«Onun həyatdan köçməsi inanclı insanlar üçün bayram oldu» 

 

Mstislav Rostropoviçin qızı: “Atam vəsiyyət etmişdi ki, ondan sonra festival doğulduğu şəhərdə – Bakıda keçirilsin»

 

Bu yaxınlarda dahi violençel ifaçısı və dirijor Mstislav Rostropoviçin 85 yaşı tamam olub. Həmçinin ölümündən keçən 5-ci il də bu günlərə təsadüf edib. Rusiya və Avropanı əhatə edən Rostropoviç adına 2-ci beynəlxalq festival da maestronun doğum günü şərəfinə keçirilib.  Festivalın rəhbəri, maestronun böyük qızı Olqa Rostropoviç «Komsomolskaya Pravda»nın müxbirinə müsahibə verib.

Qeyd edək ki, Olqa Rostropoviç Moskva Konservatoriyasının violençel sinfini və Nyu-Yorkun məşhur Culyard məktəbini bitirərək solist kimi çıxış edib. Nyu-Yorkda Manhetten musiqi məktəbində dərs deyib. 2007-ci ildən Rostropoviç musiqi fonduna rəhbərlik edir. Bu fond gənc musiqiçilər üçün həyata keçirdiyi xeyriyyə tədbirləri ilə tanınır. Olqa Rostropoviç həmçinin  Mıstislav Rostropoviç festivalının bədii rəhbəridir.

 

Biri sevincli, biri kədərli

 

- İki yubiley tarixi üst-üstə düşüb – biri sevincli, biri kədərli.

- Siz deyirsiniz «kədərli»… Amma atam inanclı adam idi. Öz həyatını elə yaşayırdı ki, yaxşı yerlərə gedə bilsin, özünün dediyi kimi, «yaxşı əllərə» düşə bilsin. Ona görə də onun həyatdan köçməsi – həmin tarix bizim üçün, bütün inanclı insanlar üçün bayramdır. Bu, doğum tarixi və başqa həyata köçməkdir. 74-cü illərdə Roma Papası şəxsi qəbulunda atama dedi: «Sizin həyatınız keçir və siz Tanrıya yaxınlaşırsınız. Sizə həmişə nərdivanla yuxarı qalxmaq və ya aşağı düşmək arasında seçim etmək lazımdır. Sizin hər hərəkətiniz, qərarınız pillədir». Atam həmişə qarşısında bu nərdivanı görürdü və mən bilirəm ki, o, həmişə yuxarı qalxırdı.

- Rostropoviç adına festival tamam gənc olsa da coğrafiyası genişdir.

- Biz o şəhərlərdə və ölkələrdə konsertlər veririk ki, atamın həmin yerlərlə əlaqəsi olub və o yerlər onun üçün hansısa əhəmiyyət kəsb edib. Saratov - burada o, anamla nişanlanıb. Əlbəttə, Sankt-Peterburq, Nijni Novqorod, Orenburq, Voronej, hətta, İsveçrə, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya və Amerikada da konsertlər verib. Bizim festivalda parlaq orkestrlər iştirak edir: London Filarmoniyası, orkestr de Pari və Santa Çeçiliya. Əlbəttə, Temirkanov orkestri və «Rus filarmoniyası», Svetlanov orkeçtri də öz yerində. Dirijorlardan Antonio Pappano, Yuri Temirkanov, Dmitri və Vladimir Yurovski festivala gəlirlər. Rudolf Buxbinder, görkəmli Avstriya pianoçusu Maksim Vengerov uzun fasilədən sonra konservatoriyanın böyük zalında solo-konsert verdilər. Bunlar çox məşhur adlardır. Həmçinin Yuc Vonq çıxış etdi. O, hələ tamam gənc olsa da çox gözəl karyerası var. Yuc Vonq keçən il qarlı hava şəraitinə görə Moskvaya gələ bilmədi. Bu il isə özünü festivala çatdırdı. Hər il festival 27 martda – atamın doğum günündə açılır. Artıq üç ildir ki, məhz həmin gün dünyada atamın xatirəsinə həsr olunan müxtəlif tədbirlər keçirilir. Moskva isə atamın sevdiyi şəhərdir. Hansı ki, o, burada çox xoşbəxt illər yaşayıb və yaradıcılığının gözəl illəri bu şəhərə məxsusdur. Mən çoxdan burada atama həsr olunan genişmiqyaslı tədbir keçirilməsini düşünürdüm. O zaman Moskva meri Yuri Lujkov «Slava üçün nəsə etmək vaxtıdır» - deyə «Rostropoviç həftəsi» festivalını keçirməyi təklif etdi. Biz buna görə çox sevindik.  O vaxtdan hər il festivalı təşkil edirik.

 

Həyəcanının fərqli təzahürü

 

- Çoxları deyir ki, Qərbdə klassik musiqiyə daha səmərəli yanaşırlar, lap israfçılıq kimi. Bu, yaxşı bir restorana gedib qara kürü yeməyə bənzəyir. Rusiyada isə musiqi – həyəcandır, yaşantıdır.

- Əlbəttə ki, belədir. Amerikada qəzetlərində musiqi haqqında məqalələr əsasən «Əyləncə» rubrikası altında verilir. Avropada isə insanlar zala elə geyinib gəlirlər ki,  yemək qabağı əhəmiyyətli bir vaxt keçirmək kimi geyimlə gəlirlər. Belə olanda sən Vyana Filarmoniyasına getməyə və konsertə qulaq asmağa məcbursan. Ancaq bunda hansısa estetika var. Belə şəraitdə çox nadir hallarda özündəki həyəcanı boğa bilirsən. Bizdə musiqiçi, məsələn, Oystrax, Rixter, Gilels – onlar həmişə güclü şəxsiyyətlərdir. Mən atamın Rusiyada, Amerikada və Avropadakı konsertlərində olmuşam. Musiqini qavrama qabiliyyətinin fərqli olmasına baxmayaraq, insanlar heç vaxt bu zala laqeydcəsinə daxil olmur və çıxıb getmirdilər. Bu, təkcə gözəl ifadan asılı deyildi. Bu, atamın öz  həyəcanının fərqli səviyyədə təzahürü idi və insanlar bunu hiss edirdilər.

- Kütlə onu sevirdi. Bəs onun üçün hakimiyyət adamları ilə münasibət yaratmaq çətin idimi?

- Atam heç vaxt hisslərini nümayiş etdirmirdi. Onun xarakteri belə idi. Ona ümumiyyətlə, yaxşı yanaşırdılar. Demək olar ki, əksəriyyətin münasibəti belə idi. 2007-ci ildə Parisdə atamın həkimləri anamla mənə onun ömrünə bir həftə qaldığını deyəndə biz 24 saat ərzində atamı Moskvaya - xəstəxanaya çatdırdıq. Növbəti gün Vladimir Putin onu ziyarət etdi. Dəqiq deyə bilərəm ki, Vladimir Vladimiroviçdən bunu heç kim xahiş etməmişdi və hətta, heç kəs onu gözləmirdi. Bu, onun şəxsi insanlıq jesti idi. Hətta, xəstəxananın baş həkimi onun bu ziyarətindən məlumatsız idi. Putin qəfildən atama baş çəkməyə gəlmişdi. O atama və bizə dayaq olmağa, təsəlli verməyə gəlmişdi. Biz həmişə onun bu addımını xeyirxahlıqla xatırlayırıq.

 

Bu xatirəni saxlamaq vacibdir

 

- Rostropoviç özündən nə tələb edirdi?

- Hər şeyi vicdanla yerinə yetirmək – bu, onun şüarı idi. Öz biliyini vermək, təcrübəsini bölüşmək. Baxmayaraq ki, onu uzun illər ən yaxşı universitetlərdə dərs deməyə təklif etmişdilər, o, heç vaxt razılaşmamışdı. Çünki hesab edirdi ki, yalnız Rusiyada dərs verməlidir - təkcə rus musiqiçilərinə. Bu vətənpərvərliyi göstərməklə ona müharibə və evakuasiya vaxtı kömək ediblər. Buna görə atam həmişə hamıya kömək edərdi. Atam konsertlərinin 60 faizini pulsuz çalırdı. Zabitlər üçün, kimsəsizlər üçün, yetim uşaqlar üçün, əlillər üçün. Hətta, zürafələr üçün də çalırdı. Hardasa zürafəni onun adı ilə “Slava” adlandırmışdılar.

- O, qətiyyən qənaət etməyi  bacarmırdı?

- Təsəvvür edin ki, yox. Anam hər şeyə daha ayıq baxırdı. Dayım Sanya (Aleksandr Soljenitsın) bizim evimizdə yaşayırdı. Onun da baxışı hər şeyə ayıq idi. Anam gözəl başa düşürdü ki, əldəki hər şey keçib gedir və bu ailə üçün risqdir. Atam isə hər şeyə adi yanaşırdı. Amma bu insana yaşamaq, yazmaq lazım idi. Sonra biz xaricə  getdik, bu faciəvi idi. Bizə elə gəlirdi ki, biz həmişəlik gedirik – bu, dəhşət idi. Atam özü üçün yox, Rusiya üçün iztirab çəkirdi. Ailəyə görə o, heç vaxt həyəcan keçirməyib. Biz bu haqda həmişə düşünmüşük – nə üçün bu, belə idi? Və başa düşdüm ki, ailə onun üçün özünün bir hissəsi kimi əzizidir – ailə onun özü idi. O, həmişə əmin idi ki, əgər onun üçün hər şey yaxşıdırsa, deməli, ailəsi üçün də yaxşıdır. Mən tez-tez «Novodeviçye qəbiristanlığına gedirəm və orada tez-tez atamın məzarı üstünə gül dəstəsi gətirən tanımadığım insanlara rast gəlirəm. Bilmirəm onlar kimdir, hardandırlar. Sükutla dayanırlar, sonra gedirlər. Bu xatirəni saxlamaq vacibdir. 

 

Maestronun öz ideyası

 

- Rostropoviçin Bakıda keçirilən musiqi festivalını da Moskva festivalı ilə rəqabət kimi keçirirsiniz?

- Yox, bu festivallar çox fərqlidir. Bakıdakı festival Moskva festivalından əvvəl keçirilir. Bu festival 2007-ci ildə təşkil olunub. Festival dekabrın ilk həftəsində keçirilir. Ona görə də afişada hətta iki böyük kollektivi yerləşdirmək çox çətindir. Proqram da tamam başqadır.

Bakıda festivalın keçirilməsi maestronun öz ideyası idi. Atam vəsiyyət etmişdi ki, ondan sonra belə bir festival doğulduğu şəhərdə – Bakıda keçirilsin. Bu, baş verdi. Buna görə çox sevinirəm və hər il festivalın keçirilməsi ilə bağlı Bakıya həvəslə gəlirəm.

- Gələcək festivallar üçün planınız nədir?

- Mən plankanı çox yüksəkdə saxlamalıyam. Yoxsa atam rahat yata bilməz.

- Rostropoviçin adına təkcə festival yox, həmçinin təyyarə var. Nəvaxtsa həmin təyyarənin xidmətindən istifadə etmisiniz?

- Hə, amma sırf təsadüfən. Təyyarə istifadəyə veriləndən təxminən 3-4 həftə sonra biz ondan istifadə etdik. Ərimlə mən Almaniyadan uçduq. Həyat yoldaşım mövcud vəziyyətdən həyəcanlandı və təyyarənin bələdçisinə mənim Rostropoviçin qızı olduğumu bildirdi. Əlbəttə, mən qızardım və fikirləşdim ki, bəlkə bizi başqa  klassda yerləşdirərlər. Ancaq bizə heç ikinci portağal şirəsini də təklif etmədilər. Dedilər ki, başqa cür səslənər.

- Mediada polisə Rostropoviçin mənzilinin oğurlanması ilə bağlı müraciətin daxil olması barədə materiallar yer alıb.

- Konservatoriyanın böyük zalında keçirilən festivaldan qayıdandan sonra gördüm ki, mənzilin qapısı açıqdır və evdəki əşyalar dağılıb. Oğrular mənzildən 1 milyon rubl nağd pul, 36 min avro dəyərində mirvari-boyunbağı, planşet Ipad oğurlayıblar. Mənzilə dəyən ziyanın ümumi məbləği 2 milyon rubldur. Bu mənzil anam Qalina Vişnevskayaya məxsusdur. Yəqin ki, oğrular əvvəlcədən mənzildə heç kimin olmadığını müəyyənləşdiriblər. 

Hazırda polis oğruların tapılması üçün təhqiqat aparır.

- Necə bilirsiniz, ola bilər ki, zamanla afişalarda yenidən Rostropoviç soyadı görünsün?

- Təəssüf ki, yox... Baxmayaraq ki, bacım Lenanın kiçik oğlu musiqi ilə maraqlanır. O, pianoda çalır, dirijorluqla məşğul olmağı xoşlayır, ancaq bunlar hələlik hobbi səviyyəsindədir.

“Komsomolskaya pravda”dan tərcümə etdi

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.-2012.-6 aprel.- S.11.