Məişət
zorakılığına yox deyək!
Bu fikir «Məişət zorakılığının
aradan qaldırılmasında
KİV-in rolu» mövzusunda keçirilən
dəyirmi masada səslənib
“Ailə,
Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi tərəfindən
məişət zorakılığı ilə bağlı ictimai fikirdə dəyişiklik yaratmaq, cəmiyyətin diqqətini
bu problemlərə bir daha cəlb
etmək üçün
müxtəlif səviyyələrdə
– beynəlxalq konfranslarda, qeyri-hökumət təşkilatlarında, kütləvi
informasiya vasitələrində
geniş fikir
mübadiləsi, debatlar təşkil edilir”. Bu fikirlər komitənin mayın
25-də “Avropa” otelində
BMT-nin Əhali Fondu ilə birgə həyata keçirdiyi “Azərbaycanda
gender əsaslı zorakılıqla
mübarizə” layihəsinin yekunlarına həsr olunan «Məişət zorakılığının aradan
qaldırılmasında KİV-in
rolu» mövzusunda keçirdiyi dəyirmi masada
səslənib.
Həssas məsələ
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məişət zorakılığı probleminə KİV-in diqqətinin yönəlməsinin vacibliyini vurğulayıb. Komitə sədri bildirib ki, cəmiyyətin bütün problemlərini diqqət mərkəzində saxlayan prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi olaraq sosial sahədə ədalətli münasibəti təmin etmək üçün ölkəmizdə «Məişət zorakılığının qarşısının alınması haqqında» qanun qəbul edilib. Qanunun qəbul olunmasında ölkənin birinci xanımı Mehriban Əliyevanın da müstəsna rolu var. H.Hüseynova bildirib ki, sözügedən qanun dövlətin hüquqi bazasının daha da möhkəmləndirilməsinə yönəlib. Belə ki, qanunun məqsədlərindən biri uşaqlara, qadınlara qarşı hər hansı zorakılıq hallarının qarşısının alınması və zorakılığa məruz qalmış uşaqlara psixoloji hüquqi yardımın göstərilməsidir. Komitə sədri cəmiyyətdə hələ də zorakılıq hallarının mövcudluğunu istisna etməyib: «Əsas məqsədimiz odur ki, adət-ənənələrimizə zidd olan bu cür hallar aradan qaldırılsın. Tək ailədə yox, ümumiyyətlə, cəmiyyətdə yaranan problemlərlə bağlı hər bir şəxs öz sözünü deməlidir. Biz daha çox adət-ənənələrimizə, ailə kökümüzə qayıtmalıyıq”. Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova məişət zorakılığı mövzusu ətrafında müzakirələri həssas məsələ kimi dəyərləndirib: «Məişət zorakılığı haqqında» qanun insanlar arasındakı münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyini və ya etdiyini ortaya qoyur. Bu qanunun gerçəkləşməsi üçün çox müxtəlif məqamlar lazımdır». R.Aslanova qeyd edib ki, cəmiyyət daxilindəki zorakılıq məfhumundan fərqli olaraq ailə daxilindəki zorakılığın xarakteri fərqlidir. «Əlbəttə, biz elə bir cəmiyyət arzulayırıq ki, orada insanın insana münasibəti birinin digərinin iradəsini qırmaq istəyinə əsaslanmasın”. R.Aslanova problemin həllində hüquq-mühafizə orqanlarının, icra strukturlarının fəaliyyətindən daha çox KİV-in öz mövqeyini ortaya qoymasını və cəmiyyətin maarifləndirilməsinə nail olmağın önəmliyini vurğulayıb.
Millət vəkili bildirib ki, Azərbaycan dünyada qadınların hüquqlarının qorunması, hər hansı zorakılığın aradan qaldırılması və uşaq hüquqlarının gerçəkləşməsi ilə əlaqədar olaraq bütün konvensiyalara qoşulub və bütün qanunları qəbul edib.
R.Aslanova son
bir il ərzində
KİV-in problemə münasibətini
açıqlayan statistikanı da diqqətə çatdırıb. Belə ki, 7 telekanalda yayımlanan
və 18 gündəlik qəzetdə nəşr olunan monitorinqinin nəticələrinə görə,
ümumilikdə 110 televiziya proqramı və reportaj efirə verilib, 142 məqalə və məlumat xarakterli yazı çap olunub. “Azərbaycan gerçəkliyində
bu, kifayət qədər azdır”. R.Aslanova
telekanallarda yayımlanan
kriminal xarakterli xəbərlərə də münasibətini
bildirib: «Bu gün dünyanın aparıcı dövlətləri
“İnformasiya psixoloji
təhlükəsizlik haqqında» qanun qəbul edib. Bizdə də belə qanunun
qəbuluna ehtiyac var”. Millət vəkili diqqətə çatdırıb ki, efirdən yayılan xəbərlər Azərbaycan vətəndaşının
zorakı olması haqqında fikirlər yaradır. “Azərbaycan vətəndaşını
belə təqdim etmək lazım deyil. Azərbaycan ailəsi
haqqında danışarkən yalnız faciəyə məruz
qalan ailələr efirə çıxarılır. Ancaq efirə 40-50 il bir yerdə
yaşayan, adət-ənənəni
qoruyub saxlayan insanları çıxarmaq, onların
nümunəsini cəmiyyətə təqdim etmək
lazımdır. Cəmiyyət yaxşıya, safa
üstünlük verməli, şəri
təbliğ etməməlidir”.
Bütün dünyanın
problemi
BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev diqqətə çatdırıb ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası gender bərabərliyi və qadınların hüquqlarına dair beynəlxalq normalara tam şəkildə riayət etməsi üçün üzərinə bir sıra öhdəliklər götürüb və bu istiqamətdə bir çox yeni qanunvericilik aktları qəbul edilib: «Lakin sirr deyil ki, ölkədə həyata keçirilən islahatlarla bərabər qadınlara qeyri-proporsional şəkildə təsir edən bir sıra problemlər qalmaqda davam edir. Bu baxımdan qadınlara qarşı zorakılıq problemi xüsusi diqqət tələb edir. Çünki qadınların yaşamaq, şəxsi təhlükəsizlik, azadlıq, işgəncələr və qeyri-insani rəftara məruz qalmaq kimi hüquqlarının pozulması halları olur”. F.Babayevin sözlərinə görə, layihə çərçivəsində keçirilən ölkə miqyaslı milli sorğu Azərbaycanda qadınlara qarşı məişət zorakılığının yayılma səviyyəsi, nəticəsi və bu cür hallara qarşı tədbirlərin keçirilməsinə görə atılmış təşəbbüsdür. F.Babayev diqqətə çatdırıb ki, problemlə əlaqədar qanun qəbul edilib və həmçinin məişət zorakılığının aradan qaldırılmasında Milli Strategiyanın ilkin variantı hazırlanıb. «Hardan danışırıqsa, nədən söhbət aşırıqsa, yenə Azərbaycan ailə modelinə, adət-ənənələrə qayıdırıq» - deyən Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva bildirib ki, Azərbaycan ailəsi milli-mənəvi dəyərlər sisteminə daxil olduğu üçün dövlət siyasətinin əsasını təşkil edir: «Ulu öndər Heydər Əliyev deyirdi ki, milli-mənəvi dəyərlər əsasdır. Çünki bu dəyərlər bizim mənəviyyatımızın formalaşmasında əsas rol oynayır. Bundan faydalanmaq nə qədər əhəmiyyətlidirsə, onu qorumaq o qədər məsuliyyətlidir. Bu mənada ailə məsuliyyətli mənəvi dəyər kimi qorunmağa layiqdir. Dövlət də onun qarantı kimi çıxış edir. Qanunun qəbulu bunu bir daha göstərdi. Ancaq onun qorunması, inkişaf etdirilməsi təkcə dövlətin işi deyil, həm də bütövlükdə cəmiyyətin, ictimaiyyətin işidir». S.Vəliyeva məişət zorakılığını təkcə Azərbaycanın yox, bütün dünyanın problemi kimi dəyərləndirib. «Zorakılıqla mübarizə metodları dünyanın müxtəlif yerlərində müxtəlif cür ola bilər. Biz onun yeni işləmə metodlarını tapa və insan haqlarını müdafiə edən təşkilatlara da təqdim edə bilərik. Hesab edirəm ki, adət-ənənələrin kökündə hansı dəyərlərin durduğunu araşdırmalıyıq. Tarix boyu ailə yaranandan münaqişələr olub. Ancaq bu münaqişələri ağbirçəklər, ağsaqqallar adət-ənənələr yolu ilə aradan qaldırıblar və bu, böyüyüb zorakılıq hallarına çevrilməyib. Əgər bu münaqişə maddi çətinliyə əsaslanıbsa qohumlar yığışaraq onu aradan qaldırıblar. Əgər bu münaqişə bir kişinin dəli-doluluğuna, bir qadının saymazlığına əsaslanıbsa onu tərbiyə ediblər».
S.Vəliyeva problemin cəmiyyətə düzgün çatdırılmasında medianın rolunu yüksək dəyərləndirib. MTRŞ üzvü telekanallarda yayımlanan materiallara toxunaraq bildirib ki, Teleradio Şurasına televiziyaların proqram siyasətinə qarışmağa səlahiyyət verilməyib. Sadəcə, Şura müəyyən qanun çərçivəsində tövsiyələr vermək hüququna malikdir: «Çox təəssüf ki, telekanallarda ailə məsələləri ilə bağlı proqramlara gənc estrada artistləri çıxır. İdeal Azərbaycan kişisi və ya qadının necə olduğunu bilmək üçün yaşlılardan soruşulmalıdır. Ailə dözümü, təmkini, çətinliklərə sinə gərmək, uşaqların qayğısına qalmaq, qohumlar arasında münasibət, ünsiyyət, bu ünsiyyətin cəmiyyətə çıxması və bütövlükdə Azərbaycan ailəsinin cəmiyyətdən çıxararaq beynəlxalq təşkilatlara təmsil olunması məhz bu proqramlar əsasında formalaşmalıdır. Təəssüf ki, ideal qadın və kişi obrazı bizə həyat təcrübəsi olmayan simalardan təqdim olunur”. S.Vəliyeva vurğulayıb ki, ailə məsələləri ilə bağlı veriliş aparan jurnalistlər televiziya rəhbərliyi tərəfindən düzgün seçilməlidir.
Düşüncə
dəyişikliyi
Milli Məclisin deputatı Qənirə Paşayeva problemin həllini düşüncələrdə dəyişikliyin vacibliyi ilə əlaqələndirib. Millət vəkili təkliflərlə çıxış edərək problemin həlli istiqamətində KİV-lərdə çalışan jurnalistlər üçün treninqlərin keçirilməsini, televiziyalarda aparılan tok-şoulara layiqli ekspertlərin çıxarılmasının, həmin verilişlərin baxımlı saatlarda efirə verilməsinin, telekanallarda sosial reklam çarxlarının göstərilməsinin cəmiyyətə müsbət ismarıc olduğunu vurğulayıb.
Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov məişət zorakılığı probleminin həmişə KİV-in diqqətində olduğunu bildirib: «Sadəcə son illər məişət zorakılığı məsələsini yalnız kriminal hadisə kimi təqdim etmək və bundan irəli gələn hadisələrə hansısa rəng qatmaq meylləri yaranıb. Hesab edirəm ki, problemin həllində KİV-lərlə yanaşı, dövlət qurumlarının üzərinə də məsuliyyət düşür. Onlar medianın prosesdə katalizator rolunu oynaması üçün onu zəruri nəzəri resurslarla və digər vasitələrlə təmin etməli, eləcə də jurnalistlər üçün maarifləndirici təlimlər həyata keçirməlidirlər».
Prezident Administrasiyasının sektor müdiri Vüqar Əliyev Azərbaycan ailəsi modelinin qorunub saxlanılmasının mühüm məsələ olduğunu vurğulayıb: «Mövzu aktualdır. Cəmiyyətdə müzakirə olunmalı, irəli sürülən təkliflər nəzərdən keçirilməlidir”. V.Əliyev məişət zorakılığı ilə bağlı maarifləndirmə işinin gücləndirilməsinin tərəfdarı olduğunu bildirib.
Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı, «Vətəndaş cəmiyyəti» jurnalının redaktoru Səfər Alışarlı, Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli və digər çıxış edənlər KİV-də məişət zorakılığı ilə bağlı düzgün rubrikaların seçilməsini, mövzu ilə bağlı jurnalistlər arasında müsabiqələrin keçirilməsinin zəruriliyini qeyd etməklə yanaşı, bütün sahələrdə mədəniyyətin yüksəlməsinin vacibliyini də vurğulayıblar.
Təranə Məhərrəmova
Kaspi.-2011.- 26 may.- S. 9.