Sözün Nurafizi

 

 NURAFİZin “Hamı işıqdan keçir” adlı ilk şeirlər kitabını oxuyub qurtarandan sonra ilk ağlıma gələn fikir bu oldu: Bu adam şeirin axtarıb tapdığı adamdır. Bu şair sözün özünün kəşfidir.

 

Onun öz şeirləri ilə(və ya əksinə, şeirlərinin Nurafizlə) qəribə ünsiyyətini hiss elədim hər addımda. Başa düşdüm ki, poeziyanın özəl bir sevgisi var Nurafiz bəyə. Niyəsini, nədənini deyə bilmərəm. Bu mənim üçünsirr olaraq qaldı. Eləcə onu deyə bilərəm ki, bu şair bir çoxları kimi şeirin arxasınca pələsəng olmur, onu arayıb-axtarmağa cəhd eləmir. Amma nədənsə bir-birindən gözəl, dürlü-dürlü poetik tapıntılar onu addım-addım izləyir elə bil. Məqam düşən kimi yaxalayır onu. Nurafizin isə onu yazmaqdan başqa çarəsi qalmır.

xoş o şairin halına ki, sözün ona sevgisi var. Yoxsa, sözüözü də poeziyanın qoynunda cilvələnən sözü kim sevmir ki?!

 

Allah, haray çəkirəm,

Görən yoxdu bu dərdi.

Susdum ki, lalam daha,

İçimdən söz göyərdi.

 

Söz hər kişinin içini bəyənib seçmir. Hər ürəkdə toxumluq dən kimi göyərib boy atmır. O qədər sözün ardıyca ayaqyalın, başaçıq yüyürənlər var ki, gəl görəsən... Onlar qaçdıqca sözonlardan qaçır.

 

Qəm dəhmərlər çəhlim boyu

günümün atını.

Görən harda isladıbdı

Kəm bəxtim öz barıtını?

 

Sözlər sanki misralara nəqş olunub. Zərgər dəqiqliyi, barmaq yaddaşı, könül göyçəkliyi bəndi elə cilalayıb ki, iki göz gərəkdi tamaşa eləsin...

 

Fikri zorla mindirəndə

Nalsız misranın tərkinə,

İki ömür bəs eləmir

Dözməyə sözün ərkinə.

 

Yandım, Allah, zalımmış

Yetim dərdin ərköyünü.

Söz gəzirəm çitəməyə

Ömrün-günün söküyünü.

 

Məndən başqa pay ummasın

Qohum-qardaş daha, lələ.

Gümanın bir sözə idi,

O da ki yoxumdu hələ.

 

Nəhayət, şair qardaşım bu şeirdə mənim onun haqqında söylədiklərimi etiraf etdi. Sözün ona ərk elədiyini boynuna aldı. Eyni zamanda onu da dilə gətirdi ki, sözün ərkinə dözmək hər kişinin işi deyil. Söz səni seçib, səni sevəndə onun ərki zülüm olur. Yaxşı ki, belə mübarək əzablara tab gətirmək üçün ürəyində təpər, gözlərində nur, dizində taqət var Nurafizin.

bilmişdin, əziz dost?!

O ki, qaldı umacaq məsələsinə... Heç kimin bu gözəl şeirdən artıq səndən bir şey ummağa haqqı yoxdu,- düşünürəm. Bu şeirin ovqatında haldan-hala düşən adam özgə uma bilər səndən?

NURAFİZ çağdaş poeziyamızda o şairlərdəndi ki, şeirləri məna yüklü, salğarlı və ləngərli bir söz karvanı misallıdı. Bu karvanın sarvanı ağıllı, təmkinli və tədbirli, uca könüllü və səxavətli bir türk kişisidir. Bu karvanın yükündəki matahdan hamımıza pay düşür, əziz oxucu.

Buyurun, oxuyun, payınızı götürün. Halal xoşunuz olsun!

 

 

İbrahim İLYASLI

 

Kaspi.-2011.-1-3 oktyabr.- S.16.