Mən muğamın Məcnunuyam 

 

Mənsum İbrahimov: “Füzulinin yazdığı sözləri, Üzeyir bəyin qələmə aldığı musiqini oxuyursan, olursan əsl Məcnun”

 

Müsahibim – minilliklərdən süzülüb gələn muğamımızı Analarımızın laylasına ən yaxın şirinlikdə bizə çatdıran Mənsum İbrahimovdur.

Həzindir səsi, mülayimdir. Gülümsər simasıyla ürəklərimizə nüfuz edib, orda özünə yer edə bilir. Heç tanımayan biri belə onun adını eşidəndə gülümsəyir. Elə bil hər kəsin dost-doğmaca qardaşıdır, hamı onu beləcə sevir.

“Milli Konservatoriyada görüşək” kəlmələrini eşidəndə həyəcandan nitqim qurudu. Məcnunu olduğum Məcnunla görüşəcəkdim, axı. Həmsöhbət olacaqdım, onun özündən soruşacaqdım muğamın yanğısını.

 

Görüşdüm və artıq həmsöhbətik...

 

- Bilmək olarmı, Mənsum İbrahimov üçün muğam nədir?

- Mənsum üçün muğam - hər şeydir. Muğam-həyat tərzidir və mən özümü muğamın Məcnunu hesab edirəm.

- Muğam ifaçısı olmasaydınız, içərinizdəki o yanğını nə ilə çıxarardız?

- Yəqin, cərrah olacaqdım. Burada da yaxşı mütəxəssis olacağıma inanıram. Çünki birinci olmaq mənim həyat prinsipimdir. Ya birinci olmaq, ya da olmamaq. Nə işlə məşğul oluramsa, çalışıram orda birinci olum. Bu iddia deyil, belə olmağın arxasında çoxlu yuxusuz gecələr, əzab-əziyyət durur. Mən buna adət eləmişəm. Sizə bir məqamı deyim: xanəndəlikdən sonra müəllimliyə başladım. Adətən görürsən ki, müəllimin biri yaxşı olur, biri də yola verir. Qərar verdim ki, müəllim olacağamsa, müəllimin də yaxşısı olacam . Elə də oldu. Qısa vaxt ərzində mənim tələbələrim bütün muğam müsabiqələrinin qalibləri oldular. İndiyə qədər keçirilən muğam müsabiqələrinin bir çoxunun qalibləri, Qran-Pri mükafatçıları mənim tələbələrimdir. Hətta onlar Operada da mənim sənət yoldaşlarımdır. Artıq baş rolları oxuyurlar, hətta ora da özüm hazırlayıram onları. Bilirsiz, ancaq başqasının uğuruna sevinə bilən insan müəllim ola bilər. Bu, həm də ifaçılıqda çox yaxşı təsir eləyir insana. İnsan rahat yaşayır, başını aşağı salıb öz işi ilə məşğul olur. İçində eqoistlik varsa insan həmişə əziyyət çəkir. Başqasının uğuruna pis olur, görürsən ki, sevinmir, hər zaman özünü narahat hiss eləyir. Bir də şükür eləməyi bacarmalısan. Mən o gün özümü xoşbəxt hiss edirəm ki, Allah məni belə yaradıb, Onun verdiyi, vermədiyi hər şeyə qane oluram, aza-çoxa şükür edirəm. Mən başqasının uğuruna, eləcə də tələbələrimin uğuruna öz uğurumdan çox sevinirəm. Bundan böyük xoşbəxtlik yoxdur həyatda. Mən bu sözü çox demişəm yenə deyirəm, Allah o sevgini, o hissləri hər adama vermir. Yalnız özünün sevdiyi insanın qəlbinə verir məhəbbəti. Bəlkə on mində bir adamın qəlbində var məhəbbət və onu ancaq o hissi yaşayan bilər.

- Nədir MƏHƏBBƏT?

- (gülür) Nə bilim vallah, mənim Allahın yaratdığı həyatda nə varsa hamısına məhəbbətim var. Məhəbbət insanı gözəlləşdirir, saflaşdırır, məhəbbət insanı ucaldır. Məhəbbəti olan kəs Allahın yanında insanlığın, kamilliyin ən uca zirvəsində dayanan bir insandır. Qəlbində məhəbbət daşıyan insan pis insan ola və kiməsə nifrət bəsləyə bilməz. O ancaq sevir, gözünə nə görünsə, hər şeyi sevir, çünki məhəbbət var qəlbində. Sevən insan bax budur. Mən sizə deyim, Məcnunu oxuyandan sonra mənim hər baxımdan həyata baxışım da dəyişdi. İnsanlara insan kimi baxıram, mənim üçün onun vəzifəsinin fərqi yoxdur. Adi süpürgəçi olsun, sürücü, müəllim olsun, nazir olsun, ilk növbədə insan kimi insandırsa mənim üçün dəyərlidir. Onun məşğul olduğu sahə daha sonra gəlir.

- Nəyisə sevmək üçün mütləq şəkildə onun dəlisi olmaq lazımdır. Bu, sizdən başqa hər kəsdə özünü göstərir...

- O görünən tərəfidir e. Mən də dəlisiyəm. Operada iyirmi ilə yaxındır, Məcnun oxuyuram. Təsəvvür edin ki, mən onun dəlisi, Məcnunu olmasam, iyirmi il ərzində Məcnunu sevdirə bilməzdim. Çox çətindir, eyni tamaşanı, eyni obrazda oxumaq və hər dəfə salonu ağzınacan doldurmaq. Hətta bir ay oxumayanda tamaşaçılar narazılıq edir. Tamaşaçı səndən bezsə, təbii ki, növbəti dəfə, hətta onuncu dəfə gəlməyəcək. Eləsi var, mənim əlli-altmış tamaşama baxıb. Bir dəfə soruşdum ki, bezməmisən təkrar dinləməkdən? Dedi, nə danışırsız... Sizin ifanız mənə dərman kimi gəlir, olmayanda elə bilirəm həyatda nəyimsə çatmır. Elə şeylər var ki, insanın hissləri ilə, gözəgörünməzlə bağlıdır və gəlib mənəviyyatda dayanır.

- Bütün tamaşa boyu o yanğını qoruyub-saxlamaq necə mümkün olur?

- Deyə bilmərəm ki, bütün tamaşanı elə yanğı ilə oxuyuram, bu mümkün də deyil. Amma tamaşanın içində anlar olur ki, o anlara görə bütün tamaşaya baxmağa dəyər. O anlarda özünü hiss etmirsən, məkanı unudursan, coğrafi anlayışlar itir, artıq bağlanırsan yuxarı və içində nəsə yaranır. Bax bunu tamaşaçı da hiss edir. Məhz bu anlardır tamaşaçını ora cəlb edən. Bəlkə də çox olsa ifaçının beyni buna dözməz, tamaşaçı da baxa bilməz. Hər şey görünür qədərində olanda gözəl olur. Biz canlı insanıq və yaşadığımız dünyadan tam təcrid ola bilmirik. Mən nə qədər tamaşadan əvvəl özümü unudub Məcnun olmağa çalışsam da, hiss edirəm ki, hardasa beynim işləyir. Cəhd edirəm ki, Mənsum olduğumu unudum. Var gücümlə Məcnunun hiss və həyəcanlarını olduğu kimi tamaşaçıya çatdıra bilim. Elə də olur ki, tamaşa bitir, otağıma tanıdığım-tanımadığım çoxlu adamlar gəlir, hamısıyla mexaniki olaraq danışıram, daha sonra çoxu yadımdan çıxır. Axı beynim hələ Məcnundadır. Bir neçə saat mexaniki hərəkət edirəm, çünki beyin qayıdana qədər üç-dörd saat vaxt tələb edir. Ta ki, yavaş-yavaş özünə gəlir.

- Muğamın yaranma tarixi hansı dövrə təsadüf edir?

- Adəmlə Həvvanın dövrünə. Bizim ana muğamımız Rast Adəmlə Həvva dövründən yaranıb. Muğam başdan-ayağa fəlsəfədir, ağlaşma deyil. Muğam bizim millətimizin xarakterini-xasiyyətini ortaya qoyur. Muğam bizim millətimizin keçdiyi bütün keşməkeşli yolları göstərir. Adət-ənənəsi, məhəbbəti, folkloru, xalqımıza aid hər şeyi muğamda tapa bilərsən. Çahargahda cəng varsa, döyüşkənlik varsa, Segah da başdan-başa məhəbbətdir. Bayatı-Qacar isə qəm-kədərdir. Muğamı dərk edən insanların əksəriyyətinin xasiyyəti ilə muğamın arxasınca gedən insanların xasiyyəti üst-üstə düşür. Bilirsiz, ancaq ruh insanları muğam arxasınca gedir. Maddiyyat yox, mənəviyyatı düşünən insanlar muğam ifaçısı olur. Çünki muğamda maddiyyat yoxdur. Muğam sənətkarları fanatlardır. Bu sənətin fədakarları. Burda əzab-əziyyət o qədər çoxdur ki, tamaşaçı hazır məhsulu görür, düşünür ki, ifaçıdır da, çıxdı oxudu. Amma ora gələnə qədərki yolun necə çətin, gərgin olduğunu bilmir.

- Bəs ifaçı o gözəllik arxasındakı əzab-əziyyətləri harda gizlədir?

- Özündə. Onun hamısını özündən keçirir, hazır məhsulu - zövqü verir tamaşaçıya, özündə isə əzab-əziyyət qalır.

- Özü nədən zövq alır?

- Özü o muğamın içində yanır e, bax o yanmağından zövq alır. Tam səmimi deyirəm, tamaşadan çıxıram, həm fiziki yorğun oluram, həm beynim yorğun olur. Leyli-Məcnun psixoloji bir əsərdir. Adi bir dastan əsəri deyil axı. Təsəvvür edin, Füzulinin yazdığı sözləri, dahi Üzeyir bəyin yazdığı musiqini oxuyursan. O iki saat yarımı olursan, sözün əsl mənasında Məcnun. Tamaşa səhəri oyananda görürəm, dizimdə, qolumda əziklər, sıyrıqlar var. Onları tamaşa zamanı hiss eləməmişəm. Və başlayıram o hissləri yadıma salıb zövq alıram. Tamaşaçıyla üzbəüz gələndə də kimi deyir ağlayıb gedirəm, kimi də deyir ki, mən günlərlə özümə gələ bilmirəm. Bax, bu, zövq verir. İnsanların hissinə təsir eləmək çox çətin bir şeydir. Hələ indiki zamanda. İndiki tamaşaçı çox əsəbidir, səbirsizdir. Anında hər şeyi görmək istəyir, təbiilik sevir. Əgər bunların olduğuna inanmasa, qalxıb tamaşadan gedəcək. Axı indiki dövr Sovet dövrü deyil ki, tamaşaçını zorla gətirib oturdasan. O, istədiyi an çıxıb gedə bilər. O min nəfəri sən orda saxlaya bilirsənsə, bu, artıq qəhrəmanlıqdır. Hətta bir dəfə təsadüfi bir adam səhnənin arxasında mənə dedi ki, “Ay Mənsum müəllim, siz nə zülüm çəkirsiz?” Düşünə bilirsiz, o mənim halıma acıdı... İş adamıydı və özü də bilmədi ki, mənə nə boyda zövq verdi bu sözüylə. Tamamilə bu dünyadan kənar adam idi, ağlına da gəlməzdi ki, mən o zülümdən nə qədər zövq alıram. Onun mənə acıdığı an, qəbiristanlıqda sürünmə pərdəsi idi, Leylinin qəbri üstə Məcnun canını tapşırır. Ancaq məhəbbət hissini yaşaya bilən adam dərk edə bilərdi ki, bu, nə deməkdir.

- Belə çıxır ki, hər dəfə muğam ifa edəndə, bir tamaşada oynayanda o ifaçı od tutub yanır, daha sonra dönür özünə...

- Həqiqətən elədir. İfaçı Məcnunun faciəsini yaşayır, dönür olur Məcnun, sonra da çətinliklə qayıdır özünə. Amma hər halda xarakterdə də uyğunluq var. Məcnun obrazıyla mənim xasiyyətimdə hansısa oxşarlıq var ki, mən obrazı mənimsəyib ifa edə bilirəm.

- Neçə dəfə canlandırmısız Məcnunu?

- İyirmi ildə 117 dəfə.

- Elə bir vaxt olubmu ki, Leyliniz sizi qane etməsin?

- Təbii ki. Bu tamaşanı yeni oxuduğum vaxtlarda istər-istəməz əsəbiləşirdim. Amma illər keçəndən sonra yolunu tapdım. Bilirsiz, səhnədə oyun zamanı elə bir an gəlib çatır ki, Leylini görmürsən. Onun kimliyindən asılı olmayaraq öz xəyalındakı ilə yaşayırsan. O halda artıq qarşındakı Leylinin nə cür oynadığı, səni qane edib-etmədiyi maraqlı olmadığından, əziyyət çəkmirsən.

- Bizim millətin mədəniyyətindən dünyada yoxdur. Bəs mədəniyyətə, konkret olaraq muğama diqqət necə, sizi qane edirmi?

- Muğamla pul qazanmaq olmaz, əksinə, onun üstünə pul qoymaq lazımdır, necə ki, bu gün Heydər Əliyev Fondu bu missiyanı öz üzərinə götürüb. Şəxsən Mehriban xanım son on il ərzində bəlkə də yüz ilin işini görüb. Muğamın tanınmasında Mehriban xanımın müstəsna rolu var. Həm respublika, həm beynəlxalq muğam müsabiqələri ölkəmizi mədəniyyət mərkəzi kimi tanıtdırır.

- Oxuculara sözünüz...

- Bədbin olmağa dəyməz. Mən gələcəyə nikbinliklə, inamla baxan adamam və inanıram ki, bizim millət hər bir çətinliyin öhdəsindən ləyaqətlə gələcək. Mən buna inanıram. Tezliklə Qarabağ işğaldan azad olacaq. Ali Baş Komandanın rəhbərliyi ilə biz tezliklə Şuşaya gedəcəyik. Allah millətimizi qorusun!

- Amin!

 

 

Nigar İsfəndiyarqızı 

 

Kaspi.-2012.-4 may.-S.15