Natəvanın qəzəli, Xanlıq Şükürün avazı

 

   Mədəniyyət tariximizdən

  

   O, elə bir zamanda yaşayıb-yaratmışdı ki, səsinin gözəlliyini bizə çatdıran nə qrammofon valları, nə də lent yazıları olub. Sadəcə xatirələrdən, musiqişünasların yazılarından, həmkarlarının etiraflarından öyrənirik ki, o, Azərbaycan musiqi mədəniyyətinin çox görkəmli nümayəndələrindən biri idi. Unudulmaz Firudin Şuşinski yazırdı ki, Xanlıq Şükür «Zəmin-xarə», «Segah», «Hicaz», «Şüştər», «Şur» muğamlarını çox məharətlə oxuyardı. Həzin və yanıqlı səsi vardı. Onun mahnı və təsnifləri məharətlə oxumasında müəllimi Hacı Hüsünün böyük əməyi olub. Xanlıq Şükür Şərq muğamlarını, Azərbaycan xalq mahnı və təsniflərini məhz müəllimindən öyrənərək xanəndəlik sənətinin sirlərinə yiyələnmişdi.

   1872-ci ildə Şuşada yoxsul bir ailədə doğulmuş Şükür lap kiçik yaşlarından oxumağa həvəs göstərib. Həmişə də bağda hasarın başında əyləşər, gül-çiçəyə dövrə vuraraq cəh-cəh edən bülbüllərlə yarışa girərmiş. Xatirələrdən bəlli olur ki, qonum-qonşu ona həmişə «quşdilli Şükür» deyərmiş. Çünki Şükür oxuyan kimi quşlar birnəfəsə onun avazına qoşularmışlar. Əməlli-başlı bir xor ansamblı yaradarmışlar. Solist də Şükür olarmış.

   O vaxt Xan qızı Xurşidbanu Natəvan rəhbərlik etdiyi «Məclisi-üns» ədəbi məclisinin üzvlərini tez-tez məşhur bağına dəvət edərmiş. Yaşıllığın qoynunda keçirilən ədəbi məclisdə şairlər yeni şeirlərini oxuyar, müzakirə edər, sazəndə və xanəndələr də məclisin şövqünü artırmaq üçün səslə sözün ünsiyyətini yaradardılar. Xan qızının müasirləri olan Hacı Hüsü, Məşədi İsi, Sadıqcan və başqa məşhur musiqiçilər bu məclislərdə yaxından iştirak edərdilər. Təbii ki, Natəvanın rəhbərliyi ilə yaradılmış belə bir ədəbi mühit öz təsirini göstərirdi. Məclisin üzvü olan da, olmayan da bu mühitdən bir məktəb kimi bəhrələnirdi. Bütün Şuşa əhli gözəl bilirdi ki, Xurşidbanu Natəvan həmişə istedadlılara yaxından kömək edər, onların formalaşması, savadlanması üçün əlindən gələni əsirgəməzdi. Natəvandan məsləhət alanlar həmişə həyatda uğur qazanardılar. Xan qızı onlara həm mənəvi, həm də maddi cəhətdən dəstək olardı. Xüsusilə də Şuşa gənclərini çox sevən Natəvan onların parlaq gələcəyə sahib olmalarından ötrü varından keçməyə hazır idi. XIX əsrin məşhur musiqiçilərinin, şairlərinin, xanəndələrinin qazandığı uğurlarda Xan qızının xidməti çoxdur. O, sənəti və sənətkarı dəyərləndirməyi bacarırdı. İnsanlara dayaq olmaq onun həyat amalı idi.

   Elə Şükürün taleyində də Natəvanın böyük xidməti olub. Deyilənə görə, Xan qızı bir gün bağda gəzərkən Qala hasarının bürcü üstündə əyləşən bir yeniyetmə diqqətini cəlb edib. Xurşidbanu çox təəccüblənib ki, bu uşaq niyə hündür yerə çıxaraq sakit dayanıb. Qəfildən avazlanan səs Natəvanı çox təsirləndirib. Ona elə gəlib ki, Qala bürcünün o hissəsində təndir qalayıblar. Ətrafa yayılan şölələr isə birbaşa ürəyə tuşlanırdı. Xan qızının xidmətçiləri onun əmri ilə Şükürü saraya gətiriblər. Oğlanın gözəl, məlahətli səsi onu məftun edib. Bir neçə mahnı oxutduqdan sonra onun hansı ailədən olması ilə maraqlanıb. Biləndə ki bu məlahətli səsin sahibi yoxsul bir kişinin - Rövşənin nəvəsidir, mütəəssir olub. Belə səs sahibinin mütləq savad alması, oxuması vacib idi. Buna görə də Natəvan nəvazişlə deyib: «Oğlum, sənin həzin nəfəsin və səsin var. Sən bu səsin hesabına həm özünü, həm də ailəni xoşbəxt edərsən. Məsləhətim budur ki, mənim yanımda qalasan, uşaqlarımla bir yerdə tərbiyə alasan, oxuyasan. Onda gələcəyin savadlı xanəndəsi olarsan. Səni nəinki Şuşada, külli Qarabağda, bəlkə daha uzaqlarda da tanıyacaqlar».

   Şükürün həyatına həqiqətən də günəş doğdu. Zülmətdən, çətinlikdən, ümidsizlikdən qurtuldu. Natəvan onu öz balalarından ayırmadı. Yoxsul bir kəndli ailəsində doğulmuş Şükür sonradan xan sarayında yaşayıb təhsil aldığına, dövrünün savadlı insanlarından biri olduğuna görə Şuşa əhli onu «Xanlıq Şükür» deyə çağırırdı. Xalq tərəfindən verilən bu ləqəb Şükürün ömrü boyu adı ilə qoşa çəkildi. Beləliklə, gəncin bir sənətkar kimi inkişafında, xanəndə kimi məşhurlaşmasında Natəvanın böyük əməyi oldu.

   Natəvan əvvəlcə Hacı Hüsüdən xahiş edib ki, Şükürü himayəyə götürsün. Bir müəllim kimi onunla yaxından məşğul olsun. Mahnı seçimində, muğam oxumasında, təsnif ifasında məsləhətini əsirgəməsin. Hacı Hüsü onsuz da istedadlı gənclərlə işləməyi, onları öyrətməyi çox sevərdi. Natəvanın tapşırığı isə onun üçün hər şeydən əziz və üstün idi. Bu səbəbdən də Hacı Hüsü Şükürün bir xanəndə kimi yetişməsində həvəslə çalışdı. Şükür bir qayda olaraq ədəbi məclislərdə, şeir və musiqi gecələrində həmişə iştirak edər, şairlərin oxuduğu şeirləri dinləyər, xanəndələrin vurduğu xal və guşələri öyrənərdi.

   Təbiətən çox həssas və kövrək olan Xan qızı Natəvan hər səsi, hər oxuyanı da bəyənməzdi. O, sirayətedici muğamları çox sevərdi. Bu şərtlə ki onun ifaçısı da həzin və yanıqlı səsə malik olsun. F.Şuşinskinin yazdığına görə, Natəvan tez-tez Şükürün səsinə qulaq asar, onun oxuduğu muğamları, təsnifləri çox bəyənərdi. Natəvan Şükürü övladlarından biri sayırdı. Xüsusilə də kədərli, hüznlü çağlarında Şükürə qulaq asmaq onun qəlbinə bir rahatlıq, duyğularına, ovqatına sakitlik gətirərdi. Şükür də Natəvana çox bağlanmışdı. Həyatda qazandığı uğurlarına görə ona minnətdar idi.

   Deyilənə görə, Natəvan 1897-ci ildə vəfat etdikdən sonra Xanlıq Şükür bir müddət Şuşada qala bilmədi. Çox sarsılmışdı. Ona elə gəlirdi ki, bir daha bu şəhərdə oxuya bilməz. Çünki ana və himayədar kimi çox sevdiyi bir insanın yoxluğu ona əzab verirdi. Xanlıq Şükür həm də ilk növbədə Natəvanın qarşısında çalıb-oxuyardı. Bütün ifalarının rəyçisi, dinləyicisi, tənqidçisi, pərəstişkarı, himayədarı Xan qızı idi. Birdən-birə bu böyük insanın, müqəddəs varlığın əbədi yoxluğunu qəbul etmək və bu ağır dərdlə barışmaq çox çətin idi. Bu səbəbdən də o, Şuşadan köçür. Uzun illər İrəvan şəhərində yaşayaraq xanəndəlik etsə də, yenidən Şuşaya qayıtmalı olub. Öncə «İmarət» qəbiristanlığında uyuyan Xan qızı Natəvanı ziyarət edib. El arasında dolaşan bir söhbətə görə Xan qızının qəbri başında əlini qulağının dibinə verən Xanlıq Şükür «Segah» oxuyub. Yaxınlıqda olan insanlar bu qəmli səsin ahənginə düşərək tanış nalənin izi ilə «İmarət»ə sarı gəliblər. Şükür bir də onda gözlərini açıb ki, ətrafda insan əlindən tərpənmək olmur. O gün «İmarət»də səslənən «Şüştər», «Segah», «Zabul-Segah» və digər muğamlar Şükürün içində gəzdirdiyi kədəri ifadə edib. Sanki bununla da əzabdan qurtulub. Həyatın qanunlarına, dünyanın faniliyinə, bir olumun həm də sonuna baş əyərək yenidən Natəvanın məsləhətlərinə - nəsihətlərinə əməl etməyə üstünlük verib. Beləliklə, Şükür bütün ömrü boyu Xan qızını unutmayıb. Onun qəzəllərini, şeirlərini özünəməxsus bir ahənglə ifa edib. Bununla sanki öz oğulluq, sənətkarlıq borcunu yerinə yetirirdi:

  

   Yenə ya Rəbb, nə qəmgindir mənim bu şad olan könlüm,

   Rümuzi-eşqdən agah olub, ustad olan könlüm.

  

   Xanlıq Şükürlə bağlı aparılan araşdırmalardan məlum olur ki, o, təkcə xanəndəlik etməyib. Hətta Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» operasında da müxtəlif rollar yaradıb. «Kaspi» qəzetinin 1910-cu il 19 may nömrəsində verilmiş bir xəbərdə oxuyuruq ki, Üzeyir Hacıbəylinin may ayının 14-də Bakı şəhərində göstərilmiş «Leyli və Məcnun» operasında İbn Səlam rolunu Xanlıq Şükür məharətlə oynamışdır. F.Şuşinski yazırdı ki, Şükürün İbn Səlamı həmin operada Məcnun rolunun görkəmli ifaçısı Hüseynqulu Sarabskinin çox xoşuna gəlmişdi. Təsadüfi deyildir ki, 1913-cü ilin avqust ayında Şuşada yaradıcılıq gecəsi keçirilərkən Sarabski Məcnunu, Şükür isə İbn Səlamı böyük məharətlə oynamışdılar.

   Sənətşünas Cəlil bəy Bağdadbəyov da Qarabağ xanəndələri haqqındakı xatirələrində bu unudulmaz muğam ustadının yaradıcılığı ilə bağlı yazırdı: «Xanlıq Şükürün gözəl səsi var idi. O, «Şur» muğamını məharətlə oxuyardı. Şükür həmişə xalqın içərisində olduğundan bütün əhali onu çox sevərdi». Baxmayaraq ki o, sarayda böyümüşdü, Natəvanın qohumları, yaxınları ona Xurşidbanunun yadigarı kimi baxırdılar, Xanlıq Şükür həmişə öz sadəliyini, böyüklüyünü saxlaya bildi. Çünki Natəvan xanımın özü də sadə təbiətli olmuşdu. Yoxsullara diqqət ayırardı, hörmət edərdi, bəxşişlərini əsirgəməzdi. Natəvanın bir arzusu vardı - millətinin övladları oxusun, savadlansın. Elə bu nəcib niyyətin də bəhrəsi idi ki, o, özü də həmişə istedadlıların qolundan tutar, onların işıqlı gələcəyi üçün çalışardı.

   Xanlıq Şükür bütün klassik xanəndələr kimi el şənliklərində, məclislərdə yaxından iştirak edərdi. O, toyların yaraşığı idi. Özündən əvvəl və sonra oxuyanların hamısından fərqlənirdi. Zahirən də çox yaraşıqlı, boy-buxunlu, gözəl bir simaya malik idi. Qəlbi geniş, xasiyyəti mülayim olub. Onun haqqında yazılan xatirələrdən öyrənirik ki, Xanlıq Şükür oxuduğu muğamlara elə guşə və xallar vurarmış ki, üzünü görmədən də səsini eşidən ifaçının kim olduğunu dərhal bilərmiş. Məlahətli, yanıqlı səslər çox olub. Şuşada isə bu cür sənətkarların sayı-hesabı yox idi. Xanlıq Şükür bu nəhəng çayların, ümmanların içində məhz öz yolu, öz adı, öz dadı olan bir bulaq kimi qaynayırdı, seçilirdi, sevilirdi. Təəssüf ki, biz nəsil o xoş avazı eşitməmişik. Amma məşhur xanəndələrin, sənət korifeylərinin etirafları təsdiqləyir ki, həqiqətən də bu şuşalı balası bənzərsiz bir ifaçı olub. Xatirələrdə əbədiləşən Xanlıq Şükür cəmi 55 il ömür sürüb. Doğulduğu Şuşa şəhərində də vəfat edib.

   İndi onun anadan olmasının 140 ili tamam olur. Musiqi mədəniyyətimizin inkişafında bu cür klassik xanəndələrimiz böyük xidmətlər göstəriblər. Öz ifaları ilə böyük bir məktəb yaradıblar. Xanlıq Şükür kimi sənətkarların sayəsində Şuşa şəhəri XIX əsrin sonunda musiqi mərkəzinə çevrilmişdi. Repertuarı xalq yaradıcılığından ibarət olan bu xanəndələrin ifa etdikləri el havalarının yayılaraq inkişaf etməsində, musiqi mədəniyyətimizin zənginləşməsində zəhməti əvəzsizdir. Bu cür xalq sənətkarları, dahi bəstəkar Üzeyir Hacıbəylinin qeyd etdiyi kimi, gözəl ustad sənətkar olmaqdan başqa, xalq musiqi yaradıcılığını meydana çıxaran, onu canlandıran, əsaslandıran tükənməz bir mənbədir. Çox yaxşı olardı ki, bu cür klassik muğam ustadları haqqında dərsliklərdə məlumatlar verilsin, onların yaradıcılığı sənət təhsili alan məktəblərdə tələbələrə öyrədilsin.

   Deyilənə görə, Xanlıq Şükür tez-tez «İmarət»ə gedər, Xan qızının qəbrini ziyarət edərmiş. Hər dəfə Xurşidbanunun qəzəllərini «Segah» üstə oxuyarmış. Sonuncu ifası isə bu misralar olub:

  

   yaxşı günlər idi kim, səninlə munis idim,

   Zəmanə indi edib sinə dağlı lalə məni.

  

   Xanlıq Şükür Natəvanı itirəndə özünün 25, analar anası bildiyi Xurşidbanunun isə 65 yaşı var idi. Bir qərinədən sonra isə özü haqq dünyasına qovuşdu. Acılar olsun ki, indi onların ruhları da nigarandır. Gözəl Qarabağ, onun zümrüd tacı Şuşa 20 ildir ki, erməni vandalları tərəfindən işğal edilib. Hər dəfə o doğma yerlərin adı çəkiləndə Natəvanın qəzəlləri bizlərə qan ağladır: “Hicran edibdi könlümü bərbad, ağlaram”.

  

 

   Flora Xəlilzadə,

   yazıçı-publisist

 

   Kaspi.-2012.-24-26 noyabr.-S.23.