Hələ ki bizi çağıran yoxdur 

 

Gənc rejissor Rəşad Nuriyev: “Yalnız tanışlıq vasitəsi ilə çəkiliş meydançalarına gedə bilirik”

Rəşad Nuriyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənəti Universitetinin 4-cü kurs tələbəsidir. Musiqili teatr rejissorluğu üzrə təhsil alır. Deyir ki, bu sənətə məhəbbəti onda görkəmli aktyorrejissor Ceyhun Mirzəyevin yaradıcılığı yaradıb. O da rejissor olmaq, içərisində aşıb-daşan arzularını gerçəkləşdirmək istəyi ilə bu sənətə üz tutub.

Sənət aləminə qədəm basan gənclərin qarşılaşdıqları problemləri isə onun öz dilindən oxuyacaqsınız.

Yetişməyən aktyorlar

- Rejissor olmaq arzunuz olduğu halda, niyə musiqili teatr fakültəsinə daxil oldunuz?

- Əvvəllər bu fakültədə aktyorluq tədris edilirdisə, hazırda sırf rejissorluq tədris edilir. Ona görə həm rejissorluq işini, həm teatrı, həm kinonu öyrənirik. Hələlik rejissor kimi arzularımı tədbirlər çəkməklə reallaşdırıram.  Amma rejissorluqla bağlı böyük arzularım var.

-  Yəqin ki, tez-tez teatrlara gedirsiniz. Teatrların gerçək mənzərəsi auditoriyada sizə təqdim olunan mənzərədən ilə fərqlənir?

- Əksər teatrlarda gənclərə münasibət məni qane edir. Bu gün teatrlara gəncləri daha çox cəlb edirlər. Sadəcə olaraq, universitetlərdə gənc kadrları hələ aktyor kimi yetişdirə bilmirlər. Elə bir aktyor yoxdur ki, məsələn, deyək ki, bu aktyor Şekspirin Hamletini oynaya bilər. Yəni, gənc aktyorlar arasında Fuad Poladovun yerini verə biləcək ikinci bir aktyor hələ ki, yetişməyib.

- Bəs tamaşalar necə, xoşunuza gəlirmi?

- Musiqili Komediya Teatrında oynanan hər bir tamaşaya baxırıq. Ancaq orada məni qane edən tamaşalar yoxdur. Daha çox məni janr baxımından qane etmir. Mənə elə gəlir ki, tamaşalarda ən çox gülüşə üstünlük verirlər. İki il bundan əvvəl Rus Dram Teatrında gürcü teatrının oynadığı  «Hamlet» tamaşasına baxdım. Çox maraqlı idi.  Aktyorlar gürcü dilində oynasalar da, istər-istəməz süjeti başa düşürdük. Aktyor oyunu, rejissor işi bizi valeh etdi. Təbii ki, bu cür tamaşalardan çox şey öyrənmək olur.

- Bəs Milli Dram Teatrında oynanan tamaşalar barədə deyə bilərsiniz?

- Biz indiyə qədər Milli Dram Teatrına getməmişik.

- Təcrübədən öyrənmək üçün teatrlardakı tamaşalara baxmağa sizə şərait yaratmırlar?

- Bəzi teatrlarda şərait yaradılır. Musiqili Komediya Teatrında hər bir tamaşaya təmənnasız gedib baxa bilirik. Teatrın direktoru Əliqismət müəllim bizim üçün şərait yaradır. İki dəfə Gənc Tamaşaçılar Teatrına getdik. Birinci dəfə xahişlə içəri daxil olsaq da, ikinci dəfə bizi buraxmadılar, bilet tələb etdilər. Tələbə biletimizi göstərdik, yenə razılaşmadılar.

Düşüncədəki fərqlər

- Mədəniyyət İncəsənət Universitetində Tədris Teatrı  fəaliyyət göstərir. Orada tələbələr özləri tamaşalar hazırlayır, oynayırlar. Bu səhnə sizin  yetişməyinizə qədər kömək edir?

 

- Tədris Teatrında işlər heç ürəkaçan deyil. Biz orada dəfələrlə görmək istəmişik. Düzdür, işləməyə icazə verirlər, sadəcə olaraq, orada bizə lazım olan texniki avadanlıq, səhnə ləvazimatları yaxşı vəziyyətdə deyil. Dekorasiya ilə bağlı problemlərimiz var. Təkcə tamaşalar zamanı deyil, həmçinin  konfranslar, iclaslar keçiriləndə biz ora yığışır, müzakirələrimizi edirik. Fikirlərimiz üst-üstə düşməyə bilir. Keçən il Amerikadan gələn rejissorlar bizimlə bəzi müzakirələr apardılar. Onların  teatrları ilə bizim teatrlar arasında çox fərq var. Biz bunu hiss edirik. Amma çalışsaq, biz o həddə gəlib çata bilərik. Çünki tələbə qədər tez səhnə görsə, get-gedə yetişmiş bir aktyora çevrilər. Tələbələr var ki, onların etüdlərini, istedad həvəsini görüb kiçik epizodik rollara, kütləvi səhnələrə dəvət edirlər. İnstitutu bitirməmişdən onlar artıq tamaşalarda baş rollar ala bilirlər. Məncə, tələbə birinci kursdan, etüdləri hazırladığı vaxtdan səhnə görməlidir. Mənə elə gəlir ki, professional aktyor ilk növbədə səhnədə ən kiçik epizodlardan, hətta uşaq tamaşalarından başlasa, daha effektli olar.

- Amerikalı rejissorların müzakirəsinə görə, teatrlar arasında fərq nədədir?

- İlk növbədə, tələbələrin düşüncəsində. Məsələn, biz dərs keçəndə bəzi sözlər var ki,  onları açıq-saçıq qəbul edirik. Yəni o sözləri ifadə edəndə, uşaqlarda gülüş hissi yaranır ya onlar sıxıntı hissi keçirirlər. Bu baxımdan bizdə güclü kompleks var.  Amma onlarda belə deyil. Bundan əlavə, bizdə uşaqlar universitetə gələndə düşünmürlər ki, bu rejissorluqdursa, deməli bu sənətdə tibb, biologiya, fizika s. elmlərin vəhdəti var. Yəni bütün sahələr rejissorluqda birləşib. Burada diş həkimliyi ilə bağlı da anlayış olmalıdır, adi maşın sürməklə bağlı məlumatlar da. Çünki tamaşanın quruluşu zamanı bunları bilmək rejissora lazım olur. Əgər rejissor bunları bilməsə, film çəkib, tamaşa quranda da tətbiq edə bilməyəcək. Demək, işi mükəmməl alınmayacaq.

- Tələbələr Tədris Teatrında əsasən hansı tamaşaları hazırlayırlar? Klassik ədəbiyyata üstünlük verirlər, yoxsa müasir dramaturgiyaya?

- Mən birinci kursda oxuyanda Ağakişi Kazımovun tələbələrinin hazırladıqları «Solğun çiçəklər» tamaşasına baxmışdım. Çox gözəl maraqlı  tamaşa idi. Bundan sonra özümüz Tədris Teatrının səhnəsinə çıxmağı qərarlaşdırdıq. Bir aydan sonra mən bu səhnədə hazırlanan «Kleopatra» tamaşasında rol aldım. Kiçik olsa, tamaşada yadda qalan iki obrazı canlandırdım. Səhnədə ilk dəfə oynamağım mənim üçün böyük yenilik idi. 

Maddi çatışmazlıq

- Dəfələrlə görmüşük ki, institutda təhsil alan tələbələrin içərisindən yalnız 2-3-ü sənətlərini davam etdirirlər. Çoxu isə institutu qurtarandan sonra ümumiyyətlə, sənətdən uzaqlaşır. Sizcə, səbəb nədir?

- Məncə, ilk növbədə insanın iradəsi olmalıdır və o, sənətini sevməlidir. Tələbələr çox vaxt görürlər ki, bu sahədə  gəlir yoxdurbiznes sahəsi olmadığı üçün uzaqlaşırlar. Amma bu sahədə gəlir də, şöhrət də yavaş-yavaş, pillə-pillə qazanılır. Bu o demək deyil ki, mən bu instituta daxil oldum, dərhal məni çağırıb “çək, hazırla, quruluş ver” deyəcəklər. Bu, heç də belə deyil. Heç nəyi birdən-birə əldə etmək olmur. Əziyyət çəkmək lazımdır. Amma gənclərin çoxu əziyyət çəkmək istəmir. Düşünürlər ki, ən yaxşı yol ticarətdir. Mənə elə gəlir ki, çoxları da sənətə məcburiyyətdən – diplom əldə etmək xətrinə gəlirlər.

- Necə şərait olmalıdır ki, gənclər öz  ideyalarını həyata keçirə bilsinlər? Bu baxımdan sizdə nə çatışmır?

- Bizdə bir az maddi baxımdan çatışmazlıq var. Dövlət tərəfindən dəstək olsa, film çəkmək istəyirəm, ssenarilərim var. Amma maliyyə çatışmazlığı mövcuddur. Televizorda Amerika, Fransa, İngiltərə kimi böyük ölkələrdə 3-4-cü kurs tələbələri arasında hətta “Oskar” mükafatı və ya digər mükafat alanları görüncə, bizdə həsəd hissi yaranır. Onların tamaşaları Avropanın, dünyanın digər ölkələrinin səhnələrində oynanır. Biz də Azərbaycanın gəncləriyik. Biz də həmin səviyyəyə qalxmaq istərdik. Ancaq bizdə teatr, kinoya olan qayğı o qədər də yüksək deyil.

- Əgər şərait yaradılsa nə çəkərdiniz?

- Əgər Ceyhun Mirzəyevin yolunu seçib sənətə gəlmişəmsə, fikirləşirəm ki, inşallah, torpaqlarımız alınsa, «Qələbə» filmini çəkərəm. Vətənpərvərlik mövzusunda bir çox ssenarilərim var. O cümlədən, tanıdığım bir şəhid ailəsinin həyatından həm tamaşa hazırlamaq, həm də film çəkmək istəyirəm. Mənə elə gəlir ki, bu gün belə filmtamaşalara ehtiyac var. Bu gün Azərbaycan tamaşaçısı daha çox gülüşə üstünlük verir. Bəlkə ona görədir ki, biz çox qırğınlar, itkilər görmüşük və dərddən, qəmdən uzaq olmaq istəyirik.

- Hər il ölkədə 6-7 film çəkilir. Bu filmlər xoşunuza gəlmir?

- Pul ayrılır, filmlər çəkilir. Amma o filmlər nümayiş etdirilmir. Həmin filmlər haqda heç bir anlayışımız yoxdur. O filmlər efirə çıxsa, onlardan da nəsə öyrənə bilərik.

- Film çəkilişləri ilə tanışlıq üçün sizi pavilyona ya çəkiliş meydançalarına aparmırlar?

- Biz pavilyon görmürük. Yalnız tanışlıq vasitəsi ilə çəkiliş meydançalarına gedə bilirik. Bizdə çox istedadlı uşaqlar var ki, əllərində ssenarilər var, amma onları gerçəkləşdirmək üçün yollar axtarırlar. Amma... biz gözləyirik. vaxt bizi çağırsalar, onda da gedəcəyik. Hələ ki çağıran yoxdur.

 

Təranə Məhərrəmova 

Kaspi.-2012.-22 fevral.-S.15.