Rektor yaş senzi barədə
danışdı
Gülçöhrə Məmmədova:
«Bu qanun ali məktəblərə yeni nəfəs, gəncləşmə,
müasirləşmə gətirəcək»
Parlamentdə
yaşlı nəsli əvəzləyəcək potensial gənc
kadrların işlə təminatına yol açan daha bir
vacib addım atıldı. Büdcə təşkilatında
çalışan vətəndaşların 65 yaşa
çatdıqdan sonra təqaüdə göndərilməsini
nəzərdə tutan sənədin
təsdiqlənməsi əslində “yolu” çoxdan gözlənilən
qanundur. Azərbaycan Memarlıq və İnşaat
Universitetinin (AMİU) rektoru, əməkdar memar, millət vəkili,
professor Gülçöhrə Məmmədova da qəzetimizə
müsahibəsində qanunun məhz bu baxımdan vacibliyini
vurğulayıb:
- Universitetlər, ali məktəblər büdcədən maliyyələşən təşkilatlar kimi bu qanunu çoxdan gözləyirdi. Əslində biz - rektorlar dəfələrlə müxtəlif müşavirələrdə, görüşlərdə bu qanunun vacibliyini qeyd edib, onun qəbulunu xahiş edirdik. Çünki yaşla bağlı çoxsaylı problemlər çoxdan yığılıb qalmışdı. Universitetlərin bundan sonra gözəl işləməsi və gözəl yaşaması üçün bu qanunun çox böyük əhəmiyyəti var. Məsələ ondadır ki, universitetlərdə professor, müəllim heyəti sıralarında yaşlanma prosesi gedir və artıq böyük bir nəsil pensiya yaşına çatıb. Bütövlükdə orta rəqəmi götürsək, universitetlərdə bu, təxminən 30-40 faiz arasındadır. 5 il, 10 il bundan əvvəl təşkil olunan cavan universitetlərdə bəlkə də heç bu problem yoxdur. Amma çox illik təcrübəsi olan, 60 il, 80 il fəaliyyət göstərən universitetlərdə bu say daha da çoxdur. Humanitar universitetlərdə bəlkə də bu məsələ bizim universitetlərə nisbətən kifayət qədər azdır. Amma bəzi ali təhsil müəssisələrində, o cümlədən, bizim universitetimizdə də son illər bu problem artıq kifayət qədər kəskin şəkildə qarşımızda dayanır. Hamıya aid etmək olmasa da, aydın məsələdir ki, o yaşda olan insan dəyişikliklər etməyə meylli olmur, bir qədər dinamikasını itirir. Onların müasir tələbləri və s. qəbul edərək uyğun dəyişikliklər aparmaq, öz üzərində işləmək, hansısa yenilikləri tədris prosesinə gətirmək qabiliyyəti nisbətən azalır. Amma ortaya başqa problem də çıxır. Tədris planları təkmilləşdikcə, kredit sisteminə keçidlə bağlı tədris yükləri azalır. Universitetdəki müəllim-professor yerləri də artıq çoxdan yaşlı nəsil tərəfindən tutulduğundan biz, demək olar ki, təzə işçi götürə bilmirik. Uzun illərdir ki, bu proses davam edir. Son zamanlar ölkəmizdə çox böyük sürətlə inkişaf prosesi gedir və bu inkişaf inşaat sahəsi üçün daha yüksək templə gözünü göstərir. Bunun sayəsində bacarıqlı mühəndislər, istedadlı memarlar, yaxşı inşaatçılar üçün kifayət qədər yüksək maaşlı çoxsaylı iş yerləri
açılır. Gənclər də bu yerlərə həvəslə getdiyindən universitetdə dərs deməyə həvəs son zamanlar azalıb. Nəticədə universitetimizdə yaşlı nəsil çoxluq təşkil edir. Ona görə də biz bu qanunu çoxdan gözləyirdik, dəstəkləyirik. Bu gün təhsilimizin inkişafı, təhsil islahatlarına yeni sürət verilməsi üçün bu çox vacib bir qanundur. Bu qanun ali məktəblərə yeni nəfəs, gəncləşmə, müasirləşmə gətirəcək.
- Nə qədər müsbət tərəfi olsa da, hər bir yenilik özü ilə ortaya çətinliklər də
çıxarır. Bu qanunun qəbulu
hansı çətinliklər yarada bilər?
- Problem ondadır ki, universitetin əsas qüvvəsi də yaşı çox olan o kontingentdədir. 65 yaş və daha yuxarı olan kontingentin içində aparıcı, elmi səviyyəsi yüksək olan müəllimlərin faizi daha çoxdur. Akademiklərin hamısı, elmlər doktorları, professorların 80 faizi o yaşdadır. Universitetdə gənclər də var, amma onlar assistentdirlər, namizədlik dissertasiyasını müdafiə etməyə hazırlaşırlar. Amma bu çoxsaylı, əsas qüvvənin birdən-birə universitetdən getməsi universitet üçün böyük problem, boşluq yarada bilər.
- Bəs bu boşluğu necə doldurmağı düşünürsünüz?
- Bəzi
çıxışlarda boş yerləri cavanlarla doldurmaq
fikri səsləndi. Universitetə cavan kadrlar gəlsə,
biz çox sevinərik. Cavan müəllimlə işləmək
asandır. O, lazım olan yerə göndərilsə,
lazımi iş tapşırılsa, gedib işləyəcək.
Bunu pensiya yaşında olan müəllimdən tələb
edə bilmirik. Düzdür, yaranacaq boşluğu biz gənc
kadrlarla, istehsalatda çalışan və pedaqoji fəaliyyətə
meylli olan aparıcı mütəxəssislərlə
doldurmağa çalışacağıq. Amma
düşünürük ki, bunu tam edə bilməyəcəyik,
çox çətinlik çəkəcəyik.
Çünki professorun yerini tutmaq üçün ən
azı elmlər doktoru olmaq, elmlər doktoru olmaq
üçün illər lazımdır. Bu gün isə o vəzifələri
tutacaq kifayət qədər gənc kadrımız yoxdur. Gənc
kadrların içində elmlər doktorlarının sayı
çox azdır, onlar ixtisaslaşmış dissertasiya
şuralarında üzv ola bilməyəcəklər. Qəzetinizin
köməkliyi ilə elan edirəm: əgər ölkədə
inşaat, memarlıq sahəsi üzrə xaricdə təhsilini
başa vuran gənc varsa, universitetdə dərs demək istəyirsə,
onu alqışlayıram, salamlayıram, səbirsizliklə
gözləyirəm. Söz verirəm ki, dövlətin müəyyən
etdiyi maaşdan bir o qədər xüsusi vəsaitdən əlavə
verəcəyəm. Gəlsin, buna şad olarıq.
Universitetimizin saytında da elan verəcəyəm ki, AMİU
xaricdə təhsil alan gənc mütəxəssisləri dərs
deməyə dəvət edir və onlara
bacardığımız, imkanımız çatan qədər
yaxşı şərait yaratmağa hazırıq. Amma bizim dəvətimiz
kifayət deyil, gərək gənclərin də işləmək
arzusu olsun. Onların çoxunda bu arzu yoxdur. Çünki bu
gün istehsalatda çalışan istedadlı, yaxşı,
keyfiyyətli mütəxəssis inşaat-memarlıq sahəsində
yüksək maaş alır. Universitetdə biz o maaşı
verə bilməyəcəyik. Ona görə də gənclərdə
universitetə gəlmək həvəsi yoxdur. Gənc kadrlar
bu gün daha çox onlara yüksək maaş verən, gələcək
üçün müəyyən perspektiv, irəliləyişlərə
imkan yaradan istehsalatda işləməyi universitetdə işləməkdən
üstün tuturlar. Gənclərin əksər hissəsi o
perspektivi qoyub universitetə gəlməyəcək.
Çünki universitetdə inkişaf daha ləng gedir.
Universitetdə inkişaf daha uzun illər zəhmət tələb
edir, elmi pillələri keçmək üçün
böyük intellektual zehni əmək lazımdır. Ona
görə də biz bu yerlərin hamısını gənclərlə
doldura bilməyəcəyik. Buna hələ o ehtiyat qüvvəsi
yoxdur. Birinci narahatçılıq da odur ki, pensiyaya gedənlərin
yerinin biz müəyyən hissəsini dolduracağıq. Amma
bütün imkanları, qüvvələrimizi səfərbər
edib məsələni yalnız tədricən həll edə
biləcəyik. Biz bunu sentyabr ayı üçün həll
edə bilmərik. Heç kəs bunu edə bilməyəcək.
- Qanunun mütərəqqi olduğunu
qeyd etdiniz. Eyni zamanda, çoxdan gözlənilən bir
qanun olsa da, onun qəbulu universitetləri problemlərlə də
üz-üzə qoyur. O baxımdan, bəlkə bu qanunun qəbulu
bir qədər tez olub? Bəlkə qarşıya
çıxacaq problemləri görüb, onların necə həll
olunacağı yolunu da tapdıqdan sonra qəbul etmək
lazım idi?
- Bəli, çətinliklə üz-üzə
qoyur. Amma
bu o demək deyil ki, qanun tez qəbul olunub. Əksinə,
biz bu qanunu çoxdan gözləyirdik. Qəbulu
tez deyil, vaxtındadır. Mütləq həyata
keçməlidir və bizə hava-su kimi lazım olan bir
qanundur. Sadəcə, bu qanunun birdən-birə
tətbiq olunmasının sadaladığım çətinlikləri
olduğuna görə müəyyən təkliflərimiz
var. Düşünürəm ki, qanunu birdən-birə yox, mərhələli
olaraq, tədricən həyata keçirmək lazımdır.
Ümid edirəm ki, təkliflərimiz nəzərə
alınacaq. Qanunun maddə 10.1-də nəzərdə
tutulur ki, dövlət büdcəsindən maliyyələşən
müəssisələrin 65 yaşına çatmış
işçilərinin çalışma müddəti həmin
müəssisədə müvafiq icra hakimiyyəti
orqanının rəhbəri tərəfindən hər dəfə
bir ildən çox olmayaraq uzadıla bilər. Deməli, bu, artıq qanunun tədricən həyata
keçməsinə müəyyən imkan yaradır.
Amma bundan sonra deyilir ki, bu işçilərin sayı 1 faizdən
artıq ola bilməz.
Düşünürəm ki, faizi hələlik götürsələr,
onda bizim 5 il ərzində bu prosesi tədricən
aparmaq imkanımız olar. Məsələn, müəssisənin
rəhbərinə icazə verilir ki, müvafiq icra hakimiyyətinin
təsdiq etdiyi kriterilər əsasında müəyyən
universitetə və ya səhiyyə təşkilatına
lazım olan, əvəz edilməsi bu gün
qeyri-mümkün olan insanların işləmə
vaxtını bir il-bir il uzatsın. Yəni, ürəyi istəyəni yox, müvafiq
icra orqanının təsdiq etdiyi kriterilərə cavab verən
insanlar nəzərdə tutulur. Hansı ola
bilər bu kriterilər? Bunlar, məsələn, elmlər
doktoru, hər hansı fəxri ad və s. kimi kriterilər ola bilər. Bu kriteriləri hər
bir müvafiq icra hakimiyyəti orqanı, hər bir nazirlik
öz sahəsi üçün düşünüb müəyyənləşdirə
bilər. Beləliklə, qanun işləməyə
başlayır, amma onun müəyyən punktu, onun icrası
müəyyən qədər ləngidilir və bu, bizə
onun tətbiqinin tədricən aparılmasına bir qədər
imkan yaradar. Yəni, həm yeniləşmə
getsin, həm də insanlar özləri psixoloji nöqteyi-nəzərdən
çox böyük sarsıntı keçirmədən bu
qanun həyata keçməyə başlasın. Eyni zamanda, o gedən insanların yeri tədricən
dolsun və universitetlərdə bu boşluq əmələ gəlməsin.
- Siz yaş müddətinin
uzadılması ilə bağlı məsələyə
toxundunuz. Müzakirələrdə belə fikirlər səsləndirilib
ki, neqativ hallar yaratmamağı üçün bu səlahiyyət
prezidentə verilməlidir. Siz necə hesab
edirsiniz?
- Əslində, bu çox böyük rəqəmdir. Universitetdə,
deyək ki, 190 nəfərin neçəsi gedəcək,
neçəsi qalacaq və niyə qalacaq? Bunu
müəyyənləşdirmək üçün ölkədə
nə qədər universitetlər, səhiyyə müəssisələri
var. Bunların hamısını prezidentə həvalə etmək
o deməkdir ki, bu, mümkün olan şey deyil. Hər
bir sahənin özünün nazirlik simasında rəhbərliyi
var. Hər bir qurum özü üçün – Səhiyyə
Nazirliyi, Təhsil Nazirliyi, Elmlər Akademiyası 65 yaşdan
sonra müəyyən kriterilərə cavab verən
insanları müəyyənləşdirə bilər. Onlar 1
il, 1 il artırmaqla bu insanlar 70 yaşa qədər
qala bilərlər. Mən şəxsən buna
etiraz etmirəm. Qoy bunu bizim təklifimizlə
nazirlik təsdiq etsin. Yaxud da nazirliklər
lazım bilərlərsə, bunu müəssisə rəhbərinə
həvalə edə bilərlər. Amma yenə
də Milli Məclisdə belə bir fikir yarandı ki, subyektivizm
olacaq, kimi istəsələr, saxlayacaqlar. Bunları
aradan qaldırmaq üçün həmin o kriterilər,
göstəricilər nazirlik tərəfindən təsdiqlənib
qəbul edilməlidir. Hamı bilməlidir
ki, bu gün təhsil sahəsində 65 yaşdan yuxarı
universitetdə fəaliyyət göstərmək gərək
təsdiq olunmuş müəyyən şərtlərə
cavab verilsin. Cavab vermirsənsə, heç kim səni artıq saxlaya bilməz və getməlisən.
Bu prosesin tədricən aparılması imkan verəcək
ki, biz tədricən bu məsələləri, problemləri
həll edək. Gənc nəslin gəlməyi
də tədricən olmalıdır. Çünki
bu gün Azərbaycan mühitində o gedən adamların
yerini doldurmaq üçün həmin səviyyədə
savadı, həmin səviyyədə elmi dərəcəsi,
elmi adı olan gənc nəsil tam o sayda yoxdur, varsa da sayı
azdır. Əgər biz universitetdə 65
yaşını keçmiş müəllimlərin
hamısını eyni gündə pensiyaya göndərsək,
onlarını yerini doldurduğumuz tərkib keyfiyyətsiz
olacaq. Çünki artıq seçim edə
bilməyəcəyik. Elə kim gəldi,
işə götürməyə məcbur olacağıq. Müəllim hazırlanmalıdır axı. İstehsalatda gözəl fəaliyyət göstərən
insanı da baxırsan ki, birdən-birə auditoriyaya salmaq
olmur. İnsanın öz biliyindən
başqa, tələbəyə biliyini çatdırmaq,
pedaqoji qabiliyyəti də olmalıdır ki, auditoriyada gənclərlə
işləyə bilsin, onlara nəyisə öyrədə
bilsin. Bu da vaxt tələb edən
prosesdir.
- Prosesin tam səmərəli nəticələrini
sizcə neçə ildən sonra görmək mümkün
olacaq?
- Müsbət
təsir qanunun həyata keçdiyi elə birinci ildən
özünü göstərməyə başlayacaq. Çünki universitetə yeni, gənc, daha işlək,
gələcəyə yönəlmiş, dinamikası
çox olan, işgüzarlıq potensialı yüksək
olan gənclər gələcək. Bu
mütləq ilk ildən artıq təhsildə öz müsbət
nəticəsini verməyə başlayacaq. Sadəcə bu prosesin ağrısız, daha
düşünülmüş şəkildə keçməsi
üçün mərhələlərlə
aparılması lazımdır.
- Qanunun tətbiqi ilə bağlı
universitet rəhbəri kimi ilk addımınız nə olacaq?
- İlk növbədə, son illər universitetimizi qırmızı diplomla qurtarmış bütün gənclərlə imkan daxilində əlaqə yaratmağa çalışacağam. Onların harada işlədiklərini, bu illər ərzində hansı yolu keçdiklərini, necə inkişaf etdiklərini analiz edək və düşünək ki, biz bunlardan hansını universitetə müəllimlik fəaliyyəti üçün dəvət edə bilərik. Ali məktəbi fərqlənmə diplomu ilə bitirən və bu gün müəssisələrdə, istehsalatda işləyən gənclərimizi universitetdə pedaqoji fəaliyyətə cəlb etməyə çalışacağıq. İkinci addımımız ondan ibarət olacaq ki, istehsalatla, memarlıq-layihə institutları ilə, inşaat təşkilatları ilə əlaqə saxlayıb orada olan peşəkar kadrların içindən pedaqoji fəaliyyətə meylli olan insanları seçməyə çalışacağıq. Onları universitetdə dərs deməyə dəvət edək. Tanıdığımız mütəxəssislərə təklif edəcəyik ki, öz işində qalıb işləməklə, heç olmasa, universitetdə yarım ştat dərs desin. Bu gün istehsalatı atıb universitetə gəlmək, dərs demək istəyən adamların sayı çox az olacaq. Biz bunu əvvəlcədən bilirik. Amma onlara şərait yaratmağa çalışacağıq ki, işlərini də davam etsinlər. Yaxud universitetə tam ştat çalışıb, istehsalatda yarım ştat işləsinlər. Çalışacağıq ki, onlara elə şərtlər təklif edək ki, həm onları, eyni zamanda da universiteti qane etsin. Bunlar bizim atacağımız iki addım olacaq. Bundan başqa, şəxsən mən universitetimizin Elmi Şurası adından Təhsil Nazirliyinə müəyyən ixtisaslarla bağlı müraciət də edəcəyəm. Elə ixtisaslar var ki, bizim universitetdə onlarla bağlı respublikada kadr hazırlığı aparmaq çox çətindir. Baza yoxdur. Müraciət edəcəyəm ki, həmin ixtisaslarla bağlı xaricdə, heç olmasa, Rusiyanın ali məktəblərində doktoranturada təhsil almaq üçün universitetimizdən gənc müəllimlərin ora göndərilməsi məsələsində bizə dəstək versinlər. Əsasən maliyyə dəstəyindən söhbət gedir.
Həqiqət
İSABALAYEVA
Kaspi. -2011. – 20 may. – S. 5.