Binaların fasadının bəzədilməsinə çəkilən xərc bir qədər ixtisar olunsa 

 

Əli Məsimli hesab edir ki, onda elmlər namizədlərinə 30 yox, 150 manat, elmlər doktorlarına isə 50 yox, 250 manat təqaüd vermək olar

 

Parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimlinin “Azadinform”a müsahibəsini təqdim edirik.

- Növbəti ilin büdcə layihəsi artıq parlamentin plenar iclasında müzakirəyə çıxarılıb. İstərdik hökumətin proqnozlarını və onların reallaşma ehtimallarını şərh edəsiniz.

- Dövlət büdcəsi layihəsi gələn il Azərbaycanda ÜDM-in 5,7 faiz artaraq 43,5 milyard manata çatacağı, inflyasiyanın 6 faiz səviyyəsində olacağı, manatın məzənnəsinin dollara nisbətdə 79 qəpik təşkil edəcəyi, neftin isə bir barelinin 80 dollar olacağı proqnozları əsasında tərtib edilib. Ona görə də büdcəni təhlil edərkən büdcə hansı situasiyada formalaşır və hansı proqnozlar əsasında tərtib edilir sualına cavab vermək lazımdır. Bu nöqteyi-nəzərdən məsələyə yanaşanda həm göstərmək lazımdır ki, Azərbaycanda 10 ayın göstəricilərinə görə ÜDM-in artımı 0,3 faiz təşkil edir, bu, əhalisi ildə 1-1,2 faiz arasında artan bir ölkə üçün iqtisadiyyatın inkişaf mərhələsinə gəlməsi deməkdir. Burda da paradoksal bir məqam ondan ibarətdir ki, Azərbaycanın neftdən kənar sahəsində, kənd təsərrüfatında orta hesabla 8 faiz civarında artım var, amma neft sənayesində 6-7 faiz azalmanın olması proqnozlaşdırılan səviyyədə normal iqtisadi artıma imkan vermir. Əgər neft hasilatı aşağı düşməsəydi, bu gün ÜDM 0,3 yox, təxminən 5-6 faiz artardı. Bu məsələ Azərbaycanın 2012-ci və sonrakı illər büdcələrini hazırlayan zaman onun ölkə iqtisadiyyatının neftdənkənar sahələrinin inkişafına necə təkan verə biləcəyi, iqtisadi fəallığı necə artıra biləcəyi, həmin sahələrin inkişafını birbaşa və dolayı yolla necə sürətləndirə biləcəyi sualları çox qabarıq şəkildə açıq qalır. Eyni zamanda gəlir proqnozlarına da diqqət etməliyik. Gələn il neft hasilatı hökumətin proqnozlaşdırdığı səviyyədə olsa, Azərbaycanda ÜDM-in artımı 5 faizin ətrafında olacaq. Yox, əgər neft hasilatı planlaşdırılan səviyyədə artmasa, 2011-ci ildəki səviyyədə qalsa, ÜDM təxminən 2,5 faiz səviyyəsində artacaq. Neft hasilatı düşməkdə davam edərsə, gələn il ÜDM-in artım tempi 2,5 faizdən də az ola bilər. Ona görə də hökumət çalışmalıdır ki, iqtisadiyyatımızı inkişaf mərhələsindən 10 faizlik artım sürəti olan bir mərhələyə keçirsin. Bunun üçün imkanlar var.

Başqa bir məqamı qeyd etmək istərdim ki, 2012-ci ilin büdcə gəlirləri 2011-ci ilin təsdiq olunmuş gəlirlərinin 5,7 faizi səviyyəsində artımı ilə proqnozlaşdırılıb ki, bu da 16,4 milyard manata (təqribən 21 milyard dollara) bərabərdir. Xərclər isə 6,5 faiz artacaq və 17 milyard manata (təqribən 22 milyard dollara) bərabər olacaq. ÜDM-ə nisbətdə götürəndə  isə artıq büdcənin gəlir və xərclərində sosialyönümlülüyü bazar iqtisadiyyatına tətbiq edən ölkələrin büdcəsinə doğru bir hərəkət hiss olunur. Belə ki, gəlirlər ÜDM-in təqribən 39 faizi səviyyəsində, xərclər isə bundan yüksək olacaq.

Gəlirlərin strukturuna baxanda görürük ki, büdcə gəlirlərinin 32 faizindən bir qədər artığı Vergilər Nazirliyinin xəttilə, 7 faizindən çoxu Dövlət Gömrük Komitəsinin, 60 faizindən çoxu, yəni 10 milyard manata qədəri isə Dövlət Neft Fondundan trasnfertlər hesabına daxil olacaq. Bu, kifayət qədər böyük bir rəqəmdir. Nəzərə alsaq ki, Vergilər Nazirliyi xəttilə daxilolmalarda da neftin payı hardasa 40 faizə qədərdir, ümumi götürəndə gələn ilin büdcəsində neft amilinin payı 70 faizdən yüksək olacaq. Bu da o deməkdir ki, Azərbaycan büdcəsinin neftdən asılılığı əvvəlki illərlə müqayisədə artacaq. Bu amil büdcənin neftdən, Neft Fondundan asılılığını azaltmaq üçün ciddi tədbirlər görülməsinin nə qədər zəruri olduğunu bir daha ortaya qoyur.

- Qeyd etdiniz ki, inflyasiya 6 faiz proqnozlaşdırılır. Buna nail olmaq mümkün olacaqmı? Məlum olduğu kimi, Azərbaycanda bir neçə inflyasiyayaradıcı amil mövcuddur.

- Əgər söhbət Azərbaycan iqtisadiyyatından doğan inflyasiyadan, kənardan gətirilən malların üzərində gələn inflyasiyadan gedirsə, hökumətin bu proqnozu düzdür. Yox, əgər əlavə olaraq süni qiymət artımı olacaqsa, hökumətin 6 faizlik inflyasiya proqnozuna nail olmaq mümkün olmayacaq. Ona görə ki, hazırda Azərbaycanda elə bir şərait yaranıb ki, ölkə iqtisadiyyatının tendensiyalarından doğan inflyasiya təxminən 2-3 faiz edir. İdxal inflyasiyası da təqribən 2-3 faiz təşkil edir. Amma süni surətdə bahalaşmadan doğan inflyasiya 4-5 faiz civarında olur. Ona görə hökumət süni inflyasiyanın qarşısını almaq istiqamətində işlər görəcəksə, onda gələn il 6 faiz ətrafında inflyasiyadan danışmaq olar. Yox, əgər hökumət monopolistlərin, işbazların qiymətlərin süni artırılması hesabına qazanmaq istəyinin qarşısını almaqda aciz olacaqsa, onda inflyasiya 6 faiz yox, 10 faiz, xalq istehlakı mallarının qiymət artımı isə 15 faiz ətrafında olacaq. Həmin o işbazlar qiymət artımının hər faizinə görə 135 milyon manat, xüsusən aztəminatlı təbəqənin cibinə girəcəklər. Bu zaman 4 faizə görə əhaliyə yarım milyard manatdan çox ziyan dəymiş olacaq. Belə bir şəraitdə artan əməkhaqqı, pensiya digər ödənişlərin inflyasiya yeminə çevrilməməsi üçün, hansı ki, 2012-ci ilin büdcəsində bu məqsədlə təxminən 800 min manat pul nəzərdə tutulub, hökumət süni qiymət artımının aradan qaldırılması istiqamətində fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirməlidir.

- Neftin dünya bazar qiyməti ilə bağlı proqnozu dərəcədə realdır?

- Qlobal maliyyə iqtisadi böhranın ikinci dalğası 2008-2009-cu illər səviyyəsinə çatmasa, gələn il neftin dünya bazarında qiyməti Azərbaycanın büdcəsində nəzərdə tutulan 80 dollardan yüksək olacaq hardasa 100 dolların ətrafında olma ehtimalı böyükdür. Bu nöqteyi-nəzərdən bu proqnozu səhv yox, hökumətin ölçülmüş, neftin gözlənilən qiymətindən bir qədər aşağı qiymətlə proqnoz qurması kimi qiymətləndirmək lazımdır.

 - Bir sıra vacib sahələrə az vəsait ayrılması da növbəti ilin büdcəsində narazılıq yaradan məqamlardandır. Məsələn, sizin özünüz bildirmisiniz ki, elmə həddən artıq az vəsait ayrılıb.  Eləcə bura kənd təsərrüfatını aid etmək olar. Halbuki bu sahə büdcənin neftdən asılılığını aradan qaldırmaq üçün olduqca əlverişlidir.

- Büdcədən 7 faiz artmaq şərtilə elmə 122,6 milyon manat ayrılıb. Bu, ölkənin ümumi daxili məhsulunun 0,3 faizi, büdcə xərclərinin isə 0,7 faizi səviyyəsindədir. Mötəbər təşkilatların hesabatlarında da göstərilir ki, elm xərcləri ÜDM-in 2 faizindən aşağı düşən zaman ölkədə həmin sahənin ciddi deqradasiyası başlayır, bu isə həmin ölkə üçün ciddi iqtisadi təhlükə mənbəyidir. Ona görə hesab edirəm ki, elmdə ciddi islahatlar həyata keçirilməli, həmin islahatlar kontekstində elmə ayrılan vəsaitin artırılması istiqamətində addımlar atılmalıdır. İlk addım kimi hesab edirəm ki, elmlər namizədlərinə verilən 30 manat təqaüdü 150 manata, elmlər doktoruna verilən 50 manatı 200-250 manata çatdırmaq olar. Bunun üçün böyük vəsait tələb olunmur. Hansısa binanın fasadının bəzədilməsinə çəkilən xərc bir qədər ixtisar olunsa, yaxud hansısa təşkilat Maliyyə Nazirliyinə verdiyi şişirdilmiş rəqəmləri analiz edib şişirtmə hissəsini çıxarsa, əldə olunan vəsait hesabına mənim təklif etdiyim məsələni reallaşdırmaq olar. Kim elmdə başını girləyirsə, qoy elə davam etsin, kim elmə töhfə vermək, Nobel mükafatı səviyyəsinə qalxmaq, beynəlxalq arenaya çıxmaq istəyirsə, müqavilə münasibətləri ilə elə şərait yaratmaq olar ki, artıq 300-400 manat yox, 50-100 min manat qazana bilsin başqa qayğılarla deyil, elmlə məşğul olsun. Bunun üçün Azərbaycanda kifayət qədər potensialı olan alimlər var. Təhsilə diqqəti ayırmaq lazımdır. Düzdür, bu sahəyə ayrılan vəsait ildən-ilə artır, amma hesab edirəm ki, yenə azdır. Bu gün büdcənin 9 faizi təhsilə, 3,5 faizi səhiyyəyə ayrılır, lakin bu rəqəmləri artırmağa ehtiyac var.

- ÜDM-in strukturunda qeyri-neft sektorunun payının artımı proqnozlaşdırılır. Bu necə baş verəcək əgər prioritet olan qeyri-neft sahələrinə əhəmiyyətli həə vəsait ayrılmırsa?

- Elə mənim komitə iclaslarında qaldırdığım məsələlərdən biri bununla bağlı idi ki, biz büdcədə neftin payını, Neft Fondundan büdcəyə transferləri azaltmaq, neftdənkənar sahələri inkişaf etdirmək istəyiriksə, müxtəlif üsullardan istifadə etmək lazımdır. Məsələn, vergi yükünü azaltmaq bunun vasitəsilə iqtisadiyyatı stimullaşdırmaq, eyni zamanda bir sıra perspektivli sahələrə dövlət investisiyalarını yönəltmək olar. Bu, həm büdcə vəsaitləri, həm Neft Fondu, həm kreditlər hesabına mümkündür. Yəni bütün güc büdcənin üzərinə düşməz. Xüsusən xalq istehlakı malları istehsal edən sahələrə kreditlər verilsə büdcədən həmin kreditin faizlərinin ödənilməsinə vəsait ayrılma kimi çox maraqlı bir mexanizm qurulsa, bunun hesabına verilən kreditin həcmini on dəfələrlə artırmaq olar. Bununla neftdənkənar sahələrin artımında mən deyərdim ki, 2-3 il ərzində inqilabi dəyişiklik etmək olar.

 

 

Həbibə ABDULLA 

 

Kaspi.-2011.-23 noyabr.-S.11.