“Disklərim
dünyanın hər yerində satılır”
Qoçaq Əsgərov: “Əcnəbilərin
musiqimizə maraqları hədsizdir”
Gənc xanəndə Qoçaq Əsgərov
Moskvada MDB-nin Humanitar Əməkdaşlıq Şurası və
Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fondu tərəfindən təsis edilən “Debütlərin
Birliyi” Beynəlxalq Müsabiqəsinin laureatı olub.
Müstəqil
Dövlətlər Birliyinin Tarix-mədəniyyət İli
çərçivəsində MDB-yə üzv dövlətlərin
maddi və qeyri-maddi mədəni irsinin qorunması və təbliğ
edilməsi sahəsində gənc mütəxəssislər
üçün nəzərdə tutulan müsabiqədə
üç nominasiya üzrə seçim aparılıb.
Qoçaq
Əsgərov qəzetimizə müsahibəsində bildirib
ki, müsabiqənin qalibləri Dövlətlərarası
Humanitar Əməkdaşlıq Fondunun növbəti tədbirində
təltif olunacaqlar.
Sevindirici xəbər
-
Müsabiqənin şərtinə görə, orada yalnız
beynəlxalq uğurları olan xanəndə təmsil
olunmalı idi. Mənim göstəricilərim həmin
müsabiqəyə uyğun gəldi. Mən həm müstəqil
fəaliyyət göstərirəm, həm də Avropa
dövlətlərinin müxtəlif kampaniyaları ilə əməkdaşlıq
edirəm. Mənim disklərim İtaliyada, Avstraliyada,
İngiltərədə işıq üzü görüb. Səmərqənddə
keçirilən «Şərq bülbülləri» müsabiqəsində
birinci yerə layiq görülmüşəm. Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən mənim haqqımda məlumatlar
və disklərim həmin müsabiqəyə göndərilib
və gərgin müzakirələrdən sonra laureat
adını almışam. Bu xəbər mənim
üçün çox sevindirici oldu.
- Bir neçə ay bundan əvvəl
siz İtaliyada çıxan diskinizin təqdimatını
keçirdiniz. Diskin davamı oldumu?
- Bu
yaxınlarda Londonda diskim işıq üzü görəcək.
Bütün dünya musiqiçiləri həmin SD-də yer
alır. Azərbaycandan da mənim və
Alim Qasımovun bir ifası yer alacaq. Biz Amerikada
olanda “Vaşinqton-post”
qəzetinin keçmiş
müxbiri «Montanada muğam» adlı film çəkib.
Bu film keçən ilin aprel ayında
Los-Ancelesdə nümayiş
etdirildi və mükafat qazandı.
Onlar sonradan yeni bir
film də çəkdilər.
- Filmin mövzusu nə barədədir?
- Film mənim haqqımdadır.
Süjet
xəttində Qarabağ
hadisələri, balaca
xanəndə Nizaminin
taleyi haqqında danışılır. Ancaq sonradan
bu uşaq səsini itirib. Mən də müharibə vaxtı döyüşlərdə
yaralanmış və
səsimi itirmişdim.
Təxminən 10 il oxuya bilmədim. Filmdə mənimlə Nizaminin
taleyi sanki müqayisə olunur.
Bir növ Nizaminin faciəsi göstərilir.
Filmin yaradıcı heyəti Bakıda olarkən görkəmli muğam ifaçılarından müsahibələr
də alıblar.
Əcnəbilərin marağı
- Əcnəbilərin milli musiqimiz, xanəndələrimiz haqqında
film çəkmələri onların milli musiqimizə sevgilərindən
irəli gəlir, yoxsa ekzotika axtarışındadırlar?
- Bu ilin may ayında İtaliyada “Muğam - Azərbaycanın müqəddəs
musiqisi” diskimin təqdimatı keçirildi.
Adım məşhur musiqiçilərin
rəyi ilə yüzlərlə dünya
musiqiçiləri arasında
2011-ci ilin 20-liyinə daxil
edildi. Almaniyanın
“Dünya ritmləri” adlı məşhur radio stansiyası isə diski bəyənməklə
kifayətlənməyib, diskdəki
«Bayatı Şiraz» təsnifini “Qlobal
vise” verilişində səsləndirdi.
Diski buraxan «Filmay» musiqi şirkətinın rəhbərinə «Mən
italyan musiqisi ilə öz musiqimizi sintez etmək istəyirəm» deyəndə təəccübləndi.
Dedi ki, “nədənsə Şərqdən
gələnlərin hamısı
Avropa musiqisi ilə qarışıq bir musiqi yaratmaq
istəyir, ancaq bu, bizim üçün
maraqlı deyil. Bizim üçün maraqlı
olan sizin canlı ifanızdır, alətlərin səsidir”.
Mən ümumiyyətlə, Avropa
ölkələrində konsertlər
verəndə salonda demək olar ki, azərbaycanlı olmur. Yeni Zelandiyada konsert
verərkən təkcə
türk cəmiyyətinin
prezidenti zalda idi. Əcnəbilərin musiqimizə maraqları
hədsizdir.
- Xaricdəki diaspora təşkilatlarımız
sizin konsertləriniz zamanı hansı təbliğat işi ilə məşğul olurlar?
- Açığını deyim
ki, mən diaspora və səfirlik tərəfindən
dəvətlər almıram.
Biz Amerikaya gedəndə
maliyyə tərəfdən
Heydər Əliyev Fondu bizi dəstəklədi.
Bizim ayrı-ayrı ştatlarda
konsertlərimiz oldu.
Los Ancelesdəki konsulumuz Elin Süleymanov bizə çox dəstək oldu. Mən heç bir
ölkədə belə
diqqətlə qarşılaşmamışdım.
Mən adətən, avropalılar,
müəyyən musiqi
şirkətləri tərəfindən
dəvətlər alır,
festivallara qatılıram.
Əgər qonorar verilməyəcəksə...
- Azərbaycanda
solo-konsert vermək sizə maraqlı deyil?
- Gənc xanəndələr
arasında ilk dəfə Filarmoniyada
solo-konsert verən mən olmuşam. Ola bilsin ki, bu yaxınlarda diskimin təqdimatı ilə bağlı konsertim olsun. Ancaq işlərim həddən
artıq çoxdur.
Müəyyən səsyazmaları ayrı-ayrı musiqi kampaniyalarına göndərməliyəm.
Hazırda 3 beynəlxalq layihə
üzərində işləyirəm.
- Disklərinizin satışı necə həyata keçirilir?
- Mən Londonda olarkən «BBS» radiosunda «Dünya musiqi yolları» verilişinin yubileyində iştirak etdim. Onlar mənimlə əməkdaşlıq
edirlər. Başqa
ölkələrdən də
musiqi qrupları, məşhur insanlar dəvət
olunmuşdu. Həmin tədbirdə mənə
çox cüzi qonorar verildi. Ancaq orada iştirak eləmək mənim üçün çox vacib idi. Təbii ki, disklər satıldıqca qonorar verilir. Mənim icazəm olmadan
artıq diskimi buraxa bilməzlər.
Əgər müqavilədə 5 min tiraj göstərilibsə,
onlar bircə dənə də artıq buraxa bilməzlər. Ancaq mən
bu gün onlardan yüksək faizlər ala bilmirəm.
Çünki mənim yalnız
2007-ci ildən Avropa ölkələrinə yolum
açılıb.
- Bəs disklərin satışına
ölkəmizdə maraq
necədir?
- Buradakı studiyalardan da təkliflər almışam. Hətta, studiya rəhbərliyindən
biri diskimi buraxmaq üçün
1000-1500 dollar pul istədi.
Dedi ki, səni reklam edirik. Sözün düzü, mən
təəccübləndim. “Mənim disklərim
bu gün dünyanın hər yerində satılır.
Bu cür müqavilə
mənə lazım deyil”- deyə cavab verdim. Təsəvvür edin ki, mən Avstraliyaya, Yeni Zelandiyaya gedəndə Londonda çıxan diskim oradakı festivalda 30 dollara satılırdı.
Mən orada 30 dollara satılan diski burada 3 manata sata bilmərəm.
Əgər burada mənə
qonorar verilməyəcəksə,
nə üçün
razı olum? Ona görə də burada disk buraxmaq istəmirəm.
Təranə Məhərrəmova
Kaspi.- 2011.-30 sentyabr.- S.13.