Hələ də atamızı gözləyirik... 

 

Şamil Məmmədovun itkin düşməsindən 20 il ötməsinə baxmayaraq, hələ də övladları onun yolunu gözləyir

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayını açıqlayıb. Rəsmi məlumata görə, 1 oktyabr 2012-ci il tarixinə olan əsir, itkin düşmüşgirov götürülmüş şəxslərin sayı 4030 nəfər təşkil edir. Onlardan 3256 nəfər hərbçi, 773 nəfər mülki şəxslərdir. 3 nəfərin hərbçi və ya mülki şəxs olduğu isə məlum deyil. Mülki şəxslərdən də 46 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (16 nəfər azyaşlı qız), 255 nəfəri qadın, 353 nəfəri yaşlı şəxslər (154 nəfər qadın) olub.

Əsir, itkin düşmüş 4030 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb. Əsir və girovluqdan 1401 nəfər azad edilib. Onlardan 342 nəfəri qadın, 1058 nəfəri kişidir. Eyni zamanda 175 nəfəri uşaq (64 nəfər azyaşlı qız), 289 nəfəri yaşlı şəxslərdir (112 nəfər yaşlı qadın). Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi, yaxud müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfəri qadın, 448 nəfəri kişilərdir. Bundan başqa, 137 nəfərinin yalnız adı məlum olsa da 74 nəfər indi də naməlum şəxslər olaraq alırlar. 2011-ci il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 38 nəfərin taleyinə aydınlıq gətirilib, onların adları itkinlərin siyahısından çıxarılıb. Həmin şəxslərdən 5 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 26 nəfərin siyahılardan təkrar keçdiyi, 2 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşdüyü müəyyən edilib.

Bu günə kimi sağ qalıb-qalmadığından xəbər olmayan insanlardan biri də gizir Şamil Muxtar oğlu Məmmədovdur. O, Ağdərə rayonu uğrunda gedən döyüşlərdə yaralanaraq, itkin düşüb. Ş.Məmmədov 1953-cü il mart ayının 22-də Dəliməmmədli Rayonunun Qasım İsmayılov kəndində anadan olub. Orta təhsilini o vaxtkı Xanlar rayonunun 2 nömrəli orta məktəbində alıb. 1962-ci ildə adıçəkilən məktəbin birinci sinfinə qədəm qoyan Şamil Məmmədov 1970-ci ildə 8-ci sinfi əla qiymətlərlə bitirib. 1972-ci il noyabr ayının 29-da həqiqi hərbi xidmətə çağırılıb. 1974-cü ildə xidmətini başa vuraraq Vətəninə qayıdıb. Bir il sonra sevib-seçdiyi Suqra xanımla ailə həyatı qurub. Hərbiyə olan marağı ailə həyatı qurduqdan sonra da onu özünə cəlb edib. Buna görə də 1978-ci ilin avqustunda 344 saylı gizirlər məktəbinə daxil olub. 1979-cu ildə hərbi məktəbi bitirərək Gəncə şəhərində yerləşən o zamankı 777 saylı hərbi-hissəyə təyinat alıb. Burada anbar rəisi vəzifəsini icra edən Şamil Məmmədov özünü nizam-intizamlı, işinə məsuliyyətlə yanaşan bir şəxs kimi tanıdıb.

Hərbi hissə komandanlığının bütün tapşırıqlarını vaxtında və qüsursuz yerinə yetirən Şamil, yoldaşları arasında da sevilərək, böyük hörmət qazanıb. O, hərbi hissənin ictimai həyatında hər zaman fəal iştirak edib. Mənəvi və fiziki baxımdan güclü olmasına rəğmən, olduqca təvazökar, hadisələrə dözümlü yanaşacaq qədər sadə həyat tərzi keçirib. Lakin bir dəfə milliyətcə rus olan zabitin azərbaycanlılara qarşı açıq-aşkar hörmətsizliyi, ədalətsiz qərarlar qəbul etməsi onu özündən çıxarıb və nəticədə hərbiçilər arasında münaqişə yaşanıb. Bu münaqişədən sonra yaşanan bir sıra haqsızlıqlardan bezən Şamil 1981-ci ildə öz ərizəsi əsasında hərbidən uzaqlaşıb. Lakin 10 il sonra erməni silahlı qüvvələrinin torpaqlarımıza təcavüzü onun dinc, firavan həyatını əlindən alıb. Hərbçi xarakterindən irəli gələrək, torpaqlarımızın işğalına, insanlarımızın qaçqın və məcburi köçkünə çevrilməsinə laqeyid yanaşa bilməyib. Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırım hadisəsi isə onu qəti addım atmağa məcbur edib.

Ürəyi Vətən eşqi ilə döyünən qəhrəmanımız 1992-ci ildə könüllü olaraq, hərbiyə qayıdıb. Bu dəfə də onu anbar rəisi vəzifəsinə təyin etmələrinə baxmayaraq, Şamil gənc əsgərlər üçün Qazax rayonundakı hərbi-hissədə keçirilən təlimlərə qatılıb. Dəfələrlə döyüş bölgələrində olan Şamil, sonuncu dəfə 1992-ci il oktyabr ayının 31-də əsgərləri Ağdərə rayonundakı hərbi-hissəyə təhvil verib qayıtmaq tapşırığı alıb. Ancaq, o, əsgərləri təhvil verdikdən sonra geri qayıtmayıb. Döyüş bölgəsində vəziyyətin ağır olduğunu görən gizir öz əsgərlərinin yanında qalıb düşmənə qarşı vuruşmaq qərarına gəlib. Məhz onun orada olduğu vaxt düşmən növbəti dəfə əks hücuma keçib və şiddətli döyüş başlayıb. 1992-ci il noyabr ayının 4-də Ağdərə rayonu uğrunda gedən döyüşlərdə əsgərlərdən bir neçəsi yaralanıb. Düşmən onların olduğu ərazini daim atəş altında saxladığından yaralıları döyüş meydanından kənarlaşdırmaq mümkün olmayıb. Belə olan halda, gizir Şamil Məmmədov öz həyatını təhlükəyə atıb, yaralı əsgərləri xilas etmək üçün irəliləyib. Amma, az keçməmiş onun özü də düşmən gülləsinə tuş gəlib, yaralanaraq həmin ərazidə qalıb. Vəziyyət getdikcə daha da ağırlaşdığından hərbçilərimiz döyüş mövqelərini itirərək, geri çəkilmək məcburiyyətində qalıblar. Bu səbəbdən gizir Şamil Məmmədovla yanaşı, bir neçə yaralı əsgəri də ərazidən uzaqlaşdırmaq mümkün olmayıb. Həmin vaxtdan bu günə kimi də ailə üzvləri ondan hər hansı məlumat ala bilməyib.

Hazırda şəhid statusu verilən Şamil Məmmədovun qızı Aynurə Məmmədova deyir ki, atasının torpaqlarımızın müdafiəsinə qalxmasına başlıca səbəb, onun Vətənə olan sonsuz sevgisi olub: “Atam həddindən artıq vətənpərvər, millətçi bir insan idi. Harada olmasından asılı olmayaraq, öz milləti, torpağını heç nəyə dəyişməzdi. Eyni zamandan çox ürəyiyumşaq, mehriban bir insan idi. Buna görə əsgərləri də ona hörmətlə yanaşırdı. Əsgərlərinə öz övladı kimi yanaşırdı. Tez-tez evlərindən uzaq düşən əsgərlərini bizə qonaq gətirirdi. Yadıma gəlir, anama deyərdi ki, “əsgərlərimə baxanda öz oğlanlarım gözümün qabağına gəlir. Ona görə də səhvləri olsa belə onlara cəza verməyə əlim gəlmir. Çünki nə vaxtsa, mənim övladlarım da onlar kimi qərib ola bilərlər”. Çox təəssüf ki, belə bir ürək sahibi indi aramızda yoxdur”.

Aynurə Məmmədova deyir ki, aradan uzun illər keçməsinə baxmayaraq, hələ də ailədə onun yeri görünür. O, atası ilə bağlı iki məqamın daim onları narahat etdiyini söylədi: “Bunlardan birincisi, döyüş yoldaşlarının onu yaralı halda düşmən əhatəsində qoymasıdır. Sonradan atamın döyüş yoldaşları deyirdi ki, o, yaralı əsgəri xilas etmək üçün gedəndə özü də güllə yarası alıb. Kimisi onun başından, kimisi isə çiynindən yaralandığını söylədi. Atamı köməksiz vəziyyətdə qoyub geri çəkilmələri mənim ürəyimi göynədir. Axı o, öz həyatını riskə ataraq, başqasını xilas etməyə gedirdi. İkincisi isə bu günə kimi ondan hər hansı xəbər-ətərin, ən acınacaqlısı isə atamın quru məzarının belə, olmamasıdır. Anam da bu dərd əlindən dünyasını erkən dəyişdi, ailəmiz pərən-pərən düşdü. Heç olmasa doğrudan da öldüyünü bilsəydik, məzarı olsa idi bacılarıma və mənə azacıq təsəlli olardı, bu”.

Xocalı soyqırımı baş verən günün səhəri atasının yenidən ərizə ilə əvvəl işlədiyi hərbi-hissəyə müraciət etdiyini söyləyən Zülfiyyə Məmmədova isə bildirdi ki, əslində beş övlad sahibi olduğu üçün onu cəbhəyə yollamaq istəməyiblər. Lakin Şamil Məmmədovun israrları qarşısında hərbi-hissə rəhbərliyi onun arzusunu yerinə yetirmək məcburiyyətində qalıb: “O zaman qanun yol vermirdi ki, 3-dən artıq uşaq atası olan şəxsi döyüş bölgəsinə aparsınlar. Amma atam israrla dediyinin üstündə durdu. Onu heç biz də qərarından daşındıra bilmədik. Bu onun daxilindən gələn bir hiss idi. Yaxşı yadımdadır, 20 Yanvar hadisələri və Xocalı soyqırımı baş verəndə atam düz 40 gün qapımızın üstündən qara bayraq asmışdı. 20 Yanvardan sonra rus hərbiçiləri atama nə qədər təzyiq göstərsələr də o, həmin bayrağı endirmədi. Xalqının başına gətirilən faciəni öz ailəsinin başına gətirilən faciə kimi qəbul etdi. Silahdaşları deyir ki, döyüş zamanı da çoxlarından mərdliyi ilə seçilib. Bəziləri silahı qoyub qaçsa da, o sona qədər əsgərlərinin yanında olub. Elə itkin düşməsinə səbəb də yaralı əsgərinin köməyinə yetməsi olub. Əslində atamın belə bir adam olması ilə hər zaman fəxarət hissi keçirmişəm. O, mənə, ailə üzvlərimə, həmçinin də bu ocaqda böyüyən uşaqlara bir örnəkdir, vətənpərvərlik nümunəsidir. Lakin bütün bunlara baxmayaraq, bizim narahatçılığımıza səbəb olan hallar da yox deyil. Elə götürək, atamın adının əbədiləşdirilməsi məsələsini. Atamın adına nə bir abidə, nə bir küçə, nə də bir məktəb yoxdur. Yalnız çox get-gəldən sonra Gəncə Şəhər İcra Hakimiyyəti Gəncədəki evimizin hasarına kiçik bir lövhə vurub. Atamın qəhrəmanlığı və şücaəti qarşısında bu, olduqca azdır”.

Şamil Məmmədovun kiçik qızı, hazırda “Xalq cəbhəsi” qəzetində çalışan Ülviyyə Məmmədova (Şamilqızı) da atası ilə öyündüyünü qeyd etdi. O, jurnalistika peşəsini seçməsinə də atasının səbəb olduğunu dedi: “Bu peşəni seçməklə həm atamın adını yaşadıram, həm də özümə təsəlli verirəm. Onun itkin düşməsindən 20 il keçməsinə baxmayaraq, bu acının yarası mənim üçün hələ də səngiməyib. Üz tutmadığımız ünvan, soraqlamadığımız insan qalmayıb. Ancaq, heç kim ondan doğru-düzgün bir xəbər deməyib. Ona görə də hər il, hər gün, hər saniyə ondan bir xəbər eşitmək həsrəti ilə yaşayıram. Hər dəfə onun adı çəkiləndə, onunla bağlı xatirələrdən danışanda gözlərim dolur. Nə vaxtsa qayıdıb, son beşik övladının başını tumarlayacağına, yenə də qayğımızı çəkəcəyinə hələ də ümid edirəm”.

 

 

Rufik İSMAYILOV

 

Kaspi.-2012.-17 oktyabr.-S.6.