Böyükağa Hacıyevlə hələ çox işlər görəcəyik” 

Sadıq Sadıqov Avropada uğur qazanmaq arzusundadır

 

«Neftçi» futbol klubunun prezidenti Sadıq Sadıqovun Qol.Az saytına müsahibəsi

- Komandanız son turda «Qarabağ» üzərindəki qələbədən sonra liderliyə yüksəldi. Bu mənada, klubun prezidenti olaraq «Neftçi»nin çıxışlarına münasibətiniz necədir?

- Hər şey göz qabağındadır. Özünüzbilirsiniz ki, «Neftçi» elə bir komandadır ki, onun hər bir oyunu ajiotaja səbəb olur. «Qarabağ»la son oyunda mütləq qələbə qazanmaq istəyirdik. Çünki bundan əvvəlki turda «Qəbələ» ilə oyunda baş verənlər futbolçulara, məşqçilərə və klubun idarəçilərinə çox pis təsir etmişdi. Ümumiyyətlə, həmin oyundakı olaylar biabırçılıq və «Neftçi»yə qarşı təxribat idi. «Neftçi»nin lehinə düzgün olmayan penaltinin təyin edilməsi belə söz-söhbətlərə gətirib çıxardı. Bu, yaxşı hal deyil. «Neftçi» Azərbaycan futbolunun lideridir, onun tarixi var. «Neftçi» həmişə futbolumuzu təbliğ edən bir klub olub. Bu mənada, «Qarabağ» üzərində qələbə çox vacib idi ki, bu vəziyyətdən çıxa bilək. Futbolçularımızın psixoloji durumu yaxşı deyildi. «Qarabağ» da Azərbaycanın ən öndə gedən klublarındandır. Ölkəmizi Avropa Liqasında layiqincə təmsil edib, nailiyyətləri yüksək olub. Buna baxmayaraq, həmin qarşılaşmada şans bizim tərəfimizdə oldu. Komandamızın bu mövsüm çıxışlarını normal dəyərləndirirəm. Hesab edirəm ki, qələbələrimizin sayı bundan sonra da artacaq. Məqsədimiz növbəti dəfə Azərbaycan çempionu olmaqdır.

- Böyükağa Hacıyev «Neftçi»yə baş məşqçi gətirildikdən sonra bu təyinatla bağlı tənqidi fikirlər çox səsləndi. Klubun prezidenti kimi Hacıyevin və ümumiyyətlə, yeni məşqçilər korpusunun fəaliyyətinə qiymət verməyinizi istərdik.

- Mən bundan əvvəlki müsahibələrimdə də demişəm ki, Böyükağa Hacıyevə inanıram. O, Azərbaycanın ən güclü məşqçilərindəndir, layiqli, sözünü deyən mütəxəssisdir. Əvvəllər də onunla münasibətimiz olub. Tənqidlərə gəlincə, bunlar normaldır. Komandadakı dəyişiklikləri görürsünüz, «Neftçi» hücumameyilli futbol oynayır. «Neftçi»nin taktikası dəyişib. Biz Böyükağa Hacıyevlə hələ çox işlər görəcəyik.

- Ümumiyyətlə, Arif Əsədovun baş məşqçisi olduğu «Neftçi»ylə indiki arasında hansısa fərqlər görürsünüz?

- Elə bir dəyişiklik yoxdur. «Neftçi» Azərbaycan çempionatında yüksək səviyyədə iştirak edir. Amma eyni zamanda Avropa da ölkəmizi layiqincə təmsil etməliyik. Arif Əsədovla Böyükağa Hacıyevin futbola baxışları fərqlidir, hərəsinin öz taktikası var. Hacıyevin vaxtında transfer həyata keçirməmişik. İndi oyunçuların məsuliyyəti daha da artıb. Məqsədimiz növbəti dəfə çempion olub Azərbaycanı Çempionlar Liqasında layiqincə təmsil etməkdir. Orada uğur qazana bilməmək hər klubun başını aşağı salır. Şəxsən mən özümü təhqir olunmuş sayıram.

- Maraqlı bir məqam var: siz Azərbaycanda və ya komandanızın yanında olmayanda «Neftçi» istənilən səviyyədə oynamır. Və artıq belə fikirlər səslənir ki, futbolçular məhz Sadıq Sadıqova sevgiyə görə meydanda ürəklərini qoyurlar.

 

 

- Bilirsiniz, «Neftçi» mənim üçün həqiqətən də doğmadır. Komandanın yanında olmayanda ab-hava istər-istəməz dəyişir. Xaricə gedəndə və ya Bakıda olsam belə, başqa işlərimlə əlaqədar bir gün bazaya getməyəndə çox darıxıram, futbolçular da məni axtarmağa başlayır. O dəqiqə hamı soruşur ki, Sadıq müəllim niyə yoxdur. «Neftçi»nin futbolçuları mənə çox bağlıdır. Tam doğrudur ki, komandanın yanında olmayanda «Netfçi» yaxşı nəticə göstərmir, öz oyununu tapa bilmir. Bəlkə də bu, düzgün deyil.

- Bayaq siz «Qəbələ»ylə oyunda komandanıza qarşı təxribat törədildiyini dediniz. Ümumiyyətlə, hakimlərin «Neftçi»yə gizli dəstək verməsi barədə fikirlər son vaxtlar daha da artmağa başlayıb.

- Mən 15 ildir idmandayam, elə hakim yoxdur ki, onunla şəxsi münasibətim olmasın. Amma heç bir hakim deyə bilməz ki, mən ona hansısa sifariş vermişəm. Onlara yalnız uğurlar və təmiz idarəçilik arzulamışam. «Neftçi» ətrafındakı son ajiotaj tam əsassızdır. Hansısa hakimlə işbirliyi qurmaq bizə yaraşmaz. Bu məsələnin görünməyən tərəfləri var. Baş verənlər «Neftçi»yə qarşı böyük bir təxribatdır. Belə hallar hansı prezidentə ləzzət edər? «Qəbələ»ylə oyunun son dəqiqələrində  rəqibin qapısına penalti təyin olunanda dua edirdim ki, qol olmasın. Çünki bizə belə biabırçı hakimlik lazım deyil. Məhz bu qarşılaşmadan sonra «Neftçi» bəyanat yayaraq xaricdən hakim gətirilməsini istədi. Düzdür, bəzi klublar buna qarşı çıxdılar. Bəziləri yerli hakimlərin «Neftçi»yə kömək göstərdiyini iddia edir, amma biz deyəndə ki, yaxşı, ondan xaricdən hakim gətirək, buna qarşı çıxırlar. Cavab versinlər ki, nəyə görə? Azərbaycan hakimləri «Neftçi»yə kömək edirlərsə, xaricdən hakim dəvət edək. Şəxsən mən özüm xaricdən hakim gətirilməsini istəmirəm. Çünki bu, bizim hakimlik adına bir ləkə, təhqir olar. Amma inanın, daha başqa yolumuz qalmayıb, xaricdən hakim çağırmağa məcburuq. Hakimliklə bağlı problem bizi ciddi narahat edir. PFL prezidenti və Hakimlər Komitəsinin sədri bu məsələyə son qoymalıdır. 

 

Kaspi.-2011.-30 noyabr.- S.14.