Toxunuşun səsi 

Məcid Məcidinin “İlahi rəng” filmi barədə

 

Məcid Məcidi İran kinematoqrafiyasının əvəzedilməz sütunudur. Elə sütun ki, onu kiminləsə əvəzləsən, həmin yükü saxlaya bilməyəcək. M.Məcidinin filmləri dünyəvidir, amma milli-mental dəyərlərin realizə olunması da öz yerində. Məsələn, “İlahi rəng” filmində çay qırağında üzünü qırxan qəhrəman, əlindən düşüb sınmış güzgünü özündə saxlamır, çaya atır. Bildiyimiz kimi, sınmış güzgünü çaya atmaq müsəlman adətidir, həm də inancdır.

Sınmış güzgüdə əks bölünür. İnsanın əksinin bölünməsi isə onun simasının, həyatının parçalanmasına işarədir ki, filmdə belə də olur. Bir dəyər sistemini digər ölkələrin dəyər sisteminə çevirmək müasir dünyada çox görünən bir haldır. İran bütün sahələrdə olduğu kimi, film sahəsində də özünəməxsusluğu saxlamaq məsələsində həssasdır. Ən yaxşısı da odur ki, İran siyasəti filmlərə çox da yol tapa bilmir. Bu amilin müxtəlif səbəbləri olduğu məlumdur, amma həmin səbəbin sənət tərəfi bizi daha çox maraqlandırır və məmnun edir. M.Məcidinin korların həyatından bəhs edən “İlahi rəng” filmionun digər ekran işləri kimi əsl sənət nümunəsi, şedevrdir. Kor uşağın həyatından bəhs edən bu film insanı həm kövrəldir, həm də şükr etməyə məcbur edir. Filmdə baş rolları Hüseyn Məcruh, Mövsüm Rəmazani, Somer Feyzi, İlham Şərifi və Rəhnaz Şəfani oynayır. Filmin ssenari müəllifi və rejissoru M.Məcididir.

Süjet

Məhəmməd kor uşaqlar oxuyan məktəbdə təhsil alır. Orda bütün həyat səs və toxunuşdan ibarətdir. Hər biri həyatı görmürlər deyə, həmin məktəbdə intriqalar da yoxdur. Deməli, görmək insanda tamah, tamahsa intriqa yaradır. Rejissor bu sistemlə korlar və görən insanlar arasındakı fərqdə korlara üstünlük verir, onların İlahiyə daha yaxın olduğunu göstərir.

Tətil zamanı uşaqlarını götürməyə gələn valideynlər arasında Məhəmmədin valideyni yoxdur, gəlməyib. Məhəmməd özünü tənha hiss edir. Bağçada təkcə oturub atasını gözləyən Məhəmməd axır ki, arzusuna çatır, atası gəlir. Onu kəndə aparır. Məhəmmədin anası yoxdur, atası isə evlənmək eşqinə düşüb. Ona görə də Məhəmmədi kor dülgərin yanına qoymaq istəyir. Amma Məhəmmədin nənəsi qəti etiraz edir, oğluna başa salır ki, sən Məhəmmədi yox, özünü düşünürsən. Lakin heç bir xeyri olmur. Atası məcburən Məhəmmədi nənəsindən ayırıb həmin dülgərə köməkçi verir, özü isə mürəxxəs olur. Dülgər Məhəmmədə kiçik bir otaq verir. Məhəmməd əvvəl-əvvəl ağlayır. Özünü tənha hiss edən Məhəmməd dülgərlik sənətini öyrənməyə başlayır, qabığından tanıyır ki, yonacağı taxta hansı ağacdandır. Onun səsi kosmik, İlahi səsdir deyə, göyləri də əli ilə hiss edir. Onun ahı da nəfəslə deyil, toxunuşla çatır Tanrıya. Məhəmmədin nənəsi az vaxtdan sonra vəfat edir. Atasının istədiyi qızsa ona göndərilən hədiyyələri geri göndədir ki, onların nişanlanması onun ailəsinə və həyatına uğursuzluq gətirir. Məhəmmədin atası tək-tənha qalır və gedir ki, oğlunu öz yanına gətirsin. Məhəmməd atasına qoşulub gəlir. Bir xeyli yol gedirlər. Qalın meşənin ortasındakı çayın üstündən atla keçəndə körpü uçur Məhəmməd və ata çaya düşürlər. Bir müddət olanlara qıraqdan baxan atası şokdan ayılır və Məhəmmədin dalınca üzsə də çata bilmir. Bir gün sonra çayın dənizə qovuşduğu yerdə, dənizin sahilində huşsuz vəziyyətdə olurlar. Məhəmmədin atası oyanıb ağlamaq istəyəndə, təxminən yüz metr aralıda dənizin sahilində Məhəmmədi görüronun yanına yüyürür. Məhəmmədsə oyanmır. Atası Məhəmmədi bağrına basıb öpür və ağlayır. Elə həmin an Məhəmmədin həmişə danışdığı, səslərini anladığı bir dəstə quş onların başının üstündən oxuya-oxuya keçirlər və Məhəmmədin əlləri tərpənməyə başlayır. O, quşların səsinə oyanır. Burada rejissorun qayəsi yekunlaşır, film bu səhnəylə bitir. Rejissor göstərmək istəyir ki:

A) İnsan təbiətin ayrılmaz hissəsidir.

B) Ətrafımızdakı səslər nələrisə ifadə edir, amma biz o səslərə qoşulmaq istəmədiyimizə görə onları anlaya bilmirik. Tanrı insanı ən kamil varlıq yaradıbsa, insan təbiəti dərk eləməlidi, ona (heyvana, ağaca) yuxarıdan aşağı baxmamalıdır.

C) İslam fəlsəfəsinə xas maraqlı bir ünsür də filmin açılış tezislərindəndir: “Allah bir tərəfdən alanda, o biri tərəfdən verir”. Tanrı xeyirxah olduğuna görə bizdən aldığı, əslində bizə vermədiyidir, onu bizim əlimizdən almayıb. Bizə verdiyi isə bizi xeyirə aparandır: Məhəmməd quşların səsini duya bilməsəydi, öləcəkdi, çünki o, atasının səsinə oyanmamışdı.

Filmdə maraqlı situasiyalar var: məsələn, Məhəmmədin ağlayaraq Tanrıya üsyan etməsi: “Müəllim deyir ki, Allah siz korları daha çox sevir, ona görə ki, siz görmürsünüz. Mən də ona deyirəm ki, əgər bizi sevsəydi, bizi kor eləməzdi. Müəllim dedi ki, Allah gözlə görünən deyil, o hər yerdədir, siz onu hiss edə, əllərinizlə görə bilərsiniz. Mən hər yeri gəzirəm ki, bir gün əlim ona çatsın və hər şeyi ona deyim, hətta ürəyimdə olan sirləri də”. Rejissor qəhrəmanın dili ilə də ideyasını əyan edir: İlahi rəng - İlahi səsdir.

1. Korların təbiəti hiss etməsi ilə bağlı səhnələr də çox maraqlıdır: Məsələn, Məhəmməd torpağın üstünə düşmüş quş balasını yerdən götürüb köynəyinin cibinə qoyur və ağaca dırmaşıb quşu öz yuvasına salır.

2. Avtobusda gedəndə küləyə əli ilə toxunur. Yəni özünü təbiətin bir hissəsinə çevirməyi bacarır.

3. Ağacdələnlərin səsini anlayır. Dəniz kənarında qağayıların səsinə qoşula bilir.

4. Torpağa ayağıyla belə toxunanda bilir ki, getdiyi yol kəndin yolu deyil.

 

Fərid Hüseyn 

Kaspi.-2012.-14 fevral.-S.16.