Ailələr niyə dağılır? 

 

Son dövrlər Azərbaycanda boşanmaların sayı  2 dəfə artıb

 

Ötən həftə Milli Məclisin sosial siyasət komissiyasının “Sosial qanunvericilik: reallıqlar və perspektivlər” mövzusunda keçirdiyi dinləmələrində komissiyanın sədri Hadı Rəcəbli Azərbaycanda boşanmaların sayının  2 dəfə artdığını bildirib. Millət vəkilinin sözlərinə görə,  qeyd olunan müddət ərzində ölkədə 86-90 min nikah bağlanıb, 8700 boşanma faktı qeydə alınıb.

Qeyd edək ki, bu gün bütün dünyada yüksələn statistika ilə davam edən intiharlar, qətllər, qəzalar, təbii fəlakətlər sırasında ailələrin dağılması halları da öncül yerlərdən birini tutur. Hətta sosioloqlar boşanma hadisələrini ən qlobal problem kimi dəyərləndirirlər.

Forumlarda boşanma hadisələrinin səbəbləri, faktlara yanaşma kimi  əsasən sosial, məişət problemləri, iqtisadi çətinliklər, tərəflərin bir-birini anlamaması və s. səbəblər göstərilir. Ən əsası, forumlarda çalınan həyəcan təbilləri statistik məlumatların ürək açmayan mənzərəsi ilə üst-üstə düşür. İctimai rəy ailənin muxtariyyətinin qorunması vəzifəsini ilk növbədə onun üzvlərinin üzərinə qoyur.

Ailələr niyə dağılır?  Psixoloqlar bu sualı müxtəlif cür cavablandırırlar. Kimisi bunu ailəyə kənardan edilən müdaxilə, kimisi, yeni qurulan ailənin təcrübəsizliyi, səbirli olmaması, hər bir məsələnin həllində tələsik qərar qəbul etməsi ilə, kimisi iqtisadi çətinliklərlə və s. izah edir. Getdikcə dərinləşən münasibətlər isə sonunda ailənin dağılmasına gətirib çıxarır.

 

Qərb yoxsa Şərq?

 

Azərbaycanın ta qədimdən özünəməxsus ailə modeli mövcuddur. Həmişə də ailə quruluşunun müqəddəsliyinə, toxunulmazlığına çalışılıb. Heç şübhəsiz, müasir Azərbaycan əhalisinin əksəriyyəti üçün bu gün də ailə əsas dayaq rolunu oynayan dəyərdir. Ailə ocağını insan üçün malik olduqlarının ən vacib və qiymətlisi hesab edənlər təbii ki, onu kənar  neqativ təsir və təhlükələrdən qorumağa çalışırlar. Belə ki, ailə üzvləri problemləri evdən kənara çıxarmamalı və ailədaxili işlərə kənar şəxsləri cəlb etməməli, xırda məsələləri dərinləşdirməməlidirlər və s.

Hərçənd bu gün boşanma statistikasının gün-gündən böyüyən rəqəmlərinə istinad edən bəzi adamlar Qərb adətlərindən yararlanmağı də tövsiyə edirlər. Amma Qərblə Şərq arasında ailəyə münasibətdə olduğu kimi, boşanmanın əsaslanması ilə yanaşı statistik göstəricilərin də katostrofik olduğunu xatırlasaq, bu cür tövsiyələrin əsassız olduğuna hamı inanar. Dünyaya inteqrasiyadan danışdığımız vaxtda Qərbin bütün adətlərini kor-koranə  mənimsəməyimiz yanlışlıq olardı. Məsələn, «boy-friend» (oğlan dostu) və «girl-friend» (qız dostu) kimi anlayışların mövcud olduğu Qərb ölkələrində gənclər  nikah bağlamadan illərlə bir yerdə yaşayır və əlaqələri yalnız uşaq dünyaya gətirmək istəyi olanda rəsmiləşdirirlər. O zamana qədər isə onlar bir-birlərini sınaqdan keçirir, sosial problemlərini həll edir, ayaq üstə duruş gətirməyi öyrənirlər.  Bir-birlərinə uyğun gəlməyəndə isə ayrılırlar. Əzəldən rəsmi əlaqələri olmadığından onlar boşanma statistikasına da  düşmürlər. Sadəcə iki dost kimi bir müddət bir yerdə yaşayır, sonra da yollarını ayırırlar.

 

Nikahların və boşanmaların sayında artım

 

Təsəllilərə baxmayaraq, bütün hallarda ölkəmiz üzrə ailə məsələləri ilə bağlı statistika ürəkaçan faktlar vəd etmir. Belə ki, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimovanın mətbuata açıqlamasında bildirilir ki, 2011-ci ilin 6 ayı ərzində Azərbaycanda 39 803 nikah bağlanıb. Onun sözlərinə görə, bu ilin birinci yarısında Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayanlarla 792 nikah bağlanıb. İlin ilk yarısında ölkədə 5335 nikahın pozulması halı qeydə alınıb. Onlardan 19-u əcnəbilər və vətəndaşlığı olmayanlarla olan nikahlara aiddir. R. Kərimova qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların və boşanmaların sayında artım qeydə alınıb. Belə ki, 2010-cu ilin ilk 6 ayında ölkədə 32 681 nikah bağlanıb, əcnəbilər və vətəndaşlığı olmayanlarla nikahların sayı isə 773 təşkil edib. Ötən ilin birinci yarısında ölkədə 4276 nikahın pozulması halı qeydə alınıb. Ötən ilin müvafiq dövründə əcnəbilərlə və vətəndaşlığı olmayanlarla pozulan nikahların sayında isə azalma müşahidə olunub. Belə ki, keçən ilin müvafiq dövründə əcnəbi və vətəndaşlığı olmayanlarla 41 nikahın pozulması halı qeydə alınıb

 

Tibbi müayinə olarsa...

 

Təəssüf doğuracaq haldır ki, ölkəmiz bu gün boşanmaların artan statistikası ilə narahatlıq keçirir. Hadı Rəcəbli nikahların pozulmasının əsas səbəblərindən birinin mülkiyyət məsələləri olduğunu qeyd edib. Millət vəkili həmçinin gənclərin ailə qurarkən həkim müayinəsindən keçməməsinin də ciddi problemlər yaratdığını vurğulayıb.

AQUDK sədrinin müavini Aynur Sofiyeva da öz növbəsində tibbi müayinənin vacibliyini qeyd edib. Belə ki, komitə tərəflərin nikaha girməzdən öncə tibbi müayinədən keçməsi və bu barədə Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) şöbələrinə arayış təqdim etməsi barədə təkliflə çıxış edib.  “Tərəflərin bir-birini məlumatlandırması Azərbaycan reallığı üçün daha uyğun olardı”-deyən A.Sofiyevanın fikrincə, Azərbaycanda nikaha girən şəxslərin tibbi müayinələrinin nəticəsi nikah bağlamağa təsir etməyəcək.

“Rayon, kənd yerlərində insanlar bir-birilərini tanıdığı üçün başqalarının onların xəstəliklərindən xəbərdar olmasını istəməzlər. Ona görə də belə təklif irəli sürülüb ki, tərəflər nikah üçün müvafiq orqana (VVAQ) müraciət edəndə tibbi müayinədən keçmələri barədə sənəd təqdim etsinlər. Tərəflər xəstəliklər barədə məlumatı üçüncü tərəfə, yəni, müvafiq icra hakimiyyəti orqanına deyil, bir-birilərinə təqdim etməlidir. Nəticə isə heç vaxt nikah bağlamağa mane olmur. Məqsəd odur ki, hər hansı xəstəlikdən tərəflər məlumatlı olsun. Nəticədən asılı olaraq tərəflər nikaha girib-girməyəcəklərinə özləri qərar verəcəklər". A.Sofiyevanın deməsinə görə,  bu gün Azərbaycan ailələrində bu sahədə ciddi problemlər var. Nikaha girənlər xəstəlikləri barədə məlumatları gizlətdiyindən, nikah dövründə ciddi problemlərlə qarşılaşıblar.

 

Babamızın ailəsi

 

Heç şübhəsiz, problemə psixoloq yanaşması da maraqlıdır. Belə ki, psixoloq Azad İsazadə hesab edir ki, ailənin dağılmasının əsas səbəbi sosial-məişət problemləridir: «Razılaşaq ki, hazırda gənclər üçün işsizlik, maaşların az olması, ev almaq perspektivinin yoxluğu və s. istər-istəməz ailədaxili gərginliyə səbəb olur. Boşanmaların bünövrəsi əsasən bu səbəblərdir». Psixoloq həmçinin ailədaxili zorakılığın, kişilərin zərərli vərdişlərə meylliliyini, qadınların öz hüquqlarından xəbərsiz olmaları və hüquqlarını tələb edə bilməmələri,  valideynlərin müdaxiləsi və s. də ailələrin dağılmasına səbəb olan amillərdir. A.İsazadə son dövrlərdə ailənin dağılması faktı kimi cinsi uyğunsuzluğu da qeyd edib. Psixoloqa görə, tək-tük hallarda boşanmanın konkret səbəbi olur. Belə ki, məhkəmədə konkret olaraq bir səbəb göstərilir, amma reallıqda bir neçə səbəb üst-üstə düşdüyündən son nəticə barədə qərar əldə edilir. Psixoloqun fikrincə, boşanma hadisəsinə yalnız mənfi hal kimi yanaşmaq da lazım deyil: «Boşanma şansdır. İnsanlar bir-birləri ilə bir yerdə yaşaya bilmirlərsə, onda  boşanma məişət zorakılığına məruz qalan qadınlara şans verir ki, həyatını təzədən başlasın. Heç olmasa uşaqlar əzab çəkməsinlər».

 

Uşaqların günahı nə?

 

Boşanma, ailələrin dağılması, bütün hallarda faciədir. Ailənin, onu quran insanların faciəsi. Bu ailələrdə dünyaya gələn uşaqların faciəsi.  Psixoloqlar ayrılıq boşanma hadisələrindən sonra ailə modelində ən böyük zərbənin uşaqlara dəyməsi qənaətindədirlər. Uşaqlar geriyə dönüb baxarkən xatırladıqları ata-anaları arasında xəbər daşıyıcısı olmaları, ata-analarının dava-dalaşları, miskin bir vəziyyətdə təhlükəsizlik axtarışı ilə küncə sıxılmaları olur. Bir onlar qarşı cinsdən olan biriylə necə səmimi davranacaqlarını bilmirlər. Ailə dramları onların həyat dramlarına çevrilir. Bəlkə valideynlər öz faciələrindən savayı,  onların təmiz yaddaşlarını qəlblərini yaralamamağı düşünsələr...

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.-2011.-29 noyabr.- S.8.