“Bizim də aktyorlarla bağlı
problemimiz var”
Lənkəran
Dövlət Dram Teatrı keçən həftə Bakıda
qastrol səfərində idi. Kollektiv paytaxt
tamaşaçıları qarşısında Maarif Məmmədovun
«Sovqat» və Kamran Nəzirlinin «Şeytan işığı»
əsərləri əsasında hazırlanan tamaşalarla
çıxış etdi.
Tamaşa
öncəsi teatrın direktoru İslam Həsənov
«Kaspi»-nin suallarını cavablandırıb.
Yeni iş birlikləri
- “Sovqat”
və “Şeytan işığı” tamaşaları ilə
ilk qastrol səfərinizdir?
- «Sovqat»
tamaşasını artıq Lənkəran teatrında dəfələrlə
oynamışıq. Bu tamaşada baş rolu – Əflatun rolunu
oynamağa Gənc Tamaşaçılar Teatrının
aktyoru Natiq Fərzəliyevi dəvət etdik. Bu, başqa
teatrların rejissor və aktyorlarını öz
teatrımıza işbirliyinə dəvət etmək
baxımından ilk təcrübəmiz idi. Tamaşanı da
bu məqsədlə götürdük.
Bundan əlavə,
Naxçıvan teatrının bədii rəhbəri, Xalq
artisti Kamran Quliyevin quruluşunda Kamran Nəzirlinin «Şeytan
işığı» tamaşasını təqdim edəcəyik.
Bu, Kamran Nəzirlinin bizim teatrda tamaşaya qoyulan ilk pyesidir. Hər
iki əsrlə ayrı-ayrı rayonlara qastrola
çıxmışıq. İstədik ki, Bakının
tamaşaçıları da bu tamaşalara baxsınlar
-
Başqa teatrların rejissorlarını və
aktyorlarını işbirliyinə dəvət etməkdə
hansı uğuru əldə edirsiniz?
- Təbii
ki, öz teatrımızın rejissorları var. Onlar da
maraqlı tamaşalar hazırlayırlar. Biz Bəhram Osmanovu
Bakıdan dəvət etmişik. O cümlədən,
Sumqayıt teatrından, Rusiyadan, Gürcüstandan da rejissorlar
teatra dəvət olunub. Hazırda bizdə Molyerin «Mizantrop»
pyesi əsasında «Mizantrop -21» pyesi bolqar rejissoru Xristo
Stoyçevin versiyası əsasında
səhnəyə qoyulacaq. Mart ayında rejissor Lənkərana
gələcək və tamaşaya quruluş verəcək.
Biz həmçinin bolqar yazarı Panço Pançevin «Dörd əkiz haqqında
nağıl”ı əsasında «Əkizlərin
nağılı»nı hazırlayırıq. Artıq
Panço Pançevlə ünsiyyət qurmuşuq. Mən
hazırda türk yazıçısı Savaş
Dinçelin «Çərpələngin quyruğu» əsəri
əsasında «Yaşanmayan gənclik» əsərini
hazırlayıram. Həmçinin Savaş Dinçellə də
ünsiyyət yaratmışıq.
Ankarada isə Turqut Özakmanla bir araya gəldik.
Düşünürəm ki, quracağımız
tamaşaların maraqlı alınmasında bu cür əlaqələrin
yaxşı rolu olacaq. Heç şübhəsiz, yaradıcı əlaqələr
teatrın iş potensialının inkişafına,
aktyorların təkmilləşməsinə stimul yaradır.
Tamaşaçıların da gözü alışır,
başqa düşüncəni qəbul edirlər. Bu, həm
yaradıcı heyət, həm də tamaşaçılar
üçün maraqlıdır. Ümumiyyətlə, Lənkəran
teatrı bir yerdə dayanmağı xoşlamır. Elə
vaxt olur ki, il ərzində bir neçə festivalda iştirak
etmişik. Özümüz axtarırıq, əlaqələr
yaradırıq, gözləmə mövqeyi tutmuruq. Həmçinin
bizim rejissorlarımız da Gürcüstanda, Sumqayıtda
tamaşalar hazırlayırlar. Hazırda Naxçıvan
Teatrı ilə danışıqlar gedir. Əsas
amalımız bu cür əlaqələrimizi genişləndirməkdir.
Həm yaradıcılıq nöqteyi-nəzərindən, həm
də texniki imkanların genişləndirilməsi baxımından
çalışırıq.
İnsanların tələbi
- Adətən,
paytaxt teatrlarının rejissorlarından «Nə
üçün başqa ölkələrin teatrlarından
rejissorlar dəvət olunur. Özümüz də
tamaşanı hazırlaya bilərik» kimi iradlar eşitmişəm.
Bəs bu addım sizin teatrda hər hansı bir fikir
ayrılığı yaratmır ki?
-
Hazırda teatrımızda 3 rejissor çalışır.
İl ərzində teatrımızda 7-8 tamaşa səhnələşdirilir.
Amma nə qədər bir düşüncənin məhsulu
ola bilər? Bu tamaşaçı üçün də
bezikdirici olur, adiləşir. İstər-istəməz
mütəmadi işləyən adam öz dediklərini
tamaşalarda təkrar-təkrar çatdırır.
Rejissorların özləri də bunu dərk edirlər və
onlar bir balaca azad olmaq,
tamaşanı qoyandan sonra bir qədər dincəlmək
istəyirlər. Heç şübhəsiz, hər hansı
bir tamaşa səhnəyə qoyulandan sonra həmin ab-havadan
qurtulmaq üçün vaxt lazımdır. Bu baxımdan biz
rejissor işində rəngarənglik, fərqlilik yaratmaq niyyətindəyik.
Bu da bizə asan başa gəlmir. Bunun üçün Mədəniyyət
və Turizm Nazirliyindən xahiş edirik və onlar da bizə
sifarişli tamaşalar verirlər. Nazirliyin dəstəyi
olmasa, təbii ki, biz bunu sərbəst həyata keçirə
bilmərik.
- Bəs
ayrı rejissorların yozumu ilə ərsəyə gələn
tamaşalardan sonra tamaşalar arasında marağın
canlanmasını hiss edirsinizmi?
- Bizə
maraqlı deyil ki, zalda çoxlu adam olsun. Zalda tamaşanın
mahiyyətini dərk edən, sənəti qiymətləndirən
20-30 adamın olması da kifayətdir. Təbii ki, tamaşalar
var ki, bir qisim tamaşaçı üçün,
tamaşalar da var ki, geniş kütlə üçün nəzərdə
tutulur. Müxtəlif zövqlər nəzərə
alınır. Biz hər il uşaqlar üçün
onların zövqünü, düşüncəsini
formalaşdırmağa xidmət edən tamaşalar da
hazırlayırıq. Repertuarımızda məişət
mövzusunda, dərin psixoloji və s. mövzulu
tamaşalarımız var. Deyə bilmərəm ki,
tamaşalarımız həmişə anşlaq olur, amma
tamaşaçımız həmişə var.
Tamaşaçıların özünün də teatra
ehtiyacı var. İnsanlar özləri bizdən yeni
tamaşalar tələb edirlər.
Kassadan bilet alanlar
-
Sualımı konkret verəcəyəm:
tamaşalarınıza kassadan bilet alıb gələnlər
varmı?
- Biz
normativ xətrinə iş görmürük.
Tamaşalarımızı müəyyən günlərə
dəqiqləşdiririk. Təbii ki, həmin günlər
üçün kassadan bilet alanlar da olur. Yeni il, Novruz
tamaşalarımız olur. Hazırda Lənkəranda yeni
müəssisələr, o cümlədən ictimai əsaslarla
işləyən müəssisələr yaranıb. Xarici
müəssisələr də fəaliyyət göstərir.
Özümüz onlarla əlaqə yaradırıq ki,
teatrımızda tamaşalar oynanılsın. Çünki
tamaşa olanda aktyor da ruhən yaşayır, sənətinə
bir az da bağlanır. Məsələn, fevral ayının
qarlı günlərində Lənkəranda 6 tamaşa
oynamışıq. Bundan əlavə, Masallı rayonu ilə
müqavilə bağlamışıq. Bir həftə ərzində
orada tamaşalarımızı oynayacağıq. Bu proses eyni
zamanda, Astara, Qazax rayonları ilə də gedir. Keçən
il Lənkəran teatrı Gürcüstanın
ayrı-ayrı şəhərlərində tamaşalar
göstərdi.
- Necə
qarşılandınız?
-
Tamaşalarımıza böyük maraq hiss elədik.
Tamaşalar var ki, «yaxşı» və «pis» sözlərlə
ifadə olunur. Amma tamaşalar var ki, mübahisə
doğurursa, rejissorun quruluşuna, aktyorun ifa tərzinə
görə müzakirələrə səbəb olursa, bu
mövzuda tamaşaçı və ya yaradıcı adamlarla
dialoq yaranırsa, demək, həmin tamaşa nəsə deyib.
- Adətən
zaldakı auditoriyada yaş fərqinə görə gənclər,
yoxsa yaşlılar üstünlük təşkil edir? Onlar
daha çox hansı mövzulu tamaşalara meyl edirlər?
- Zalda hər
yaş dövrünü əhatə edən
tamaşaçı olur. Sonuncu quruluş verdiyim «Lənkəran
xanının vəziri» tamaşasına ən soyuq havalarda belə
tamaşaçılar gəlib baxır. Meydan üslubunda
çox maraqlı tamaşa alınıb.
Tamaşaçılar özləri həmin tamaşanın
repertuara salınmasını xahiş edirlər. Bütün
bunlar sevindirici haldır.
- Bəs
repertuarda daha çox hansı əsərlərə
üstünlük verirsiniz – klassikaya, çağdaş
dramaturgiyaya və yaxud yerli yazıçıların əsərlərinə?
- Əsasən
gənclərin düşüncələri ilə
bağlı olan tamaşalara üstünlük verməyə
çalışırıq. Ancaq teatrın özünün
də aktyorların inkişafı ilə bağlı
strategiyası var. Təbii ki, tamaşaçı da
tamaşaya baxaraq aktyorla birgə formalaşır. Biz aktyorlarla
bağlı strategiyanı müəyyən dövrə qədər
müəyyənləşdirmişik. Ümumiyyətlə,
repertuarımızda rəngarəngliyə üstünlük
veririk. Biz düşündüyümüz strategiyanı pilə-pillə
həyata keçirməyə çalışırıq.
Gəncləri qınamıram
- Paytaxt
teatrlarında gedən yaş senzi ilə bağlı proseslər
sizin teatrda da yaşandımı?
- Bizim
teatrda da yaşı 65-i keçən insanlar var. Biz öz
teatrımızda nazirliyin təklifi ilə studiya
yaratmışıq. Bu studiyanın fəaliyyəti ilə
yaşlı nəsil aktyorlar məşğul olurlar. Təbii
ki, bizim yaşlı nəslə ehtiyacımız var. Onlarla
müqaviləni uzatmaq üçün nazirliyə müraciət
etmişik. Biz heç bir rejissoru və aktyoru işdən azad
etməmişik. Əgər onların səhhətləri icazə
verirsə müqavilə əsasında onları işdə
saxlayırıq. Yaş senzi bizdə yaradıcı heyətə
aid edilməyib.
- Gənc
aktyorlar necə, teatra işləməyə gəlirlərmi?
-
Çox təəssüf ki, bizim də aktyorlarla bağlı
problemimiz var. Demək olar ki, son illərdə Bakıda
institutu bitirən gənclər bizim teatra gəlmirlər. Bu
baxımdan yaratdığımız studiyada yerli kadrları
yetişdirməyə çalışırıq. Mən gəncləri
də qınamıram. Verilən maaş həcmində
onların Lənkərana gəlib yaşaması mümkün
deyil. Bir qədər real olmaq lazımdır.
- Deyə
bilərsinizmi, sizin teatrı paytaxt teatrlarından fərqləndirən
nədir?
- Paytaxt
teatrlarının imkanları bizdən daha çoxdur. İlk
növbədə yaradıcılıq nöqteyi-nəzərindən.
Yəni yaradıcılığın formalaşması
üçün texniki baza olmalıdır. Digər tərəfdən,
auditoriyanın geniş olması vacibdir. Paytaxt
teatrlarının imkanları əlaqə yaratmaq
baxımından da genişdir. Bugünkü texniki baza ilə
arzuladığımız əlçatmaz tamaşaları həyata
keçirmək mümkün deyil. Qastrollarımız
zamanı başqa ölkələrdəki teatrların
imkanlarını gördükcə, «Biz onlardan da yaxşı
edə bilərik» deyə düşünürük. Bizim
layihələrimizə nazirlik, yerli İH orqanları dəstək
verir. Ancaq xaricdən gələn hər hansı rejissorun
yaxşı bir şəraitdə yerləşməsi tək
bizim imkanımız daxilində deyil. Bununla belə, bu, həyata
keçirilirsə, bu, böyük işdir.
-
Keçən il Lənkəran teatrının 120 illik yubileyi idi. Hansısa tədbirlər
həyata keçirildimi?
- Lənkəran
teatrı 1891-ci ildə «Yağışdan çıxdıq,
yağmura düşdük» pyesini hazırlayıb. Müxtəlif
dövrlərdə teatr öz fəaliyyətini
dayandırıb və sonradan yenidən fəaliyyətə
başlayıb. 1973-cü ildə açılandan indiyə
kimi fasiləsiz olaraq fəaliyyət göstərir. Biz nazirliyə
teatrın 120 illik yubileyinin olması ilə bağlı
çoxdan müraciət etmişdik. Nəhayət, təsdiq
olundu. Ancaq həmin il bildiyimizdən yubileyi geniş miqyasda
qeyd edə bilmədik. Xarici ölkələrdəki
dostlarımızdan da çoxlu təbriklər aldıq.
Rayonun özündə yubileyi qeyd etdik. İnşallah,
teatrın 125 illik yubileyini respublika səviyyəsində qeyd
etmək fikrindəyik.
Təranə Məhərrəmova
Kaspi.-2012.-15 fevral S.9.