Uşaqları necə tərbiyələndirək?

 

İbtidai sinif şagirdlərinin valideynləri arasında aparılan sorğu zamanı incəsənətin uşaqların formalaşmasında rolu respondentlər tərəfindən əsasən müstəsna rol kimi qiymətləndirilib

 

Uşaqlar bizim gələcəyimizdir!” Bu fikirlər çoxdan şüarlıqdan çıxaraq  cəmiyyətin üzərinə böyük vəzifələr qoyub. Uşaqların müasir dövrdə qloballaşmanın gətirdiyi mənfi təsirlərdən qorunması, onların vətənpərvərlik və milli ruhda tərbiyə olunması, bu sahədə beynəlxalq təcrübənin Azərbaycan üçün önəmliyi prioritet istiqamətə çevrilib. Ekspertlər, psixoloqlar xüsusən incəsənətin uşaqların estetik tərbiyəsində, onların dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını bildirirlər.  Heç şübhəsiz, incəsənətin ayrı-ayrı növləri ilə məşğulluq həm də yeni-yeni istedadların üzə çıxmasına, cəmiyyət üçün dəyərli insanların yetişməsinə şərait yaradır. Bu gün  Uşaqların mənəvi və estetik tərbiyəsində ailə və cəmiyyətin rolu”, “Ailədə uşaqların mənəvi tərbiyəsi və televiziya, internet vasitələrinin uşaqların tərbiyəsində rolu”, “Uşaqların estetik tərbiyəsində incəsənətin rolumövzuları cəmiyyəti düşündürən əsas problemə çevrilib.

 

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində keçirdiyi sorğu da gənc nəslin təlim-tərbiyəsində və kamil bir şəxsiyyət kimi formalaşmasında incəsənətin rolunun dəyərləndirilməsinə bu sahədə mövcud vəziyyətin araşdırılmasına həsr olunub. Belə ki, Bakı şəhəri məktəblərinin ibtidai sinif şagirdlərinin valideynləri arasında aparılan sorğu zamanı incəsənətin uşaqların formalaşmasında rolu respondentlər tərəfindən əsasən müstəsna rol kimi qiymətləndirilib. Sorğu zamanı məlum olub ki, valideynlərin yalnız 2 faiz övladları dərnəklərə gedir. “Xeyrcavabını verən valideynlərin hamısı bunu arzuladıqlarını bildirib. Onların 6,4%-i uşağı aparıb-gətirməyə vaxtlarının və ya imkanlarının olmadığını, 76,8%-i uşaqların ev tapşırıqlarının hazırlanması üçün çox vaxt tələb edilməsi nəticəsində asudə vaxtının qıtlığını, 14,8%-i isə sadəcə olaraq mövcud imkanlar, yəni dərnəklər barədə məlumatsız olduqlarını qeyd ediblər. Mərkəzin direktoru İradə Yaqubova  vurğulayıb ki, rəsmi məlumatlara əsasən, hazırda Təhsil Nazirliyi nəzdində 83 uşaq yaradıcılıq mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə 6691 qrupda 89628 uşaq məşğul olur, 2827 pedaqoji işçi çalışır. Müxtəlif səpkili dərnəklərdə uşaqlar rəqs, mahnı, dram, qiraət, tikiş, modelçilik s. sahələrdə bacarıqlar əldə edirlər: “Apardığımız araşdırmalar hər bir rayonda uşaq yaradıcılıq mərkəzlərinin həqiqətən fəaliyyət göstərdiyini aşkar edib. “Həqiqətən” ifadəsindən ona görə istifadə etmişik ki, bu kollektivlərin mövcudluğu fəaliyyətləri barədə məlumatlandırma yox səviyyəsindədir, hətta müasir axtarış üsullarından ən önəmlisi olan İnternetdə vəziyyət eyni cürdür”.

Araşdırmalar göstərib ki, uşaq yaradıcılıq mərkəzlərinə dair ətraflı məlumatlar nə Mədəniyyət və Turizm Nazirliyinin, nə də Təhsil Nazirliyinin saytlarında yerləşdirilib. “Digər tərəfdən məktəblər və uşaq yaradıcılıq mərkəzləri arasında əlaqələrin qənaətbəxş tərzdə qurulmaması da mövcuddur. Nəticədə isə valideynlər uşaqlar üçün yaradılmış imkanlar barədə xəbərsizdirlər: sorğu zamanı valideynlərin 85,3%-i mərkəzlər barədə bilmədiklərini qeyd ediblər.

 

340 min şagirddən 30 mini

 

Sorğunun nəticələri ilə bağlı apardığımız araşdırmalar da incəsənətin ayrı-ayrı növlərinin uşaqların təlim-tərbiyəsində müstəsna rol oynadığını sübut etməklə, mövcud yaradıcılıq mərkəzlərinin azlığını da ortaya çıxarıb.

Bakı Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı   məktəbdənkənar təlim müəssisələri arasında uşaqların musiqi, rəqs digər yaradıcılıq imkanlarının genişləndirilməsi ilə məşğul olan məktəblərlə sıx əlaqədə işləyən mərkəzlərin olduğunu istisna etmir. Belə ki, Bakı şəhərində 308 orta ümumtəhsil məktəbi və 47 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Z.Əliqızının sözlərinə görə, məktəblərdə keçirilən tədbirlərin bədii hissələri məktəbdənkənar təhsil müəssisələrində çalışan peşəkarlar tərəfindən hazırlanır: «Sözsüz ki, onların da hazırladığı yetirmələr həmin tədbirlərin bəzəyi olur. O cümlədən, Təhsil İdarəsinin keçirdiyi tədbirlərin bədii hissəsində həmin müəssisələrin yetirməsi olan uşaqlar yaxından iştirak edirlər». Z.Əliqızının sözlərinə görə, Bakıda hazırda 340 min şagird təhsil alır və 30 minə yaxın şagird hazırda məktəbdənkənar təhsil müəssisələrində yaradıcı sahələrlə məşğuldur. Z.Əliqızı məktəbdənkənar təhsil müəssisələrinin azlığını da etiraf edib: «Buna baxmayaraq, məşhur olmaq istəyənlər üçün həmin müəssisələrdə istənilən şərait mövcuddur». Z.Əliqızının sözlərinə görə, həmin yaradıcılıq sahələri idman, rəsm, musiqinin ayrı-ayrı janrları, rəqs və s.  əhatə edir. Həmçinin, uşaqların aktyorluq qabiliyyətlərini göstərmələrsi üçün şərait yaradılıb. Z.Əliqızı hesab edir ki,  yaradıcılıq mərkəzlərinin uşaqların təlim-tərbiyəsində böyük rolu var. Onun sözlərinə görə, təhsil sistemində asudə vaxtın təşkili diqqət mərkəzində olan məsələdir: «Biz sadəcə məktəbdə uşaqların aldığı təlim-tərbiyə ilə kifayətlənmirik. Çünki uşaqlar məktəbdə cəmi 5-6 saat olurlar. Qalan vaxt ərzində onların asudə vaxtları elə təşkil olunmalıdır ki, uşaqlar öz tərbiyələrinə ziyan gətirən işlərlə məşğul olmağa vaxt tapmasınlar. Ona görə bu cür yaradıcılıq mərkəzlərinin, məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti çox ciddi amildir. Axı, bütün cəmiyyət dəqiq elmlər və s. sahələr üzrə peşəkar ola bilməz. Bizim incəsənət qabiliyyətinə malik uşaqlarımız çoxdur. Hətta, onlar Azərbaycanı ölkəmizdən kənarda təmsil etmək gücünə malikdirlər. Bu cür uşaqlar məhz yaradıcılıq mərkəzlərində formalaşırlar».

Bakı şəhər Uşaq Teatrının aktyoru Niyaz Qasımov da incəsənət növlərinin uşaqların təlim-tərbiyəsində mühüm rol oynadığını bildirib: “Bu gün uşaqların teatrlara marağı çox yüksəkdir. Hər tamaşa istər-istəməz uşaqların yaddaşında qalır. Çünki onlar çox vaxt tamaşaya təkrar baxmağa gəlirlər». Aktyorun sözlərinə görə, truppanın  məktəblərdə oynadığı bütün tamaşalar uşaqlar tərəfindən rəğbətlə qarşılanır. «Bizim tamaşalar ilk növbədə maarifləndirmə xarakteri daşıyır. Tamaşalar onların bir tamaşaçısı kimi yetişməsinə xidmət edir. Uşaqlarda səviyyəli yumor hissi formalaşdırır, onların dünyagörüşünün artmasına xidmət edir. Uşaq Teatrının səhnəsində ən çox xalq nağılları əsasında tamaşalar göstərilir. Əyləncəli xarakterli tamaşalar belə maarifləndirici əhəmiyyət daşıyır». N.Qasımovun fikrincə, erkən yaşlarından uşaqları qlobal, bəşəri problemlər haqqında məlumatlandırmaq düzgün deyil. Onlara yalnız xırda, lokal xarakterli məlumatlar çatdırıb dünyagörüşlərinin formalaşmasına xidmət göstərmək olar».

 

Cəmiyyət üçün dəyərli insan

 

Dövlət Kukla Teatrının baş rejissoru Rəhman Əlizadə incəsənətin uşaqların dünyagörüşünün formalaşmasında əvəzsiz rol oynadığını bildirib: «Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani, Abbas Səhhət kimi görkəmli şairlər uşaqlar üçün xüsusi şeirlər, həmçinin uşaq yazıçıları uşaqları nəzərə alaraq müxtəlif hekayələr yazıblar. Daha sonra Səməd Vurğunun, Rəsul Rzanın yazdığı şeirlər uşaqların təlim-tərbiyəsinə müsbət təsir edib”. R.Əlizadənin fikrincə, sovet dövründə  uşaqların təlim-tərbiyəsinə xüsusi diqqət yetirilib. Məsələn, uşaqların marağını nəzərə alaraq Kukla Teatrı, Gənc Tamaşaçılar Teatrı fəaliyyətə başlayıb. R.Əlizadə qeyd edib ki,  uşaq teatrları böyük incəsənətə maraq göstərməmişdən əvvəl ona hazırlıq dövrü kimi dəyərləndirilməlidir. Eləcə də uşaqlara yönələn qəzet və jurnalların nəşri də onların təlim-tərbiyəsində mühüm rol oynayır. Uşaq yaradıcılığına geniş yer verilməsi, rəsm sərgilərinin təşkili, onların incəsənətə olan sevgisinin artmasına təkan verir. R.Əlizadə hesab edir ki,  incəsənət insanı kobudluqdan, qabalıqdan xilas edir, onda gözəl duyğular aşılayır: «Biz əgər Füzulinin 5-10 qəzəlini biliriksə və onu özümüzdə qoruyuruqsa istəsək də, istəməsək də həyatda bir qədər şairanə olacağıq. Əgər filarmoniyada bir simfonik musiqini dinləmək iqtidarındayıqsa, bunun tərbiyəmizdə böyük əhəmiyyəti olacaq. Bu insanı dözümlülüyə, təmkinliyə hazırlayır. Böyük ədəbiyyata keçdikcə insanın Dostoyevskini, Floberi, Tolstoyu, Balzakı oxumaq istəyir. Bu, insana çox şey verir. İnsan öz həyatı ilə üzləşir, onu narahat edən problemlərin həllini tapır. Ədəbiyyat bəlkə də Allah talanın bizə göndərdiyi xüsusi müjdədir ki, ondan bəhrələnək”. R.Əlizadənin fikrincə, uşaqlar üçün yazılan əsərlər onları doğruluğa, humanistliyə, vətənpərvərliyə, qəhrəmanlığa çağırır. “Uşağın tərbiyəsi ailədən başlayır. Sonra uşağın tərbiyə aldığı məktəbəqədər tərbiyə müəssisəsi, orta məktəb s. onun tərbiyəsində mühüm rol oynayır. İnsan birdən-birə kamil ola bilməz. İnsan tərbiyəsinin, kamilləşməsinin mərhələləri var bu tərbiyələnmənin bünövrəsi uşaq yaşlarından qoyulur. R.Əlizadə bildirir ki, uşağa təkcə nağıl danışmaq, şeir öyrətmək azdır. Ona nağılların mahiyyətini öyrətmək lazımdır. Uşaq təkcə teatrda tərbiyələnə bilməz. Bunun özülü olmalıdır. Əsas məsələ odur ki, uşaq cəmiyyət üçün dəyərli insan kimi böyüsün».

Heç şübhəsiz, ekspertlərin, mütəxəssislərin rəyləri cəmiyyətin ayrı-ayrı üzvlərinin istəkləri ilə üst-üstə düşür. Əsas məsələ odur ki, uşaqlar körpəlikdən incəsənətə meyilli böyüsünlər, onu sevsinlər. Uşaqların kortəbii surətdə üz tutduqları əyləncə vasitələrindən ayrılıb, onlarda estetik hisslər tərbiyə edən sahələrə üz tutması isə təkcə ailənin yox, həm  cəmiyyətin, həm də bu yöndə işlər görməli olan əlaqədar qurumların borcudur. Hər kəs məsuliyyətini dərk edəcəyi təqdirdə cəmiyyətə yararlı insan haqqında da danışmaq olar.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.- 2011.- 27 may.- S.8.