“Ən yeni ədəbiyyat” seriyası - ədalətin zəfəri 

 

 XXI əsrin başlanğıcında ölkənin ictimai həyatının bütün sahələrində baş verən yüksəliş maddiyyatın inkişafı ilə yanaşı mənəviyyatımıza da öz təsirini göstərdi. Mədəniyyət və incəsənətdə, o cümlədən ədəbiyyatımızda on ildən çox davam edən durğunluğa son qoyuldu. Ədəbi orqanlarda, mətbuat səhifələrində fərqli imzalar, fərqli əsərlər meydana çıxmağa başladı.

Yenilər köhnə qaydalarla fəaliyyət göstərmək istəmədilər. Köhnələr isə yeniləri qəbul etmədilər. Belə olanda yeni imza sahibləri - cavanlar bir-neçə yaşlı yazar ilə birlikdə Yazıçılar Birliyinə alternativ qurum yaratmağı qərara aldılar. Nəticədə 2001-ci ildə Azad Yazarlar Ocağı yaradıldı.

Doğrudur bu qurum yaradıldığı vaxtdan xeyli illər keçsə də dəfələrlə edilən müraciətlərə əhəmiyyət verilməyərək Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmayıb. Son dövrlərdə AYO-nun fəaliyyəti zəiflədiyindən az qala yox kimidir. Amma sayı 40-50 nəfər olan bu qurumun tarixi cəhətdən son on ildə ədəbiyyatın inkişafındakı oynadığı rol danılmazdır. Xüsusilə, onların “Alatoran” adlı yurnal yaratmaları, xeyli kitablar çap etdirməklə cəmiyyətdə özlərinə mövqe qazanmaq istəmələri Yazıçılar Birliyində mürgüləyən, özündən razı yazarlarımızı hərəkətə keçməyə vadar etdi. Məhz bundan sonra yaşlıların gənclərə münasibəti bir qədər yumşaldı. Onlara ehtiram bəsləyən cavanları vəzifələrə gətirdilər. İyirmiotuz yaş arası üzvlərin olmamasını aşkarlayıb dalısıyca Gənc Ədiblər Məktəbi yaradıldı.

Qısaca desək, qurumların bir – birinə barışmaz mövqeyindən ədəbiyyatımız qazandı. Gənc yazarlar üçün bu dövrdə kitab çap etdirmək heçasan deyildi. Belə ki, kitabın çapından sonra təbliği, yayılması, satışı ilə bağlı sovet dönəmindəki işlək sistem ləğv olunmuşdu. İndi kitabına görə bütün bu sadalanan işlər ilə özün məşğul olmalı idin. Bu da olduqca əziyyətli bir idi.

Nəhayət, 2009-cu ilin sonuna yaxın Şahbaz Xuduoğlu adlı naşir bu əzablı işi boynuna götürdü və “Ən yeni ədəbiyyat” seriyasından kitablar nəşr olunmağa başladı. Demək olar ki, bundan sonra kütləvi informasiya vasitələrində, insanlar arasında “Ən yeni ədəbiyyat” məfhumu brend dərəcəsində tanındı.

Seriya başlayarkən hələlik on bir müəllifin kitabının çap ediləcəyi bildirilmişdi. Müəlliflər sırasında üstünlük “ayoçu”ların olsa da, “Alatoran” jurnalında olduğu qaydada başqalarına qarşı qadağa, məhdudiyyət qoyulmadı. Əsas şərt təqdim olunan əsərlərin “yeni meyarlarla” yazılması idi. “Qanun” nəşrlər evinə edilən sorğular zamanı “Ən yeni ədəbiyyat”ın bədii-estetik tələbləri dəqiq müəyyən olunmasa da, buradakı əsərlərin başqa yazılarla oxucular tərəfindən fərqi jarqon ifadələrin, söyüşlərin, açıq-saçıq, erotik təsvirlərin bolluğu ilə qavranılırdı. Belə hesab edilirdi ki, kim bu sayaq yaza bilirsə, ən yeni ədəbiyyatçıdır. Yaza bilmirsə, demək köhnə ədəbiyyatı davam etdirəndir.

2009-cu ilin noyabr ayından , növbəti ilin noyabrınadək – bir il ərzində 7 müəllifin kitabı oxuculara çatdırıldı. Oxucuların marağı əvvəlcə seriyanın birinci çapdan çıxan Aqşin Yeniseyin “Cənnətdə teror aksiyası” kitabına idisə, sonradan üstünlük Sevinc Pərvanənin “Şəhər”inə keçdi. “Şəhər”də qaldırılan bir çox müasir qayğılar, problemlər gənclərin zövqünü oxşamasına baxmayaraq, əxlaq hissinə məhvedici təsirinə və janr çatışmamazlıqlarına görə geniş oxucu rəğbətini qazana bilmədi.

Qanun” nəşrlər evindən aldığım məlumata görə ən çox satılan Pərviz Cəbrayılın “Yad dildə” kitabıdır. Yeganə kitabdır ki, birinci nəşri satıldığı üçün ikinci dəfə də çap olunub. Lakin, “Ən yeni ədəbiyyat”ın bir çox kitabları sırasından bu kitab da adi oxucular üçün yazılmayıbdır. Təkrar nəşrdə yazılan ön sözdə də deyilir: “Roman ədəbi hazırlığı olan oxucular üçün nəzərdə tutulub.”

Seriyanın ikinci ilində kitabı çıxmayan gənc yazarların əsərlərindən ibarət “Ən yeni ədəbiyyat” almanaxını buraxmaq fikri ortalığa çıxdı. Sonra almanax ideyası daha bir seriyanın – “1-ci kitablar” seriyasının çıxması ilə əvəz olundu. (Bu seriya ilə son iki ildə 9 kitab çap olunub.)

Təbii ki, bir çox hallarda olduğu kimi “Ən yeni ədəbiyyat” layihəsində də yazarların eyforiya hissləri uzun sürmədi. İkinci ilin yarısında AYO-nun yaradıcılarından biri olan Rasim Qaraca “Ən yeni ədəbiyyat” seiyasının iflasa uğradığını bəyan etdi. Qənaətini “orada azad yazıçı düşüncəsindən kənar, ikinci dərəcəli yazarları çap etməyə başlayıblar” fikri ilə əsaslandırdı. Əlavə olaraq müəlliflər adından layihənin əvvəlində olan şəffaflığın tədricən yox olduğunu qeyd etdi. Şahbaz Xuduoğlu deyilən sözlərin əsassız olduğunu cavablayıb şəffaflığın itməsinin günahını “vergi xofu ilə yaşayan” dükanların üstünə atdı.

Hələ bu bəyanatlardan yarım il qabaq adları çəkilən şəxslər arasında ciddi narazılıq yaranmışdı. Şahbaz bəy Qaracanın yeni fəaliyyətə başlayan “Ən yeni ədəbiyyat” saytına Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstək verməsinə etiraz edərək səbəbini bu adın rəhbərlik etdiyiQanun” nəşrlər evinə mənsub olması ilə izah etmişdi. Qaraca da öz növbəsində “Ən yeni ədəbiyyat” ideyasının ortaqlığını bildirmişdi: “Mən bu sayta Şahbazla birgə başladığımız layihənin davamı kimi baxıram”. (Bu ilin iyul ayından saytda yeni materialların yerləşdirilməsi dayanıb.)

Onun seriyanın iflasa uğraması barədə çıxışı elə bir vaxta təsadüf etmişdi ki, artıq müəlliflərlə naşir arasında maliyyə şəffaflığının olmamasına dair söz-söhbətlər mətbuatda da görünməyə başlamışdı. Birinci il hər ayın sonundaQanun” nəşrlər evinin elan etdiyi ən çox satılan kitablar siyahısında bu müəlliflərin adları ön sıralarda gedirdisə, həmin söhbətlərdən sonra onlar ya siyahının sonunda göründülər, ya da ümumiyyətlə siyahılara düşmədilər. (İndiyədək “Ən yeni ədəbiyyat” seriyasından 19 müəllifin 20 kitabı çap olunub.)

Yuxarıda adlarını çəkdiyim o üç kitabdan savayı, (seriyada 4-cü müəllif olan Rasim Qaracanın “Əyri evin qadını” kitabından başlayaraq) qalanlarını ictimaiyyət, oxucu kütləsi necə qarşıladı, neçə faizi satıldı və ya satılmadı, ətraflı açıqlanmadığından aqibətləriini kimsə bilmədi. (Yalnız bir neçə kitab Azadlıq radiosununOxu zalı”nda tənqiçilər tərəfindən müzakirə edildi.) Baş verən qeyri-müəyyənlik kitabının zəif olduğunu duyan bəzi müəlliflərə də utanmamaq üçün sərf etdi. Qaracanın iddia etdiyi sayaq seriyaya digər dərəcəli müəlliflərin qoşulması, əslində iflas deyil, “ədəbiyyat selinin” yatağının genişlənməsini, onun durulmasını tezləşdirdi. Beləliklə də “Ən yeni ədəbiyyat” seriyası ilə ədəbi mühitdə sanki, müstəqilliyimizdən başlanmış çalxalanma bitdi: yağı, ayranı ayrıldı. “Qanun” nəşrlər evi müasir, yeni ədəbiyyatın inkişafı naminə Yazıçılar Birliyinin bacara bilmədiyi böyük bir missiyanı yerinə yetirərək ədalətin zəfərini təmin etdi..!

On il əvvəl hisslərinin təsiri ilə coşan, yaşlı nəsli, onların yazdıqlarını bəyənməyən gənclər, bu gün güvəndikləri gələcəklərinin on ilini itirib yaşlaşmış və xeyli müdrikləşmişlər. Ötən illər ərzində, artıq oxucular da onların yeni, modern hesab elədikləri potensialını görmüş, özləri də nəyə malik olduqlarını anlamışlar. Xalq sevgisini qazanmağın elə də asan olmamasını dərk etmişlər. Çox vaxt saymaq istəmədikləri “kütlə” necə, bu gün onların adlarını saya bilirmi..?

Dəfələrlə kitabsatanlardan eşitdiyim həqiqəti sentyabr ayının əvvəlində “Oxu zalı”ndakı aparılan sorğu bir daha təsdiqlədi: adi oxucular ən çox (seriyada iştirakçı olmayan) Çingiz Abdullayevin, Elxan Elatlının, Varisin, Qaraqanın kitablarını alırlar... Şübhəsiz, bu müəlliflərin kitabları ən yeni dövrün ədəbiyyatında aparıcı mövqelərdədir.

Sözümün sonunda isə yaxın aylarda “Ən yeni ədəbiyyat” kitab seriyasının üç yaşını qeyd edəcək “Qanun” nəşrlər evinə başladığı mütərəqqi işi uğurla davam etdirməsi üçün müvəffəqiyyətlər arzulayıram.

 

 

Rövşən Yerfi

 

Kaspi.- 2012.-  29 sentyabr – 1 oktyabr.- S.24.