"Ziyanlılar"
Hekayə
Qara “cip” darvazaya yetişəndə
evdə səs-küy
çoxaldı. Hamı əl-ayağa düşdü.
Kimisi darvazaya
qaçdı, kimisi də yır-yığış
eləməyə.
Şəhərdən qonaqlar gəlmişdi. Həyətdə yarıçılpaq dayanmış
bir oğlan və bir qız
uşağı döyüküb
darvazanın qarşısında
dayanan maşına baxırdı. Anası
uşaqlara acıqlandı:
-Gedin, əyninizi geyinin ayıbdı qonaqlardan...
Uşaqlar sözə bənd imiş evə qaçdılar. Ərklə həyətə girən qonaqları görəndə Əlabbas
da, arvadı Xonça da tələsdilər.
Gələnlər Xonçanın qardaşları
idi. Odur ki, irəli düşüb bir-bir gələnlərin
üzündən öpdü:
-Can ay qardaş, həmişə
sən gələsən...
Qonaqları qarşılayandan sonra Əlabbas vurnuxdu, ürəyində çox
götür-qoy etdi ki, neynəsin. Toyuq-cücə qış vaxtı xəstəlikdən tələf
olmuşdu. Üç-dörd qoca toyuqdan savayı
heç nə qalmamışdı. İnək kəsməyəcəkdi
ki. Pəyədə
bir qoyun və
beş aylıq quzu vardı. Qoyunu kəsməli idi, başqa nə eləmək olardı?
Kəsməsəydi yavanlıqdan qayınları
onun üçün yaxşı fikirdə olmazdılar...
Bir azdan həyətdən tüstü
yüksəldi. Kababın iyi qonşu evlərədək yayıldı.
Əlabbas cəld dükana
qaçıb içki
də gətirdi.
Pulu olmasa da nisyə
dəftəri ki, vardı. Olanda verəcəkdi...
Gələnlər üç nəfər idilər. Əvvəlcə bir qədər
evin arxasındakı bağçada çay içib yol yorğunluqlarını aldılar.
Bu müddətdə qonaq otağında tələm-tələsik süfrə
açılmışdı. Onlar otağa girəndən yemək gələnədək
Əlabbasla, Xonça
ilə uzun-uzadı hal-əhval tutdular. Hər ikisi “şükür” deyib çətin dolanışıqlarından razılıq
etdilər. İstəmədilər ki, özlərini sındırsınlar. Növbə Xonçaya
çatdı. O da
qardaşlarından özlərini,
həyat yoldaşlarını,
uşaqlarını soruşdu.
Şəhərdə məhkəmədə
işləyən böyük
qardaşı dedi:
-Birtəhər dolanırıq,
ay bacı. Dövr çox çətindir.
Çəkinəcəkli, ehtiyatlana yaşayırıq.
Xərcimiz həddən çoxdur.
Kənd yaxşıdır. Rüşvəti
şəhərkindən az, zibil pulu vermirsən, su pulu vermirsən.
Odun meşədən,
dolanacağın bağ-bostandan,
öləndə də
qəbir yerin havayı...
Bu sözləri deyə-deyə
süfrəyə təzə
gətirilən kababları
hamıdan tez qabağına çəkib
davam elədi:
-Şəhərdə evdən çıxdın
puldu. Maaşla dolanmaq olmur.
Arvadın, uşağın xərci də qurtarmaq bilmir. Kəndə nə var ki,
nə oldu geyinirsən. Hə, indi
də deyirlər bir kimsədən pul almayın, “ədalət zəfər çalmalıdır”. Mən
o pulu almasam işləyə bilərəm?..
-Əşşi, fikir
vermə, maaşını
artırarlar düzələr. Sən bura dərdi-sərə gəlmisən, götür
vuraq, - deyə jurnalist olan ortancıl qardaş kiçik badəni ona uzatdı. - Bax indi biz şəhərin
çirkabından uzaq,
burada yarımgünlük
də olsa dincəlirik. Ancaq, Əlabbasgil demək
olar ki, həmişə kefdədirlər.Təmiz
hava, təmiz su, hər cür
təhlükədən kənar.
Allaha şükür, süfrədə
də hər şey var, nə
çatmır? Qoy
bu nemətlər üçün zəhmət
çəkən ev sahibi ilk sağlığı desin,
bizə də nuş olsun.
Bayaqdan qayınlarının sözlərinə
münasibət bildirmək
istəyən Əlabbasın
əlinə fürsət
düşdü:
-Əvvələn, xoş
gəlmisiz. Siz kənddən gedəni on beş il
var. Maşallah, xeyli dəyişmisiz, gəl ki, kənd elə
gördüyünüz kimi
qalıb, heç dəyişməyib. Sizə elə
gəlir ki, biz burada kef edirik. Əgər belə kefdirsə, bəs niyə kəndi atıb getdiniz? Sizi qovan olmadı,
axı. Süfrədə doğrudur, hər şey var, amma,
belə hər gün olmur. Bu gün bunlar kəndimizin fəxri olan sizin təki
ziyalı, əziz qonaqlarımızın gəldiyi
üçündür. Hələ qayınlarım
olmağınızı demirem.
Ona görə də içirəm elə sizin sağlığınıza.
Balaca badələr
cingildədi, sağlıqlar
içildi. Keçmişdə
kənddə müəllim
işləmiş indi
yol idarəsində yüksək vəzifədə işləyən
ən kiçik qardaş söz aldı:
-Söhbəti yox, biz kəndimizi istəyirik. Pis odu ki, yaşamaq
üçün kənddə
yaxşı qazanc yeri yoxdur. Şəhərdə yol tapıb yaşamaq mümkündür...
Ortancıl jurnalist qardaş
adəti üzrə dayana bilməyib sözünü kəsdi:
-Səni kənddən qazanc yox, qaynanan
apardı. Ümumən baxanda işin
sərfəlidir. Bir maşın
asfalt tökəndə
on maşın yazırsız.
Kimdi baxan...
-Nə edək, elə bilirsən tək yeyirik? Bizdən də haqq istəyirlər...
Jurnalist
gülümsədi:
-Bəs korrupsiyaya qarşı mübarizədən
qorxmursuz?
-Nə qədər ki, yuxarıdan vəzifələr pulla veriləcək, mübarizə-filan
görüntüdür. Biz
heç, uzaqbaşı
“cipdə” gəzmərik.
Onda hərəsi bir müğənni xanımı
saxlayan yazıq nazirlər necə dolansın maaşla?
Düzdü, bir az özümüzü
sıxmışıq, “pəhrizə”
düşməli olmuşuq.
Yəqin
ki, belə getməz. Az
müddətdən sonra,
bir fəndlə sıxıntımızın əvəzini
çıxararıq.
Yemək başlayandan bəri sağlıqları ard-ardınca
içən Əlabbas
qızarmışdı. İçki
ona yavaş-yavaş təsir etməyində idi:
-Mənə aydınlaşdırın
görüm bu korrupsiya nə deməkdir?
Böyük qardaş Əlabbası
hüquqşünas sayaq
başa salmaq istədi;
-Korrupsiya rüşvətin
iri həcmli formasıdır. Belə ki, yalnız
adamlardan rüşvət
almaqla varlanıb korrupsioner olmursan. Həm də tutduğun vəzifənin
səlahiyyətlərindən yararlanıb qazanırsan, həddini aşıb mənimsəyirsən...
-Məgər qazanmaq pisdir, - Əlabbas üzünü kiçik
qardaşa tərəf
tutdu, - sən müəllimliyi nə üçün atdın?
-Öz müəllimlərimi
görmürdüm necə
yaşayırlar? Mən
də istədim ki, yaxşı evim olsun, yaxşı
geyinim, uşaqlarım
dolanacaq sarıdan əziyyət çəkməsinlər...
Söhbət getdikcə qızışırdı. Ortancıl
qardaş da mövzu ilə bağlı söhbətə
qoşuldu:
-Qardaş elə yox, icazə ver sadə yolla
izah edim. Xasiyyətimi bilirsiz də, deməsəm partlayaram...
-Ona görə də əlindən yazmaqdan
qeyri bir iş gəlmir, - deyəcəklərinin könül
açan olmayacağından
dalağı sancan böyük qardaş qımışdı, - rüşvət
almasan da demaqoqluğunla başını
girləyirsən...
-İnsan gərək
təkcə qazancı
güdüb mənəviyyatını
itirməsin. Rüşvətxorun
qəlbi heç zaman təmiz ola bilməz.
Qaldı
ki, korrupsiya nədir? Adi, kiçik bir misal: süfrəyə gətirilən kababı qədərindən artıq
yeməyimiz. Qonaq olmaq səlahiyyətimizdən
istifadə edib, doymaq bilmirik, elə hey yemək istəyirik. Korrupsiya da
belədir.
Başı dumanlanmış Əlabbasın
bu sözlər xoşuna gəldi, könlü açıldı:
-Sizə bu yaxınlarda
gördüyüm yuxumu
danışım. Görürəm məni həbs eləmək istəyirlər.Guya
nə vaxtsa, kiməsə rüşvət
verməkdə təqsirləndirirlər.
Məni tutandan soruşuram ki, rüşvət alanların hamısı həbs olunub yəni, keçmisiz rüşvət verənlərə?
Belə yanaşsaz, onda gərək azadlıqda kimsə qalmaya, hamını həbs edəsiniz. Hə, mübahisə edə, yuxudan ayıldım...
-Allah xeyirə calasın. Gördüklərin elə yuxuda
qalsın, - kiçik
qayın əlindəki
tikəni dişinin altında dartışdıra-dartışdıra
mızıldadı.
Qonaqlar oturandan yeməklərə
elə girişmişdilər
ki,
az keçmədi
süfrədə salatdan
qeyri yeyiləsi bir şey qalmadı.
Bunu görən Əlabbas manqaldan növbəti şişlər gətirilənədək
qonaqların başını
salatla qatmaq istədi. Süfrədən
bir pomidor dilimini götürüb, özü də nə dediyini bilmədi:
-Gəlin
içək süfrəmizin bəzəyi pomidorun
sağlığına.
Hamı
gülüşdü. Ortancıl qardaş şor
qabını Əlabbasın qabağına itələdi:
-Ə,
sən şorunu ye, pomidor sənlik deyil. Görmürsən
yeməyə heç nə qalmayıb, içdik, bəs nə
yeyək?
-Nə
yeyirsiz yeyin, axırı ac qalmayın...
Böyük
qayın onun dəmləşdiyini hiss etdi:
-Dur get yat,
sən xamırlayırsan...
Bir azdan süfrənin ətrafında
uşaqlarla birgə Xonça qonaqlığın
ikinci mərhələsini
davam etdirdilər. Xonçanın kefi kökəlmişdi, qardaşları ona arvadlarının hazırladiqları
üst-üstə qalanmış
bağlamalarda kənd
üçün təzə
kimi görsənən
çoxlu paltar gətirmişdilər.
Əlabbasın axşam gəlmiş qonaqları səhər tezdən çay içib şəhərə
yola düşdülər. “Cip” uzaqlaşıb gözdən itincə Əlabbas və uşaqları darvazanın
önündə durub
arxalarınca baxdılar.
Pəyədə quzu mələyirdi,
anasını istəyirdi.
Əlabbasın bu anda quzu yadına düşdü. Anasından bir
şey qalmamışdı,
əksər hissəsini
“korrupsioner” ziyalılar,
daha dəqiqi - ziyanlılar yemişdilər.
Quzuya yazığı gəldi.
Elə özünə
də...
Axşam
içdiyi nisyə araq başını bərk ağrıdırdı...
Rövşən Yerfi
Kaspi.-2011.-26-28 noyabr.- S.17.