Təhsil
tariximizdə izi qalan ocaq
İrəvan
müəllimlər seminariyasının 130 illiyinə həsr
edilir
Azərbaycanda elm, maarif və mədəniyyətin, ictimai - pedaqoji fikrin inkişafında mühüm rolu və xidməti olmuş tədris müəssisələrindən biri də Respublikamızın elmi-pedaqoji ictimaiyyəti tərəfindən 130 illiyi qeyd edilmiş İrəvan müəllimlər seminariyası olmuşdur. Çar Rusiyasının xalq təhsili sistemində azərbaycanlı şagirdlərin öz doğma ana dilində dünyəvi təhsil almaq imkanlarının olmadığı və yürüdülmüş həmin siyasətin məntiqi nəticəsi olaraq xalq kütləsi arasında savadsızlığın və geriliyin geniş yayıldığı bir zamanda İrəvan Müəllimlər Seminariyasında digər elmi-fənnlərlə yanaşı tatar (Azərbaycan- müəl.) dilinin və şəriətin tədris edilməsi olduqca mühüm və əhəmiyyətli bir hadisə olmuşdur. İrəvan seminariyasının çar hökuməti tərəfindən mürtəce məqsədlərlə açılmasına baxmayaraq, bu təhsil ocağı öz mövcudluğu və fəaliyyəti ilə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda xalq məktəbi və təhsilin, mədəni-maarif işinin inkişaf etdirilməsində əhəmiyyətli rol oynamışdır.
Məqaləni hazırlayarkən xalqımızın təhsil tarixində izi qalan İrəvan müəllimlər seminariyası və onun yaranma tarixi ilə bağlı bəzi ilkin məlumatları əldə etməkdən ötrü əvvəlki vaxtlarda dərc edilmiş Azərbaycan Ensiklopediyalarına, habelə “Bolşaya Sovetskaya Ensiklopediya»nın müvafiq cildlərinə müraciət etməli oldum. Lakin təəssüflər olsun ki, həmin mənbələrdən seminariyanın yaranma tarixi ilə bağlı hər hansı bir tarixi məlumatı əldə etmək mümkün olmadı. Təhsil tariximizdə izi qalan İrəvan Müəllimlər Seminariyasının yaranma tarixi və onun fəaliyyəti ilə bağlı məlumatları Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin müvafiq fondlarında və Milli Arxiv İdarəsinin Elmi-məlumat kitabxanasında saxlanan tarixi mənbələrdən aşkar etmək mümkün oldu. Həmin məlumatlardan istifadə edərək İrəvan müəllimlər seminariyasının yaranma tarixinə və fəaliyyətinə həsr etdiyim məqaləni təhsil tariximizin hər bir səhifəsinə böyük hörmət və ehtiram əlaməti olaraq oxucularımızın diqqətinə çatdırıram:
Azərbaycanın
təhsil tarixində izi qalan İrəvan Müəllimlər
Seminariyası - “Kytaisi və İrəvan quberniyalarında
müəllimlər seminariyalarının təşkil edilməsi
barədə” Rusiya İmperiyasının Dövlət
Şurasının 20 oktyabr 1880-ci il tarixli qərarına uyğun
olaraq yaradılmışdır. Üç maddə və qətnamədən
ibarət olan həmin qərarda qeyd edilirdi: ...”1) İmperiyada
Müəllimlər Seminariyası və Zaqafqaziya Müəllimlər
Seminariyası haqqında Əsasnamələr əsasında
Kytaisi və İrəvan quberniyalarının hər birində
bir Müəllimlər Seminariyası açılsın...3)
Ştatların layihələri üzrə Seminariyaların
saxlanması üçün-Kutaisi Seminariyasına-27.800 rubl,
İrəvan Seminariyasına 28.350 rubl, yekun olaraq isə
Zaqafqaziya diyarının yerli büdcəsinə ildə əlli
altı min yüz əlli rubl keçirilsin...”.
İrəvan
Müəllimlər Seminariyasının təntənəli
açılışı 1881-ci il noyabrın 8-də həyata
keçirilmişdir. İrəvan müəllimlər
seminariyasında digər elmi-fənnlərlə yanaşı
Azərbaycan dili fənninin və şəriət dərslərinin
tədris edilməsi üçün seminariyanın ştat cədvəlində
müvafiq ştat vahidi nəzərdə tutulmuşdu. Qeyd
edirik ki, Qafqazın ayrı-ayrı yerlərində, o cümlədən
Kubanda və Kutaisi quberniyasında açılmış
seminariyalardan fərqli olaraq, İrəvan müəllimlər
seminariyasında Azərbaycan dilinin və şəriətin tədris
edilməsi heç də təsadüfü deyildir.
Çünki, bu seminariya xalqımızın tarixən qədim
torpaqlarından olan İrəvan mahalında
yaradılmışdı və həmin mahalda yaşayan əhalinin
əksəriyyətini müsəlmanlar, azəri türkləri
təşkil edirdi. Seminariyada Azərbaycan dilinin və şəriətin
tədris edilməsi dövrün tələbi idi.
Oxumaq
üçün seminariyaya gəlmiş azərbaycanlı
müsəlman gənclər ilk pedaqoji təhsillərini
seminariyada aldıqdan sonra həyat fəaliyyətlərini Azərbaycan
kəndlərində ibtidai məktəblərin
yaradılması işinə və yaxud mövcud olan ibtidai kənd
məktəblərində müəllimlik peşəsinə
həsr edərək, xalq kütlələri arasında elm və
maarifin yayılması və savadsızlığın aradan
qaldırılması işində yaxından iştirak edirdilər.
İrəvan Seminariyasının çar hökuməti tərəfindən
mürtəce məqsədlərlə açılmasına
baxmayaraq, bu təhsil ocağı mövcud olduğu 37 il ərzində
öz fəaliyyəti ilə Cənubi Qafqazda, o cümlədən
Azərbaycanda xalq məktəbi və təhsilin, mədəni-
maarif işinin inkişaf etdirilməsində əhəmiyyətli
rol oynamışdır. İlk pedaqoji təhsilini həmin
seminariyada almış bir sıra azərbaycanlı gənclər
sonralar təhsillərini Rusiya və Avropanın müxtəlif
ali təhsil ocaqlarında davam etdirərək təhsillərini
başa vurduqdan sonra vətəninə - Azərbaycana
qayıtmış və ölkəmizdə elm, mədəni
- maarif işlərinin, habelə iqtisadiyyatın müxtəlif
sahələrinin inkişaf etdirilməsində yaxından
iştirak etmişdilər. Xalqımızın bir sıra
tanınmış nümayəndələri, maarif fədailəri
- Həmid bəy Şahtaxtinski, Haşım bəy Nərimanbəyov,
Haşım bəy Vəzirov, Tağı bəy Səfiyev,
Vahid Musabəyov, Fərrux Ağakişibəyov, İbadulla
Muğanlinski, Ş.Mahmudbəyov, C.Məmmədov və
başqaları vaxtilə ilk pedaqoji təhsillərini İrəvan
müəllimlər seminariyasında almışdılar.
Əlavə
olaraq qeyd edirik ki, 1881-ci ildə İrəvan mahalında
seminariyanın açılmasından savayı daha iki
mühüm hadisə baş vermişdir. Belə ki, İrəvan
mahalında İrəvan gimnaziyası və yeni tipli
Uluxanlı məktəbi də yaradılmışdır. Qori
müəllimlər seminariyasının məzunu
F.Köçərli 1885-ci ilin iyun ayında İrəvan
gimnaziyasına Azərbaycan dili və şəriyyət müəllimi
təyin edilmişdir .O, bu tədris ocağında 10 il
müddətində pedaqoji fəaliyyətini davam
etdirmişdir. Qori müəllimlər seminariyasının digər
məzunu Cəlil Məmmədquluzadə 1887-ci ildə Qori
seminariyasını bitirdikdən sonra İrəvan və
Yelizavetpol xalq məktəbləri direktorluğunda yerləşən
Uluxanlı məktəbinə müəllim təyin edilib və
ilk dərsini həmin məktəbdə demişdir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin İrəvan
mahalı Uluxanlı məktəbinin 125 illik yubileyi haqqında
2006-cı il dekabrın 29-da sərəncamında qeyd edildiyi
kimi: «...Bünövrəsi 1881-ci ildə qoyulan Uluxanlı məktəbi
də həmin vaxtlar əhalisinin böyük əksəriyyəti
azərbaycanlılardan ibarət olan İrəvan mahalında
maarifçilik ideyalarının yayılması sahəsində
mühüm rol oynamışdır. Dövrün görkəmli
maarifçiləri məktəbin zəngin ənənələr
zəminində inkişaf etdirilməsi işində
mühüm xidmətlər göstərmişlər.
Böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin
ilk müəllimlik fəaliyyətinə
başladığı bu məktəb ədibin təşəbbüsü
sayəsində qabaqcıl maarif və mədəniyyət mərkəzlərindən
birinə çevrilmişdir”.
XIX əsrin II yarısında Rusiya İmperiyasının əksər ucqarlarında, o cümlədən Azərbaycanda və bütün Cənubi Qafqazda müəllim kadrlarına böyük ehtiyac duyulurdu. Lakin həmin tələbatın ödənilməsi üçün bu yerlərdə pedaqoji kadrlar hazırlayacaq xüsusi bir tədris müəssisəsi yox idi. Dövlət məktəblərində çalışan elmi-fənn müəllimləri əsasən Mərkəzi Rusiyadan dəvət olunanlar və qismən Tiflis gimnaziyasının məzunlarından ibarət idi. Qafqazda dövlət məktəbləri üçün müəllim kadrları hazırlayan ilk müəssisə 1866-cı ildə Tiflis şəhərində meydana gəldi. Qafqazda xristianlığı bərpa edən cəmiyyət tərəfindən Tiflis şəhərində əsası qoyulan Aleksandrovski müəllimlər məktəbində şəhər məktəbləri üçün müəllim kadrlar hazırlanırdı. Əsası 1866-cı ildə qoyulan həmin məktəb 1873-cü ildə Aleksandrovski Müəllimlər İnstitutuna çevrildi. Bu tədris ocağı ali təhsilli pedaqoji kadrlar hazırlayan müəssisə deyil, dərəcə etibarilə orta təhsil müəssisəsi səviyyəsində idi. Rusiya İmperiyasında şəhər məktəbləri üçün müəllim kadrları hazırlayan məktəblərin açılmasına baxmayaraq, kənd məktəbləri üçün müəllim kadrları hazırlayan xüsusi məktəb mövcud deyildir.
XIX əsrin
sonu-XX əsrin əvvəllərində Rusiyanın digər
ucqarlarında olduğu kimi Azərbaycanda da yerli əhali
üçün milli dünyavi məktəblərin
yaradılması uğrunda hərəkat yarandı. Xalqımızın
tərəqqipərvər ziyalıları tərəfindən
mətbuatda türk(Azərbaycan-R.S) dilinin səsli metod ilə
öyrədilməsi; mədrəsələrin proqramlarına
müasir elmlərin daxil edilməsi, milli məktəblərin
açılması, mövcud olan prixod (məhəllə) məktəblərində
fars dili əvəzinə türk dilinin tədris edilməsi,
müasir tipli yeni məktəblərin açılması
kimi tələblər irəli sürülürdü. H.Zərdabi,
Məmməd ağa Şahtaxtlı, H.Şahtaxtinski,Ə.Ağayev,
Ə.topçubaşov, M.Ə.Rəsulzadə, Cəlil Məmmədquluzadə,
Ə.Haqverdiyev, N.B.Vəzirov, M.Ə.Sabir, R.Əfəndiyev,
N.Nərimanov, F.Köçərli, S.S.Axundov, S.M.Qənizadə,
M.S.Ordubadi, A.Şaiq və başqa ziyalılarımız
durmadan xalqı maarifə səsləyir, həyatı əhəmiyyət
kəsb edən təhsil və mədəniyyətlə bağlı
mövcud problemləri müzakirəyə
çıxarırdılar. Yeni məktəb uğrunda getdikcə
güclənməkdə olan hərəkat çarizmin maarif
sahəsində yeritdiyi ruslaşdırma siyasətinə
qarşı çevrilmişdir. Bu hərəkatın mahiyyətini
ana dilli məktəblərin yaradılması, yeniçilik,
müasirlik uğrunda mübarizə təşkil edirdi.
XIX əsrin 70-ci illərindən
başlayaraq bütün Rusiyada olduğu kimi Cənubi Qaqazda
da kənd məktəbləti üçün müəllim
kadrları hazırlayan xüsusi məktəblər - müəllim
seminariyaları meydana gəldi. XIX əsrin 60-cı illərindən
etibarən Rusiyada zemstvalar tərəfindən yaradılan
müəllimlər seminariyaları öz işlərini dahi
rus pedaqoqu Konstantin Dmitrieviç Uşinski tərəfindən
işlənib hazırlanmış “Müəllimlər
seminariyasının layihəsi” əsasında qururdular. Rusiya
dövləti zemstvalar tərəfindən seminariyaların
açılmasını müxtəlif yollarla
dayandırmağa çalışsa da, onun
qarşısını ala bilmədi və çar Rusiyası
hökuməti bu prosesi öz nəzarəti altına almaq məqsədilə
1870-ci ildə “Müəllimlər seminariyası haqqında Əsəsnamə”ni
təsdiq etdi. Həmin əsasnaməyə əsasən müəllimlər
seminariyaları zemstvalar tərəfindən deyil, hökumət
tərəfindən yaradılması nəzərdə
tutulurdu. 1875-ci ildə təsdiq edilmiş və 1917-ci ilə
qədər qüvvədə olmuş “Xalq maarif nazirliyinin
müəllim seminariyaları üçün təlimatı”na
əsasən müəllimlər seminariyasına pravoslav dininə
məxsus bütün təbəqələrdən olan, tərbiyəli
davranışı barədə rəy təqdim etmiş, 5-6
il ibtidai məktəbdə oxumuş və 2 sinifli ali-ibtidai məktəbin
proqramı üzrə qəbul imtahanlarını müvəffəqiyyətlə
başa vuraraq 16 yaşa çatmış şəxslər qəbul
edilirdi. Müəllimlər Seminariyasının maddi ehtiyac
içində olan şagirdlərinə təqaüd verilirdi.
Təqaüd alan şagirdlər seminariyanı bitirdikdən
sonra ən azı 4 il ibtidai kənd məktəblərində
müəllim işləməli idi. Seminariyada tədris
müddəti 3-4 il, bəzilərində isə 5 il idi. Müəllimlər
Seminariyasında müxtəlif dinlər üzrə ilahiyyət
dərsləri, rus dili, qədim slavyan dili, hesab, həndəsə,
rus və ümumi tarix, coğrafiya, təbiətşünaslıq,
hüsnxət, rəsm, pedaqogikanın əsasları,
gimnastika, nəğmə və s. fənlər tədris
edilirdi.
Xalqımızın mütərəqqi
ziyalıları Rusiyasının xalq təhsili sistemində
müsəlmanlara qarşı edilən ayrı seçkiliyə
qarşı öz etiraz səsini ucaldır, yürüdülən
həmin siyasətə qarşı çıxırdılar.
(ardı var)
Rafiq Səfərov,
Milli Arxiv İdarəsinin
baş məsləhətçisi
Kaspi.-2012.-3 may.- S.12.