İkinci belə bir səs sahibi dünyaya gəlməyib

 

Xan Şuşinskinin 110 illiyi qeyd edilib

 

Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın görkəmli xanəndəsi, xalq artisti Xan Şuşinskinin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib. Muğam Mərkəzinin foyesində görkəmli muğam ifaçısının həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş etdirib. Yubiley mərasimi OperaBalet Teatrının baş rejissoru Hafiz Quliyevin rejissorluğu, Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin direktoru Rəfael Hüseynovun aparıcılığı ilə baş tutub.

R.Hüseynov Xan Şuşinskinin müstəsna istedada, geniş diapazonlu, gur və məlahətli səsə, yüksək ifaçılıq mədəniyyətinə malik olduğunu qeyd edib. R.Hüseynov xanəndənin həyatından, uşaqlıq dövründən də söz açıb: Xan Şuşinski Azərbaycanın canlı konservatoriyası sayılan Şuşa şəhərində dünyaya göz açıb. Əsl adı İsfəndiyar olsa da, məclislərin birində onun məharətli ifası bütün qonaqları heyran etdiyindən ustadı İslam Abdullayev şagirdinə Xan adını verib.

Tədbirdə sənətkarın həyat yolunu və ifaçılıq məharətini əks etdirən videomateriallar nümayiş olunub. Gecədə tanınmış və gənc muğam ifaçıları geniş konsert proqramı ilə çıxış ediblər. Mərasimdə iştirak edən Azərbaycanın xalq artisti Habil Əliyev bildirib ki, bu gün sənət adamlarının hər birinin Xan Şuşinskiyə borcu var: Çünki o bizim sənətimizi çox zirvələrə və yüksəklərə qaldırıb, xətirli, hörmətli edib. Bu tədbir bizim Azərbaycanımızın Xan əmisinin gecəsidir. Bu insan həqiqi Xan və xanəndə olub. Mən bura sürünə-sürünə də olsa, gəlməli idim. Bu hər birimizin borcu idi. Allah Xan əmiyə rəhmət eləsin.

Akademik Vasim Məmmədəliyev Azərbaycan mədəniyyət tarixində ikinci Xan Şuşinskinin olmadığını vurğulayıb: İkinci belə bir səs sahibi dünyaya gəlməyib. Xan əsrarəngiz səs sahibi idi. Onda olan səs, məlahət, şirinlik heç bir kimdə olmayıb. Xan elə bir sənətkar olub ki, onun səsini Cabbar, Seyid Şuşinski, Ələsgər Abdullayev kimi nəhənglər də bəyənib. Ələsgər Abdullayev ona deyib ki, səsini qoru, inanmıram ki, bundan sonra belə bir səs ola. Xan bizim çox böyük sənətkarımızdır. Xan özü bir məktəbdir.

 

 

Kaspi.-2011.-23 noyabr.-S.16.