“Dövlətin ziyalıya münasibəti cəmiyyətin münasibətindən daha yaxşıdır”

 

Akademik Azad Nəbiyev Azərbaycan cəmiyyətində ziyalıların mövqeyinin həmişə yüksək olduğunu deyir

 

Son vaxtlar cəmiyyətdə ziyalının yeri ilə bağlı müzakirələr intensivləşib. Bəziləri ziyalılara diqqətin azalmasından, bəziləri isə ziyalıların özlərinə münasibətinin dəyişməsindən şikayətlənirlər. Ziyalıların cəmiyyətdən və dövlətdən gözləntiləri ilə bağlı da müxtəlif fikirlər var. Bu mövzu ilə bağlı növbəti müsahibimiz Bakı Dövlət Universitetinin kafedra müdiri, Milli Elmlər Akademiyasının müxbir üzvü Azad Nəbiyevdir.

- Azad müəllim, cəmiyyətdə ziyalının yeri ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Biz bu günlərdə müstəqilliyimizin 20 illiyini qeyd edirik. Bu illər ərzində çox böyük uğurlarımız var. 20 il bundan əvvəlki Azərbaycanla bugünkü Azərbaycan arasında çox böyük fərq var. Ölkəmizin həm iqtisadi, həm mədəni həyatında, həm beynəlxalq əlaqələrimizdə böyük inkişafa nail olmuşuq. Biz özümüzü müstəqil dövlət və xalq kimi dünyaya təqdim edə bilmişik. Bir-birinin ardınca əldə olunan uğurlarımız göz qabağındadır. Elə ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini qeyd etmək kifayətdir. Bütün bunlar müstəqilliyini bərpa edən hər xalqa nəsib olmur. Bizə belə imkan verilibsə, yerüstü və yeraltı sərvətlərimizdən istifadə edib mədəniyyətimizi dünyaya çatdırmalıyıq. Bütün bunların əldə olunmasında təbii ki, cəmiyyətimizin ziyalı təbəqəsinin də xüsusi rolu var. Azərbaycançılıq ideyasının inkişaf etdirilməsində əsas sükançı ziyalılardır.

- Tarix boyu Azərbaycan ziyalıları cəmiyyətin həyatında hansı rolu oynayıblar?

- Diqqət yetirsək Azərbaycan cəmiyyətində ziyalıların mövqeyi həmişə yüksək olub. Keçən əsrin əvvəllərində Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, ondan sonrakı dövrlərdə Nəriman Nərimanov, Üzeyir Hacıbəyov xalqın taleyində böyük rol oynayıblar. Təsadüfi deyil ki, Şərqdə ilk demokratik respublika Azərbaycanda qurulub. Bu, milli dirçəlişin, demokratiya uğrunda mübarizənin məntiqi nəticəsi idi. Təəssüf ki, obyektiv və subyektiv səbəblər ucbatından Xalq Cümhuriyyəti uzun müddət yaşaya bilmədi. Xalq Cümhuriyyətinin yaranmasında əsas hərəkətverici qüvvə də ziyalılar idi. Kifayət qədər çətin tarixi şəraitdə, regionda böyük güclərin savaşının getdiyi bir ərəfədə Azərbaycan ziyalıları elə bir mövqe tutdular ki, ölkəmizin ilk milli hökuməti yaradıldı. Sovet Rusiyası Azərbaycanı işğal edəndən sonra ziyalılarımıza qarşı repressiyalara başladı. O vaxt 21 Azərbaycan generalı güllələndi. Azərbaycan xalqının gələcəyini düşünən, milli düşüncə adamı olan ziyalıları aradan götürdülər. Ziyalılarımızın bir qismi mühacirətə getməli oldular, bir qismi təzyiqlərə dözməyib qələmi yerə qoydu, bir qismi isə proletar ədəbiyyatının yaradıcılarına çevrildi.

Sonrakı dövrdə də Azərbaycan ziyalıları böyük itkilər verdilər. Həm kollektivləşmə dövründə, həm 37-ci illərdə ziyalılarımıza qarşı böyük repressiyalar oldu. Amma sonrakı dövrdə SSRİ-ni idarə edənlər gördülər ki, səhv ediblər. Repressiyalar səngidi, ölkədə yeni ziyalı nəsli formalaşmağa başladı. Tezliklə xalqımızın yeni bir ziyalı təbəqəsi ortaya çıxdı.

70-ci illərdən sonra bizim çoxlu sayda yazıçımız, şairimiz, incəsənət xadimlərimiz yetişdi. Onlar SSRİ-nin yüksək fəxri adlarına layiq görüldülər. Bütün bunlar hamısı ümummilli liderimiz Heydər Əliyevin xidmətləri idi. Ümumilikdə Azərbaycan ziyalıları tarixən öz üzərlərinə düşən missiyanı çox ləyaqətlə yerinə yetiriblər. Məsələn, 70-80-ci illərdə Rəşid Behbudov Azərbaycanı bütün dünyada tanıdırdı. Ona hətta, yeriyən Azərbaycan da deyilirdi. Təəssüf ki, keçən əsrin sonlarında, müstəqilliyimizin ilk illərində ziyalılarımız yenə də ögey münasibətlə qarşılaşdılar. Xalq hərəkatında onların çox böyük rolu olsa da, o vaxt hakimiyyətə gələn qüvvələr ziyalıların potensialından istifadə etmədilər. Nəticədə cəmiyyətdə parçalanma getdi. Ziyalılarla anlaşa bilməyən, idarəetmə potensialı olmayan qüvvələrin hakimiyyətə gəlməsi cəmiyyətin işıqlı simalarını bir qədər arxa plana keçməyə məcbur etdi. Bilirsiniz, ziyalılar adətən abırlı insanlar olurlar. Onlara diqqət olmadığını görüb yavaş-yavaş siyasətdən də, idarəçilikdən də, meydandan da çəkildilər.

- Bəs bu gün cəmiyyətimizdə ziyalıların yerini necə görürsünüz?

- Bu gün ziyalılar cəmiyyətin əsas hərəkətverici qüvvəsidirlər. Son illər dövlət ölkədə mədəniyyətin, elmin inkişafına böyük diqqət yetirir. Muğam sənətinin, aşıq sənətinin qorunub saxlanılması üçün genişmiqyaslı layihələr həyata keçirilir. Azərbaycan mədəniyyətini dünya arenasına çıxarırıq. Bütün bu proseslərin önündə gedənlər ziyalılardır. Heç vaxt ziyalının əlindən xalqın düşünən beyni olmaq funksiyasını almaq olmaz. Ziyalı həmişə öndə getməlidir. Amma yeri gəlmişkən, ziyalıların bəzi problemlərinin olmasını da deməliyəm. Bu gün ziyalıların cəmiyyətdəki bir sıra proseslərdən kənarda qalmasını müşahidə edirik. Heydər Əliyevin ziyalılara münasibəti həmişə çox yüksək olub. Bu siyasəti qoruyub saxlamaq lazımdır. Kadr təyinatları zamanı ziyalıları yaddan çıxarmaq olmaz. Bəzən baş verən diqqətsizlik halları ziyalıları incidir. Bəzən həmkarlarımız inciyərək kənara çəkilirlər. Biz bütün imkanlarımızdan istifadə edib ziyalılarımızı qorumalıyıq. Bizdə həmişə ziyalıya çox böyük hörmət var. Bu gün də hakimiyyətin ziyalılarımıza göstərdiyi qayğı çox yüksək səviyyədədir. Amma bununla yanaşı bəzən aşağı strukturlar bu münasibətə kölgə salan səhvlərə yol verirlər. Əksər hallarda da bunu yuxarıların adına yazırlar.

- Son vaxtlar bir qrup ziyalı ölkədəki bütün ziyalıların adından danışmağa cəhd edir. Buna münasibətiniz necədir?

- Bəli, belə hallar müşahidə edirik. Bəzən müəyyən qüvvələr ziyalıları həvəsləndirirlər ki, çıxıb müəyyən şeyləri desəniz, hər şey düzələcək. Amma belə deyil. Əksinə, bu cür davranışla biz cəmiyyətlə dövlət arasındakı uçurumu dərinləşdiririk. 4-5 nəfərdən ibarət qrup yaradıb, tanınmış ziyalılarımızı da həmin bataqlığa salıb məhv etmək doğru deyil. Ziyalı gərək bu cür proseslərə qoşulmasın. İndi bizim əsas məqsədimiz Qarabağ münaqişəsinin həllinə nail olmaqdır. Ölkə rəhbərliyi bu problemin həlli üçün ardıcıl olaraq aparır. Bu kimi məsələlərdə iqtidar-müxalifət yanaşması olmamalıdır. Bu vətən hamımızındır. Belə bir şəraitdə ziyalıları siyasətə qatmaq, onları küçələrə çıxarmaq nəyi həll edəcək? Biz bununla qazanacağıq? 90-cı illəri yenidən geri qaytarmağın Azərbaycan xalqına faydası var axı? Biz gərək daha çox səfərbər olaq. Qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq üçün yekdil olmağımıza ehtiyac var. Lideri olmayan xalq irəli gedə bilməz. Bunu yaddan çıxarmaq lazım deyil. biz prezidentin ətrafında daha sıx birləşməliyik. Biz öz ziyalı mövqeyimizi ortaya qoyub ona kömək etməliyik. Böyük məqsədlərimizə yalnız bu yolla nail ola bilərik. Gözümüzün qabağında dövlətimizə qarşı bu cür haqsızlıqlar baş verir. Beynəlxalq təşkilatların Azərbaycan torpaqlarının işğalı ilə bağlı qəbul etdiyi sənədlər icra olunmur. Belə bir şəraitdə ziyalı mütləq haqqın tərəfində durmalıdır.

- Dövlətin ziyalıya münasibətindən danışdınız. Bəs cəmiyyətin ziyalıya münasibəti necədir?

- Dövlətin ziyalıya münasibəti cəmiyyətin münasibətindən daha yaxşıdır. Diqqət yetirsək, cəmiyyətimizdə böyük-kiçikliyin getdikcə itdiyini görərik.

- Bu gün Azərbaycan ziyalılarının əsas problemləri kimi nələri qeyd edərdiniz?

- Problemlər hər bir xalqın tarixində olur. Azərbaycan da bunlardan sığortalanmayıb. Amma mən inanıram ki, üzləşdiyimiz problemlər xırda xarakterlidir zaman keçdikcə həllini tapacaq. Ziyalılar gərək xırda məsələləri deyil, vətənimizin gələcəyini, qlobal problemləri düşünsünlər. Elə etməliyik ki, ziyalılar neqativ siyasiləşmə meyillərindən kənarda qalsınlar.

- Ziyalı kimi sizi narahat edən əsas problem nədir?

- Mən ilk olaraq təhsilimizdəki problemlərdən narahatam. Dövlət hər uşağa görə büdcədən 135 manat pul ayırır. Buna baxmayaraq, orta məktəblərdə təhsilin səviyyəsi aşağıdır. Təhsilimiz repetitorların ümidinə qalıb. Diqqət yetirsəniz, son illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanlarında keçid balı aşağı düşür. Bu il keçid balı 200-ə düşdü. Bu, o deməkdir ki, sovet dövründə 3 alan tələbələri ali məktəblərə qəbul edirik. 3 qiyməti alıb, ali məktəbə daxil olan tələbə oxuyacaq? Ondan hansı perspektivi gözləmək olar? Elə etməliyik ki, gələcəkdə ziyalılarımızı əvəz edənlər olsun.

 

 

İlham QULİYEV 

 

Kaspi.-2011.-17 noyabr.- S.5.