Bakının "Eurovision-2012" hazırlığı xarici mətbuatda 

 

Qarşıdan gələn növbəti yarışma nüfuzlu mahnı müsabiqəsinin bütün tarixində öz möhtəşəmliyi ilə seçiləcək

 

Bəlli olduğu kimi, bir müddətdir ölkəmizdə "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinin hazırlıq işlərinə start verilib. Dövlət səviyyəsində gələn ilin may ayına qədər bir sıra sahələrdə ciddi işlərin görülməsinə başlanılıb. Gələn il baş tutacaq bu əsrarəngiz müsabiqə yarışması ilə bağlı ölkəmizə on minlərlə əcnəbi gələcək. Bu isə dünya mətbuatında Azərbaycanla bağlı silsilə məqalələrin yayılmasına, ölkəmizin həqiqətlərinin geniş işıqlandırılmasına yol açır.

Qərb, xüsusən də Rusiya mətbuatında bununla bağlı çoxsaylı materiallar dərc edilir, aparılan işlər geniş şəkildə işıqlandırılır. Məsələn, Rusiyanın «Mir» MTRK-nın əməkdaşı bildirir ki, Azərbaycanda kommunal sahədə çalışanların və yol işçilərinin işləri artıb. «Praktiki olaraq hər bir şeyi yoxlayırlar: infrastrukturdan tutmuş Bakı küçələrinin təmizliyinə qədər. Bakı hazırda tikinti meydançasını xatırladır. «Eurovision-2012»yə hazırlaşırlar. Bir neçə aydan sonra bu möhtəşəm tədbirə start veriləcək. Lakin Avropanın bir nömrəli musiqi festivalının keçiriləcəyi şəhərdə hər şey hazırdır. Müsabiqəyə hamı hazırdır: inşaatçılar və təbii ki, artistlər. Müğənni Mia yaxın həftələr ərzində başlayacaq seçim yarışmasına hazırlaşır. O bildirir ki, şou-biznes nümayəndələri Azərbaycanı ən yüksək səviyyədə təmsil etmək üçün əllərindən gələni edəcəklər. 2010-cu ildə Azərbaycanı yarışmada təmsil etmiş müğənni Səfurə isə gənc olmasına baxmayaraq təşkilat komitəsinin tərkibinə daxil edilib. Səfurə hesab edir ki, əsas olan plankanı qoruyub saxlamaqdır. O bildirir ki, axı ölkə son üç müsabiqədə ilk üçlükdə qalıb. Bu ab-havanı tək müğənnilər qoruyub saxlamaq niyyətində deyillər. Təxminən 500-ə yaxın otel "Eurovision-2012" müsabiqəsinin iştirakçılarını və qonaqları qəbul etməyə hazırlaşır. Onların içində idman zalları, üzgüçülük basseynləri və komfortabelli nömrələr hazırlanıb. Bu otellərdən birinin meneceri Aysel Musayeva bildirir ki, müsabiqə üçün hər bir şey hazırdır. Xüsusi diqqət mətbəxə yönəldilib. Onu rəngarəng etmək üçün mehmanxanalar və böyük restoranların əksəriyyəti yerli aşbazlara təlim keçmək üçün Bakıya Avropa və Asiya kulinarlarını dəvət ediblər. Məsələn, aşbaz Salvatore yarım il bundan öncə Siciliyadan bura gəlib. Şahidləri onu don Karleone adlandırırlar. İtaliyalı aşbaz  azərbaycanlı həmkarlarına öz sirlərini bölüşür. Qərb kulinarları nəinki yerli aşbazları öyrədir, həm də Azərbaycan mətbəxinin ən gözəl nümunələri ilə tanış olurlar. Birlikdə onlar sintez yaradırlar» - deyə müəllif bildirib.

 

Taksi sürücüləri və polislər dil öyrənir

 

O da qeyd edilir ki, məxsusi olaraq yarışma üçün 300 yeni taksi alınıb. Müsabiqə başlanana qədər onların sayı 3 dəfə artacaq. Birinci partiyanı şəxsən prezident İlham Əliyev sınaqdan çıxarıb: «Özü də bu avtomobillərin sürüçüsü olmaq üçün mütləq ciddi yazılı imtahandan keçməlisən. Bütün taksi sürücüləri stajlı sürücülərdir. Onlar ispan, ingilis, italyan, alman dillərini öyrənirlər. Bakı polisləri hətta zarafat da edirlər. Onlar bildirirlər ki, iki il bundan əvvəl alman futbol azarkeşlərinin hücumuna dözə biliblərsə, pop musiqiçilərin öhdəsindən asanlıqla gələcəklər. Onlar da əcnəbi dilləri öyrənirlər. Müğənni Emin Ağalarov isə əmindir ki, qarşıdan gələn musiqi yarışması müsabiqənin bütün tarixi boyu ən ciddi yarışma olacaq. Onun qənaətincə, bunu gənc bir ölkə üçün bir növ şou-keys adlandırmaq olar. Bu, Azərbaycanda son illər ərzində baş verən dəyişiklikləri göstərmiş olacaq. Əsas qüvvə və vəsaitlər Xəzər sahilində 50 min insanın yerləşə biləcəyi və akvariuma bənzəyəcək konsert kompleksinin tikintisinə yönəldilib. Şəhər sakinləri əmindir ki, bu möhtəşəm tədbir Azərbaycanın qürur yerinə çevriləcək». Siyasi şərhçi Andrey Raevski isə yarışma öncəsi Azərbaycanda təhlükəsizlik tədbirlərinin gücləndirildiynə toxunub. O bildirir ki, 2012-ci iin yazında Bakıya on minlərlə turist gələcək: «Onlar beynəlxalq yarışmanın qonaqları olacaqlar. Bu səbəbdən də Milli Təhlükəsizlik Nazirliyi potensial terrorçular və təxribatçıların gəlişinin qarşısını almaq üçün bütün tədbirləri görür».

 

Otellər ucuz, xidmət yüksək

 

Böyük Britaniyanın tanınmış "The Sun" qəzetində də "Azərbaycana xoş gəlmisiniz" adlı məqalə dərc edilib. Məqalədə Azərbaycan futbolunun yüz illiyinin qeyd edilməsi vurğulanmaqla yanaşı, "Eurovision" müsabiqəsinə də yer ayrılıb. Bildirilir ki, Azərbaycan özünün bir çox gəzməli-görməli yerliləri, o cümlədən məşhur ulduz müğənni Freddi Merkuri (Fərrux Balsara - əslən güney azərbaycanlı) ilə fəxr edə bilər: "Bu gün Bakı çox sürətlə Xəzər hövzəsinin "çiçəklənən Dubay"ına çevrilir. Bu il Azərbaycanı Avropanın ən nüfuzlu mahnı yarışmasında təmsil edən Eldar və Nigar dueti "Eurovision-2011" yarışmasında qalib gəlib. Gələn il bu mahnı müsabiqəsi də Azərbaycanda təşkil ediləcək. Azərbaycanın harada olduğunu dəqiq bilməyənlər indi 2005, 2006, 2008-ci illərdə dünyanın ən sürətli iqtisadi inkişafının qeydə alındığı bu ölkə barədə daha müfəssəl və dəqiq məlumatlara malik olacaqlar".

Dünyanın aparıcı mətbu orqanlarında yer alan məqalələrdə göstərilir ki, şəhərdə 30-40 manata Avropa standartlarına uyğun şəkildə, bahalı otellərə yaxın səviyyədə xidmət göstərən otellər  peyda olub. Yeni açılmış mehmanxana tipli obyektlərin dərəcəsi aşağı olsa da, onlar müştərilərə xidmətdə heç də yüksək ulduzlu otellərdən geri qalmırlar. Məsələn, Moskvadan olan turistlər yerli jurnalistlərlə söhbət zamanı Bakıdakı otellərin xidmətindən çox razı olduqlarını söyləyirlər: "Biz energetika sahəsində çalışırıq, işlə əlaqədar olaraq Bakıya tez-tez gəlirik. Həmişə burda qalırıq, çünki qiymətlər əlverişlidir, xidmət isə bahalı otellərdəkinə uyğundur". Gest-haus tipli "Baleva" otelinin öz restoranı olmasa da, bufetində hər gün qonaqlara pulsuz səhər yeməyi verilir, yəni qonaqlar İsveç masası üslubunda omlet, yarma sıyığı, kolbasa, sosiska və ət yeməkləri ilə təmin edilir. Otel qonaqların günün qalan vaxtlarında normal qidalanmasının da qeydinə qalır və onların yemək sifarişi yaxınlıqdakı restoran vasitəsi ilə ödənir. Yəni qonaqların sifarişi restorana çatdırılır və oradan sifarişlər birbaşa otaqlara verilir.

"Baleva" otelinin belə ucuz xidmət göstərməsi İçərişəhərdəki digər otellərin də qiymətini salıb. İçərişəhərdə vaxtilə gesəni 120 manata təklif edən otellər hazırda qiyməti 80 manata salıblar. Ümumiyyətlə, son zamanlarda şəhərdə otellərin qiymətlərində xeyli azalma var. Məsələn, şəhərin mərkəzindəki "Araz" oteli yeri 30-40 manata təklif edir. Nisbətən şəhər ətrafında – avtovağzalda yerləşən 4 ulduzlu "Konfort İNN" də yeri həmin qiymətə təklif edir. Lakin bununla belə, bu tipli otellərin sayı çox azdır və gələn ilin mayında Bakıda keçiriləcək "Eurovision-2012" yarışmasına gələcək qonaqların ehtiyacını tam ödəyəcəyinə inanmaq çətindir. Fakt budur ki, şəhərin əsas otelləri bundan xeyli baha qiymətə nömrələr təklif edirlər.

 

Bakı 70 min turisti necə qəbul edə bilər?

 

Ekspert Fuad Səfərli Azərbaycan paytaxtında 70 minə yaxın turisti qəbul etmək üçün imkanların olduğunu vurğulayır: "Birinsisi, şəhər ətrafındakı istirahət mərkəzlərini, çimərlikləri əyləncə mərkəzlərini bu işə səlb etmək olar. Bunun üçün sadəcə, xüsusi nəqliyyatlar təşkil etmək lazımıdır. İkincisi, şəhərin kirayə biznesinin imkanlarından tam yararlanmaq lazımdır. Şəhər əmlakçılarını bu işə səlb etmək lazımdır ki, potensial imkanları tam üzə çıxara bilsinlər. Həm yeni tikilmiş binaları sürətlə istifadəyə tam yararlı hala salmaq üçün maliyyə vəsaitləri ayırmaq lazımdır ki, lazım gələndə, onlardan pansionatlar kimi istifadə etmək mümkün olsun. Məncə, bu işə yatırılan vəsait boşa getməz əlavə gəlir gətirə bilər".

Mədəniyyət Turizm Nazirliyindən verilən məlumata görə, bu il şəhərdə istifadəyə verilməli olan altı yeni iri otelin hamısı beş ulduzdur. Onlardan ikisi - "Kempinski Badamdar" "Hilton Bakı" artıq istismar edilir, başqa otellər - "Flame Tower", "Four Seasons", "Absheron-SW Marriot", "Dedeman Hotels Resorts International" açılmaq ərəfəsindədir. Hətta Bakıdakı mövcud yataq yerlərinin sayının da "Eurovision"un qonaqları üçün yetərli olmayacağı təhlükəsi var. Rəsmi statistikaya görə, hazırda Bakı otellərinin mehmanxana tipli obyektlərin toplam yataq sayı 11 min ətrafındadır. İstifadəyə veriləcək yeni otellər isə bu sayı yalnız bir neçə min artıra bilər. Halbuki əksər ekspertlərin fikrincə, "Eurovision-2012"nin qonaqlarının sayı şəhər otellərinin yerləşdirmə imkanından bir neçə dəfə çox olacaq.

Amerikanın Massaçuset Texnologiya İnstitutunun məzunu, şəhərsalma üzrə ekspert Fuad Səfərlinin sözlərinə görə, "Eurovision-2012" günlərində Bakıya 70 minə yaxın turist gələ bilər: "Bakıya ən çox qonaq İran İslam Respublikasından gələcək. Nəzərə almaq lazımdır ki, bu ölkənin gənclərində Avropa mədəniyyətinə böyük maraq var, amma imkanları elə yüksək deyil, avtobusa minib gələcəklər, ucuz yer tapıb qalmaq istəyəcəklər. Buraya Türkiyə Gürsüstandan da maraq çox olacaq, çünki gəlmək çox asandır. Eyni zamanda, Rusiya Qazaxıstanı, Orta Asiya respublikalarını da unutmaq olmaz, onlardan da gələn çox olacaq. Qatara, bərəyə oturub gələcəklər. Təbii ki, onda bu otellərlə aşmayacaq".

"Eurovision" turistləri üçün bahalı olan digər bir turizm xidməti isə bələdçi qiymətləridir. Bu işlə məşğul olan Bakı Səyahətlər və Ekskursiya Bürosundan 1 saatlıq bələdçi xidmətini 20 manata təklif edirlər ki, bu da dünyanın başqa turizm mərkəzləri ilə müqayisədə bahadır. Məsələn, İstanbulun məhşur Sultan Ahmed muzeyində bələdçi xidmətini 5 dollara təklif edirlər və heç bir vaxt məhdudiyyəti qoymurlar. Mədəniyyət və Turizm Nazirliyindən də bələdçi qiymətlərini baha sayırlar. Nazirliyin əməkdaşı Rəhman Oruclu bunu bələdçilərin sayının azlığı ilə izah edir: "Axtarsan, 5 nəfər peşəkar bələdçi tapa bilməzsən. Onlara da nə vaxt müraciət edirsən, deyirlər ki, vaxtı yoxdur. Biz bu məsələni bazar üsulları ilə həll etməyi qərara almışıq, artıq bələdçilərin hazırlanmasına başlamışıq. İlk qrup təlim görüb və sertifikat alıb. Bələdçilərin sayı artdıqca qiymət də dəyişəcək və "Eurovision" günlərində normal səviyyəyə qədər enəcək".

 

 

Azər NURİYEV 

 

Kaspi.-2011.-11 noyabr.-S.4.