Yazılı media ilə internet mediası bir-birinə rəqib ola bilməz

 

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli hesab edir ki, bunlar medianın paralel qollarıdırlar

 

Son vaxtlar əsas müzakirə mövzularından biri sosial medianın inkişafıdır. Xəbərlərin sosial şəbəkələr vasitəsilə yayılması, media orqanlarında çalışmayanların da xəbər istehsalına qoşulması bu sahədə yeni mənzərənin yaranması ilə nəticələnib. İnternet vasitəsilə təşəkkül tapan inkişafda olan bu media bəzən yeni media da adlandırılır. Bəziləri yeni medianı klassik çap mətbuatına alternativ kimi görür. Belələrinin fikrincə, yeni media zaman keçdikcə klassik medianı sıradan çıxaracaq. Amma bu fikirlə razılaşmayanlar da var. Bunlardan biri Demokratik Jurnalistlər Liqasının sədri, tanınmış jurnalist Yadigar Məmmədlidir.

 

- Yadigar bəy, son vaxtlar Azərbaycanda sosial medianın inkişafda olduğu müşahidə olunur. Yeni medianın gələcəyi ilə bağlı hansı fikirdəsiniz?

- Bəli, Azərbaycanda da yeni media yaranmaqdadır. Bir neçə ildir dünyada cərəyan edən proseslər bizim mediadan da yan keçməyib. Bizim sosial media inkişafdadır. Statistik məlumatlara görə, 2001-ci ildən etibarən Azərbaycanda sosial şəbəkələrdən media vasitəsi kimi istifadə etmək meyilləri xüsusilə çoxalıb. Xüsusilə gənclərimiz çox fəaldırlar. Təbii ki, bunun bir sıra müsbət mənfi cəhətləri var. Mənfi cəhəti odur ki, sosial şəbəkələrdə xəbərlərin yayılmasına nəzarət imkanları yoxdur. Elə bu informasiyaların idarə olunması da problemdir. Burada heç bir qayda-qanun, nizam-intizam gözlənilmir. Müsbət tərəfi isə odur ki, sosial şəbəkələr vasitəsilə xəbərlərin paylaşması informasiyanın yayılmasında zaman itkisini aradan qaldırır.

- Bizdə sosial şəbəkələr vasitəsilə müxtəlif media qurumlarının hazırladığı xəbərlər yayılır bir ayrı-ayrı iştirakçıların statusları, müxtəlif məsələlərlə bağlı fikirləri. Bunların hamısı yeni medianın elementləri kimi qəbul oluna bilərmi?

- Təbii ki, sosial şəbəkədə yayılan hər bir məlumatı medianın bir hissəsi hesab etmək olmaz. Siz dediyiniz məsələ ilə bağlı xeyli müddətdir dünya səviyyəsində gərgin müzakirələr gedir mübahisələr var. Mən o fikrin tərəfdarıyam ki, sosial şəbəkələrdə fəallıq göstərənləri, blogerləri hamılıqla media təmsilçisi hesab etmək olmaz. Sosial şəbəkələrdə yayılan xəbər yalnız ictimai əhəmiyyət kəsb edirsə, ona ciddi yanaşmaq lazımdır. Amma kimlərinsə korporotiv maraqları ilə bağlı xəbərləri media ilə əlaqələndirmək düzgün deyil.

- Sosial medianı bu sahədə yeni bir eranın başlanması kimi qəbul etmək olarmı?

- Təbii ki, yeni media bu sahədə sıçrayışlı inkişafa səbəb olub. Təsəvvür edin ki, indi mobil telefonlardan istifadə etməklə informasiyanı anındaca yaymaq mümkündür. Bu, çox adi bir məsələdir. Məsələn, əvvəllər televiziyaların hər hansı bir yerdən canlı yayım təşkil etməsi çox çətinliklə başa gəlirdi. Bunun üçün çox baha qiymətləri olan texniki vasitələrə sahib olmaq lazım idi. İndi isə sadəcə mobil telefondan istifadə etməklə bu bağlantını qurmaq mümkündür. Bu, hələ son demək deyil. Yaxın zamanlarda informasiyaya anında çatım imkanlarımız daha da artacaq. Bütün bunların hamısı yeni medianın xidmətləridir. Yuxarıda qeyd etdiyim kimi, bunun mənfi tərəflərinin olduğunu da unutmamalıyıq. Nəzarətdən kənar yayılan lazım olmayan informasiyalar son nəticədə bizim müəyyən zərərlə üzləşməyimizə səbəb ola bilər. Ən əsası bundan cəmiyyət ziyan çəkə bilər.

- Bizdə xəbər saytlarının, internet qəzetlərin sayı da sürətlə artmaqdadır. İnformasiya agentlikləri onlayn rejimində xəbər yayır, internet portallar çoxalırlar. Bütün bunlar yazılı mətbuata ciddi rəqib hesab oluna bilərlərmi? Başqa sözlə, yeni medianın qəzetləri sıradan çıxarmaq imkanları varmı?

- Bu tipli təhlükələr tarixin müəyyən mərhələlərində həmişə olub. Məsələn, kino yarananda deyiblər ki, teatr tamamilə sıradan çıxacaq. Amma biz bunun şahidi olmamışıq. Televiziya yarananda dedilər ki, radiolar tamamilə sıradan çıxacaqlar. Amma belə olmadı. İndi deyirlər ki, yeni media qəzetləri sıradan çıxaracaq. Məncə bu da reallaşmayacaq. Yazılı media ilə internet mediası bir-birinə rəqib ola bilməz. Bunlar medianın paralel qollarıdırlar. Unutmaq lazım deyil ki, yeni medianın özülü yazılı medianın üzərində qurulub. Normal yazılı media internet mediasının inkişafından narahat olmamalıdır.

Əksinə, internet mediasının inkişafı yazılı media üçün əlavə imkanlar açır. Yazılı medianın müraciət etdiyi mənbələr artır. Bundan başqa, xaricdə böyük media holdinqləri var ki, onların nəzarətində olan qəzetlərin həm yüksək səviyyəli saytları, həm radioları, həm televiziyaları fəaliyyət göstərir. Yəni yeni media yazılı mətbuat üçün bu kimi əlavə imkanlar açıb. Düzdür, hələlik bizdə belə qəzetlər yoxdur, amma mən inanıram ki, gələcəkdə olacaq. Bu baxımdan hesab edirəm ki, yeni medianı, internet portalları qəzetlərə alternativ kimi görmək düzgün deyil. Bunlar bir-birini tamamlayan elementlərdir.

- Bizdə yeni media nümunələri daha çox qəzetlərin hesabına məşhurlaşırlar. Bu fikri bölüşürsünüzmü? Yəni yeni yaranan saytları qəzetlər onlara istinad edəndən sonra tanıyırlar.

- Bəli, bu, həqiqətən belədir. Bizdə daha çox o saytlar uğur qazanırlar ki, onların klassik mediaya bağlılığı ya çıxışı var. Bunun özü mənim yuxarıda söylədiyim fikirləri bir daha təsdiqləyir. Bu baxımdan internet mediasının klassik medianı sıxışdırıb gündəmdən çıxaracağından qorxmaq lazım deyil. Bu, heç vaxt olmayacaq.

- Yeni medianın əsas nümunələrindən biri internet televiziyalarıdır. Son vaxtlar bizdə internet TV-lərin sayı sürətlə artır. Siz internet TV-lərin inkişaf perspektivini necə görürsünüz?

- Bəli həqiqətən bizdə internet televiziyaları artmağa başlayıb. Onların bəziləri davamlı fəaliyyət göstərməkdədirlər. Amma təəssüf ki, hələlik bizim bütün vətəndaşlarımızın internet televiziyalarını izləmək imkanı yoxdur. Başqa sözlə, onların auditoriyası o qədər geniş deyil. Onlar daha çox internet istifadəçilərinə xidmət edirlər. Amma hesab edirəm ki, internet televiziyalarının qarşısında duran bu problem bir zaman məsələsidir. Gələcəkdə bu problem həll olunacaq. Müəyyən texniki problemlər həll olunandan sonra biz internet televiziyalarını təkcə kompyuterlər vasitəsilə deyil, mobil telefonlarımızla da izləyə biləcəyik. Bax onda internet televiziyalarının əhatə dairəsi rolu artacaq. Mən bunu yaxın zamanların hadisəsi kimi proqnozlaşdırıram. Yəni cəmiyyəti daha tez, daha doğru informasiyalarla qovuşdurmaq imkanları getdikcə artacaq.

- Yadigar müəllim, bu günlərdə siz 50 illik yubileyinizi qeyd edirsiniz. Həyatınızın böyük bir hissəsini media işinə həsr etmisiniz. Bütün yuxarıda qeyd etdiyimiz yeniliklər nəzərə alınmaqla Azərbaycan mediasının gələcəyini necə görürsünüz?

- Müstəqillik illərində Azərbaycan mediası böyük inkişaf yolu keçib. Bu, bizim gözümüzün qarşısında baş verib. Bu illər ərzində bizim nəzərəçarpacaq uğurlarımız da olub, problemlərimiz . Təbii ki, bu müddət ərzində mediamız xeyli inkişaf edib. İmkanlarımız, maddi-texniki bazamız, kadr potensialımız, peşəkarlığımız artıb. Bununla yanaşı, bütün dünyada olduğu kimi bizim medianın da yeni-yeni problemləri peyda olub. Məsələn, elə yeni medianın yaranması ilə əlaqədar yazılı mətbuat xeyli oxucu itirib. Qəzetlərimizin tirajı xeyli azalıb, reklam qıtlığı var. İndi bu problemlərin həlli yolları axtarılır. Mən inanıram ki, sonunda bu problemlər öz həllini tapacaq. Ümumilikdə Azərbaycan mediasının gələcəyinə çox nikbin yanaşıram. Ümid edirəm ki, Azərbaycan iqtisadiyyatının bu cür sürətli inkişafı son nəticədə digər sahələrin, o cümlədən medianın da inkişafına təkan verəcək. Yaxın vaxtlarda Azərbaycan mediası bizim istədiyimiz qədər müstəqil bizim istədiyimiz qədər peşəkar olacaq. Mediamız cəmiyyətdə ictimai rəyin formalaşmasında əsas rol oynayan faktorlardan biri kimi qalmaqda davam edəcək.

 

 

İlham QULİYEV 

 

Kaspi.- 2011.-16 sentyabr.- S.5.