Müasirlik qaçılmazdı 

 

Gənc rəssam Fidan Nəbiyeva: “Hazırda ənənəviliyə çox da üstünlük verilmir. Bu, qeyri-peşəkarlıqdan, ya da milli ənənələrimizə tam yiyələnə bilməməyimizdən irəli gəlir”

 

Bu günlərdə gənc rəssamların sərgisi təşkil olunmuşdu. Sərgiyə xeyli sayda iştirakçı qatılmışdı və müxtəlif üslublu rəsm əsərləri təqdim edilmişdi. Rəsmlərə bu cür maraq olduğunu, düzü, gözləmirdik. Amma reallıq bizi xoş-hal etdi. Sərgidə aydın görünürdü ki, gənc rəssamlara yaxşı şərait yaradılıb.

Bugünki müsahibimiz də gənc və istedadlı rəssam Fidan Nəbiyevadır. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının memar-dizayn fakültəsini bitirib. Və hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr bölməsində rəssam-dizayner kimi təhsil alır. Çox maraqlı üslubda şəkillər çəkən bu xanım, oxuduğu akademiyanın və universitetin sevimli tələbələrindəndir, çəkdiyi rəsmlər isə demək olar ki, əksər hallarda bəyənilir və sevilir. Olduqca məhsuldar çalışan Fidan xanımın “Maskalı insanlar şəhəri”, “Qızıl payız” kimi  çox maraqlı əsərləri var.

– Fidan xanım, bəzi rəssamlar olur ki, onlar bütün təmayüllərin fövqündə dayandıqlarını iddia edərək heç bir cərəyanı bəyənmirlər. Siz necə, hansı üslubu özünüzə daha yaxın bilirsiniz?

– Rəssamlıqda hər bir üslubun özünəməxsus özəlliyi və üstün tərəfləri var. Bir çox üslubları, təmayülləri bəyənirəm, lakin daha çox modern üsluba üstünlük verirəm. Bu bəlkə də incəsənətin hər bir sahəsində, xüsusilə də rəssamlıqda və dizayn sahəsində yenilik və kreativliyin tərəfdarı olmağımdan irəli gəlir. Dünya müasirləşir və çağdaşlaşma bizim də həyatımızdan yan keçmir. Bacardığım qədər öz yaradıcılığımda əks etdirməyə çalışıram. Müasirlik qaçılmazdı. Amma əslinə qalsa, bütün təmayülləri qəbul etməyin, onlara məktəb kimi yanaşmağın, heç olmasa, janr xüsusiyyətlərinə görə hörmət qoymağın tərəfdarıyam.

– Müasir dövrdə dizayn proqramları günbəgün artır. Düşünmürsünüz ki, texnologiyaların bu dərəcədə inkişafı əl ilə çəkilən rəsmləri sıradan çıxara bilər?

– Siz də bilirsiniz ki, hazırda çox müasir proqramlar var, Azərbaycanda həmin proqramlarla az adamın tanışlığı var. O proqramlar günbəgün daha da təkmilləşdirilir. Hansı ki, həmin proqramlarla hazırlanan rəsmlər əllə çəkilənlərdən çox da fərqlənmir. Hətta onlar qiymət baxımından daha ucuz başa gəlir. Yəni qısa zamanda az məbləğə istənilən mövzuda rəsm hazırlamaq mümkündür. O rəsmləri hazırlamaq üçün rəssamlıq qabiliyyəti də tələb olunmur. Lakin bu heç də o demək deyil ki, müasir dövrümüzdə kompyuter proqramları əl ilə çəkilən rəsmləri əvəz edə bilər. Rəsmi heç nə əvəz edə bilməz. Çünki əllə çəkilən əsər daha canlı olur və onlar xüsusi gözəlliyi ilə göz qamaşdırır. Xüsusilə də peşəkar rəssamlar tərəfindən çəkilən əsərlərdə ovqat, ruhi hal öz əksini tapır. Məncə, bu cür rəsm əsərləri proqramla çəkilən əsərlərlə müqayisəyə gələ bilməzlər. Bu təbii güllə süni gülün oxşarlığına bənzəyir.

– Müasir rəssamlıqda ovqat nə dərəcədə önəmlidir? Sizcə, rəssamın sifarşlə işləməsi ovqat məsələsini ikinci plana keçirmirmi?

– Məncə yox. Düzdü, ovqatla çəkilən rəsmlər daha gözəl və mənalı olur. Həmin rəsmə baxanda rəssamın həmin an keçirdiyi hissləri, olduğu mühiti və onun əhval-ruhiyyəsini duymaq mümkündür. Yox əgər rəsm tapşırıqla və sifarişlə hazırlanırsa, onda hansısa ovqatı gözləmək qeyri-mümkündür, əsas olan verilən mövzuda rəsmi konkret zaman müddətinə qədər hazırlamaqdır. Amma onu da deyim ki, rəssam sifarişlə də işləməlidir və bəzən həmin sifariş onun özündən gəlməlidir. Belə deyək ki, rəssam oturub ancaq hansısa gözəgörünməz ilham pərisini, naməlum ovqatı gözləməməlidir.

– Rəssamların sərgisində olanda hiss etdik ki, daha çox müasir mövzularda və çağdaş dövrümüzün ab-havasına uyğun əsərlər çəkilir. Rəsmlərə baxandan sonra bizdə belə bir fikir yarandı ki, bugünki rəssamlığımızda müasirlik ənənəviliyi nəzərəçarpacaq dərəcədə üstələyib. Siz bu fikirlə razısınızmı?

– Müasir dekorasiyalarda, geyim dizaynında, hər hansı bir poliqrafıq məhsulun tərtibatında ənənəviliyə üstünlük vermək şərtdir. Düzdür, hazırda ənənəviliyə çox da üstünlük verilmir. Görünür, bu da qeyri-peşəkarlıqdan, ya da öz milli ənənələrimizə tam yiyələnə bilməməyimizdən irəli gəlir.

– Bu gün gənc rəssamlara yaradılan şəraitdən razısınızmı?

- Tez-tez rəsm müsabiqələrinin keçirilməsi, fərdi sərgilərin təşkil olunması göstərilən diqqətin bir hissəsi kimi çox qiymətlidir. Rəssamlıq Akademiyasında buna xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamına görə dövlət xətti ilə yeni təhsil sahəsində əməkdaşlıq haqqında ikitərəfli razılaşmalar əsasında ayrılan təqaüdlər hesabına xaricidə təhsil almaq imkanı verilir. Lakin bir neçə ixtisas var ki, onlara son 2 il ərzində yer ayrılmır. Xüsusən dizayn, reklam, moda kimi müasir ixtisaslar üçün. Bu barədə müəyyən tədbirlər görülsə, yaxşı olar.

 

 

Fərid Hüseyn 

 

Kaspi.-2011.-25 noyabr.- S.13.