Bakıda II Beynəlxalq Kitab Sərgi-Yarmarkası açıldı 

 

Dünən Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının rəsmi açılış mərasimi keçirildi.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək sərgi-yarmarkanın önəmindən, kitaba artan maraqdan və bu cür tədbirlərin ölkələrarası mədəni münasibətlərin genişlənməsində oynadığı roldan danışdı.

 

Daha sonra yerli və xarici dövlətlərin nümayəndələri çıxış edərək tədbirin əhəmiyyətindən danışdılar və bütün iştirakçıları təbrik etdilər. Rəsmi hissə bitəndən sonra iştirakçılar kitabların nümayiş etdirildiyi zala daxil oldular. Sərgi-Yarmarkada 100-dən artıq yerli, 20-dən çox xarici nəşriyyat, çap-poliqrafiya müəssisəsi və kitabxanalar iştirakı edirdi. Xatırladaq ki, Sərgi-Yarmarkada son üç ildə ölkə nəşriyyatlarında, eləcə də ABŞ, Rusiya, İran, Türkiyə, Macarıstan, Makedoniya, Slovakiya, Belarus, Latviya, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər xarici ölkələrdə  nəşr edilən kitablar, nəşr məhsulları nümayiş olunurdu. Tədbir boyu müvafiq stendlərin qarşısında aşıqlar, simli kvartet və milli musiqi alətlərinin ifaçıları çıxış edirdilər. Sərgi iki hissədən ibarət olan zalda keçirilirdi. Birinci hissə girişdə, ikinci hissə isə ümumi zalda idi. Yarmarkada nəşriyyatlardan başqa, müxtəlif müəssisələr də təmsil olunurdu ki, bunlardan Hüseyn Cavidin ev muzeyinə aid yeni kitablar, Milli Kitabxanaya, Mədəniyyət və Turizm Nazirliyinə, Atatürk Mərkəzinə aid nəşrlər daha çox nəzərə çarpırdı.

 

Ən maraqlı nəşrlər və nəşriyyatlar

 

Tədbirdə xeyli sayda nəşriyyatlar iştirak etsə də, ən çox marağa səbəb olan nəşriyyatlar “Şərq-Qərb”, “Qanun”, “Təhsil”, “Əli və Nino” nəşriyyatları və “Nil” kitab mağazası  idi. “Qanun” nəşriyyatının nəşr etdiyi kitablara maraq insanı heyrətə gətirirdi. Müəlliflər satılan kitablarını imzalayırdılar. Ən çox kitabı satılan müəllif isə gənc şair Qismət oldu. Onun dünən “Qanun” nəşriyyatında çap olunan “Meqapolis hüznləri” kitabı olduqca böyük marağa səbəb oldu.

“Təhsil” nəşriyyatı da öz nəfis formatlı nəşrlərinə görə seçilənlər sırasındaydı. Kitablara baxmaq üçün stendlərin önündə dayanan sərgi iştirakçılarının çoxluğundan da bunu anlamaq olurdu. Əcnəbi tələbələr isə əsasən “Nil” mağazasının kitabları ilə maraqlanırdılar. Nəşrlərinin çoxluğuna və keyfiyyətinə görə seçilən nəşriyyat isə “Şərq-Qərb” idi. Kitabların ucuz satışını keçirən bu nəşriyyatın da kitablarına böyük maraq  var idi.

 

Xarici nəşriyyatların təəssüratları…

 

Yaxınlaşıb nəşr nümunələrinə baxdığım əcnəbi nəşriyyatlar isə Pakistan  və Türkiyə nəşriyyatları oldu. Pakistan nəşriyyatının təmsilçisi tədbirin əhəmiyyətli olduğunu, amma dar çərçivədə keçirildiyiniaz insanın iştirak etdiyini vurğuladı. Türkiyə təmsilçiləri isə qeyd etdilər ki, Azərbaycan kimi kiçik bir ölkədə bu cür böyük tədbirin dövlət səviyyəsində təşkil olunması dövlət başçımızın kitaba nə qədər dəyər verdiyini göstərir. Sərginin ümumi gedişatından razı olan türklər bir şeydən narazı qaldıqlarını gizlətmədilər. Dedilər ki, sərgidə iştirak edən oxucular kitabları pulsuz istəyir, kitaba pul vermək istəmirlər...

 

Narazılıq…

 

Bir neçə nəşriyyat nümayəndələri ilə söhbətimizdə ümumi narazılıq sərgi işrakçılarının kitablara ötəri baxdıqları, hətta 1 manat dəyərinə endirilən kitablara belə pul vermək ismədikləri ilə bağlı idi. Söhbət əsnasında o da məlum oldu ki, sərgi iştirakçılarının bir çoxu kitabları vərəqləmir, sadəcə, dayanıb adlarına baxaraq uzaqlaşırlar.

 

Sərgi-Yarmarka çərçivəsində tədbirlər

 

Kitab bayramı çərçivəsində, prezident İlham Əliyevin sərəncamı ilə təmir edilən mədəniyyət ocaqlarına aid “Heydər Əliyev Sarayı”, “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı”, “Azərbaycan Dövlət Kukla Teatrı”, “Azərbaycan Dövlət Film Fondu”, “Azərbaycan Dövlət Rus Dram Teatrı” kitablarının nazir Əbülfəs Qarayevin iştirakı ilə təqdimatları oldu. Tədbirdə müəllif İlham Rəhimli çıxış edərək bildirdi ki, bu cür bahalı və lazımlı nəşrlərin ərsəyə gəlməsi ağır zəhmətin bəhrəsi olmaqla yanaşı, dövlətimizin marağında olan bir işdir. Sonra isə söz həmin kitabların nəşr olunduğu poliqrafiya birliyinin sədri naşir Bəhruz Axundova verildi. “Bu cür gözəl dizayna və tərtibata malik nəşrləri çap etmək üçün artıq bütün avadanlıqlarımız var və inanıram ki, bundan sonra da ölkəmizdə bu cür tərtibatlı kitablar çap olunacaq” deyə B.Axundov qeyd etdi.

Digər bir tədbir isə Taras Şevçenkonun yaradıcılığına həsr edilmiş  yaradıcılıq gecəsi oldu. Tədbirə müxtəlif ölkələrdən olan nümayəndələr də qatılmışdı. Günün sonunda isə Mədəniyyət və İncəsənət universitetinin rektoru, professor Teymurçin Əfəndiyevin “Mədəniyyətdə tarixilikmüasirlik” kitabının təntənəli təqdimatı keçirildi. Təqdimatda müxtəlif universitetlərin təmsilçiləri və tələbələr iştirak edirdi.

Yarmarkanın ikinci və üçüncü günləri isə 150 cildlik “Dünya ədəbiyyatı” seriyasından nəşri başa çatmış kitabların, Çingiz Əlioğlunun “Çərçivə” kitabının təqdimatları, “Azərbaycanın dövlət müstəqilliyi və kitab sənətinin inkişafı” mövzusunda simpoziumun, “20 ilin ədəbi mənzərəsi” – Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş dəyirmi masanın, Abdulla Tukaya həsr olunmuş ədəbi-bədii gecənin, eləcə də “Qızıl Kəlmə” Ədəbi Mükafatının laureatları və  Gənc Ədiblər Məktəbinin üzvləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

 

Paralelparadoksal fikirlər...

 

Nəşr nümunələrinin sayına görə seçilən, stendlərində təxminən 400 adda kitab nümayiş olunan “Şərq-Qərb” nəşriyyatının nümayəndəsi Əli Şirin Şükürlünün yarmarka haqqında fikirlərini öyrəndik. “Bu gün bu sərginin keçirilməsi ona imkan yaradır ki, həm oxucular nəşrlərin ümumi səciyyəsinə görə kitabları seçsinlər və tanış olsunlar, həm də nəşriyyatların öz poliqrafiq gücünü görsünlər. Stendlərimizə xeyli sayda alıcı yaxınlaşır. Nəşriyyatımızda ən müasir avadanlıqlar var. Nəşrlərimiz də böyük marağa səbəb olub. Ona görə ki, biz kitabda bütün gözəl keyfiyyətlərin əks olunmasını istəyirik və istəyimizə nailoluruq”.

Sərgidə “Əli və Nino” nəşriyyatı yeganə poliqrafiya müəssisəsi idi ki, 4 dilli nəşr nümunələri təqdim edirdi. Həmin nəşriyyatın direktoru Nigar Köçərlinin də fikirləri maraqlı idi: “İki əvvəl də belə bir sərgi olmuşdu. Biz həmin tədbirdə də iştirak etmişdik. Bu cür tədbirlərin əhəmiyyəti olduqca böyükdür. Mən bu gün nəşriyyatımızda çap olunan kitablara olan marağa, düzü, heyran qalmışam. Biz “Əli və Nino” nəşriyyatı olaraq 4 dildə kitablar təqdim etmişikgördüyünüz kimi də satış çox yaxşı davam edir. Bir sözlə, sərgidən razıyam, amma çox istəyərdim ki, xarici nəşriyyatlar daha çox iştirak etsin. Təəssüf ki, belə deyil...”

 

Biz niyə dəyişmirik...

 

Bütün iradlar və təriflərlə bərabər, II Beynəlxalq Sərgi-Yarmarkanın keçirilməsi əlamətdar hadisədir. Biz bilirik ki, bu cür tədbirlər üçün Azərbaycanın səriştəsi yoxdur. Sərgi-yarmarka işi Azərbaycanda ənənəsi olmayan bir sahədir. Amma bu o demək deyil ki, sərgi keçirilməməlidir. Biz bütün zəif cəhətlərini aydınlaşdıra-aydınlaşdıra bu cür sərgi-yarmarkaları keçirməliyik. Bəli, bəzi nəşriyyatlar bu yarmarkada iştirak etmirdi, stendlər arasında boş qalanlar da vardı. Sərgiyə gəlmiş iştirakçıların çoxu təmsilçiləri yersiz suallarla, kitab istəmək, xahiş etmək kimi hərəkətlərlə bezdirirdilər. Bəzi nəşriyyatlar da vardı ki, öz nümunələri haqda dolğun məlumat da verə bilmirdilər. Amma yenə də heç nədən yorulmaq lazım deyil. Biz dəyişməliyik, öyrənməliyik, inkişaf etməliyik.

 

 

Fərid Hüseyn 

 

Kaspi.- 2011.- 29 sentyabr.- S.8.