“Mənim gözümdə Cavid Əfəndi...” mövzusunda düşüncələr... 

 

 “Dünyanın əsl qiymətini verə biləcək əxlaqda olmadığı DAHİ - Hüseyn Cavid”

 

Bu dəfə də belə xatırlayaq Cavid Əfəndini. Üzümüzü onu sevərlərə tutub hər kəsin öz dünyasındakı Cavidə baş vuraq. Elə mövzumuzun adı da niyyətimizi əks etdirir. Görəsən bizim gözümüzdəki sevgi ruhumuzdakı iblisi məhv etməyə yetəcəkmi?!

Yazıçı-publisist Əkbər QOŞALI: “Onun şeirlərinin hər sətrində sözdən qabaq ruh “görünür” - Turan ruhu!”

-Cavid Əfəndi! Şair demiş, nə gözəl səslənir bu söz! – Vətən kimi, Turan kimi, Sənət kimi... Hüseyn Cavid özündən öncəki və hələlik həm də sonrakı ədiblərimizdən heç birinə nəsib olmayan bir titul daşıyır – ƏFƏNDİ!.. Atatürk təbirincə desək, o, sənətin əfəndisi olmaq istəmirdi, sənətə qulluq edirdi və sənətkarlar, aydınlar və nəhayət xalq onu əfəndi çağırdı. Dövlət təltifləri içində “Əfəndi” titulu, fəxri adı yoxdu; xalq içində də adətən övliyalar, ruhanilər bu “titu”la layiq görülürdülər; Hüseyn Cavid şair, ədəbiyyatçı olaraq əfəndi çağrıldı. Çünki insan olaraq, xarakter, şəxsiyyət olaraq əfəndi idi.

Mənim üçün Cavid Əfəndi ortaq türk ədəbi abidəsidir, özündən öncəki intellektual ədəbiyyatın ən yaxşı özəlliklərini öz yaradıcılığında toplayıb gələcək türk (və ümumən bəşər) ədəbi gəncliyi (nəsilləri) üçün model qoymuş bir azman söz ustasıdır. Ülkü ilə şeiriyyətin, milliliklə bəşəriliyin bir arada tutula bilməsinin örnəklərini vermiş ədəbiyyat xadimidir Cafid Əfəndi... Onun şeirlərinin az qala hər sətrində sözdən qabaq ruh “görünür” elə bil: türk (Turan) ruhu! Bundan böyük bəxtiyarlıq varmı?

Yazar Elçin Mirzəbəyli: “Və günlərin birində dünyanın ən böyük teatrlarında Cavid Əfəndinin əsərləri oynanılacaq!”

-Hüseyn Cavid nəinki Azərbaycanın, Türk və İslam dünyasının və bütün bəşəriyyətin dəyəri, haqqı verilməyən ən böyük şairidir.

Cavidin təkcə:

 

“Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur Yer üzünü”

 

beyti onun dünya ədəbiyyatı tarixindəki yerini müəyyənləşdirmək üçün yetərlidir. Cavid misilsiz fəlsəfi dünyagörüşünə və istedada malik bir dramaturqdur. Mən dünya dramaturgiya tarixində Hüseyn Cavidlə yanaşı dayana biləcək ikinci bir dramaturq tanımıram. Hətta Şeksprin əsərləri belə Cavid dühasının, “Peyğəmbər”in, “İblis”in, “Şeyx Sənan”ın yanında çox sönük görünür. Bunu bütün məsuliyyətimlə deyirəm. Bir hadisə danışım sizə: Sank-Peterburq Teatr, Musiqi və Kinomatoqrafiya İnstitutunda təhsil aldığım illərdə “İblis”dən bir hissəni dostların köməyi ilə tərcümə edib səhnələşdirmişdim. Həmin hissəni izləyən rus-sovet teatrının nəhəngləri – Lev Dodin, Vladimir Pyotrov, Tamara Abrosimova və digərləri təəccübdən donub qalmışdılar. Məndən Hüseyn Cavidin nə üçün tərcümə edilmədiyini, təbliğ olunmadığını soruşdular. Onun Şekspirdən daha böyük bir dramaturq olduğunu dedilər.

O zamandan 19 il keçir, amma hələ də Cavid Əfəndini Azərbaycanın sərhədlərindən kənarda tanıda bilməmişik. Heç Azərbaycan teatrları da Cavid dramaturgiyasına müraciət etmirlər. Əslində çağdaş Azərbaycan teatrı ilə Hüseyn Cavid dramaturgiyasını bir yerdə təsəvvür etmək mümkün deyil. Təəssüf ki, teatrlarımız dramaturgiyadan anlayışı olmayan, teatrı, səhnəni hiss etməyən, ədəbiyyatın digər janrlarında qazana bilmədikləri uğura səhnənin imkanları hesabına sahiblənməyə çalışan yazarların poliqonuna çevrilib.

Bu reallıqlar nə zamansa dəyişəcək, şübhəsiz. Və günlərin birində dünyanın ən böyük teatrlarında Cavid Əfəndinin əsərləri oynanılacaq!

Rəsul Mirhəşimli: “Hüseyn Cavid həbsxana divarları arasında zülmə, zalıma meydan oxumağın fəlsəfəsini yaratdı”

-Hüseyn Cavid XX yüzilin amansız repressiyalarına azad ruhunu təslim etməyən ən böyük dühadır, mənim üçün. İblislərə meydan oxuyan, şərin qarşısında əyilməyən bu böyük şəxsiyyət vücudunu qurban etsə də Azərbaycana sonsuz imtiyazlar bəxş edən işıqlı bir ziyalımız oldu. Hüseyn Cavid yaradıcılığında sovetlər adlanan şər imperiyasını tərənnüm edən bircə misra belə tapmaq mümkün deyil. Hüseyn Cavidin zülmün “qızğın, odlu zərbəsinə Hədəf olmuş vücudu” heç zaman zalımın qarşısında əyilmədi. Bu böyük insanın həyatından yola çıxan istənilən Azərbaycan vətəndaşı ruhunu hürr olmağa qədər yüksəldə bilər.

“Zülmü fisqin, cinayətin yolunu Sədd üçün həbsxanalar yapılır” reallığını görən Cavid Əfəndinin ruhunu bu həbsxanalar divarı arasında heç zaman dustaq edə bilmədilər. Hüseyn Cavid bu həbsxanalar divarları arasında zülmə, zalıma meydan oxumağın fəlsəfəsini yaratdı. “Yüksəliş varsa, səbəb alçaqlıq” rəzalətini görüb bu rəzalətə üsyan edən Hüseyn Cavidin nəsibi repressiya oldu. O mənfur sovetlər rejimi bütün gücü ilə Hüseyn Cavid şəxsiyyətini hədəf aldı, fəqət tarix sübut etdi ki, bu savaşdan qalib çıxan məhz bu böyük şairimizin özü oldu.

Hüseyn Cavid şəxsiyyəti Azərbaycan durduqca yaşayacaq, gələcək nəsillərə öz yolunu tapmaqda da bələdçilik edəcək.

“Hüseyn Cavidin təsvir etdiyi Atatürk” kitabının müəllifi, araşdırmaçı—yazar Güntay Gəncalp: “XIX-XX əsrdə nə Mərkəzi Asiyada, nə İranda, nə də Anadoluda Cavid əfəndi kimi ədib yetişməmişdir”

-Cavid əfəndi mənim gözümdə azad düşüncənin və azad ədəbiyyatın öndəridir. Çünkü Cavid sonrası ədəbiyyatımız sosializm-realizm ideologiyanın əsiri durumuna gəlmişdi. Cavid yaradıcılığı indiki zamanda keçmiş və gələcəklə dialoqa girmişdir. Bu üzdən də tarixdən örnək aldığı “Şeyx Sənan”, “Siyavuş, “Xəyyam”, “Topal Teymur” kimi əsərlərində tarixi şəxsiyətlərin dünyagörüşünü indiki zamanda dartışmaya açaraq gələcəyə doğru yönəlmişlik düşüncəsini ortaya qoyar. Cavid yaradıcılığında Şərq və Qərb mədəniyəti dialoqa girmişdir. Özəlliklə Cavid məzmun olaraq Şərqin dərin düşüncəsinə əsaslanmaqda ikən metod olaraq Qərb yöntəmini mənimsəmişdir. Bu baxımdan Cavid əfəndinin yaradıcılığı cahanşümuldur, bütün bəşərə xitab edər. Cavid yaradıcılığının surətləri Türk dilində bəşərin tarixi ağrı və acılarını, sevincini dilə gətirməkdədir. Örnəyin “İblis” əsərindəki faciələr bəşərin ortaq faciəsidir.

Cavid, ayrıca hər növ mühafizəkarlığa qarşı çıxar. Çünki, varlıq sürəkli dəyişim halında ikən bəşərin bir pillədə durub dəyişməməsi böyük xətadır. Çünki, bir yerdə durmaq və dəyişməmənin adı Cavid əfəndiyə görə cəhalətdir. Cəhalətə qarşı savaşın adı isə dəyişməkdir. Bu baxımdan Cavid yaradıcılığı bir tür dəyişim dialektikasını açıqlar:

“Lazımsa cəhalətlə güləşmək,

Bir çarə var ancaq: yeniləşmək”

Yeniləşmək Cavid əsərlərində düşüncə inqilabı kimi ortaya çıxar. İnsan nə qədər dəyişməyə çalışsa da, onun dəyişməsini əngəlləyəcək əski dəyərlər var, ona görə də dəyişimdən çəkinməmək lazımdır.

“Bizlər yeniləşsək bilə daim,

Bir əskilik az-çox bizə hakim.”

Cavid Əfəndi irfan ədəbiyyatının modern dilimizdəki zirvəsidir. Mən İran Anadolu, Azərbaycan və Mərkəzi Asiya ədəbiyyatını yaxşı oxumuş bir oxucu kimi deyə bilərəm ki, XIX-XX əsrdə nə Mərkəzi Asiyada, nə İranda, nə də Anadoluda Cavid əfəndi kimi ədib yetişməmişdir. İrfan və təsəvvüf veriləri Cavid yaradıcılığında modern ifadə şəklini bulmuşdur.

Gənc yazar Könül Səid: “Cavid Əfəndi qəlbimin dərin qatlarında özünə gizli məskən salmış “iblisi” mənə tanıtdırdı!”

-Mən bu sorğunu cavablamazdan öncə diqqətimi çəkən və məni dəqiqələrcə düşünməyə, dörd sözə diqqət kəsilməyə vadar edən bir məqamı diqqətə çatdırmaq istəyirəm. Bu məqam sorğunun ismi ilə bağlıdır. Deyəcəksiniz ki, axı sorğunun isminə necə diqqət kəsilmək olar ? Axı o yazılıb… sadəcə…

“Mənim gözümdə Cavid əfəndi” ismi və bu isimdə cəm olub yan-yana düzülən sözlərinin bir arada səslənməsi sanki həzin bir musiqi kimi ilk başda insanı salamlayır. Sonra bu insan, bu mütəfəkkir, bu dahi bir filosof haqqında əfəndicə bir şərh verir. Bilməzdim ki, dörd sözün daxili gücü və enerjisi bir “filosofu” mənə bu qədər tanıtdıra və onun əfəndicə təqimatını verə bilər.

Mən Hüseyn Cavid haqqında, onun şəxsiyyəti, yaradıcılığı haqqında məlumatlı olsam da bu mövzulara toxunmaq və yaxud da nələrisə yazmaq istəmirəm. Baxmayaraq ki, ədəbiyyat sahəsində təhsilim var, hətta deyərdim ki, sırf Azərbaycan ədəbiyyatı ixtisasının magistr dərəcəsini də almışam. Amma yenə də bunların heç biri mənə əsas vermir bu insan, bu şəxsiyyət haqqında fikir yürüdüm, şərh yazım. Çünki buna nə yaşım, nə də təcrübəm yetərli deyil. Bəlkə də zamanla bu mütəfəkkir dünyasına bir qapı tapıb sirlərini kəşf edə bildim…bəlkə də…

Amma indi “Mənim gözümdə Cavid əfəndi” sorğusuna bir sözlə cavab yaza bilsəydim əgər, sadəcə deyərdim ki, bu İnsan mənim qəlbimin dərin qatlarında özünə gizli məskən salmış “iblisi” mənə tanıtdıran bir “filosofdur”…

Həbib Ələkbərsoy – Türk Hərəkatı İctimai Birliyinin sədri: Hüseyn Cavid dünyanın ona əsl qiymətini verə biləcək əxlaqda olmadığı bir DAHİDİR!

-Mənim gözümdə Hüseyn Cavid ilk növbədə dünyanın ən böyük filosofudur:

Düşünürəm ki,

“Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur, Yer üzünü!”

bəşəriyyətin ən böyük fəlsəfi ifadəsidir. Göstərin, bundan daha böyük bir məntiqi mənə...

Cavid Əfəndinin sonsuza qədər tədqiq olunası dini fəlsəfi baxışları var:

Mənim tanrım gözəllikdir, sevgidir.

O, həm də dünyanın gələcəyini vahid dində görür:

“Din bir olsaydı yer üzündə əgər,

Daha məsud olurdu, cinsi-bəşər!”

Hüseyn Cavidin “İblis”-i tədqiq olunduqca mistik fəlsəfənin zirvəsinə qalxır.

O, ən böyük bəşəri və mənəvi dəyərləri təqdim edirdi.

Əslində dünya filosoflarının özlərini təsdiq yollarından biri də Hüseyn Cavid yaradıcılığının araşdırılmasından keçəcək.

Yəni Hüseyn Cavid fəlsəfənin fövqündə bir dühadır.

Mənim gözümdə Hüseyn Cavid böyük ideoloq, türkoloq və Türan sevdalısıdır:

“Turana qılıncdan daha kəskin, ulu bir qüvvət,

Yalnız, mədəniyyət, mədəniyyət, mədəniyyət!”

Hüseyn Cavid Sovet İmperiyasının xüsusi xidmət orqanları tərəfindən təqib olunsa da ilk dəfə məhz bu iki misraya görə sorğuya çağrıldı. Və bu da Hüseyn Cavid kimliyinin fiziki məhvinin başlanğıcına gətirib çıxardı.

O, sovet imperiyasının tükünü ürpədən ideoloq idi!

Mənim gözümdə Hüseyn Cavid böyük dramaturq, yazıçı və şairdir.

Mənim gözümdə Hüseyn Cavid əsl bir Türk kişisidir.

Və mənim gözümdə Hüseyn Cavid dünyanın ona əsl qiymətini verə biləcək əxlaqda olmadığı bir DAHİDİR!

 

 

Nigar İsfəndiyarqızı

 

Kaspi.-2012.-13 noyabr.-S.12.