Gəncə Avropanın ən gözəl şəhərlərindən birinə çevrilir 

 

Azərbaycanın ikinci böyük şəhərində bütün sahələrdə yeniliklər müşahidə etmək mümkündür

 

Azərbaycanın iqtisadi inkişafı regionlardan da yan keçmir. Müstəqilliyimizin 20 illik tarixi ərzində paytaxtımız dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyi kimi digər şəhərlərimiz də gözəlləşməkdədir. Ölkə rəhbərliyi də regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, indiyədək regionların sosial-iqtisadi inkişafı ilə bağlı iki dövlət proqramı qəbul olunub icra edilməkdədir. Proqramın icrası birbaşa ölkə prezidenti İlham Əliyevin nəzarətindədir. Hər il proqramda nəzərdə tutulan işlərin gedişinin nəzarətdə saxlanılması məqsədi ilə toplantılar keçirilir.

 

Xatirə Parkı genişləndirilir

 

Regionların sosial-iqtisadi inkişafının ən bariz nümunələrini respublikanın ikinci böyük şəhəri olan Gəncənin timsalında görmək mümkündür. Elmar Vəliyevin şəhər icra hakimiyyətinin başçısı təyin olunmasından dərhal sonra şəhərdə geniş miqyaslı abadlıq işlərinə başlanılıb.

Oktyabrın 18-19-da baş redaktorların Gəncəyə səfərləri zamanı bu işlərlə əyani tanışlıq imkanı yaradıldı. «Dövlət müstəqilliyimiz və media» adlı ümumrespublika konfransından əvvəl jurnalistlər şəhərdə aparılan iri miqyaslı quruculuq işləri ilə tanış oldular. Şəhər icra hakimiyyətinin başçısı konfransda iştirak etmək üçün Gəncəyə gəlmiş Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovu və qonaqları görülən işlərlə tanış etdi.

Başlanmış işlərin bir qisminə diqqət yetirdikdə görülən işlərin miqyasını müəyyənləşdirmək mümkündür. Məsələn, Gəncədə 1979-cu ildə «Quru Qobu» adlanan məişət tullantıları üçün istifadə olunan 360 hektar sahədə Xatirə Parkı adlı yaşıllıq massivi salınıb. Uzunluğu bir kilometr, eni 53 metr olan mövcud xiyaban Gəncə-Şəmkir yoluna qədər 1,15 km genişləndirilib. Həmin hissədə 800 metr məsafədə xiyabanın eni 52 metr, 350 metr məsafədə isə 150 metr olmaqla «qıf» şəklində genişləndirilir. Yeni salınan xiyabanın ümumi sahəsi 73500 kv.metrdir. Xiyabanın mərkəzi hissəsində 23 ədəd fəvvarəli hovuz yerləşdirilib.

 

Möhtəşəm Heydər Əliyev Mərkəzi inşa olunur

 

Gəncə-Şəmkir magistral yolunun kənarında 350 metr məsafədə ölçüləri 48,8 metr x 20,5 metr olan «Zəfər tağı» yerləşdirilib. Tağın hündürlüyü 36 metrdir. Onun 30 metr yüksəkliyində parkı, xiyabanı və şəhər mərkəzini seyr etmək üçün meydança nəzərdə tutulur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu xiyabanda onun öz əli ilə əkdiyi ağaclar var. Bu ağaclardan biri də Gəncədə məşhur olan Xan Çinarıdır. Şəhər rəhbərliyi məhz bu ağacın yaxınlığında Heydər Əliyev Mərkəzinin binasını layihələndirib. Üç mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində sərgi zalı, istirahət guşələri, ikinci mərtəbəsində Azərbaycanın inkişaf tarixini əks etdirən ekskursiya zalı, elektron və adi kitabxana, üçüncü mərtəbəsində köməkçi sahələri ilə birlikdə müşavirə zalı və 400 nəfərlik iclas zalı nəzərdə tutulur. Binanın daxili və xarici tərtibatında İtaliya, Afrika ölkələri və Çindən gətirilən ən yüksək keyfiyyətli inşaat materiallarından istifadə olunması planlaşdırılır. Mərkəzin binası önündə Heydər Əliyevin 7,5 metr hündürlüyündə heykəli, arxa hissəsində isə 50 metr yüksəklikdə Azərbaycan bayrağının yerləşdirilməsi nəzərdə tutulur. Artıq mərkəzin tikintisi ilə bağlı inşaat işlərinə start verilib. Tikinti ərazisinin hazırlanması məqsədi ilə maşın və mexanizmlər fasiləsiz çalışmaqdadırlar. Paralel olaraq mərkəzin bünövrəsinin beton-armatur işlərinə də başlanılıb və üç min kubmetr beton və 250 ton armatur işlədilməsi nəzərdə tutulur.

 

Şəhərin qaz təminatı yaxşılaşdırılır

 

Şəhərin qaz təminatının yaxşılaşdırılması istiqamətində işlər də davam etdirir. Rayon Qaz İstismar Sahəsinin rəisi R.Qasımov «Kaspi»yə bildirib ki, oktyabrın 1-ə olan məlumata görə, Gəncə şəhəri üzrə 804 km metal borulardan çəkilmiş qaz xətti mövcuddur. Hazırda şəhərdə metal boruların polietilen borularla əvəz olunması işləri aparılır. İndiyə qədər müxtəlif diametrli polietilen qaz xətti çəkilib. Bu xətlər şəhərin Keçid, Zülfi Hacıyev, İ.Qayıbov, Zərrabi, Əlösət Məmmədov, Cavadxin, Mehmandarov, Şeyx Zamanov, Fərhad Əliyev, Nizami küçələrini Heydər Əliyev, Atatürk prospektlərini əhatə edib. Hazırda polietilen xətlərin Keçid küçəsindən Şah İsmayıl Xətai prospektinə kimi olan hissəsi tam istifadəyə verilib. Digər küçələrdə isə son tamamlanma işləri aparılır.

 

Qaz İstismar İdarəsi qışa hazırlıqları davam etdirir

 

Qaz İstismar İdarəsi payız-qış mövsümünə hazırlıqları da davam etdirir. Bu məqsədlə dörd min metr qaz xətti təmir edilib, həyətlərdən keçən, əhali üçün təhlükə törədən qaz xətləri küçələrə çıxarılıb. Şəhərdə 8 ədəd yeni qaztənzimləyici, 14 ədəd qaz kranı quraşdırılıb. Tərtib edilmiş qrafikə uyğun olaraq 400 ədəd qaz tənzimləyicisi təftiş və təmir edilib. Oktyabrın 1-nə qədər olan müddətdə 2165 ünvanda Smart-kart  və İtron tipli sayğac (ümumilikdə 41130 ədəd) quraşdırılıb. Hazırda Gəncə şəhəri üzrə 68995 abonentdən 66106 abonent sayğacla təmin edilib. Gündəlik yoxlamalar zamanı Qaz İstismar Sahəsi əməkdaşları tərəfindən 355 qaz sızması faktı aşkar olunub və aradan qaldırılıb. İdarəyə abonentlər tərəfindən 516 ərizə daxil olub və onlara müvafiq qaydada baxılıb.

 

Elektriklər təmir işlərinə 100 min manata yaxın vəsait xərcləyiblər

 

Əhalinin elektrik enerjisi ilə təmin olunması istiqamətində də fasiləsiz iş aparılır. Gəncə Elektrik Şəbəkəsinin rəisi Ə.Musayev əməkdaşımıza bildirib ki, 2011-ci ilin 9 ayın ərzində şəhərin elektrik enerjisi təsərrüfatının daha da təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülüb. Şəhər üzrə 1339 ədəd yeni sinkləşdirilmiş dayan quraşdırılıb. Yeni dirəklərin üzərinə 42,1 km (SİP) kabeli köçürülüb. 0,25 km məsafədə elektrik veriliş hava xətləri yeniləri ilə əvəzlənib. 3 ədəd transformator məntəqəsinin yeri dəyişdirilib. İl ərzində böyük həcmli əsaslı təmir işləri də həyata keçirilib. Məsələn, 7,4 km-lik  6-10 kV-luq hava xətləri, 110 ədəd transformator məntəqəsi, 21 ədəd transformator məntəqəsinin tikinti hissəsi, 22 ədəd güc transformatoru təmir olunub. Əsaslı və cari təmir işlərinə ümumilikdə 100 min manata yaxın vəsait xərclənib. İlin doqquz ayı ərzində yeni sayğacların quraşdırılması da davam etdirilir. Hesabat dövründə 125 ədəd 3 fazalı, 923 ədəd 1fazalı sayğac quraşdırılıb. Payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar ilin birinci, ikinci və üçüncü rüblərində nəzərdə tutulan 9 tədbirin hamsısı yerinə yetirilib. Atatürk prospekti, Zülfü Hacıyev, Təbriz, Bağbanlar, İsmət Qayıbov, A.Abbaszadə, Heydər Əliyev prospektində, Nizami prospektində, Nəriman Nərimanov prospektində yeni sinkləşdirilmiş truba-dayaqlar basdırılmaqla 0,4 kV-luq şəbəkə yenidən qurulub. Hazırda Gəncə şəhəri üzrə 0,4 kV-luq şəbəkənin yenidən qurulması işləri davam etdirilir. Qrafikə uyğun olaraq şəhərdəki bir yarımstansiyanın dam örtüyü təmir edilib. Elektriklər ehtiyat-güc transformatorlarının hazırlanması işini də davam etdirirlər.

 

Gəncəyə 3 yeni istiqamətdən su veriləcək

 

Gəncənin su və kanalizasiya sisteminin təkmilləşdirilməsi istiqamətində də fasiləsiz işlər aparılır. Gəncə «Sukanal» törəmə ASC-nin direktoru B.Ramazanov müxbirimizə bildirib ki, ilin 9 ayı ərzində magistral su kəmərlərində və şəhərdaxili su şəbəkəsində yeniləşdirilmə işləri aparılıb. Bu müddət ərzində iki ədəd 160 kvt-lıq elektrik mühərriki, 5 ədəd su nasosu stansiyası, 10 min metrdən artıq müxtəlif ölçülü elektrik kabeli, 54 ədəd su artezian nasosu, 972 metr kanalizasiya boru xətti, 77 dəst kanalizasiya lyuk qapağı dəyişdirilərək yenisi ilə əvəz olunub. Bununla yanaşı 3 ədəd müxtəlif gücə malik elektrik mühərriki, 1297 ədəd müxtəlif ölçüdə su nizamlayıcı siyirtmələr, 271 ədəd müxtəlif gücə malik olan su artezian nasosları, 16 ədəd güc transformatorları əsaslı təmir olunub. Su şəbəkəsində 406 yerdə su axıntısının və 245 yerdə kanalizasiya tutulmasının qarşısı alınıb. B.Ramazanov onu da bildirib ki, bu il şəhərin Natəvan qəsəbəsində bir ədəd su artezian quyusu qazılıb, 3030 metr kanalizasiya xətti və 3430 metr su xətti çəkilib. Cavadxan küçəsində də su və kanalizasiya borularının yeniləri ilə əvəz olunması işi həyata keçirilib. Hazırda şəhərin bir neçə məntəqəsində yağış suları kanalizasiyasının, yeni nasos stansiyasının və su xətlərinin çəkilişi davam etdirilir. Gülüstan qəsəbəsində əhalinin ümumi istifadəsində olan «Beş bulaq» bulaq kompleksinin yeni üslubda tikintisi başa çatdırılmaq üzrədir. Yaxın vaxtlarda kompleksin açılış mərasimi keçiriləcək. ASC şəhərin mərkəzi xiyabanındakı yaşıllıqları, güllükləri və fəvvarələri su ilə təmin etmək üçün yeni su xətti çəkərək istifadəyə verib. Eyni zamanda, Almaniyanın KFW Bankı və İsveçrənin SECO təşkilatının Azərbaycanla maliyyə əməkdaşlığı çərçivəsində ikinci Gəncə və Şəki su təchizatı və çirkab suyu layihəsinin yeni texniki –iqtisadi əsaslandırılması aparılıb. Layihəyə əsasən Gəncəyə 3 yeni istiqamətdən su verilməsi planlaşdırılır. Şəhərin kanalizasiya sistemində yenidənqurma işlərinin aparılması da layihənin tərkib hissəsidir. Layihənin birinci fazasının dəyəri 5 milyon 150 min avrodur. Bu faza çərçivəsində bir sıra su xətlərinin və su anbarının tikintisi planlaşdırılır. Tikinti işlərinin aparılması üçün keçirilən tenderin qalibi «Haselsan» İnşaat Şirkəti olub. Şirkət artıq tikinti işlərinə start verib.

Ümumilikdə bu Gəncə böyük bir tikinti meydançasını xatırladır. Görülən işlər başa çatdırılandan sonda Gəncə nəinki Azərbaycanın, ümumilikdə Avropanın ən gözəl şəhərlərindən biri olacaq. 

 

 

F.ABASOĞLU

 

Kaspi.-2011.-21 oktyabr.S.3.