«Təəssüflər olsun ki, bəziləri yalan danışmağı xoşlayır» 

 

Mehman Əliyev: «Sonra da həmin adamlar gəlib otururlar qarşımızda və başlayırlar bizə istedad dərsi keçməyə»

 

Ötən həftə Bakıda Avropa Şurası, Avropa İttifaqı, Azərbaycan Mətbuat Şurası, ATƏT-in Bakı Ofisi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Ənənəvi mediadan On-Line mediaya keçid” mövzusunda bir günlük konfrans keçirilib. Konfransa bir sıra məsələlər, o cümlədən ənənəvi kütləvi informasiya vasitələrindən (KİV) On-Line mediaya keçidin vəziyyəti, problemlər, qarşıda duran vəzifələr və sairlə bağlı geniş müzakirələr aparılıb. Medianın yeni durumu ilə bağlı “Kaspi”nin suallarını “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev cavablandırır.

- Mehman müəllim, ənənəvi KİV-lə On-Line medianın inteqrasiyasını və gələcəyini necə görürsünüz?

- Azərbaycanda vəziyyət spesifikdir. Xaricdə, xüsusən də Avropa ölkələrində, Amerika və sair kimi demokratik dövlətlərdə isə bununla bağlı təbii bir proses gedir. Orada ənənəvi medianın On-Lain mediaya keçidi bazarın imkanları ilə tənzimlənir. Azərbaycanda isə bu süni xarakter daşıyır. Bu, ondan irəli gəlir ki, ənənəvi media iqtisadi nöqteyi-nəzərdən biznes mediası deyil, azad bazara bağlılığı yoxdur. Azərbaycanda azad iqtisadi münasibətlər yoxdur. Belə şəraitdə yaranan On-Lain medialar da süni yaranan medialardır. Onlar biznes mediaları deyillər. Çünki ənənəvi media mərkəzdən maliyyələşdirilir. Yəni, dotasiyalardadır, asılı vəziyyətdədirlər. Bu da onların inkişafına öz təsirini göstərir.

- Hazırda Azərbaycan dilində çoxlu saytlar var. Bilmək istərdik Siz həmin saytları izləyirsinizmi? Onlar arasında hansı saytın fəaliyyəti Sizi daha çox qane edir?

- İzləmirəm. Nəinki Azərbaycan dilli, ümumiyyətlə heç bir saytı izləmirəm. Mənim üçün maraqlı deyil.

- İnformasiya texnologiyalarının sürətli inkişafı, sözsüz ki, xəbərin ötürülmə sürətinə də təsir edib. Sizcə, sürətli xəbər həm də keyfiyyətli xəbərdirmi?

- Əlbəttə ki, sayıla bilər. Birinci növbədə peşəkarlıq məsələləri həll olunmalıdır. O prinsiplər işlənməlidir. Sürət isə öz-özündən əmələ gəlir. Sürətin keyfiyyəti jurnalistin biliyinin və məsuliyyətin keyfiyyətindən asılıdır. Əgər jurnalist prinsipləri pozursa, peşəkarlıq səviyyəsi aşağıdırsa, bu, onun sürətli informasiyasına da təsir edəcək. Əgər jurnalist professionaldırsa, prinsiplərə riayət edirsə, deməli onun hazırladığı sürətli informasiya da keyfiyyətli olacaq. Bəziləri düşünürlər ki, sürət peşəkarlığa mənfi təsir göstərir. Ola bilsin ki, insanın hansısa informasiyanı hazırlayarkən vaxtı azalır, ona görə də səhvlər ola bilər və sair. Bu, mümkündür. Ancaq bu, əsas deyil. Sürətin birbaşa peşəkarlıqla bağlılığı ondan ibarətdir ki, siz peşəkarsınız, ya yox. Söhbət yalnız bundan gedə bilər. Bu, bir tərəfdir. İkincisi isə, mən bu yaxınlarda oxudum ki, Amerika mütəxəssisləri tərəfindən tədqiqat aparılıb. Bəlli olub ki, ənənəvi KİV-lə On-Lain medianın informasiyanı çatdırma sürətində heç bir fərq yoxdur. Oxucular demək olar ki, eyni vaxtda informasiya əldə edirlər. Tədqiqat göstərir ki, fərq demək olar, yox dərəcəsindədir. Bu səbəbdən, “oxucular daha çox On-Lain medianı oxumağa üstünlük verirlər”, fikri yanlışdır. Bəzi ölkələrdəki durum onu deməyə əsas verir ki, ənənəvi mediaya tələbat var. Buna misal kimi, Türkiyəni, Norveçi, Almaniyanı və sairi göstərmək olar. Həmin ölkələrdə ənənəvi media mövqelərini saxlayıb. Düzdür, orada On-Line medianın ənənəvi KİV-lərə təsiri var, ancaq bu, o qədər də çox deyil.

- Mətbuat Şurasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşündə bəzi sayt redaktorları bildiriblər ki, onların aylıq reklam büdcəsi kifayyət qədərdir. Bu səbəbdən onlar öz internet səhifələrində reklam yerləşdirməyə yer tapmırlar. Sizcə, söylənilən fikirlər nə dərəcədə realdır?

- Mən bilmək istərdim, o hansı saytlardır ki, orada reklam üçün yer yoxdur və 100 minlərlə pul əldə edirlər. Mən ad çəkməyəcəm, ancaq əksər populyar saytları açırsan və görürsən ki, belə bir cümlə yazılıb: “Burada sizin reklamınız ola bilər”. Əgər doğrudan da həmin saytın reklam verməyə yeri yoxdursa, orada belə bir cümlə yazılmamalıdır. Bu, birinci məsələdir. Digər tərəfdən, mən deməzdim ki, orada reklam bolluğu var və yer kifayət qədərdir. Üçüncüsü reklamların qiyməti çox aşağıdır. Məsələn, Azərbaycanda fəaliyyət göstərən ən məşhur mobil operatorlardan birinin verdiyi reklamın qiyməti min manatdır. Təsəvvür edin, bu Azərbaycanda fəaliyyət göstərən ən böyük şirkətin reklam üçün xərclədiyi puldur. Belə olan halda söhbət hansı yüz minlərdən gedir? Əgər yüz minlər varsa, onda həmin saytlar dövlətdən niyə pul alırlar?

- Mehman müəllim, ənənəvi KİV-lə On-Line medianın reklam bazarındakı disbalans nədən irəli gəlir?

- Ümumiyyətlə, disbalans yoxdur. Bunu kimsə yalandan deyir. Təəssüflər olsun ki, bəziləri yalandan danışmağı xoşlayır. Bununla öz işlərini uğurlu göstərirlər. Bu zaman isə sözügedən maliyyəyə əsaslanırlar. Həmin maliyyələr nəinki ayda 100 min, hətta bundan da artıqdır. Bəzi saytlar bu məbləğdə pul alırlar. Özlərini də uğurlu göstərirlər. Onların maliyyə hesabatlarına baxanda görürsən ki, qazancları, rəsmi maaşları çox aşağı səviyyədə göstərilib. Bu zaman belə bir sual yaranır ki, qazanılan pullar hardadır? Bununla yanaşı, vergidən yayınma və sair kimi məsələlər də ortaya çıxır. Bəyəm həmin saytlara reklam qeyri rəsmi şəkildə verilir? Bütün bunlar məsələnin bir tərəfidir. Digər tərəfdən isə gəlin reklamlara baxaq. Ən çox oxunan saytlar deyək ki, “Yeni Müsavat”, “Azadlıq” qəzetləri və sairdir. Biz həmin saytlarda demək olar ki, reklam görmürük. Ancaq elə saytlar var ki, oxucusu bayaq adını çəkdiyim saytların oxucusundan 3 dəfə aşağıdır. Amma həmin saytlarda reklam var. Bu onu göstərir ki, reklam siyasi nəzarət altındadır. Kimdən xoşumuz gəlirsə ona reklam verilir, kimdən xoşumuz gəlmirsə, reklam verilmir. Biz vaxtı ilə bunun tədqiqatını da aparmışıq. Məsələn, elə qəzetlər var ki, gün ərzində cəmisi 30-40 nömrəsi satılır. Ancaq onların reklam bazarının illik həcmi 250-300 min manatdır. Bu, tamamilə anormal bir vəziyyətdir və ümumiyyətlə bazar münasibəti sayılmır. Deməli hansısa məmura bağlılığı olan şirkətlər bu yolla öz pullarını leqallaşdırırlar.

- Bəzən belə təkliflər səslənir ki, dövlət müəssisələri reklam üçün öz büdcəsindən mətbuata 1 faiz vəsait ayırmalıdır. Siz bu fikri necə dəyərləndirirsiniz?

- Bu təklifi vaxtıilə mən səsləndirmişəm. 2006-cı ildə bu barədə təkliflər paketi hazırlamışam. İndi həmin təkliflər arasından birini seçib öz fikirləri kimi çatdırırlar. Mənim təkliflərim konseptual və sistemli xarakter daşıyır. Bura mətbuatın inkişafı ilə bağlı bütün məsələlər aiddir. İndi kimsə kontekstdən çıxarır bir təklifi və onu ayrıca təklif kimi gündəmə gətirir. Bu, heç bir fayda verməyəcək. Heç düzgün də deyil bu. Bizim məsələyə prinsipial yanaşmamız olmalıdır. Əgər biz bu sistemə keçmək istəyiriksə, birinci növbədə şəffaflıq olmalıdır. Biz açıq şəkildə görək ki, bu pulları kim qazanır, haradan qazanır, real tirajları, real oxucusu və maaşları nədir? Burda xeyli məqamlar var. Yalnız bundan sonra danışa bilərik ki, hansısa prinsiplərə keçib, hansı yolla biz reklam bazarını canlandırırıq, ayağa qaldırırıq və sair. Mənim hazırladığım təkliflər çox idi. Orada əsas yanaşma məsələsi idi. Bu yanaşma da ondan ibarətdir ki, KİV-lərin birinci növbədə qanuna, Azərbaycan jurnalistinin peşə-əxlaq kodeksinə uyğun fəaliyyəti olmalıdır. Bura məsuliyyəti və sair məqamları aid etmək olar. Bunlar olduqca vacibdir. Ədalətli yanaşma da əsas olmalıdır. Yəni, hər bir KİV öz nailiyyətinə görə, - bizdə bu kriteriya oxucunun sayına görə və sair olur - dövlətdən dəstək alır. Ölçü oxucunun sayıdır. Bir oxucunun şərti olaraq qiyməti olur 20 və ya 30 qəpik. Bu məbləğ real oxucuların sayına vurulur. Alınan nəticə əsas götürülərək, KİV-ə aylıq reklam verilir. Ancaq mən bunu dəstək və ya yardım hesab etməzdim. Dəstək yalnız sosial reklam formasında olmalıdır. Misal üçün deyək ki, hazırda KİV-lərə Dövlət Dəstəyi Fondu qəzetlərə maliyyə vəsaiti ayırır və bunun müqabilində həmin mətbuat orqanı hansısa mövzuda yazılar verir. Mən hesab edirəm ki, bu metod yanlışdır. Belə bir addım sosial yardım formasında atılmalıdır. Yəni, qəzetlərdə “Vergiləri vaxtında ödə”, “Evdən çıxarkən işıqları söndür. Həm enerjiyə qənaət elə, həm də təhlükəsizliyini təmin et”, “Sürət həddini aşma, sağlamlığını düşün” və sair kimi sosial əhəmiyyətli reklamlar verilir. Yaxud, bizdə çox sayda Dövlət Proqramları həyata keçirilir. Onların həyata keçirilməsinə reklam xarakterli dəstək də olmaq mümkündür. Sosial reklamın əsas məqsədi bunlardır. Belə olsa həm ictimai, həm də dövlət maraqlarına da xidmət edilər. Eyni zamanda bu, KİV-lərin iqtisadi nöqteyi-nəzərdən inkişafına da xidmət edir. Digər tərəfdən bu addım dövlətə real gəlir gətirir. Beynəlxalq təcrübə onu göstərir ki, reklama yatırılan hər bir dollar, 2 - 250 dollar arası xeyir gətirir. Yəni, effektivliyi olur bunun. Əgər reklamın təsiri altında biz işığa qənaət etməyə başlasaq, həm cibimizə, həm də dövlətə xeyir vermiş oluruq və sair. Yenə də qayıdıram əvvəlki fikrimə ki, burada hər şey şəffaf olmalıdır. Mən heç bir maliyyə qaynağı olmadan, min bir əziyyətlə, süni problemlərlə qarşılaşaraq, mübarizə apararaq “Turan” İnformasiya Agentliyini yaratmışam. Ancaq son 7-8 ildə yaranan iddialı KİV-lərin haradan maliyyə tapması, ofislərlə, bahalı maşınlarla, iri məbləğdə maaşlarla və sairlə necə təmin olunmasını başa düşə bilmirəm. Bunlar nədir? Sonra da həmin adamlar gəlib otururlar qarşımızda və başlayırlar bizə istedad dərsi keçməyə. Bizneslə məşğul olduqlarını dilə gətirir, bizləri isə bacarıqsızlıqda ittiham edirlər. Bu kimi məsələlər var ortalıqda.

 

 

Rufik İSMAYILOV 

 

Kaspi.-2012.-25 iyul.-S.5.