Ən qısa əsərdir
insan həyatı...
Yusif Məhəmmədoğlu
yaradıcılığı haqqında düşüncələrim
Sinəndə
ağrılar zaman-zaman sən
Çox dərdlər çəkmisən, Azərbaycanım.
Qəmli
günlərini ağır olsa da
Canda gizlətmisən, Azərbaycanım.
Yaradiciliq
insanla birgə doğulur , gözlərini
bu geniş dünyaya açır və qol-qanad salıb
inkişaf edir. İldən -ilə də öz
inkişafının kamil zirvəsini fəth etməyə
çalışır. Əslində
yaradıcılıq onu yaradanın ruh əkizinə bənzəyir . Sanki hər addımında onun
yaradanına dayaq olmaq üçün , dəstək
olmaq üçün var olur. Bu ruh əkizinin
olması da yazıçını bir fərqli
dünyanın insanı olmasına səsləyə bilər.
Öz dünyası , öz yaradlcı ruhu
ilə fərqlənən yazıçılarımızdan
bir də Yusif Məhəmmədoğludur.
O, öz
dünyasının rəngarəngliyini
yaradıcılığında da əks etdirməyi
bacarır. Oxuduqca ani bir baxışla öz
ömür yoluna da nəzər sala bilirsən. Fərqliliyi və dolğunluğu hər
misrasından oxunur. Onun şeirlərində hər
birimiz az da olsa bir yer tuturuq. Öz
dünyamızı görə bilirik.
“Məni
belə tanı sən” kitabı müəllifin
“Qocalmışam demə, ata” (2008) , “Dəniz də dağlar
kimidir” ( 2009), “Ömrün otuz yarpağı” (2010) və “Ocaq
yeri” (2010) şeir və nəşr kitablarından sonra
oxucuları ilə beşinci görüşüdür. Kitabda müəllifin müxtəlif illərdə qələmə
aldığı şeirlər toplanıb. “Məni belə tanı sən” kitabını əlimə
aldığım andan etibarən onun fərqli bir aurası
olduğunu kəşf etdim. Sanki bu kitab mənə
yeni və yaşanmamış duyğulardan söz
açacaqdı.
Ömür
bir cümlədir, ölüm bir nöqtə,
Ən qısa əsərdir, insan həyatı.
Ya
yaxşı söylənir, ya pis söylənir,
Dillərdə əzbərdir, insan həyatı.
“İnsan həyatı” şeirindən olan bu dörd
misrada şair sanki bir insanın ömür yolunu yarada bilib. İnsanın həyat
yolunun hər iki fəslindən söz aça bilib
. Əslində bir insan ömrünü
dörd misraya sığışdırmaq və bunu
ustalıqla yaratmaq şairin istedadından bizi xəbərdar
edir.
Vətən
sevgisi, Vətən yanğısı hər şairin şeirlərinin
baş mövzusu ola bilər , amma şeirlərinin
döyünən, vuran ürəyinə çevrilə bilməz.
“Məni belə tanı sən” kitabının
elə ilk səhifəsindən Vətənin doğma qoxusu gəlir.
Sanki şeirlərindən hər misrası Vətənin
tər çiçəklərinin ətrinə
bürünüb. Sanki hər an bu misralar
, bu şeirlər canlana bilər. Əslində şairin
böyüklüyünü də elə burdan duymaq olar . Onun yaratdığı Vətən
adlı tablo insanın üçün həmişə
doğma və əzizdir. Şairin ustalıqla çəkdiyi
tablodan tam olaraq Vətənin , onun
çöllərinin , düzlərinin, vüqarlı
dağlarının , bağlarının, fəsillərinin
belə gözəlliklərini duya və görə bilirik. Sanki Vətən sözü belə canlanır və
səni ən əziz insanı kimi öz qoynuna alır. Belə bir tablonu yaratmaq mirvariləri incə sapa
düzməyə bənzəyir. Bu da ki ,
asan bir iş deyil və zəhmət tələb edir.
Şairin həm iti dərrakəsi , həm
güclü təxəyyülü və istedadı
olmalıdır. “Vətən”, “Azərbaycanım”,
“Dağlar”, “Torpaq” və s. şeirlərində Vətənin
tablosunu fəqli boyalarla əks etdirə bilmişdi.
Sənin
torpağından, sənin suyundan
Min bir gözəlliyin qoxusu gəlir.
Təbiət
min cürə naz-nemətilə
Hər addım başında gülür dirçəlir.
Adın
Odlar yurdu, eşqin tükənməz
Adına bağlıdır ürəyim, canım.
Sənin
qüdrətinlə yaşayıram mən-
Eşq
olsun adına Azərbaycanım!
Təbiətin sirrlərini kəşf etmək, anlamaq həmişə
yaradıcı insanları düşündürüb. Şair Yusif Məhəmmədoğlu
da gücünü və sevgisini təbiətdən alır.
Şair öz qəlbində təbiətlə
bir vəhdət belə yarada bilir. Bu vəhdətdən
göy qurşağının müxtəlif rənglərinin
qarışığından belə alınan rəng
çalarlarını görmək olar .
Dağlarda
qonaq oldum, ümmanlarda gecələdim,
Damlalarda yaşadım, kükrəyən ümmanı
sevdim.
Zirvəyə
əl uzatdım,buludları qucaqladım,
Qayalar arasında lövbərli dumanı sevdim.
Təbiət
qorxusunu ram edə bildiyi andan , insana
yaxın olduğunu duyduğu andan etibarən tufanını,
boranını qapı ardına qoyub, baharını,
çiskinli payızını yaradıcı insanların
üzünə açır. Şairlərin hər
misrasında belə təbiət öz
şıltaqlıqlarını növbələşdirə
bilir. Gah bahar , gah da payız
insanın gözlərini qamaşdıra , qəlbini isə
titrədə bilir. Müəllifin “Məni belə tanı sən”
şeirlər kitabında təbiətin ən xoş anlarını , günlərini görə
bilirik.
İstənilən
mövzuya , istənilən problemə
şairin şeirlərində rast gəlmək . Sanki şair illərin ağır yükünü
çəkib çiyinlərindən salmaq istəmir.
Bilə-bilə bu ağırlığa ,
bu fədakarlığa güc gəlməyə
çalışır. Bəli , bu da bir
şair ömrünün, bir yaradıcı insan
özrünün şərəfli göstəricisidir.
Şair hər an bu yükü
daşımağa hazır olduğunu şeirlərində
sübut etməyə çalışır. Sanki şair bu
ağırlıq bir quş qədər yünğül
, ya bir dünya qədər ağır olsa nə fərqi
var deməyə çalışır .Şair
yüküdü və çəkilməlidi deyir. Fərqli fəlsəfi dünyanın
qapılarını bizim üzümüzə açır bu
şeirlərində. Bizi ,
oxucuları belə sual qarşısında qoyur . Bəzən tam olaraq hər şeyi ovucumuza qoyur, bəzən
də gizli və sətiraltı məqamlari iri bir sual işarəsi
altında gizlədir. Oxucunu
düşünməyə vadar edir.
Çəliyini
çəkən ömür,
Gəncliyimi
sökən ömür,
Həsrət
evi tikən ömür,
Sənə borcum nədi mənim?
Qürub
evim ana torpaq
Həmümidsən sən, həm də haqq.
Çox
da səninkiyəm bir vaxt
Sənə borcum nədi mənim?
Müəllif kitabda böyük bir hissəni müqəddəs
varlıq olan anaya həsr etmişdi. Sanki anası hər
şeirdə şairin əllərindən tutur, öz isti və
doğma nəfəsində onun əllərini
qızıdırır. Ana şair
üçün itirdiyi bir cənnətin yenidən şeirlərdə
canlanmasıdı. Anasını yenidən şeirlərində
dünyaya gətirir , bir insan
ömrünü yaşadır və yenidən əbədiyyət
dünyasına qaytarır . İstəməzdim kədərli
notlara toxunum , amma şair itirdiyi
anasının simasını məhz şeirlərində
yarada bilir. Onunla şeirlərində
görüşür və vidalaşır. Kitabda “Ana
laylası”, “Ana”, “Anam üçün”, “Anama”, “Neyləyim,
Ana”, “Yaman darıxmışam” və s. şeirlərində
ananısının ən gözəl portretini yarada
bilmişdi. Əslində anaya həsr olunmayan
şeirlərindən belə ananın isti nəfəsini
duymaq olur.
Yuxusuz gecəmə
yuxu gətirdi
Körpə ürəyimdə sevinc bitirdi.
Həyatı
anlayıb duymadığım vaxt
Mənə
qol-qanadlı nəğmə yetirdi-
Ana laylası.
və
ya
Sən mənim
sevincim, bəxtiyarlığım,
Sən mənim ümidim, vəfadarlığım.
Sən mənim
ilk sevgim, düz ilqarlığım
Mən sənin o şirin laylanam, ana.
- deyən şair insanın qəlbində bir
titrəyiş , bir kövrəklik yarada bilir.
Bəzən yaradıcı insan həqiqi sevgisini
şeirlərində kəşf edə bilir. Yaratdığı gözəlin
surətini reallıqdan tam ayırdıqdan sonra ona yeni bir ruh , can verir və sevməyə
başlayır. Və bu sevgidən qəribə
duyğular dalğası əmələ gəlir. Bu
dalğa o qədər güclü olur ki ,
oxucu belə bu heyranlığın təsirindən bir
müddət çixa bilmir. Sevgi və gözəlliyin
tərənnümü müəllifin bu kitabında da öz
mövqeyini tapa bilmişdi. Hər an bu sevgi
, bu gözəllik gizli qalmaq duyğusundan azad ola bilərəm
deyə alçaq səslə pıçıldayır. Şair sevgilisinin əllərinin hərarətindən
belə qızınır və olduğu dunyadan
ayaqlarını üzüb fərqli bir məkana düşür.
Əlini
mənə ver, qoy hərarətin
Keçsin ürəyimə, keçsin qanıma.
Əlini
mənə ver, məhəbbətinin
Alovu, istisi qızdırsın məni.
Qayğısız,
duyğusuz düşüncələrdən
Çəksin bir kənara azdırsın məni.
və
ya,
Əgər
sevirsənsə, tut əllərimdən,
Qəlbimi xalı tək yoluna sərim.
Quş
olub zirvəyə qonası olsan
Mən də qanad açım yanına gəlim.
Müəllif
“Məni belə tanı sən” kitabında fəlsəfi yüklü , sevgi atəşli , Vətən həsrətli
, Ana nisgili ilə dolu şeirləri ilə yanaşı
doğmalarını da unutmamağa
çalışmışdı və yeri gəldikcə
onların da könlünü almış , şeirlərinə
gətirmişdi. “Eləmi” ( ömür-gün
yoldaşına), “Oğluma” ( oğlu İsmayıla), “Ay
oğul” (oğlu Məhəmmədə) şeirləri də
çox təsirlidir. Əslində müəllif
bu şeirlərdə dili ilə deyə bilmədiklərini
yaratmışdı. Oxuduqca sevginin
gücünü və dərinliyini anlayırsan.
Hər yazıçını, hər şairi müəyyən
qədər də olsa onun yazılarında kəşf etmək
olarmış.
Bu fikirə inanmırdım , amma şahidi
oldum. Bu kitabı oxuduqca hörmət etdiyim ,
yaradıcılığını sevə-sevə oxuduğum
yazıçının bu günə kimi mənə
qaranlıq və gizli qalan məqamlarını şeirlərində
kəşf edə bildim. Kəşf etdiyim
dünya çox saf bir sevginin və doğmalığın təcəssümüdür.
“Məni belə tanı sən”
kitabında istənilən məqama , istənilən problemə
və istənilən mözzuya rast gəlmək olar . Bu da
şair qəlbinin dərinliyindən xəbər verir.
Şair cəmiyyətimizdə kök salan problemlərdən
, sevgidən , Vətən dərdindən , Anadan , övladdan
və İnsanı düşündürə
biləcək hər bir mözudan söz aça bilib.
Şair öz qəlbinin dərinliyini və genişliyini hər
misrasında belə bizlərə yaxın edib . “Məni belə
tanı sən” kitabı müasir ədəbiyyatımızda
öz layiqli yerini alacağına əminəm və şairə
yeni yaradıcılıq uğurları diləyirəm.
Könül Səid
Kaspi.-2012.-4-6 fevral.-
S.17.