«Bizim
kökümüz, qanımız,
canımız birdir»
«Az-Ya» kitabının meydana gəlməsi
tarixi qanunauyğunluq idi və türk xalqlarının tarixi
taleyi ilə bağlı həqiqətləri indiki nəslə
çatdırmaq zərurətindən doğmuşdu»
“Mən
Azərbaycanı özümə ikinci Vətən bilirəm”.
Bu sözləri görkəmli qazax şairi, yazıçı, alim
və ictimai xadim, Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi Oljas Süleymenov söyləyib. Azərbaycana və
azərbaycanlılara məhəbbəti barədə o, yalnız Bakıda yox, dünyanın hər
yerində, ən müxtəlif auditoriyalarda
danışır. Müasir dünya ədəbi prosesinin nüfuzlu simalarından sayılan O.Süleymenovun yaradıcılığı
ümumtürk poeziyasının dünya arenasına çıxa bilməsi üçün
mühüm addım
sayılır. SSRİ-nin süqutundan sonra
postsovet məkanında
yaranan müstəqil türkdilli
dövlətlərin xalqları
arasında mədəni və mənəvi
bağlılığın qorunub möhkəmləndirilməsində də bir ictimai
xadim kimi O.Süleymenovun mühüm
rolu olub. Görkəmli
yazıçının: “Bizim əlaqələrimizin səviyyəsi
günü-gündən yüksəlir. Bizim
milli özünüdərk
şüurumuz yüksəldikcə
bir-birimizi daha yaxından tanımağa
və dərk etməyə başlayırıq. Bizim gələcək birliyimizi mən vahid bir orqanizmin tərkib hissələri
arasındakı üzvi bağlılıq
kimi görürəm. Bizim
xalqlarımız bir-birindən
ayrılmazdır və heç kim bizi bu
yoldan döndərə
bilməz”- kimi fikirləri
türk xalqlarının birliyi
haqqında mövqeyini çox gözəl nümayiş etdirir.
Nizamidən başlayan sevgi
O.Süleymenov dəfələrlə deyib ki, onun qəlbində Azərbaycana, Azərbaycan ədəbiyyatına maraq və sevgi hələ uşaqlıq illərindən — Nizaminin, Nəsiminin, Füzulinin, M.F.Axundovun, Sabirin, C.Məmmədquluzadənin əsərləri ilə ilk tanışlıq zamanından baş qaldırıb. Nizamidən başlayan bu sevgi tezliklə çağdaş Azərbaycan ədəbiyyatının Səməd Vurğun və Rəsul Rza kimi görkəmli nümayəndələrinin yaradıcılığına da sirayət edir
O.Süleymanov eyni zamanda, Azərbaycan ədəbiyyatının ən yaxşı bilicilərindən və təbliğatçılarındandır. Artıq otuz ildən çoxdur ki, görkəmli yazıçı Azərbaycanla, Azərbaycan ictimaiyyəti ilə sıx dostluq və yaradıcılıq əlaqələri saxlayır.
1981-ci ildə xalqımız böyük Azərbaycan şairi Nizami Gəncəvinin 840 illiyini təntənə ilə qeyd edərkən Azərbaycana gələn O.Süleymenov yubiley yığıncağındakı çıxışında deyib: “Nə qədər böyük şair olmalısan ki, Nəvai və Höte kimi dahilər səni öz müəllimləri adlandırsınlar?! Klassiklərin təcrübəsi öyrədir ki, ədəbiyyatda həqiqi ustad adını qazanmaq üçün əsrlər lazımdır. Yalnız o şair dahi adını qazanmağa layiqdir ki, onun sözü zamanın və məkanın sərhədlərini aşa bilsin. Nizaminin sözü tarix qarşısında sübut edib ki, buna qadirdir. O, tarixdə ilk dəfə olaraq əsl şair kredosunu tam mənası ilə formalaşdıraraq ortaya qoymuşdur.”
Qardaşlıq və insanlıq borcu
1976-cı il fevralın 13-də SSRİ Elmlər Akademiyasında Sov. İKP MK-nın baş ideoloqu M.Suslovun tələbi ilə böyük bir müzakirə keçirilir. Qırmızı imperiyanın hakim elitası: akademiklər, siyasi xadimlər, yazıçılar Oljas Süleymenovu "Az-Ya" kitabına görə mühakimə edirlər. Akademik B.A.Rıbakov özü ilə birlikdə 45 şovinisti ayağa qaldırır. Hamıdan çox qəzəblənən, Oljas Süleymanovu məşum "37-ci il" terminləri ilə hədələyənlərdən biri B.Y.Abayev olur. Yalnız bir nəfər-Konstantin Simonov qazax xalqının böyük oğlunun müdafiəsinə qalxır. O gün "Az-Ya" "antirus kitab" kimi qadağan ədəbiyyatlar sırasına salınır. O. Süleymanov isə heç vaxt antirus olmadığını söyləyir.
1986-cı ilin dekabrında Qazaxıstan paytaxtının küçələrində qan axıdıldı. Sov.İKP MK-nın sonuncu baş katibinin əmri ilə sovet tankları Alma-Ata küçələrində "intizam yaratmaq" əməliyyatını yerinə yetirdi. Həmin günlərdə "Pravda", "İzvestiya", "Komsomolskaya pravda" və başqa qəzet və jurnallarda antitürk dalğası yenidən tüğyan etməyə başlamışdı. O.Süleymenovu hər hansı bəhanə ilə həbs etməyi tələb edirdilər. Erməni cızmaqaraçıları da Azərbaycan xalqını və bütün türk xalqlarını cəzalandırmaq tələbilə yenə meydana atılmışdılar. Bakıda 20 Yanvar faciəsi, Xocalı faciəsi, sonra da torpaqlarımızın 20 faizini rus ordusunun köməyi ilə ermənilər tərəfindən işğalı O.Süleymenovun öz "Az-Ya"sında haqlı olduğunu tam sübuta yetirdi. Görkəmli ictimai-xadim 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında, rus-erməni şovinizminə qarşı Azərbaycanın haqqını cəsarətlə müdafiə etməsi ilə xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasına kömək etdi.
O.Süleymenov qanlı 20 Yanvar günlərində də, ondan əvvəl də, sonrakı illərdə də Azərbaycana gəlib, xalqımızın sevinc və kədərinə şərik çıxıb. O, Azərbaycanın haqqını dəfələrlə dünyaya bəyan edib. “Mən hər işi vicdanımın səsi ilə görürəm. Sovet imperiyasının Azərbaycana qarşı törətdiyi o qırğınlar məni başdan-ayağa silkələdi. Əgər xatırlayırsınızsa, o hadisələr ilkin olaraq Qazaxıstanda başlamışdı. Yəni sovet imperiyasının türk xalqlarına qarşı o cür amansızlıq nümayiş etdirməsi istər-istəməz adamın qeyrət damarına toxunurdu. Əgər o mərhələdə mən o addımı atmamış olsaydım, ömür boyu içimdə bir üzüntü, bir əskiklik hiss edərdim. Biz bir-birimizin dərdini paylaşmağı, bir-birimizə dayaq durmağı öyrənməliyik. Bizim kökümüz, qanımız, canımız birdir. Arada açılmış zaman ayrılığını biz sevgimizlə, bir-birimizə uzatdığımız qardaşlıq əli ilə doldurmalıyıq. Biz bir ola bilsək, güclü olacağıq və o zaman kimsə bizi təkləmək, hücum etmək xəyalına düşməyəcək. Bu gün illərdən bəri uzanıb gedən Qarabağ probleminin həllinin müşkülə dönməsinin əsas səbəblərindən biri də elə budur, türk dövlətləri arasında lazım olan münasibətlərin əskikliyi. Mənim Moskvadakı o çıxışım qəhrəmanlıq-filan da deyil, dar mənada qardaşlıq, geniş mənada insanlıq borcum idi”- deyə görkəmli yazıçı mətbuata müsahibəsində bildirib.
Türk dünyasının
təntənəsi
Oljas Süleymanovun əsərlərinin tərcüməsi, nəşri və təbliği sahəsində ölkəmizdə xeyli iş görülüb. Yazıçının məşhur "Az-Ya" kitabı, şeirləri və məqalələri 1980-cı illərdən Azərbaycanda nəşr olunmağa başlanıb.
Kitabı dilimizə tərcümə edən Natiq Səfərov yazır ki, “türk xalqlarının tarixi intibahının ilk qaranquşu olan ”Az - Ya" kitabının meydana gəlməsi tarixi qanunauyğunluq idi və türk xalqlarının tarixi taleyi ilə bağlı həqiqətləri indiki nəslə çatdırmaq zərurətindən doğmuşdu."
O.Süleymenovun “Az- Ya” kitabında qaldırdığı problemlər, onlarla əlaqədar irəli sürdüyü fikir və mülahizələr Azərbaycan xalqının tarixi taleyi ilə də bilavasitə bağlıdır. “Az - Ya” kitabının Azərbaycan dilində nəşrindən on il ötəndən sonra onun davamı olan “Şumernamə” kitabı da Oljasın yaxın dostu, mərhum Azərbaycan alimi, görkəmli türkoloq Aydın Məmmədovun ön sözü ilə işıq üzü görüb. Həqiqət tərəfdarlarının çoxillik gərgin mübarizəsindən sonra, nəhayət, “Az - Ya” kitabı üzərindən qadağan hökmü götürüldükdə, bu, sadəcə olaraq, bir kitabın bəraət alması deyil, bütün türk dünyasının təntənəsi, möhtəşəm türk tarixinin ən şanlı günlərindən biri idi.
O.Süleymenov poeziyasının ana dilimizə tərcümə edilməsində X.Rza, C.Novruz, Ə.Kürçaylı. M.Araz, İ.İsmayılzadə, M.Əliyev, E.Baxış, M.İsgəndərzadə kimi görkəmli Azərbaycan şairlərinin xidmətləri olub.
“Nə
qədər qalsam da heç
darıxmıram”
Ötən əsrin 70-ci illərindən başlayaraq, demək olar ki, hər il O.Süleymenov Azərbaycana gəlir, paytaxtımızda və ölkəmizin digər şəhərlərində olur. Hələ 1975-ci ildə Azərbaycanda sovet ədəbiyyatı günlərinin keçirilməsindəki fəallığına görə o, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilib. 70 illik yubileyi münasibətilə prezident İlham Əliyevin sərəncamı ilə Oljas Süleymenov “Şöhrət” ordeni ilə təltif edilib.
Görkəmli ictimai xadimi Bakı ilə çox şey bağlayır. Burada onun tələbə yoldaşları Ə.Əylisli, F.Qoca, S.Məmmədzadə və görməkdən sevinc duyduğu başqa dostları yaşayır. Azərbaycan paytaxtının heç bir böyük sənət və elm bayramı, təntənəsi onsuz keçmir. “Mən Azərbaycanı, azərbaycanlıları çox sevirəm. Siz çox səmimi, kökünə bağlı insanlarsınız. Burada çoxlu dostlarım var və nə qədər qalsam da heç darıxmıram” –deyə O.Süleymanov ürək sözlərini dilə gətirib.
Azərbaycandakı dostları və istedadının pərəstişkarları Oljas Süleymenovu maraqlı insan, görkəmli şair və tədqiqatçı kimi çox sevir, yüksək qiymətləndirirlər. Oljas Süleymenovun ədəbi və elmi yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığında da öz yüksək qiymətini alıb.
O.Süleymanov bu günlərdə yenidən ölkəmizə gəlib. Dövlət başçısı İlham Əliyev mayın 23-də Oljas Süleymenovu qəbul edib. Prezident Oljas Süleymenovu anadan olmasının 75 illik yubileyi münasibətilə təbrik edib, ona yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar və cansağlığı arzulayıb. Dövlət başçısı Oljas Süleymanovun Azərbaycanda çox sevildiyini və onun yaradıcılığının ölkəmizdə yüksək qiymətləndirildiyini, onun öz mövqeyini daim aydın və prinsipial şəkildə ifadə edərək qazax xalqının maraqlarını müdafiə etdiyini vurğulayıb. İlham Əliyev Azərbaycanın çox çətin vaxtlarında, xalqımızın 20 Yanvar faciəsi ilə üzləşdiyi bir zamanda Oljas Süleymanovun qətiyyətli mövqedə durmasını və Azərbaycanın yanında olmasının xalqımız tərəfindən heç vaxt unudulmayacağını deyib. Ölkə başçısı Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliğindəki xidmətlərinə görə dövlətimizin yüksək mükafatını - “Dostluq” ordenini Oljas Süleymanova təqdim edib. O.Süleymanov Azərbaycana səfərləri zamanı ölkəmizdə baş verən böyük inkişaf proseslərini, o cümlədən mədəniyyətin inkişafı sahəsində əldə edilən sanballı uğurların onda sevinc hissi doğurduğunu bildirib.
Təranə Məhərrəmova
Kaspi.- 2011.- 25 may.-
S. 9.