Kaspi Təhsil Mərkəzi yekun hesabatını verib 

 

Sona Vəliyeva: “Təhsil ümumxalq işidir. Burada təkcə dövlətin dəstəyi, qayğısı azdır, hər kəs imkanı çatdığı qədər təhsilin inkişafına kömək etməlidir»

 

 Sentyabrın 13-ü Kaspi Təhsil Mərkəzi ənənəvi olaraq illik yekun hesabat tədbirini təşkil edib. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə 2010-2011-ci tədris ili üzrə Kaspi Təhsil Mərkəzinin fəaliyyəti və nailiyyətləri haqqında məlumatlar öz əksini tapıb. Bundan başqa, 2011-2012-ci tədris ilində nəzərdə tutulan yeni layihələrin həyata keçiriləcəyi barədə də açıqlamalar olub.

 

Tədbirdən çıxış edən Kaspi Təhsil Şurasının sədri Sona Vəliyeva qonaqları salamlayaraq mərkəzin uğurlu fəaliyyətindən danışıb. Təhsil mərkəzinin həmişə ictimaiyyətə açıq olduğunu deyən Şura sədri bildirib ki, mərkəz öz fəaliyyəti, proqramı haqqında daim media qarşısında hesabat verir: “Bu gün sizin qarşınızda verdiyimiz hesabat bir yox, bir neçə məqsəd daşıyır. Əvvəla, biz keçən ilki kimi 2010-2011-ci il tədris ilində həyata keçirdiyimiz proqramın yekununu sizə çatdıracağıq. İkinci məqsədimiz isə “Kaspi abituriyent” şöbəsinin nəşr etdirdiyi kimya, Azərbaycan tarixi və İngilis dili adlı vəsaitlərinin təqdimatıdır. Üçüncüsü, keçən il bildiyiniz kimi biz iki filialda fəaliyyət göstərmişik, bunlar Bakının Mətbuat prospekti və Sabunçu rayonunda yerləşən filiallardır. Artıq bu il biz öz fəaliyyətimizi daha da genişləndirmişik və bu iki filialın davamı olaraq Yasamal, Xətai və Əhmədli filialları fəaliyyət göstərir. Sizin qarşınıza çıxardığımız dördüncü əsas təqdimat isə daha böyük layihədir. Mən hesab edirəm ki, bu Azərbaycan məkanında yaxşı mənada səs-küyə səbəb olacaq ki, bu da “Kaspi Kids-Kaspi Körpələr” adlı məktəbəqədər – 4-6 yaşlı uşaqlar üçün hazırlıq kurslarının təqdimatından ibarətdir. Bizim ən böyük nailiyyətimiz olan bu layihə Təhsil nazirliyi tərəfindən də dəstəklənib. Bu layihə 10 ay müddətində, həftənin beş günü, gündə üç saat olmaqla ana dili, ingilis dili və rus dillərində məntiq, riyaziyyat, ətraf aləmlə tanışlıq, bir sözlə məktəbə hazırlıq prosesini həyata keçirəcəyik”.

Kaspi Təhsil Mərkəzinin bu ilki nailiyyətləri haqda danışan Sona xanım bildirdi ki, mərkəzdə abituriyent şöbəsi fəaliyyət göstərir və onun fəaliyyəti keçən ilkindən fərqli olaraq bir faiz də genişlənib: “Bu il Kaspi Təhsil mərkəzində oxuyan abituriyentlərdən 93 %-i mötəbər ali məktəblərə qəbul olmuşdur. Digər əsas göstərici ondan ibarətdir ki, keçən il ən yüksək balla qəbul olan abituriyentimizin göstəricisi 640 bal olub. Amma, bu il daha da artaraq 670 balla nəticə göstərən tələbələrimiz olub. Onu da qeyd etmək istəyirəm ki, ən aşağı balımız 450-ə qədərdir, ondan aşağı nəticəmiz yoxdur”.

Sona Vəliyeva həmçinin, onu da əlavə edib ki, Kaspi Təhsil Mərkəzi təkcə abituriyent hazırlığı üzrə yüksək nailiyyət göstərmir, eyni zamanda magistr hazırlığı üzrə keçirdiyi hazırlıq kurslarında da yüksək nailiyyət əldə etmişdir. Bu da Təhsil Mərkəzinin abituriyent şöbəsinin yüksək nəticəsidir. Sona xanım Kaspi Təhsil Mərkəzinin “Kaspi Xaricdə Təhsil” bölməsi barədə də söhbət açıb: “Bildiyiniz kimi, respublika daxilində hazırlıq kurslarından əlavə bizim təhsil mərkəzində “Xaricdə Təhsil” bölməsi də fəaliyyət göstərir. Nailiyyətlərdən danışmışkən onu da qeyd etmək istəyirəm ki, “Xaricdə təhsil” bölməsinin nailiyyəti, hətta abituriyent bölməsindən daha yüksək nəticələr göstərərək bir az da qabağa getmişdir. Belə ki, bizim təhsil mərkəzində xaricdə təhsil üçün hazırlaşan gənclərin 97%-i qəbul olunmuşdur.

Kaspi Təhsil Mərkəzinin ən ciddi iş rejimi olan, böyük nailiyyətlərə imza atan bölməsindən biri də “Xarici dil” bölməsidir. Bu bölmənin fəaliyyəti barədə tədbir iştirakçılarını məlumatlandıran Sona xanım bildirib ki, bu bölmədə də layihələri davam edir: “Azercell-in bizimlə birgə jurnalistlərin peşəkar dilə yiyələnməsi ilə bağlı bir layihələri oldu. Sonda iştirakçı jurnalistlərə sertifikatlar verildi və onlardan iki nəfəri Azercell və bizim birgə maliyyəmiz əsasında Londona dil təkmilləşdirmə kursuna göndəriləcək. Azercell-dən sonra bizə olan ikinci etimadın davamı Daxili İşlər Nazirliyindən gəldi və ən böyük layihələrdən biri olan bu iş çoxsaylı polis ordusuna peşəkar dil öyrətmək məsələsini ortaya qoydu. Səbəbi isə gələn ilin mayında Bakıda keçiriləcək “Eurovision “ mahnı müsabiqəsinə gələn qonaqlarla anlaşıqlı ünsiyyət qurulmasına nail olmaqdır. DİN bu layihəni bizə həvalə eləyib və layihənin həyata keçməsi artıq ikinci aya qədəm qoyubdur”.

Sona xanım onu da bildirdi ki, təhsil ümumxalq işidir. Burada təkcə dövlətin dəstəyi, qayğısı azdır. Hər kəs imkanı çatdığı qədər təhsilin inkişafına kömək etməlidir. Biz bundan sonrakı layihələrimizi  də davam etdirəcəyik və məsuliyyətimizi daha da artırmağımıza çalışacağıq.

Daha sonra Kaspi Təhsil Mərkəzinin direktoru Elnur Əliyev çıxış edərək uğurlarının səbəbləri və Kaspi təhsil mərkəzinin xaricdə təşkil etdiyi sərgilər və yeni Kaspi nəşrləri barədə ətraflı məlumat verdi: “Bizim bugünkü işimizin səbəbkarları rəhbərliyimiz başda olmaqla bütün müəllim heyəti və tələbələrdir. Artıq Kaspi Təhsil Mərkəzinin üç nəşri işıq üzü görüb. Bu üç kitabın hər biri çox ciddi araşdırma və təhlillər aparıldıqdan, bu sahə üzrə peşəkarların məsləhətlərini aldıqdan sonra nəşrə hazırlanmışdır. Kaspi Təhsil Mərkəzi Azərbaycanda yeganə özəl təşkilatdır ki, beynəlxalq təhsil sərgiləri keçirir. Təhsil sərgilərinin özü kifayət qədər geniş layihə olduğundan çox məsuliyyətli bir işdir. Biz ənənəvi olaraq hər il iki dəfə yaz və payız sərgiləri keçiririk ki, bunlar Kaspi Təhsil Mərkəzinin partnyoru olduğu universitetlərdə həyata keçirilir. Bu universitetlər dünyanın bir neçə inkişaf etmiş ölkəsində olan nüfuzlu ali məktəblərdir. Yeni partnyor universitetlərin sayı 70-ə çatmışdır və 50-ə yaxın tələbənin bakalavr və magistr pillələri üzrə xaricdə təhsilini təmin etmişdir. Bizim bu layihəmiz bu il də daha geniş şəkildə davam etdiriləcək. Xaricdə təhsil sərgisinin keçirilməsində əsas məqsəd Azərbaycan gənclərinin daha qabaqcıl universitetlərində təhsil almasına kömək etməkdir. Artıq üçüncü ildir ki biz bu layihəni davam etdiririk”. Təhsil Mərkəzinin direktoru daha sonra uşaq hazırlığı layihəsi barədə də məlumat verdi. Onların gələcək inkişafında bu layihənin rolunun önəmli olduğundan söhbət açdı.

Tədbirə dəvətli qonaqlar qismində Kaspi Təhsil Şurasının üzvü Yəhya Kərimov və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva da iştirak ediblər. Yəhya Kərimov uşaq hazırlığı, repetitorluq və s. barədə danışaraq Bakı və regionlarda abituriyent qəbulunu müqayisə elədi. O, həmçinin Kaspi Təhsil Mərkəzinin 93%  abituriyent qəbulunun olmasını böyük nailiyyət adlandırdı. Daha sonra Azərbaycandakı uşaq bağçalarının durumuna münasibət bildirən Şura üzvü xarici ölkələrdəki uşaq bağçalarından da söhbət açdı. “Kaspi Təhsil Mərkəzi də bu istiqamətdə müəyyən işlərə başlayıb, müəyyən proqramlar hazırlayıblar. “Uşağı məktəbə hazırlamaqda valideynin rolu çox böyükdür. Ona danışmağı, şeir əzbərləməyi valideyn öyrədir. Yəni ilk dəfə məktəbə hazırlıq valideyndən başlayır”.

Yəhya Kərimovanın çıxışına əlavə olaraq Sona xanım bildirdi ki, təhsilə münasibət dəyişilməlidir. “O mənada ki, bu münasibət fərqli olmalıdır, müəllimin aldığı maaşdan asılı olmayaraq məsuliyyət hissini dərk etməlidir. Bu günün təhsili gələcəyindir. Onu naşı adamın, milli qüruru olmayan insanın əlinə vermək olmaz. Hesab edirəm ki, hər bir hazırlıq kurslarının, universitet və kolleclərin də hər ilin sonunda jurnalistlərin iştirakı ilə ictimaiyyət qarşısında hesabatları dinlənilməlidir. Sona Vəliyeva daha sonra qeyd etdi ki, Mərkəz 2011-ci ildə Bakı şəhəri üzrə bir sıra məktəblərdə pulsuz sınaqlar təşkil etmişdir. “Kaspi Təhsil Mərkəzi özəl şirkət olaraq Azərbaycanda ilk dəfə ali məktəblərə qəbul imtahanlarından dərhal sonra Xəzər TV-də imtahan suallarının müzakirəsini ictimaiyyətə çatdırmışdır”. Bu layihənin gələcəkdə də davam etdiriləcəyi bildirildi.

Aynur Sofiyeva da çıxışında təhsildə valideyn rolunun önəmli olduğunu deyib. Kaspi Təhsil Mərkəzinin zəruri fəaliyyətinin nəticəsi kimi kollektivin işə məsuliyyətini göstərən Aynur xanım Təhsil Mərkəzi ilə birgə işləməyə daim hazır olduqlarını bildirib.

Təhsil Mərkəzinin yeni nəşrləri barədə isə müəlliflər özləri məlumat verib.

Tədbir iştirakçıları sırasında bir neçə məktəb direktorları da iştirak edib. 20 ¹-li məktəbin direktoru çıxış edərək hər bir məktəbin ayağa qalxmasına cəmiyyətin kömək etməli olduğunu deyib. O, Kaspi Təhsil Mərkəzinə təşəkkürünü bildirərək onların məktəblilər üçün pulsuz sınaq imtahanlarını təşkil etməsini dəstəkləyib. Direktor, həmçinin məktəblərlə hazırlıq kurslarının əlaqəli işləməsinin zəruri olduğunu bildirib.

Tədbirin sonunda bu il yüksək nəticələrlə ali məktəblərə qəbul olan abituriyentlərə hədiyyələr verilib. 670 balla ən yüksək nəticə göstərən Tural Bahadırlıya isə kompyuter hədiyyə edilib.

 

 

Elgün Mənsimov 

 

Kaspi.-  2011.-14  sentyabr.- S. 9.