"Azərbaycanda dünya
standartlarına uyğun media formalaşıb"
Müstəqillik
illərində Azərbaycanda dövlət tərəfindən
söz və məlumat azadlığının təmin edilməsi,
KİV-lərin maddi-texniki bazasının
yaxşılaşdırılması, jurnalistlərin sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində
ardıcıl addımlar atılıb. Trend-in xüsusi
müxbirinin məlumatına görə, bunu çərşənbə
günü Avropa Yayımları Birliyinin Cenevrədəki mənzil-qərargahında
Azərbaycanda söz və mətbuat azadlığının
vəziyyətinə dair keçirilən seminarda
çıxışı zamanı Azərbaycan Prezidenti
Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov deyib.
"Ötən
əsrin 90-cı illərində Azərbaycan dövlət
müstəqilliyini əldə edib. Və biz daxili siyasətdə
dövlətin media siyasətini formalaşdırarkən
dörd əsas prinsipi qarşımıza məqsəd qoyduq.
Bunlardan birincisi siyasi plüralizmin bərqərar edilməsi,
ikincisi, söz və mətbuat azadlığının təmin
olunması, üçüncüsü, demokratik və azad mətbuatın
formalaşdırılması və nəhayət
dördüncüsü, bu sahə üzrə dünyada və
Avropa Şurası çərçivəsində mövcud
olan ən qabaqcıl hüquqi-normativ bazanın öyrənilməsi
və Azərbaycan qanunvericiliyinin ona
uyğunlaşdırılmasıdır", - Həsənov
çıxışında deyib.
PA rəsmisinin
sözlərinə görə, bu dörd vəzifəni əsas
götürərək 1993-cü ildə hakimiyyət, yəni
Prezident Heydər Əliyev Azərbaycanda prezidentlik fəaliyyətinə
başladı.
"1993-ci
ildən başlayaraq Azərbaycanda həmin bu dörd
funksiyanın reallaşdırılmasını daxili siyasətin,
dövlət siyasətinin əsas vəzifəsi elan etdik.
1995-ci ildə Azərbaycan özünün yeni
Konstitusiyasını qəbul etdi. Konstitusiyanın əsas
prinsiplərindən biri ondan ibarətdir ki, Azərbaycan
dövlətində söz, fikir və məlumat
azadlığı, hər kəsin məlumat almaq və yaymaq
hüququ, KİV üzərində senzuranın yolverilməzliyi
dövlətin əsas prinsipidir. Bunun ardınca Azərbaycan
dövləti siyasi iradəsi və böyük səyləri
nəticəsində respublikada bu prinsiplər üzrə real
fəaliyyətə başladı", - Həsənov
çıxışında qeyd edib.
Həsənov
vurğulayıb ki, keçən illərdə plüralizmi,
söz və məlumat azadlığını məhdudlaşdıran
əsas süni maneələr aradan qaldırıldı.
"KİV-lərin
fəaliyyətini tənzimləyən qanunvericilik
aktlarının qəbulu və Avropa ilə
standartlaşdırılması prosesinə keçdik. 6 avqust
1998-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə mətbuat
üzərində senzura fəaliyyəti ləğv olundu. O
vaxta qədər Azərbaycanda qəzetlər
yığılırdı, çapa getməmişdən əvvəl
senzura idarəsinə göndərilirdi, senzura idarəsi onu
oxuyurdu, vərəqləyirdi, məqbul hesab etdiyini
buraxırdı, məqbul hesab etmədiyini qaralayırdı.
1998-ci ilin avqust ayının 6-dan bu fəaliyyətə birdəfəlik
son verildi və ümumiyyətlə, senzura idarəsi bir idarə
kimi ləğv olundu. Bunun ardınca, senzuranın ləğvi
və bu qəbildən olan digər tədbirlər müstəqil
KİV-in inkişafını, vətəndaşların beynəlxalq
hüquq və normalarını və Azərbaycan
Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və
fikir azadlığını təmin etmək istiqamətində
praktiki fəaliyyətə başladı", - Həsənov
deyib.
O
xatırladıb ki, 2000-ci ildə Azərbaycanın Mətbuat
və İnformasiya Nazirliyi ləğv olundu.
"Post-sovet
məkanında yalnız Azərbaycan və Gürcüstan mətbuat
və informasiya nazirliyinə malik deyil, qalan ölkələrin
hamısında mətbuat və informasiya nazirliyi var. Mətbuat
və informasiya nazirliyinin ləğv olunmasından sonra Azərbaycanın
jurnalistika həyatında bir boşluq yarandı. Jurnalistika
normaları harada işlənməlidir, əsas kodekslər
harada formalaşmalıdır, jurnalistlərin ictimai idarəçiliyini
kim həyata keçirməlidir, jurnalistlər şikayətini
kimə etməlidir, jurnalist həyatı ilə bağlı
problemlərin üstünə kim getməlidir. Bütün bu
müzakirələr ona gətirib çıxardı ki,
2003-cü ildə Azərbaycan jurnalistləri bir araya gəlib
qurultay keçirdilər və qurultayda indi mövcud olan Mətbuat
Şurasını yaratdılar", - PA rəsmisi
çıxışında bildirib.
Həsənov
hesab edir ki, Mətbuat Şurası yaranan gündən Azərbaycan
hökuməti özünün media üzərindəki
bütün təsiretmə mexanizmlərindən imtina etdi.
"Mətbuat
ictimaiyyətinin iştirakı ilə 1999-cu ildə Azərbaycan
hökuməti mövcud qanunvericiliyin yenilənməsi prosesinə
başladı. 1999-2002-ci illər arasında Azərbaycanda mətbuat
necə olmalıdır, qanunlar hansı standartlarda
olmalıdır mövzusunda debatlar başladı və Avropa
Şurasının standartları çərçivəsində
AŞ-nin ekspertləri ilə birlikdə Azərbaycanın yeni
media qanununu qəbul etdik. Yeni qanun mətbuat
azadlığını məhdudlaşdıran hər
hansı tədbirlərin tətbiqini birmənalı şəkildə
qadağan edir. Vəzifəli şəxsin və ya dövlət
strukturunun KİV-in fəaliyyətinə hər hansı
müdaxiləsi cinayət məsuliyyəti doğurur. Yeni
qanuna görə, Azərbaycanda media orqanı təsis etmək
və jurnalist fəaliyyəti ilə məşğul olmaq
üçün heç kimin icazəsinə ehtiyac yoxdur. Yeni
qanuna görə, hər bir media fəaliyyəti ilə məşğul
olan insan 7 gün müddətində öz bəyanatını
qeydiyyat orqanına təqdim etməklə mətbuat orqanı
təsis edə və onun fəaliyyətini həyata keçirə
bilər", - Həsənov deyib.
PA rəsmisinin
sözlərinə görə, 2002-ci ildə Azərbaycan
Avropa Şurası ilə əməkdaşlıq şəraitində
beynəlxalq standartlara uyğun olaraq "Televiziya və radio
yayımı haqqında" yeni qanunu işləyib
hazırladı və qəbul etdi.
"2003-cü
ildə bu qanunu və Azərbaycanda teleradio siyasətini həyata
keçirən Milli Televiziya və Radio Şurası
yaradıldı. Bu Şura öz fəaliyyətində
yalnız qanuna tabedir. Lakin media haqqında qanunun qəbul
olunması, mediada demokratik mühitin yaradılması kimi məsələləri
təmin edəndən sonra ortaya başqa bir problem
çıxdı. Jurnalistlər istədikləri
informasiyanı sərbəst şəkildə toplamaq
üçün çətinlik çəkdilər.
Müraciət etdikləri qurumların bəziləri onlara
informasiya verməkdən imtina etdilər. Biz Mətbuat
Şurası ilə birlikdə bu sahədə problemləri
aradan qaldırmaq üçün fəaliyyətə
başladıq. O zaman media institutu və digər təşkilatların
tövsiyələrini toplayaraq "Dövlət sirri
haqqında" və "İnformasiya əldə etmək
haqqında" iki qanun qəbul etdik. Bu iki qanun Azərbaycanda
informasiyanın sərhədlərini müəyyən etdi, məmurların
jurnalistlərlə ünsiyyətinin əsasını
yaratdı. Məmurlar qarşısında vəzifə qoyuldu
ki, jurnalistin hər bir müraciətinə
vaxtlı-vaxtında cavab vermək, onu cavablandırmaq məsuliyyətinə
malikdirlər. Beləliklə, 2005-cü ildən Azərbaycanda
informasiya azadlığını da təmin etdik", - Həsənov
deyib.
PA rəsmisi
bildirib ki, 200-cü ildə Azərbaycan ictimaiyyətinin tələbi
və Avropa Şurası qarşısında
götürdüyümüz öhdəliklərə
müvafiq olaraq, ölkədə İctimai Televiziya
yaradıldı.
"İctimai
televiziya və radio yayımı haqqında" qanun Avropa
standartlarına uyğun olaraq Avropa Şurası ilə birlikdə
işlənildi, onun yayım siyasəti və yayım
şurasının formalaşdırılması normaları
Avropa standartlarına uyğunlaşdırıldı. Nəticədə,
biz bu gün 57-ci "Eurovision" yarışması
keçirən televiziyaya malikik. Bu televiziyanın fəaliyyətində
nəyin yaxşı, nəyin pis olduğunu ictimaiyyət dəyərləndirir.
Müstəqillik illərində Azərbaycanda dövlət tərəfindən
söz və məlumat azadlığının təmin edilməsi,
KİV-lərin maddi-texniki bazasının
yaxşılaşdırılması, jurnalistlərin sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində
ardıcıl addımlar atıldı. 1998-ci ildən Azərbaycanda
print-media bütün dövlət vergilərindən azad
olundu. Azərbaycanda print-medianın 1998-ci ildən 2003-cü
ilə qədər Azərbaycan Dövlət Nəşriyyatına
olan bütün borcları ödənildi, dövlət tərəfindən
bağlandı", - Həsənov bildirib.
PA rəsmisi
bildirib ki, bu, o vaxtkı pul ilə təxminən 4,5 milyard
manat, indiki pul ilə isə 450 min manat idi.
"Xüsusi
qeyd etmək istəyirəm ki, 2000-ci ildən başlayaraq Azərbaycan
milli mətbuatının yubileyləri hər il dövlət
səviyyəsində qeyd olunur və mətbuat
orqanlarının hər birinə dövlət tərəfindən
qrantlar ayrılır. Azərbaycan post-sovet məkanında
yeganə ölkədir ki, uzun müddət mediada
çalışmış jurnalistlər üçün
dövlət tərəfindən ev inşa edilir və təmənnasız,
pulsuz olaraq gələn il həmin evlər jurnalistlərə
paylanacaq. 2008-ci il iyulun 30-dan Azərbaycan Prezidentinin sərəncamı
ilə Azərbaycan Respublikasında KİV-in
İnkişafına Dövlət Dəstəyi Konsepsiyası
qəbul olunub və xüsusi fond yaradılıb. Hər il bu
fond yüzlərlə jurnalistə jurnalist müsabiqəsi
çərçivəsində yardım edir, mükafatlar
verir, media orqanlarına qrantlar ayırır", - Həsənov
bildirib.
PA rəsmisinin
sözlərinə görə, hazırda Azərbaycanın real
həyatında KİV sahəsində dünya standartlarına
uyğun plüralist media, elektron və yazılı KİV
formalaşıb.
"KİV-lərin
sayına görə Azərbaycan MDB və Şərqi Avropa
ölkələri arasında qabaqcıl mövqelərdən
birini tutub. Azərbaycanda 4600 mətbuat orqanı, yüzlərlə
informasiya portalı, 50-dən çox informasiya agentliyi
qeydiyyata alınıb və fəaliyyət göstərir.
Bunların sırasında gündəlik, həftəlik və
digər fəaliyyət növləri ilə məşğul
olanlar var. 50-yə yaxın milli informasiya agentliyi insanları
ölkədə və dünyada baş verən hadisələrlə
tanış edir. Bölgələrdə yüzə yaxın
qəzet və jurnal nəşr olunur. Xarici dillərdə -
rus dilində 40, ingilis dilində 12 qəzet və jurnal,
türk, fransız, alman, ərəb və başqa dillərdə
də bir sıra mətbuat orqanları və bülletenlər
nəşr olunur. Təsis edilən KİV-lərin əksəriyyəti,
3 dövlət qəzeti istisna olmaqla, özəl qurumlara,
siyasi partiyalara və şəxslərə məxsusdur.
Azərbaycanda
geniş şaxəli sərbəst internet fəaliyyət
göstərir. Ölkədə son illərdə informasiya və
kommunikasiya texnologiyalarının sürətli inkişafı
internetin imkanlarının genişlənməsinə şərait
yaradıb və Azərbaycanı lider ölkələr
sırasına çıxarıb. Ümumdünya İqtisadi
Forumunun hesabatına görə, hazırda Azərbaycanda
internet istifadəçilərinin sayı əhalinin 50 faizindən
çoxunu təşkil edir. 30-dan artıq internet provayderi bu
sahədə xidmət göstərir. Azərbaycanda
genişzolaqlı sürətli internet istifadəçilərinin
sayı hazırda 30 faizə yaxınlaşır. Bu isə
orta ümumdünya göstəricilərindən 2,5 dəfə
yüksəkdir. .az domen zonasında qeydiyyatdan keçmiş
domenlərin sayı 4,5 dəfə artıb və 12 mini
keçib. Son 4 ildə internet trafikin
giriş-çıxış həcmi dəfələrlə
artıb, internet xidmətlərindən istifadə haqları
azalıb", - Həsənov əlavə edib.
PA rəsmisi
bildirib ki, 1998-ci ildən sonra Azərbaycanda yeni özəl televiziya
və radio kanalları açılıb və son illər
kabel televiziyasının miqyası getdikcə genişlənməkdədir.
"Hazırda
Azərbaycanda 9 ümumrespublika televiziyası, bir peyk, 14
regional və 14 kabel televiziyası, 14 radio fəaliyyət
göstərir. 2005-ci ildə Azərbaycan Dövlət
Televiziyasının bazasında "Azərbaycan Televiziya və
Radio Verilişləri" QSC yaradılıb. Elə həmin
il İctimai Televiziya və Radio Yayımları Şirkəti
fəaliyyətə başlayıb. Azərbaycan Nazirlər
Kabinetinin qərarına əsasən, ölkə ərazisində
rəqəmsal yayımın tətbiqinə başlanıb və
2012-ci ilin sonuna kimi biz tam olaraq rəqəmsal yayıma
keçəcəyik, azad peyk sisteminin yeni modern
texnologiyasını tətbiq edəcəyik. Hazırda Azərbaycanda
53 jurnalist təşkilatı qeydiyyatdan keçib, 30 media təşkilatı
birbaşa söz və məlumat azadlığının
inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin
gücləndirilməsi və s. sahədə fəaliyyət
göstərir. Ölkədə müstəqil media
yayımı həyata keçirən 23 kommersiya strukturu
mövcuddur", - Həsənov çıxışında
bildirib.
Son
olaraq Azərbaycan hakimiyyətinin siyasi plüralizim, söz və
məlumat azadlığı ilə bağlı iradəsini
seminar iştirakçılarına çatdıran PA rəsmisi
deyib ki, Azərbaycan bütün bu görülənləri qənaətbəxş
hesab etmir.
"Bizim
problemlərimiz yetərincədir. İki əsas problemi diqqətinizə
çatdırmaq istəyirəm. Bunlardan biri azad
medianın dairəsinin hələ Azərbaycan dövlətini
qane edəcək səviyyədə olmaması, onların
genişləndirilməsi ehtiyacıdır. Azad medianın dairəsini
getdikcə genişləndirməliyik. İkincisi, jurnalistlərimizin
peşəkarlığını artırmalıyıq.
Çünki azad medianın dairəsi genişləndikcə,
qeyri-peşəkar jurnalistlərdən cəmiyyət, dövlət,
millət və bütün insan təbəqələri demək
olar ki, əziyyət çəkir. Biz hazırda diffamasiya
haqqında qanunun qəbul olunması ərəfəsindəyik.
Mən bütün jurnalist təşkilatlarına təşəkkür
etmək istəyirəm ki, bu qanun layihəsinin
hazırlanmasında və müzakirəsində ATƏT və
QHT-lərlə birlikdə iştirak ediblər və belə
bir qanun layihəsi hazırlamışıq. Azərbaycan
Prezidenti bu qanunu qəbul etmək iradəsini ortaya qoyub. Lakin
biz jurnalistlərdən qarşılıqlı addım
gözləyirik. Nədir bu addım? Bütün Azərbaycan
jurnalistləri jurnalistlərin vahid əxlaq kodeksini qəbul
etməlidir.
Cinayət
məsuliyyətindən jurnalisti o zaman azad etmək olar ki, o
öz məsuliyyətini dərk edir, cəmiyyət qarşısında
və vahid əxlaq kodeksinə tabe olur. Güman edirəm ki,
bugünkü dialoqdan sonra da biz bu sahədə işlərimizi
davam etdirəcəyik. Biz bütün tənqidlərə
açığıq, bütün konstruktiv təklifləri
qəbul etməyə, müzakirə etməyə
hazırıq və biz Azərbaycanı Avropanın, Azərbaycan
cəmiyyətini demokratik Avropa cəmiyyətinin tərkib hissəsi
kimi görmək istəyirik. Əlbəttə, 20 ilə Azərbaycanda
Avropanın 100 illərlə qurduğu demokratiyanı, siyasi
plüralistik mühiti yaratmaq çətindir. Burada bizim
mentalitetimiz də nəzərə alınmalıdır. Biz
jurnalistlərimizin peşəkarlığını və məsuliyyətini
artırmalıyıq. Bu, əlbəttə, bizim arzumuzdur.
Avropa 200 ildir bunu edir və müəyyən nailiyyətlər
də qazanıb", - Həsənov deyib.
Kaspi.-2012.-3 may.-S.3.