Müasir Azərbaycanşünaslığın ünvanı 

 

Qarşımda şeirlərini sevə-sevə oxuduğum və bədii yaradıcılığına yüksək dəyər verdiyim şairə Gülayə Rzayevanın «Vəfadarlıq – Akademik Ramiz Mehdiyevin elmi-nəzəri araşdırmaları əsasında» adlı dərin məzmunlu tədqiqat kitabı var. Əsər müəllifin ciddi elmi, tarixi və fəlsəfi araşdırmanın nəticəsi hesab oluna bilər. Lakin kitabın kifayət qədər samballı elmi-fəlsəfi məziyyətlərindən daha çox məni adı və bütün yaðadıcılıq boyu müəllifin sərgilədiyi səmimiyyət heyran etdi. Vəfalılıq, etibarlılıq, vəfa anlayışları bəşər cəmiyyətinin bütün inkişaf mərhələlərində yüksək dəyərləndirilən, yaşadılan, qorunaraq inkişaf etdirilən və cəmiyyətdəki sosial proseslərin təməlinə qoyulan əsas məhək daşlarından biri sayılmışdır. Hər bir xalqın, etno-sosioloji birliyin həyatında “vəfalılıq” və “etibarlılıq” kimi dəyərlərin üstünlük təşkil etməsi, nəticədə bu birliklərin daxili həyatının milli-mənəvi, sosial-siyasi, iqtisadis. sahələrində təzahür edir, milli yaddaşının formalaşmasında, inkişafında, millətin tarixin sərt sınaqlarından üzüağ çıxmasında böyük rol oynayır. Həm də “vəfalılıq” və “etibarlılıq” anlayışları şəxsi «mən»lərin fikirya rəy prizmasını aşaraq milli yaddaş, geniş anlamda ictimai minnətdarlıq hissini formalaşdırır. Bu proseslərin baş verməsi üçün həm də tarixitaleyüklü hadisələr zamanı millətin həyatında fövqəladə rol oynan tarixi şəxsiyyətlərin meydana çıxması, yetişməsi vacib şərtdir. Mənə görə tarixin müxtəlif millətlərə bəxş etdiyi böyük şəxsiyyətlər həmin millətlərin həyatında zəruri hadisələri yaratmaq, onları çətin sınaqlardan qurtarmaq üçün Tanrı tərəfindən göndərilir. Məhz Tanrının bəxş etdiyi bu şəxsiyyətlər öz millətinin, bütöv insanlığın taleyüklü məsələlərini «olumya ölüm» məqamında çiyinlərinə götürür və həlledici proseslərin bəşəri qəhrəmanına çevirirlər. Onlar həmin anda bütün mübarizə məqamlarının çətinliklərini- öz dərin ağılları, qlobal düşüncələri, sistemli yanaşmaları, operativlikləri ilə, siyasi çeviklik nümayiş etdirməklə, həyatlarını mənsub olduqları xalqböyük ideyalar yolunda qurban verməklə tarix səhnəsinə daxil olur və tarixə qovuşur. Siyasi ustalıqları və intellektlərinin hüdudsuzluğu, möhkəm milli iradələri ilə bütün sınaqlardan üzüağ çıxaraq Ümummilli liderə çevrilirlər.

Ümummilli lider kimdir və bu mənəvi zirvəni tarixdə kimlər fəth edib?» sualına cavab olaraq Azərbaycan xalqının xilaskarı, müdrik və dahi siyasətçi, əvəzolunmaz MİLLİ LİDER- Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salmaq kifayətdir.

Heydər Əliyev sağlığında Azərbaycan xalqının canlı əfsanəsinə çevrildi. Onun siyasəti bütün siyasilərdən, iqtisadiyyatı iqtisadçılardan, hərbi təfəkkürü və biliyi hərbçilərdən, incəsənət və mədəniyyət duyumu bu sahənin mütəxəssislərindən, millət və cəmiyyət haqqındakı bilikləri və təsəvvürü cəmiyyətşünaslıqla məşğul olanlarınkından daha mükəmməl idi. O, bütün qeyd olunan sahələrin ən sanballı mütəxəssislərinə belə inkişaf məsələləri üzrə məsləhət və tövsiyələr vermək qüdrətində idi. Ulu öndər Heydər Əliyev sözün əsil mənasında LİDER idi. Unikal intellekt və yaddaşı, təkrarolunmaz əzmi və iradəsi, özünəməxsus milli dəyanət və liderlik keyfiyyətləri ilə Heydər Əliyev milli liderlik zirvəsini fəth etdi və həmin zirvədə əbədi yaşayacaq!

G. Rzayevanın akademik Ramiz Mehdiyevin elmi-fəlsəfi araşdırmalarından çıxış edərək Ulu Öndərin zəngin siyasi irsini tədqiq etməsini də təsadüf hesab etmək olmaz. Azərbaycan siyasətşünaslığında bir elm sahəsi olaraq – Əliyevşünaslığın əsasını qoyan və bu sahəni inkişaf etdirən əsas simalardan biri məhz akademik Ramiz Mehdiyev olmuşdur. Onun Heydər Əliyev haqqında çoxsaylı elmi, siyasi və fəlsəfi tədqiqatları mövcuddur.

Ramiz Mehdiyevin həm sanballı elmi-fəlsəfi, siyasi-nəzəri bilikləri, həm uzun illər Ulu Öndərin rəhbərliyi altında işləməsi, xüsusən müstəqillik qazandıqdan sonra Azərbaycan Respublikasında həyata keçirilən milli dövlət quruculuğu proseslərinin bütün sahələrində onunla çiyin-çiyinə çalışması, əsas hadisələrin iştirakçısı olması, fikrimizcə onun Heydər Əliyev haqqındakı əsərlərinin dəyərini artırır. Müəllifin sözləri ilə ifadə etsək: «Əliyevşünaslığın akademik səviyyədə ilk yaradıcısı Ramiz Mehdiyevdir». Bununla yanaşı, bir silahdaş, sədaqətli, vəfalı və səmimi insan kimi- Heydər Əliyev haqqındakı minnətdarlıq dolu etirafları və xatirələri Ramiz Mehdiyevin özü haqqında da əsl ziyalı, mərd azərbaycanlı obrazı yaradır və bu nümunəni gələcək nəsillərə ərməğan edir.

Kitabda Ramiz Mehdiyevin əsərlərindən gətirilmiş nümunələrlə, müəllif Heydər Əliyev siyasətinin mahiyyəti, fəlsəfəsi, ümummilli dəyərlərin qorunub saxlanması və yaşadılması sahəsindəki xidmətləri, ümumxalq məhəbbətinin Ulu Öndərə gətirdiyi məsuliyyətin onun tərəfindən liderlik səviyyəsində dərki, gərgin fəaliyyət meydanında həmin məsuliyyətin ona verdiyi enerji və s. kimi ideyalar ardıcıllıqla təhlil olunaraq oxuculara çatdırılır.

G.Rzayeva Ramiz Mehdiyevin “Əliyevşünaslıq” sahəsinə daxil olan elmi məqalə və iri həcmli əsərlərinin təhlili zamanı Azərbaycan mediasında, ayrı-ayrı ziyalıların, ictimai-siyasi xadimlərin məqalələrində əks olunan fikir və mülahizələrə də müraciət edir ki, bu da oxucunu ondan öncə bu mövzuda yazılan əsərlərlə tanış edir.

Ulu Öndər Heydər Əliyevin bütün dövlət idarəçilik fəaliyyəti və siyasi baxışlarının elmi-siyasi təhlilini verməyə çalışan müəllif, Ramiz Mehdiyevin tutarlı fikirlərini sitat gətirərək, öz mülahizələrinin daha düzgün, məzmunlu olmasına nail olur. Məsələn, «Deyirlər ölkələr də insanlar kimidir. Tale onları bəzən sevincdən, səadətdən məhrum edir, sərt sınaqlara çəkir. Ölkələr məzlum vəziyyətə düşür, xalqlar təhqir və həqarətin acısını dadır, məhvedici parçalanma mərhələsinə daxil olur, hansı səmtə gedəcəyini bilmir… Belə bir siyasi durumun məngənəsində çabalayan Azərbaycan Ulu öndər Heydər Əliyevin yenilməz iradəsi, zəkası sayəsində dünyaya günəş kimi doğdu», Ramiz Mehdiyevə məxsus bu fikir belə nümunələrdən sayıla bilər. ( Bax: R.Mehdiyev «Əsil vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr. Bakı, Azərnəşr). Yaxud, yenə də həmin əsərdən başqa bir fikri olduğu kimi qeyd edərək, müəllif R.Mehdiyevin- Heydər Əliyevlə hər gün iş prosesində görüşən, tapşırıqlar alan, birgə çalışan etibarlı bir silahdaşın dili ilə Ulu Öndəri belə dəyərləndirilir: «Franklın Ruzvelt, Uinston Çörçill, Şarl de Qoll kimi Heydər Əliyev də sağlığında canlı əfsanəyə çevrilmişdi”.

Gülayə xanımımın əsərini oxucuda nəinki ümummilli liderin siyasi portreti haqqında müfəssəl fikir yaradır, eləcə də Azərbaycan xalqının müstəqillik yolunu, azadlıq mübarizəsini, azad, demokratik dövlət quruculuğu prosesini Heydər Əliyevin respublikaya rəhbərliyi fonunda təhlil edir, onun ayrı-ayrı mərhələlərinin xarakteristikasını verir. Müəllif Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünü milli tariximizin yeni bir epoxası adlandırır və bu fikrini əsaslı, tutarlı, elmi, fəlsəfi faktlarla izah edir. Müəllifin fikrincə Heydər Əliyev epoxası tək Azərbaycan Respublikasının həyatının müxtəlif sahələrində quruculuq və inkişafla məhdudlaşmır, həm də dövrünün əsl azərbaycanlı obrazını, milli iradəli vətəndaşını, azad düşüncəli, demokratik fikirli şəxsiyyətini, mübariz düşüncə nümunəsini formalaşdırdı. Bu epoxanı Ramiz Mehdiyev Heydər Əliyev epoxası adlandırmışdır.

Ön sözün girişində qeyd etdiyim kimi, (Gülayə xanım özü bu kitabın ərsəyə gəlməsində fikrini çox səmimi izah etmişdi) kitabın müəllifi çox istedadlı bir şairədir.

Özünün dediyi kimi nə siyasətçidir , nə də tarixçi. Amma məsələlərə dərin təhlillərlə yanaşması siyasi hadisələrə ardıcıllıqla , məntiqlə münasibət bildirməsi onu siyasətçi və tarixçi kimi təqdim edir. Kitabın səmimiyyət və həm də yeri gəldikcə bədii notlara keçməsi onun şair səmimiyyətinin bəhrəsi kimi kitabı daha dəyərli etmişdi. Səmimiyyətinin arxasında böyük ziyalılıq, vətəndaşlıq, hadisələrin şərhinə dərin intuisiya ilə yanaşması imkan verdi ki, mən bu qənaətə gəlim; bundan əvvəl və sonralar da R.Mehdiyevin əsərlərində Əliyevşunaslığı və Azərbaycan dövlət quruculuğu məsələlərini araşdırıblar və araşdıracaqlar, amma ola bilsin ki, onların heç biri “vəfadarlıq” terminini işlətməyəcəkdir. Çünki bu təhlilləri qələmə alan ilk olaraq milli irsimizdə kişiliyin, mərdliyin, qəhrəmanlığın simvolu olan etibarı, vəfanı, siyasi müstəvidə araşdırır. Bu dəyərlər itəndə cəmiyyətdə də, dövlətdə də, tarixdə də hərc-mərclik baş qaldırır, xaos hökm sürür. Ən böyük cəza Tanrıdan qəlir – qədirbilməzliyin cəzası !

Müəllif “Vəfadarlıq” kitabında üç müstəvidə Milli dəyərlər sistemimizin əsasında duran vəfa, etibar, qədirbilənlik, minnətdarlıq və onun tarixi ənənəyə çevrilməsi məsələsinin izah etməyə çalışıb.

- Ulu öndər H.Əliyevin Azərbaycan xalqı, milləti, dövləti , qarşısında tarixi xidmətlərini elmi şəkildə araşdıran sahəsinin – Əliyevşunaslığın yaranması;

- Əliyevşunaslığın ilk elmi yaradıcısı olan Ulu Öndərin yaxın silahdaşı akademik R.Mehdiyevin özünün araşdırmalar apararaq tarixi-fəlsəfi münasibətlərinin toplumu kimi geniş tarixi əsərlər mənbəyinin yaranmasi;

- Çagdaş ictimai siyasi quruculuq fəaliyyətində R.Mehdiyevin dəsti–xətti ilə tarixi minnətdarlıq, qədirbilənlik, unutmamaq, özündən əvvəlki, siyasi irsə dərin ehtiram anlayışlarının fəlsəfi tədrisinə başlamaq;

- Unutqanlığın, nankorluğun, mənəmliyin siyasi fəaliyyətdə özünü məhvə gətirməsi mesajının verilməsi;

- Vəfadarlığın cəmiyyətin, dövlətin, insanlığın böyük tarixini yazmaq üçün fəlsəfi düşüncə anlayışı səviyyəsinə ucaldılması.

Əsərlə tanışlıq belə qənaətə gəlməyə əsas verir ki, bir şairənin – Gülayə Rzayevanın Azərbaycanın ümummilli lideri, Ulu Öndər Heydər Əliyev haqqında, Ramiz Mehdiyevin- bir ictimai-siyasi və dövlət xadiminin fikirləri əsasında qələmə aldığı və ərsəyə gətirdiyi, elmi-siyasi təhlil xarakteri daşıyan bu kitab müəllifin səmimiyyətinin, əsl vətəndaş mövqeyinin, ümummilli liderə dərin sevgi və ehtiramının ifadəsi kimi böyük alqışa layiqdir.

 

 

Sona Vəliyeva,

Filologiya elmləri üzrə

fəlsəfə doktoru

 

Kaspi.-2012.-30 oktyabr.-S.4.