz də öz münasibətini bildirər. Çünki Azərbaycan dövləti belə hallara yol verməmişdir və bundan sonra da yol verməyəcəkdir.

 

 

Dünyəvi məktəbə başıbağlı getmək yolverilməzdir

 

- Çağdaş dövrümüzdə bu cür narahatlıqlara şagirdlərin məktəbə vahid geyimdə deyil, hicabla getməsi məsələsini də aid etmək olar. Bu məsələyə münasibətiniz necədir?

- Dünyəvi məktəblərdə hamı dünyəvi formada olmalıdır. Dünya təcrübəsi də bunu təsdiq edir. Dünyəvi məktəbə başıbağlı getmək yolverilməzdir və bunun heç bir əsası yoxdur. Çünki həmin geyim dindar geyimidir. Belə olan halda, digər dinlərin daşıyıcıları da məktəbə öz inanclarına uyğun geyimdə gəlmək istəyə bilərlər. Dünyanın heç bir inkişaf etmiş ölkəsində belə hal yoxdur. Bunun həm də təhsilə, tərbiyəyə ciddi təsir etmək imkanları var.  Məhz bu baxımdan Təhsil Nazirliyinin vahid məktəbli forması ilə bağlı qərarını dəstəkləyir və yüksək qiymətləndirirəm.

Bir çox sahələrdə, vahid forma sistemi tətbiq edilir. Hesab edirəm, məktəblilərin də vahid formasının olması Azərbaycanın hər yerində bərqərar edilməlidir. Misal üçün, deyək ki, bir sinifdə 15 qız var. Onlardan 14-ü dünyəvi geyimdədir, birinin isə başı bağlıdır. Həmin bir nəfər nəyi təqdim edir, bununla nəyi göstərmək istəyir? Daha çox müsəlmanlığı? Əsası yoxdur! Daha yüksək tərbiyə, daha yüksək əxlaq? Qətiyyən əsası yoxdur! Ümumiyyətlə, şagirdlərin məktəbə dini geyimdə getməsi nəinki, Azərbaycanda, dünyanın heç bir inkişaf etmiş ölkəsində qəbul edilmir.

Bəziləri deyirlər ki, hicab qadağa olundu. Xeyr, heç kəs onu qadağa etmir. Söhbət məktəbdən gedirsə, bəli, burada olmaz. Küçədə, başqa yerlərdə bağlaya bilərlər. Əgər kimsə dini təhsil almaq istəyirsə, bunun üçün Azərbaycanda kifayət qədər dini təhsil müəssisələri, mədrəsələr, o cümlədən ali təhsil ocaqları -  Qafqaz Müsəlmanları  İdarəsinin tabeliyində fəaliyyət göstərən Bakı İslam Universiteti, həmçinin Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi var. Gedib orada təhsil ala bilərlər.

- Təriqət və cərəyanlarla yanaşı, zərərli ədəbiyyatlar da nəşr edilir və yayılır. Bəs bunların qarşısı necə alınır, bu istiqamətdə hansı tədbirlər görülür?

- Zərərli ədəbiyyatların yayılmasının qarşısı, demək olar ki, alınıbdır. Bu işlə əlaqədar olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsi fəaliyyət göstərir. Bu şöbə tərəfindən idxal olunan bütün dini ədəbiyyata baxılır. Həmçinin ölkədə nəşr edilən dini ədəbiyyatların əlyazmaları da Dövlət Komitəsi tərəfindən ekspertizadan keçirilir. 

Onu da qeyd edim ki, yalnız Dövlət Komitəsinin rəyi olduğu təqdirdə ədəbiyyatların ölkəyə idxal edilməsinə icazə verilir. Hazırda idxal və nəşr edilən ədəbiyyatların sayı 4-5 il bundan qabaqla müqayisədə çox artıb. Zərərli ədəbiyyatlara isə çox az rast gəlinə bilər. Bu da onunla bağlıdır ki, artıq həmin proses bilavasitə Dövlət Komitəsinin nəzarətindədir.

Kimsə qaçaqmalçılıq və ya başqa yolla zərərli ədəbiyyat gətirə bilər. Lakin bu cür hallar da dərhal araşdırılır və müvafiq tədbirlər görülür. Demək olar ki, son vaxtlar belə faktlar heç müşahidə olunmur. Əgər olarsa, məmnuniyyətlə araşdırılar və müvafiq tədbirlər görülər.

 

 

Dinlərarası əlaqələrin möhkəmləndirilməsi sahəsində bir çox ölkələrlə əməkdaşlıq edirik

 

- Dövlət Komitəsinin beynəlxalq əlaqələri hansı səviyyədədir? Hansı ölkələrlə, beynəlxalq təşkilatlarla əlaqələriniz var?

- Dövlət Komitəsi tərəfindən müxtəlif ölkələrlə beynəlxalq əlaqələr qurulur və müəyyən işlər aparılır. Buraya həm İslam, həm də qeyri-islam ölkələri daxildir. Onu da qeyd edim ki, əlaqələrimiz olan xarici ölkələrin müvafiq nazirlikləri, dövlət qurumları ölkəmizdəki dini durumu çox yüksək dəyərləndirir və bu təcrübəni öz ölkələrində tətbiq etməyə çalışırlar. Xüsusilə, tolerantlıq mühitini çox maraqlı və əhəmiyyətli dəyər kimi qiymətləndirirlər. Bu baxımdan həmin ölkələrin nümayəndələri bizimlə əməkdaşlıq etməyə maraq göstərirlər. Eyni zamanda, Azərbaycan xalqının tolerant özəlliyini olduğu kimi çatdırmaq üçün biz də onlarla əməkdaşlıqda maraqlıyıq.

Müasir dövrdə dünyada din sahəsində, xüsusilə üç səmavi din arasında müəyyən problemlər mövcuddur. Həmin problemlərin aradan qaldırılması məqsədilə daha çox dialoqların keçirilməsi, sivilizasiyalararası, mədəniyyətlərarası, dinlərarası əlaqələrin möhkəmləndirilməsi sahəsində bir çox ölkələrlə əməkdaşlıq edirik.

Dövlət Komitəsində beynəlxalq əlaqələrlə bağlı xüsusi şöbə də fəaliyyət göstərir. İlk növbədə region və demək olar, bütün müsəlman ölkələri, o cümlədən ərəb ölkələrindən Səudiyyə Ərəbistanı, Küveyt və digərləri ilə qarşılıqlı sıx əməkdaşlığımız mövcuddur.  Görüşlər və qarşılıqlı səfərlərlə yanaşı, elektron poçt, telefon əlaqələrimiz də vardır.

İslam ölkələri ilə yanaşı, xristian ölkələri ilə də əlaqələrimiz sıxdır. Bu əlaqələr, demək olar ki, Dövlət Komitəsinin təxminən son dörd illik fəaliyyəti dövründə formalaşmağa və inkişaf etməyə başlamışdır. Münasibətlərimiz getdikcə daha da sıxlaşır və əlaqələrimizin müsbət nəticələri öz bəhrəsini verməkdədir. 

Onu da vurğulayım ki, hər bir dini icmanın da xariclə əlaqə qurmaq imkanı vardır. Bu sahədə Qafqaz Müsəlmanları İdarəsinin geniş əlaqələrini xüsusi qeyd etmək olar.

 

 

Hərdən publisistik yazılar yazıram

 

- Siz dəm də yazıçı–publisistsiniz. Hazırkı işiniz ədəbi–bədii yaradıcılıqla məşğul olmağınıza mane olmur ki?

- Bu işlə bərabər, bədii yaradıcılıqla məşğul olmağa, demək olar ki, imkan yoxdur. Hərdən publisistik yazılar yazıram. Bunların da çoxu ictimai-siyasi xarakter daşıyır. Son bir–iki ildə yazdığım publisistik yazılara misal kimi “Əziz Əliyev, Səməd Vurğun, Rəsul Həmzətov və bir də mehriban “düşmənlərin” barışığı” adlı yazımı göstərə bilərəm. Bu yazım mətbuatda çap olundu. Yazı ilə bağlı mənə çox müraciətlər oldu. Bunun səbəbini isə oxucuların publisistikaya olan böyük marağında görürəm.

Onu da qeyd edim ki, o hadisələr, proseslər şahidi olduğum, duyduğum və məni narahat edən hadisələr idi. Hər zaman məni  “nə üçün mehriban düşmən?”,  “nə üçün düşmən oldular?”, “onların barışığı necə oldu?” kimi suallar düşündürürdü. 

Sırf bədii yaradıcılıqla məşğul olmağa isə, təəssüf ki, imkan yoxdur.

- 1977–ci ildə zirvə sizi hara çağırırdı?

- Bu sual mənə “Zirvə cığırı” kitabını xatırlatdı. Suala cavabım belə olar ki, elə zirvəyə çağırırdı.

Lakin yazıçı üçün zirvə heç vaxt fəth olunmur. Çünki yazıçı üçün o zirvə praktik zirvə deyil. Doğrudur, real həyatda Şahdağın, Kəpəzin, Qafqaz dağlarının, Elbrusun zirvəsi kimi bir çox zirvələrin adını çəkmək olar. Onlar fəth olunan zirvələrdir. Biz çıxa bilməsək də, alpinistlər çıxa bilir. Amma yazıçının, şairin zirvəsi heç vaxt fəth olunmur. Çünki yazıçının dünyasında bir zirvədən sonra yeni zirvə yaranır.

Mənim siz deyən zamanda işıq üzü görən kitabım “Zirvə cığırı” adlanırdı, lakin cığırlar heç vaxt gedib mənzil başına çatmır.

 

 

Həmişə yazıçı kimi düşünüb, yazıçı kimi yaşamışam

 

- Hidayət Orucov necə yaşayır? Ürəklə “Mən  həyatda yaşayıram!” – deyə bilirmi?

- Həm sadə, həm mürəkkəb. Bir yazıçı necə yaşayırsa, o cür də yaşayıram. Ümumiyyətlə, tutduğu vəzifədən asılı olmayaraq yazıçı - yazıçıdır. Odur ki, mən həmişə yazıçı kimi yaşamışam.  20–25 il bundan qabaq necə yaşayırdımsa, indi də elə yaşayıram. Çünki o zaman da yazıçı idim, indi də yazıçıyam. Doğrudur, o vaxt yazıçılıqla bilavasitə məşğul olurdum,  həm də “Gənclik” nəşriyyatının baş redaktoru idim – sırf bu işin içində idim. Ancaq indi Dövlət Komitəsinin sədriyəm. Bundan öncə isə 14 il dövlət müşaviri vəzifəsində çalışmışam. Lakin həmişə yazıçı kimi düşünüb, yazıçı kimi yaşamışam.

Son 20 ildir ki, siyasətdəyəm, amma evim, evimin avadanlıqları, yaşayış tərzim elə yazıçının yaşayış tərzidir.

- Sizcə, sonu yaxşı bitən hər şey, yaxşıdır?

- Əgər yaxşı bitirsə, yaxşıdır. Bu sual da mənə Uilyam Şekspirdən tərcümə etdiyim “Sonu yaxşı bitən hər iş yaxşıdır” əsərini xatırlatdı. O əsərdə qeyd edilir ki, sonu yaxşı bitən hər iş yaxşıdır. Lakin bu o demək deyil ki, başqa yaxşı iş yoxdur. O işin ki axırı yaxşı bitir, o, yaxşıdır.

    Əsərdə cərəyan edən hadisələr daha çox zadəganlar və sadə insanlar arasındakı pərdələrin, stereotiplərinin götürülməsi ilə bağlıdır. Həmin proseslərin də sonu əsərdə yaxşı bitir. Ona görə də Şekspir əsəri “Sonu yaxşı bitən hər iş yaxşıdır” adlandırıb.

 

 

Mən çox nadir hallarda müsahibə verirəm

 

- Bir tələbənin diplom işi üçün götürdüyü müsahibə hərdən xatırlaya biləcəyiniz müsahibə oldumu?

- Mən çox nadir hallarda müsahibə verirəm. Belə müsahibələr isə ümumiyyətlə, vermirəm. Yalnız çox ciddi ehtiyac olduğu halda tutduğum vəzifə ilə əlaqədar ictimai-siyasi mövzuda müsahibələr, açıqlamalar verirəm. Səhər saatlarında, ümumiyyətlə, günün birinci yarısında isə heç vaxt müsahibə vermirəm, çünki günün birinci yarısında iş çox olur. Amma biləndə ki, məndən müsahibə götürmək istəyən jurnalist tələbədir və bu, onun diplom mövzusudur, dərhal vaxt təyin etdim.

Sizinlə müsahibə mənə ötən günləri və həm də  jurnalistikamızın mövcud vəziyyəti ilə bağlı bir sıra məqamları xatırlatdı. O zaman bizə elə gəlirdi ki, jurnalist olmaq üçün yalnız jurnalistika fakültəsini bitirmək lazımdır. Mən orta məktəbi Qərbi Azərbaycanda – bugünkü Ermənistanda qızıl medalla bitirmişəm. O vaxtlar orada məlum səbəblərdən türklər üçün məktəbi qızıl medalla bitirmək çox çətin idi. Lakin mən buna nail oldum, çünki o medalı mənə verməmək üçün heç bir əsas, maneə tapa bilmədilər.

Bütün bunlara baxmayaraq, 1963-cü ildə sənədlərimi jurnalistika fakültəsinə qəbul etmədilər. Çünki o vaxt jurnalistika fakültəsinə qəbul olunmaq üçün ən azı iki il istehsalat təcrübəsi tələb edilirdi. Bu da Xruşşovun “qərarlarından” biri idi. Mən, hətta bu barədə universitetin o zamankı rektoru, akademik Şəfayət Mehdiyevə də müraciət etdim. Müraciətdə bunların  hamısını müfəssəl qeyd etmişdim. Lakin mümkün deyildi və təbii ki, nəticəsi olmadı. Buna görə də sənədlərimi filologiya fakültəsinə təqdim etdim. O vaxtlar filoloqları qəzet və jurnallara yaradıcı işə çox nadir hallarda götürərdilər. “Sovet Ermənistanı” qəzetinə də məni müstəsna hal kimi işə qəbul etdilər və bir müddət orada çalışdım.

- Bəs müasir jurnalistikasının indiki durumuna münasibətiniz necədir?

- İndi isə jurnalist sənətkarlığı çox aşağı səviyyəyə düşüb. Hazırda bir çox peşə sahibləri jurnalist kimi fəaliyyət göstərirlər.

Misal üçün, mənim Neft Akademiyasını bitirənlərə çox böyük hörmətim, rəğbətim var. Çünki  Azərbaycan neftini onlar – həmin mütəxəssislər hazırlayırlar. Lakin bu gün görürsən ki, həmin akademiyanı bitirənlərdən də jurnalist kimi çalışanlar var. Düşünün, bir jurnalist gedib neft sahəsində çalışsa, necə olar?! Hətta həkimlər də, kənd təsərrüfatı üzrə mütəxəssislər, iqtisadçılar ... da bu gün jurnalist kimi fəaliyyət göstərirlər. Həmin ixtisas sahibləri arasında çox az hallarda ədəbi istedadı olanlara rast gəlinir. Misal üçün, Çingiz Aytmatov kənd təsərrüfatı mütəxəssisi - ixtisasca ya zootexnik, ya da baytar həkimi idi. Həm də böyük yazar idi. Belə hallar olur. Amma indiki qədər yox! Bəzən də öz ixtisası üzrə işləyə bilməyənlər jurnalistikaya üz tuturlar.

(jurnalistika haqqında)Bəzi televiziya kanallarına baxanda, radionu dinləyəndə, bəzi qəzetləri oxuyanda ürəyim ağrıyır. Görürsən ki, nə cümlələr düzgün qurulur, nə sintaktik, nə orfoqrafik, nə də qrammatik qaydalara düzgün riayət olunur. Nəticədə dil gözlənilməz halda, çox dəhşətli şəkildə pintiləşir. Mən deyərdim ki, bu, yalnız dilimizə yox, mənəviyyatımıza, milli varlığımıza qarşı təcavüzdür. Bunu düşmən edə bilməz. Çünki düşmən bizim dilimizdə danışmır. Amma düşmən istəyir ki, bizim dilimiz bu kökə düşsün. Əvvəllər uşaq və yeniyetmələr, hətta gənclər Azərbaycan ədəbi dilini radio və televiziyalardan öyrənirdilər. Qəzetlərdə çox nadir hallarda qrammatik səhvlərə rast gəlinərdi. Sözü düzgün yazıb-yazmadığımızı dəqiqləşdirmək üçün qəzet və jurnallara, kitablara baxardıq və orada yazılanları doğru qəbul edərdik. Çünki əvvəllər orfoqrafiya lüğəti çox az sayda idi.

İndi isə əksinə, bir çox qəzetlərdən biz yalnız səhvlər “öyrənir”, dilin pintiləşməsini müşahidə edirik. Mən ayrı ifadə tapmıram.

Sizin suallarınız isə mənim xoşuma gəldi.  Xüsusən də  qeyri - ənənəvi suallarınız məni daha da düşündürdü. Hiss olunurdu ki, təcrübəm, yaradıcılıq fəaliyyətim haqda məlumatınız var. Kimisi üçün müsahibə janrı ən asan janr kimi görünür, kimisi üçün də informasiya janrı. Siz jurnalistsiniz, mən də jurnalistikanın nəzəri əsaslarını o illərdə öyrənmişəm. Çünki onları öyrənmədən nə respublika qəzetində işləmək olardı, nə  kitabları redaktə etmək, nə də nəşriyyatın baş redaktoru kimi çalışmaq. İnformasiya jurnalistikanın ən çətin, mürəkkəb janrıdır. Müsahibə janrı isə çətin, amma eyni zamanda maraqlı janrdır. Lakin bu o zaman mümkün olur ki, müsahibin haqqında hərtərəfli məlumata sahib ola, yeni suallar meydana çıxara biləsən. Bu cür təravətli, yeni suallar olmasa, bir-birindən fərqli və maraqlı fikirlər, cavablar da olmaz.

Maraqlı və mənim üçün yaddaqalan müsahibə oldu. Buna görə də bir çox fikirlərimi sizinlə bölüşdüm. Bu yolda sizə uğurlar arzulayıram!

 

 

Vəfa BƏKİRQIZI 

 

Kaspi. -2011. -14-16 may. –S. 6.