“Azərbaycan
dövlətinin idarəçiliyi ziyalıların əlindədir”
Professor Fəzail İbrahimli hesab
edir ki, cəmiyyət necədirsə, ziyalı da onun bir
üzvü kimi fəaliyyət göstərir
Son
vaxtlar cəmiyyətdə ziyalının yeri ilə
bağlı müzakirələr intensivləşib. Bəziləri
ziyalılara diqqətin azalmasından, bəziləri isə
ziyalıların özlərinə münasibətinin dəyişməsindən
şikayətlənirlər. Ziyalıların cəmiyyətdən
və dövlətdən gözləntiləri ilə
bağlı da müxtəlif fikirlər var. Budəfəki
müsahibimiz, Milli Məclisin deputatı, tarix elmləri
doktoru, professor Fəzail İbrahimlidir. Onun fikrincə, cəmiyyətimizdə
kimin ziyalı olduğunu müəyyənləşdirmək
üçün kriteriyalar müəyyənləşdirilməlidir.
- Fəzail müəllim,
hazırda belə bir rəy yaradılmağa
çalışılır ki, Azərbaycan cəmiyyətində
ziyalının sözü eşidilmir. Bu fikirlə
razısınızmı?
- Qətiyyən
razı deyiləm. Bu gün Azərbaycan dövlətinin idarəçiliyi
elə ziyalıların əlindədir. Bu necə ola bilər
axı? Mən bu fikrin fəlsəfəsini heç cür
başa düşə bilmirəm.
- Ümumiyyətlə, cəmiyyətin
ziyalıya münasibətində dəyişikliklər
müşahidə edirsinizmi?
-
Bütün cəmiyyətlərdə bu cür
söz-söhbətlər olur. Müəyyən qrup
ziyalıların maddi durumu ilə bağlı və yaxud da
hansısa proseslə bağlı narazılıqların
olması təbiidir. Azərbaycan da gənc bir ölkədir.
İqtisadi və siyasi sahədə müəyyən
uğurlarımızı olsa da, hələ tam
oturuşmuş sistem formalaşdıra bilməmişik. Bunu
tam reallaşdırandan sonra bu cür söz-söhbətlər
üçün əsas qalmayacaq. Cəmiyyətin ziyalıya
və ziyalının cəmiyyətə münasibəti ilə
bağlı danışanda gərək diqqətli olaq. Bu məsələlərdən
danışarkən mən xüsusilə də bir məqama
diqqət çəkmək istəyirəm. Yaddan
çıxarmaq lazım deyil ki, ziyalı da cəmiyyətin
bir üzvüdür. Cəmiyyət necədirsə, ziyalı
da onun bir üzvü kimi fəaliyyət göstərir.
- Siz ziyalılığın
kriteriyalarının dəyişməsinə necə
baxırsınız? Ötən əsrin əvvəlindəki
ziyalı ilə bugünkü ziyalının fərqi
varmı?
-
Keçən əsrin əvvəlindəki ziyalı ilə
bugünkü ziyalılarımızın əlbəttə
ki, müəyyən fərqləri var. Əsrin əvvəllərində
ziyalılar Azərbaycanda ali məktəblərin
olmadığı bir dönəmdə yaşayıb, fəaliyyət
göstərirdilər. Onlar Rusiyanın və Qərbin ali məktəblərində
təhsil almışdılar və oraların qabaqcıl
düşüncələrini bura gətirməyə
çalışırdılar. Onların fikirlərində Azərbaycan
üçün müstəqillik arzuları, millətimizin
imzasının imzalar içində olması arzuları var
idi. Bu, keçən əsrin əvvəlindəki
ziyalıların əsas həyat fəlsəfəsi olub. Elə
demokratik cümhuriyyətini yaradanlar öz həyatlarını
bu yolda qurban veriblər. Bugünkü ziyalılarımız
isə sovet dövründə yaşayıb, təhsil alan
insanlardır. Bugünkü ziyalıların böyük əksəriyyəti
SSRİ-nin İkinci Dünya müharibəsindən sonrakı
rəvan dövründə dünyaya gəlib
yaşayıblar. Onların düşüncə tərzi tamam
başqadır. 80-ci illərin sonlarından etibarən yenidən
milli düşüncə ziyalılarımızın beyninə
hopdu və bu gün müstəqil Azərbaycan var. Ona görə
də keçən əsrin əvvəlindəki
ziyalıların çəkdiyi iztirabları bugünkü
ziyalılar çəkməyib. İndiki ziyalılarda bir
düşüncə qloballığı da var. Bugünkü
ziyalılarımız arasında müxtəlif qruplar var.
Onların hamısına eyni mənada baxmaq olmaz. Mənim
fikrimcə, biz, ziyalı məfhumunun özünü ciddi
şəkildə araşdırıb, dəqiq müəyyənləşdirməliyik
ki, ziyalı kimdir? Yalnız bu halda düşüncələrimizi
bölüşə bilərik.
- Bəs sizin fikrinizcə,
ziyalı kimdir?
-
Ziyalı təpədən dırnağa qədər insani müstəvidə
düşünən, hərəkət edən və millətinə
və xalqına yaralı olan insanlardır. Ola bilsin ki, həmin
şəxs alim deyil, amma onun içərisində özünəməxsus
düşüncə, özünə hörmət olsun.
Ziyalılığın ən böyük göstəricisi
isə ondan ibarətdir ki, o, həm özünə, həm ətrafına,
həm ailəsinə və həm də dünyasına
hörmətlə yanaşmağı bacarmalıdır. Mən
yalnız bu kriteriyalara uyğun gələn insanları
ziyalı adlandıra bilərəm.
- Sizcə, ziyalının dövlətinə
münasibəti necə olmalıdır? Bizdə bəziləri
hesab edirlər ki, ziyalı yalnız müxalif
düşüncələrə sahib insanlar hesab oluna bilər.
- Əlbəttə
ki, mən bu fikri bölüşmürəm. Tamamilə
yanlış yanaşmadır. Bu suala cavab vermək
üçün biz gərək müxalifliyin
özünün mənşəyini aydınlaşdıraq. Yəni
kimin müxalif düşüncəli olduğunu dəqiqləşdirək.
Bayaq da dedim ki, biz ziyalılıq kriteriyalarını müəyyənləşdirməli,
kimlərin bu kriteriyaya uyğun
çalışdığını və
yaşadığı dəqiqləşdirməliyik. Bunu edə
bilsək, siz deyən yanaşma da aradan qalxacaq. Bundan əlavə,
müxalif düşüncənin özünün də
kriteriyalarının dəqiqləşdirilməsinə ehtiyac
var. Müxalifətçiliklə bağlı hər kəsin
özünün fərdi düşüncələri var. Bir
qrup insan hesab edir ki, siyasi hakimiyyətdə təmsil olunmayan,
ancaq müxalifət düşərgəsində olan və
bugünkü hakimiyyəti qəbul etməyən qüvvələr
müxalifətdir. Əslində isə müxaliflik
düşüncələrdə olmalıdır. Müxaliflik
cəmiyyətdəki mənfiliklərlə barışmamaqda
olmalıdır. Siyasi hakimiyyət uğrunda mübarizə isə
tamam başqadır. Siyasi hakimiyyət uğrunda mübarizə
aparanların müxalifətçiliyi siyasi ambisiyalarla da bağlı
ola bilər. Kimlər isə hakimiyyətə gəlmək
üçün, səlahiyyət əldə etmək
üçün də müxalifət ola bilərlər.
Bunlar tamam başqa kriteriyalardır. Biri də var ki, cəmiyyətdə
yaşayıb yaradıb, öz fəaliyyət dairəsində
mənfiliklə barışmayan düşüncə sahibləri.
Mənim fikrimcə, əsl müxalifət ikincilərdir. Əgər
mən bu gün Azərbaycan parlamentinin deputatıyamsa,
başqası hansısa bir vəzifədə
çalışırsa, niyə ziyalı hesab
olunmamalıyıq? Hesab edirəm ki, tədricən bu cür
yanaşmalar aradan qalxmalıdır. Müxalifətin öz,
hakimiyyətin öz yeri var. Müxalifət hakimiyyətin
nöqsanlarını görən, onunla barışmayan, onun
islah olunmasına çalışan və dövlətin daha
güclü olmasına xidmət edən adamlardır.
- Siz özünüz də Azərbaycanın
tanınmış ziyalılarındansınız. Öz
misalınızda deyə bilərsinizmi ki, bugünkü
ziyalı cəmiyyətdən və dövlətdən nə
umur?
- Sizə deyim ki, ziyalı da insandır, fəhlədir. Fərq təhsildə, cəmiyyətdə tutulan mövqedədir. Hər bir kəs atadır. Professor da atadır, fəhlə də. Bunların hislərində nə fərq ola bilər axı. Hər ikisi ata kimi düşünür. Bunların yeganə fərqi düşüncələrində ola bilər. Fərq hansı yolu seçmək, cəmiyyətdə daha çox nəyi görməyi müəyyənləşdirməkdədir. Cəmiyyətdəki hər hansı problemlə bağlı fəhlənin və professorun tapdığı çıxış yolu əlbəttə ki, fərqlidir. Mənim şəxsi istəyimə gəlincə, əsas arzum güclü dövlət, güclü millət görməkdir. Əsas arzum budur ki, bütün kişilərimiz öz ailələrində güclü ər, hər bir qadınımız güclü xanım ola bilsinlər.
İlham QULİYEV
Kaspi.-2011.- 16 noyabr.- S.4.