Biz Taksimdən dünyaya mesaj verdik 

 

Elman Məmmədov: «Əgər türk dünyasının rəsmisi «Tökülən qan yerdə qalmayacaq», «Biz bunun cavabını soracağıq», «Qarabağ, Xocalı türk torpağıdır» fikirləri səsləndirirsə, bu, dünyaya mesajdır»

 

Fevralın 26-da Xocalı soyqırımının 20 illiyi ilə bağlı İstanbulda, Taksim meydanında izdihamlı aksiya keçirilib. Azərbaycandan bir qrup millət vəkili, ziyalılar, sənət adamları, Xocalı soyqırımının şahidləri də Taksimdəki yürüş mitinqə qatılıblar.

Taksimdəki mitinqin iştirakçısı, millət vəkili Elman Məmmədov qəzetimizə müsahibəsində Türkiyədəki Xocalı soyqırımı ilə bağlı tədbirdən qürur duyduğunu bildirib.

 

Dünyaya mesaj

 

- Taksimdəki aksiya necə yadda qaldı? Aksiyanın dünyaya mesajı nə oldu?

- Taksim meydanında keçirilən aksiya son 20 il ərzində keçirilən aksiyaların kulminasiya nöqtəsi idi. Get-gedə bu aksiyalar daha da möhtəşəmləşir və onların əhatə dairəsi genişlənir. Taksimdəki yürüş-mitinqin möhtəşəmliyi oradakı insan çoxluğu, səsləndirilən fikirlərlə bağlı idi. Türkiyə Azərbaycanın yanında olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan-Türkiyə dostluğu həmişə olduğu kimi möhtəşəm, möhkəm və əbədidir. Əgər mitinqdə iki aparıcı qüvvə vardısa, onun birincisi Türkiyənin daxili işlər naziri İdris Naim Şahin idi. Nazirin mitinqdəki hayqırtısı hamını riqqətə gətirirdi. Onun çox dəyərli cümlələri oldu. Nazir çıxışında dedi ki, «Azərbaycanda, Xocalıda tökülən qan yerdə qalmayacaq. Biz bu qanın cavabdehlərindən soruşacağıq. Biz bunu bütün dünyaya deyirik». Əgər türk dünyasının rəsmisi «Tökülən qan yerdə qalmayacaq»,

«Biz bunun cavabını soracağıq», «Qarabağ, Xocalı darda qalmayacaq», «Qarabağ, Xocalı türk torpağıdır» fikirləri səsləndirirsə, bu, dünyaya mesajdır. Dünya bir daha türkün böyüklüyünün, sözünün, gücünün şahidi oldu. Dünya başa düşdü ki, bu sözlərin arxasında möhtəşəm bir güc dayanır. Təbii ki, Azərbaycandan gedən millət vəkilləri, ziyalılar, ictimaiyyət nümayəndələri, Xocalı soyqırımının şahidləri də mitinqdə sözlərini dedilər. Xocalıdan olan Zərifə Quliyeva da danışdı. O, soyqırımı görməmişdi. Soyqırım baş verəndə  Zərifə anasının bətnində idi. Anası Rahilə Quliyeva biz meşədə olarkən 4 güllə yarası aldı. Həmin güllələrdən biri qadının sinəsini deşərək kürəyinə sarıdığı 2 yaşlı oğlunu öldürdü. Zərifə mitinqdə bu hadisələri danışdı. O, atası, körpə qardaşı, şəhid olan Xocalı uşaqları adından dünyaya müraciət etdi.

- Bakıda da soyqırımla bağlı ümumxalq yürüşü keçirildi. Azərbaycan Türkiyədən necə göründü?

- Biz Türkiyədən Azərbaycanı da seyr etdik. Prezident İlham Əliyevin, ölkənin birinci xanımı Mehriban Əliyevanın yürüşün önündə getməsi, 50-60 min insanın onların arxasınca gəlməsi, yürüşün Xocalı abidəsinə qədər davam etməsi də dünyaya növbəti mesaj idi. Bu, düşmənlərə xəbərdarlıqdır. Bu o xəbərdarlıqdır ki, biz heç vaxt öz torpaqlarımızın düşmən işğalı altında qalmasına razı olmayacağıq. Bu yürüşlər axırda cəngə çevriləcək. Bu o xəbərdarlıqdır ki, bir halda ki, sülh yolu ilə razılaşmırsınız, biz sizi müharibə yolu ilə doğma torpaqlardan qovub, öz ata-baba yurdlarımıza sahib çıxacağıq.

 

Türk mediasının diqqəti

 

- Bəs Türkiyə KİV-lərinin həm Azərbaycandakı, həm də Taksimdəki aksiyalarla münasibəti necə idi?

- Biz fevral ayının 20-dən Türkiyədə idik. Digər bir dəstə isə ayın 24-də gəldi. Orada olduğumuz vaxtda türk mediası, telekanalları bir an da bizdən ayrılmadılar. Telekanalların demək olar ki, çoxu bizdən müsahibələr götürdü, canlı yayımlara dəvət etdi, qəzetlər çoxsaylı məqalələr yazdılar. Mətbuatda Xocalı soyqırımı şahidlərinin yazıları, şəkilləri yer aldı. Fevralın 26-da Türkiyənin dünyaya yayılan telekanalları – TRT kanalları, «CNN Türk», «Haber-Türk», NTV başqa kanallarda birbaşa yayımlar gedirdi. Türkiyə mediası bu məsələyə çox canfəşanlıqla yanaşdı.

- Başqa türkdilli ölkələrdən necə, Azərbaycanın yanında olanlar oldumu?

- Türkiyənin ayrı-ayrı şəhərlərində çoxsaylı Türkiyə-Azərbaycan, o cümlədən başqa türkdilli ölkələrin dərnəkləri fəaliyyət göstərir. Demək olar ki, onların hamısının nümayəndələri aksiyada iştirak edirdi. Həmin ölkələrin diplomatik nümayəndələri aksiyaya qoşulmuşdu. Mitinqdən sonra Yusif adlı bir nəfər mənə yaxınlaşaraq əslən gəncəli qarabağlı olduğunu, amma İranda doğulduğunu söylədi. Hazırda İsveçrədə yaşadığını dərnək rəhbəri olduğunu da bildirdi. O, mitinqdə iştirak etmək üçün İsveçrədən gəlmişdi. Azəri türkünün daxilində olan vətənpərvərliyə baxın! Yəqin ki, belələri mitinqdə çox idi.

 

20 il ərzində qazanılanlar

 

- Necə bilirsiniz, Xocalı soyqırımını dünyada baş verən digər faciələr səviyyəsində tanıtmaq üçün hansı təbliğatı təşkilatı işlər görülməlidir?

- Təbliğatımız gün-gündən güclənir daha təkmilləşmiş formada çatdırılır. Müasir dünyanın qəbul edə biləcəyi, eşidəcəyi bir dildə təbliğatımızı təşkil edə bilirik. Biz Türkiyəyə gedəndə özümüzlə 4 dildə yazılan bukletlər, SD-lər aparmışdıq. Biz onları yayımladıq Türkiyə mediasına nümayiş etdirdik. Biz artıq informasiya blokadasından çıxmışıq. Bu, düşmənlərimizi qorxuya salır getdikcə bizim işimiz güclənərək effekt verir. Ankara Böyük Millət Məclisində Xocalı soyqırımı ilə bağlı böyük sərgi açıldı. Bu, çox güclü bir təbliğat vasitəsidir. Artıq Meksika parlamenti, Pakistan senatı Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar veriblər. O cümlədən, İslam Konfransı Təşkilatı qərar verib. Mən orada olanda «Siz Türkiyədən gözləyirsinizsualına «Biz qardaşımızdan, canımızdan, Türkiyəmizdən gözləyirik ki, Türkiyə Böyük Millət Məclisi Xocalı soyqırımını tanısın bu, türkdilli başqa cümhuriyyətlərə bir mesaj olsun ki, onlar da bu yola qədəm qoysunlar. Hesab edirəm ki, biz buna nail olacağıq. Siz bilirsiniz ki, erməni tarixi, ideologiyası tarixən riyakarlıq, saxtakarlıq üzərində qurulub. Onlar bu riyakarlıqla 1915-ci ildə özlərinin törətdiyi türkün başına gətirdikləri müsibəti indi tərsinə çevirərək öz adlarına yazırlar. Ermənilər 1965-ci ildə - 50 ildən sonra Latın Amerikasında, Uruqvayda ilk dəfə «erməni soyqırımı» uydurmasını tanıda bilmişdilər. Ancaq biz 20 il ərzində bu qədər şeylərə nail olmuşuq. Bizim haqlı olmağımız haqda BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Şurasının, ATƏT-in, İnsan hüquqları ilə məşğul olan bir sıra təşkilatların sənədləri var. Bunların hamısı uğurdur. Təbii ki, biz bu uğuru birdən-birə əldə etməmişik. Biz damla-damla irəliləyərək gəlmişik getdikcə bu istiqamətdə işimizi daha da gücləndirməliyik.

- Özünüz qeyd etdiniz ki, dünyanın bir çox ölkələrində Xocalı ilə bağlı tədbirlər keçirilir, bir sıra ölkələr soyqırımı rəsmən tanıyırlar. Amma Fransa dövləti Xocalı soyqırımını tanımamaqla yanaşı, uydurma «erməni soyqırımı» inkar edənlərə cəza tətbiq edən qərar qəbul edir?

- Fransa dövlətində tarixən ermənilərin gücü çox olub. Ermənilər 300-500 il ərzində Fransada kök salmış etnik qrup hesab olunur. Son 50-60 ili götürüb Fransa dövlətinin tərkibinə baxsaq orada mütləq məsul vəzifələri tutan ermənilər olub. Bir informasiyada oxudum ki, Fransa maliyyəsinin müəyyən hissəsi erməni adamlarının nəzarətindədir. Bəlkə araşdırsalar, Sarkozinin özü , qanuna imza atan senatorun bir xeyli hissəsi erməni mənşəli, xeyli hissəsi isə erməni maliyyəsi ilə danışan adamlar çıxacaq. Hələ ki, o dövlətin idarə olunmasında ermənilərin nüfuzu, gücü var. Ancaq bu, Fransa xalqı demək deyil. Fransa xalqı mədəni, demokratik xalq kimi tarixdə tanınıb. Amma həyat elə gətirib ki, tarixin bu dönəmində Fransaya Sarkozi kimi türk düşməni olan bir insan başçılıq edir. Fransa xalqı bundan nəticə çıxarmalıdır çıxaracaq da. Sarkozi onu düşünənlər süpürülüb atılacaq. Yəqin ki, onda Fransa da Xocalı soyqırımını tanınması haqda düşünəcək.

 

Bizim tələbimiz

 

- Azərbaycanın Milli Məclisi Xocalı soyqırımı ilə bağlı qərar qəbul edib. Bununla bağlı deputatların üzərinə hansı vəzifələr düşür?

- Həm millət vəkili, həm Azərbaycan vətəndaşı kimi deputatların üzərinə çox böyük vəzifələr düşür. Ümumiyyətlə, bu vəzifə uşaqdan böyüyə kimi hər bir Azərbaycan vətəndaşının, heç Azərbaycan vətəndaşı olmayan insanların da üzərinə düşür. Bu vəzifə bütün türk dünyasının üzərinə düşür ki, tarix boyu ermənilər tərəfindən türklərin başına gətirilən bu soyqırımları, qırğınları öyrənsinlər təbliğ etsinlər. Əminliklə deyirəm ki, bizim deputatlar bütün görüşlərində, səfərlərində bu vəzifəni həyata keçirirlər.

- Bakıda Türkiyədə keçirilən hər iki aksiyada türk dünyası bəşəriyyətdən haqq tələb etdi. Sizcə dünya bu haqq səsi zaman eşidəcək?

- Artıq bu, dünyanın məsələyə hansı prizmadan yanaşmasından asılıdır. Siz bilirsiniz ki, dünyanın idarə olunmasında söz sahibi olan dövlətlər var. Qalan xırda dövlətlər bir neçə dövlət arasında sanki yazılmamış qanunla bölüşdürülüb. Onlar deyirlərsə, həmin xırda dövlətlər onu deyirlər. Çünki hər dövlətin özünəməxsus strateji proqramı, planı, milli-mənafeləri var.  Bu baxımdan dövlətlərin mövqeyindən çox şey asılıdır. Biz çalışmalıyıq ki, həmin dövlətlərin mövqeyinə öz haqqımız, ədalətimiz, öz sözümüz, tələbimizlə təsir edək ki, yönlərini bizə tərəf çevirsinlər. Hərçənd onlara təsir etmək o qədər asan deyil. Biz demirik ki, bizim tərəfimizdə dursunlar, deyirik ki, haqqın, ədalətin, demokratiyanın tərəfində dursunlar.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.-2012.-29 fevral.- S.6.