PEYĞƏMBƏRİ TƏHQİR EDƏNLƏR... 

 

 IV yazı

 

Uca Allah buyurur: "Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və Allaha şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, bilin ki, əlbəttə, bu, məqsədə müvafiq işlərdəndir" ("Ali-İmran" surəsi, 3/186).

 

Allah bizdən gələn xəbəri yoxlamağımızı istəyir

 

Allah "Hucurat" surəsində belə buyurur: "Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, dərhal onun doğruluğunu yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!" ("Hucurat" surəsi, 49/6).

Ayədə birinci növbədə fasiqdən gələn xəbərin mənbəyi ilə bağlı şübhələriniz var-sa, eyni mənbədən gələn xəbərin etibarlılığı şübhə altına almağımız tələb edilir. İkinci olaraq məsələnin doğruluq payının olub-olmadığını araşdırmaq və son olaraq da bunları etmədən, yəni bilmədən, dərhal reaksiya göstərməmək əmr edilir. Əks təqdirdə isə bilmədən başqalarına pislik etmiş olarıq. Bu ayə əslində xəbər alış-verişinin də əsas onurğasını təşkil edir.

"Mömin bir deşikdən iki dəfə soxulmaz" (Buxari, Ədəb, 83; Muslim, Zuhd, 63) sözü Rəsulullahın "Möminin fərasətindən çəkinin, çünki o Allahın nuru ilə baxar" (Tirmizi, "Təfsirul Quran", 16) sözü ilə birgə nəzərə alınanda həqiqətən də xəbəri necə analiz etməli olduğumuz müəyyənləşir.

 

Haqqı tələb etməyin də bir hüququ var

 

İslam bizə haqqımızı axtarmağın da bir haqqı olduğunu öyrədib. Muhəmməd peyğəmbərin hüququnu müdafiə etmək üçün etiraz aksiyalarında iştirak edənlərin hansı davranışlarını, əməllərini, hərəkətlərini bəyənərdi" Heç bir müsəlman bu edilənlərə haqq qazandıra bilməz. Çünki Rəsulullahın həyatından verdiyimiz nümunələrdə Allahın Elçisinin verdiyi reaksiyalar məlumdur.

Bütün bu provakasiyaları puç etməyin yolu hikmət və ədalətlə, əxlaq və hüquqla etirazlarımızı ifadə etməkdən keçir. Müsəlmanların göstərdiyi etirazlar mütləq onun bizə nümunə olduğu həyatına və öyrətdiyi Qurana uyğun olmalıdır. Məsələn, bu hadisələrə İngiltərədəki müsəlmanlar çox gözəl etiraz ediblər. Belə ki, onlar şəhərin müxtəlif marketlərində müştərilərə hədiyyə olaraq Muhəmməd peyğəmbərin həyatından bəhs edən kitablar hədiyyə paylayıblar.

Amma biz müsəlmanlar mənfi etirazlarla İslamın da ümumbəşəriliyini şübhə altına alırıq. Yaddan çıxarmamalıyıq ki, İslamın Rəbbi bütün aləmlərin Rəbbidir. İslamın Peyğəmbəri bütün aləmlərə rəhmətdir. Biz müsəlmanların bu cür İslam anlayışı, İslam yaşayışı İslamın universallığına yaraşırmı? Yaraşmır. Əksinə, bizim İslam anlayışımız İslamı dar çərçivəyə salır, bizim İslam adına göstərdiyimiz davranış İslamı gözdən salır, İslamı bu cür "müdafiəmiz" İslamı tayfa, xalq dini halına salaraq universallığına zərər gətirir. Belə olduğu üçün də bütün bunların öhdəsindən gəlməkdə çətinliklər yaşayırıq.

 

Nifrət qanunu çıxarılmalıdır

 

Əlbəttə, heç bir halda təhqiramiz film, şəkil və sairlərə heç kim haqq qazandıra bilməz. Heç kəs bunu söz azadlığı ilə də əlaqələndirə bilməz və bu cür davranışları heç bir halda söz azadlığı ilə əlaqələndirə bilməz. Nifrət aşılayan, qarşıdurma və iğtişaşlar yaradan bu hərəkətlər söz azadlığı ritorikası arxasında gizlədilməməlidir. Danimarkadakı mənfur karikatura hadisəsindən sonra İslam Əməkdaşlıq Təşkilatı bu cür halları, daha doğrusu, küfrü qadağan edən beynəlxalq qanunun çıxarılmasını tələb edib. Çünki bu cür provokativ davranışlar bütün hüquq sistemləri tərəfindən cinayət olaraq tanınmalıdır. Bu gün bütün dünyada irqçilik və ayrı-seçkilik cinayət sayıldığı kimi, nifrət cinayəti adı altında cinayət növü olduğu kimi bu cür xalqların, millətlərin müqəddəs dəyərlərini alçaltmaq, təhqir etmək də bütün hüquq sistemləri tərəfindən nifrət cinayətlərinə aid edilməlidir. Çünki bu cür qlobal təxribatlar təkcə müsəlman kütlələrinin səbrini, təkcə müsəlmanların günahsızlığını sınaqdan keçirməklə əlaqəli deyil, həmçinin Qərb dünyanın ürəklərinə həkk etməyə çalışılan İslamafobiyaya təhrikdir.

Hazırda müsəlmanlar da bu filmi çəkənləri yaşadıqları ərazilərdə məhkəmələrə verərək heç olmasa onların haqqında qiyabi də olsa cinayət işinin açılmasına rəvac verməlidirlər.

Avropada mövcud olan "nifrət cinayətləri" ABŞ-da mövcud deyil. Lakin Avropadakı nifrət cinayəti də vəziyyətə görə dəyişir. Robert Fiskin İngiltərənin "Independent" qəzetindəki yazısına görə (13 sentyabr 2012) Yeni Zellandiyalı bir qəzetin redaktoru etdikləri bir hadisəni ona fəxrlə danışıb. Redaktor bir neçə il əvvəl Danimarkada dərc olunan Peyğəmbərimizi sarığının içində bomba gəzdirən bir adam kimi çəkən karikaturanı öz qəzetlərində nəşr etdiklərindən fərəhlə bəhs edib. Robert Fiskin "Eyni karikatura bir İsrail din adamı üçün çəkilsəydi, yenə çap edərdinizmi" sualına redaktorun cavabı konkret olub: "Xeyr, bu antisemitizm olardı".

 

Allah bizdən necə reaksiya göstərməyimizi istəyir?

 

"Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxarmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər! Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!" ("Mumtəhinə" surəsi, 60/8-9).

Ayələrdə müsəlman olmayanlar üçün üç qırmızı xətt müəyyənləşdirib: 1. Dinimizə görə bizimlə döyüşmələri, 2. Bizi el-obamızdan çıxarmaları və 3. Bizi yaşadığımız yerdən çıxaranlara dəstək vermələri.

Bəs bizimlə döyüşənlərə qarşı necə rəftar etməliyik? Allah bunu da Quranda açıq-aşkar bildirir: "Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir" ("Bəqərə" surəsi, 2/190).

Bəs vuruşmadığı halda əziyyətli sözlərlə, təhqir edənlə münasibətimiz necə olmalıdır? Uca Allah bununla bağlı belə buyurur: "Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və Allaha şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, bilin ki, əlbəttə, bu, məqsədə müvafiq işlərdəndir" ("Ali-İmran" surəsi, 3/186).

"Mumtəhinə" surəsində qeyd edilən 3 qırmızı xətt burada keçilmədiyinə görə belələrinə qarşı Allahın Elçisinin etdiyi kimi səbir, iradə və qətiyyət nümayiş etdirməkdən başqa yol göstərilməmişdir. Allahın Elçisi Muhəmməd peyğəmbərə edilən təhqirlərə və əziyyətlərə, Rəsulullahın bu təhqirlərə qarşı davranışlarını əvvəlki yazılarımızda toxunmuşduq.

 

Son olaraq...

 

Əgər bir müsəlman İsa peyğəmbər və ya onun anası Məryəm haqqında, yaxud Musa peyğəmbər, hətta yəhudilərin peyğəmbər kimi qəbul etmədikləri Davud və Süleyman haqqında nəlayiq söz işlətmələri onları dindən çıxardığı halda müsəlmanların da başqalarından da heç olmasa təhqir olunmamalarını istəməmələri beynəlxalq hüquq, demokratik haqlar baxımından çox şeydir...

Müsəlman qarşısındakının söz və fikir haqqını əlindən almadığı kimi qarşı tərəf də bu haqqı haqsızlıq üçün deyil haqq üçün istifadə etməlidir. İnsan fikrini azad şəkildə deyə bilər. Hətta filmdə işlədilən ifadələri də soruşa bilər. Bunda heç bir problem yoxdur. Problem bunu bu cür bilərək çəkib insanları təxribata çəkmək, daha doğrusu isə fitnə-fəsad törətməkdir.

Allah Quranda hətta kafirlərin ən haqsız tənqidlərini, hətta təhqirlərini də qeyd edir: "Onlar: "Bu, keçmişdəkilərin nağıllarıdır. O bunları (başqasına) yazdırmışdır. Bunlar səhər-axşam onun özünə oxunur"" dedilər" ("Furqan" surəsi, 25/5), "Biz onların: "(Quranı) ona bir insan öyrədir!"" dediklərini bilirik. Onların isnad etdikləri şəxsin dili əcnəbi dildir. Bu isə açıq-aydın ərəb dilidir" ("Nəhl" surəsi, 16/103). Allah onların inandıqlarını və fikirlərini qadağan etməkdən bəhs etmir. Əksinə onları debata çağırır: "De: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin..." ("Nəml" surəsi, 27/64).

 

Nə etməli?

 

İslamla bağlı təşkilatlar, müsəlman elm adamları, mütəfəkkirlər belə təxribat xarakterli hallarının növbəti raundlarının olacağını nəzərə alaraq müsəlmanların bu cür hallarda birgə etiraz etməyin üsulunu, metodunu müəyyənləşdirməli və bunu formalaşdırmalıdırlar. Bu cür neqativ hallarda kütlə psixologiyasının düzgün istiqamətləndirilməsi ilə bağlı işlər aparılmalıdır. Beynəlxalq konfranslar, simpoziumlar təşkil edərək bunların əsasları qərarlaşdırıla bilər. Sonra da müsəlman aləmindəki məscidlərdən istifadə edərək xütbələrdə, vəzlərdə bu mövzular çatdırıla bilər.

Biz müsəlman olaraq ilk işimizi Peyğəmbərin Məkkənin ilk 13 ilində etdiyi kimi bütləri dağıtmaqla deyil, əksinə insanların beyinlərindəki bütləri sındırmağa çalışmalıyıq. Bu isə maarifləndirmə ilə olur. Unutmayaq ki, insan bilmədiyinin düşmənidir.

Təhqir, böhtan insanın insanlığına təcavüzdür. Təhqir söz azadlığı olmadığı kimi heç kimə verilmiş bir haqq da deyil, əksinə haqsızlıqdır. Bu haqsızlığı haqq kimi görüb söz azadlığından bəhs etmək isə bəşərə təhqirdir.

Biz haqqı haqqıyla təmsil etsək, haqla ucalar və haqqı ucaldarıq. Haqla ucalsaq, haqsızların sabun köpüyü olduğu ortaya çıxar. Köpüklə vaxt itirmək isə əhəmiyyətsiz vaxt israfıdır...

 

 

Elşad MİRİ

 

Kaspi.- 2012.- 4 oktyabr.- 12.