«Biz normal yaşamırıq» Müsahibə 

 

 Professor Adil Baxşəliyev: «Etiraf edək ki, bütün dünyada ürək-damar xəstəlikləri artmaqdadır, o cümlədən, Azərbaycanda da…»

 

 “Əhali arasında xəstəliklərin sayı artmaqdadır. Bunun da kökünü sağlam həyat tərzində axtarmalıyıq. Sağlam həyat tərzini gənc yaşlarından bayraq kimi əlimizdə gəzdirməliyik”. Bu fikirləri “Kaspi”yə müsahibəsində bölüşən Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Adil Baxşəliyev hesab edir ki, həkimə vaxtında müraciət xəstəliyin və vaxtsız ölümün qarşısını alan əsas amildir.

 

Bizim böyük bəlamız

 

- Nə üçün tez-tez deyirik ki, mədəniyyət sarayları, mədəniyyət ocaqları boşdur, amma xəstəxanalar, klinikalar doludur?

- Bu fikir xüsusən dövlət xəstəxanalarına aiddir. Bu ilk növbədə xəstəliklərin klinik xəstəxanalarda yüksək səviyyədə düzgün diaqnozunun qoyulması ilə əlaqədardır. Az əhəmiyyət kəsb edən məqam odur ki, xəstələrimiz xəstəliyin ilkin dövründə müraciət etmirlər. Baxmayaraq ki, xəstəxanalarımız xəstələrlə doludur, amma poliklinikalarımız boşdur. Çünki hipertoniyası olan xəstələrimiz xəstəxanaya gəlmirlər. Gözləyirlər ki, hipertonik kriz olsun, beyinə qansızma olsun, ürək çatışmazlığı olsun, miakart infarktı olsun. Yəni gecikmiş formada xəstəxanalara məcburən müraciət edirlər. Müraciətlərin böyük əksəriyyəti ürək çatışmazlığı ilə bağlı olur. Bu da ürək-damar xəstəliklərinin axırıncı mərhələsində baş verən sindromdur: təngnəfəslik, ödemlər əmələ gəlir. Vaxtında müraciət olunsa, ürək çatışmazlığının ilkin dövründən müayinə və müalicə nəticəsində xəstələrin yaşama dövrü 30-40 il çəkə bilər. Biz elə xəstələr tanıyırıq ki, bir neçə nəsil həkimlər rəhmətə gedib, amma həmin xəstələr yaşayırlar. Nəyə görə? Çünki öz sağlamlıqlarına diqqət yetirirlər, pəhrizlərinə əməl edirlər, dərmanlarını vaxtında qəbul edirlər, vaxtında həkim nəzarətindən keçirlər. Sivil dövlətlərdə hər bir insan 40 yaşından sonra öz xolesterinin, şəkərinin miqdarını bilməlidir. Məsələn, bizdə aşkar diabetli xəstə 200 mindən də çoxdur. Amma onda 3 dəfə çox gizli diabetli var. Həkimə gec müraciət edirlər. 2-3 ildən sonra aşkar edirlər ki, bəli, şəkərləri var. Əgər gənc yaşlarında valideynlərin ürək-damar xəstəliyindən rəhmətə gedibsə, deməli səndə genetik meyllilik var. Sən də vaxtında həkimə müraciət etməlisən. Ona görə bir daha qayıdırıq dispanzerizasiya məsələlərinə: əhalinin mütəşəkkil və qeyri mütəşəkkil qrupları arasında həkimlərimiz vaxtaşırı monitorinq, sorğu aparılmalıdır. Heç nə də olmasa belə qan təzyiqinin, risk faktorlarının yoxlanması yaxşı olar. Biz vaxtında həkimə getmirik. Bax, bizim böyük bəlamız budur.

- Tibb ekspertləri ürəyi mexaniki nasos rolunu oynayan orqan kimi dəyərləndirirlər. Ürəkdə ağrılar həmişə ciddi xəstəlik hesab olunur?

- Ürək nahiyəsində ağrı 40 səbəbdən ola bilər. Bunun 39-u ekstrakardial, biri ürək mənşəli ola bilər. Ürək nahiyəsində, döş sümüyünün arxasında yandırıcı, istilikverici, deşici, göynədici, hətta donub yerində qalma, qorxu ilə müşahidə olunan ağrılar ciddi ürək xəstəliyindən xəbər verir. Bu ağrıların sol kürəyə, sol qola, bəzən sol çiyinə, sol çənəyə sirayət etməsi ürək ağrıları ilə bağlıdır. Xəstə bəzən donub qalır, addım atmağa qorxur. Bu, ciddi stenokardiyadan xəbər verir. Bəzən ilkin əmələ gələn stenokardiyadan, infarkt əmələ gəlmədən xəstə dünyasını dəyişə bilər. Buna görə ürək nahiyəsində hər hansı narahatçılıq varsa, müayinədən keçmək lazımdır.

- Təhlükəli ağrının xüsusi əlamətləri olurmu?

- Təhlükəli ağrı döş sümüyünün arxasında, sinədə birdən tutur. Bu ağrılar deşici, göynədici, yandırıcı ağrılardır. Adi bir sınaq var: nitroqlisirini dilin altına qoyursan, 5-10 dəqiqədən sonra ağrı kəsilirsə, deməli, bu, ürəyin karanartaj damarlarının xəstəliyidir - stenakardiyadır. Ağrı daha da şiddətləndisə, deməli, burada məsələ bir az da qəlizləşir. İnfarkt ola bilər. Çox zaman ağrı keçmir, infarkt da yoxdur. Bu kardialgiyadandır. Kardialgiya ürək nahiyəsində ürəkdən asılı olmayan ağrılardır. Məsələn, mədə-bağırsaq traktından reflektor təsir ürəkdə ağrı yaradır. Öd kisəsindən, qida borusundan da ağrılar yaranır. Ən çox xəstələrimizdə onurğa sütununun bel-boyun hissələrinin osteoxondrozu zamanı bu cür ağrılar əmələ gəlir. Bəzən qabırğaarası nevralgiyalar olur. Yəni bundan qorxmaq lazım deyil.

- İnfarktın, yaşı varmı?

- Əvvəllər infarkt adətən 55-60-70 yaşına təsadüf edərdi. İndi bir qədər cavanlaşıb. Keçib 45-55 yaş arasına, bəzən lap 30 yaşında təsadüf olunur. Biz bir neçə tələbədə infarkt aşkar etmişik. Yerdəyişmələr mövcuddur.

 

Bütün ölümlərin 50 faizi

 

- Nə üçün ürək ağrıları başqa xəstəliklərlə müqayisədə daha çox müşahidə olunur?

- Ürək-damar xəstəliklərindən xəstələnmə halları, xüsusən ölüm halları bütün ölümlərin 50 faizini təşkil edir. Elə xəstəliklər var ki, xəstələr onunla uzun müddət yaşayırlar. Ürək-damar xəstəliklərinin gərək vaxtında üstünə düşəsən.

- Bizim ölkəmizdə ürək xəstəlikləri və ondan ölüm halları ilə bağlı real mənzərə necədir?

- Etiraf edək ki, bütün dünyada ürək-damar xəstəlikləri artmaqdadır. O cümlədən, Azərbaycanda da artmağa meyillilik var. Şükür Allaha ki, hazırda Azərbaycanda dünyanın heç bir yerindən geri qalmayan həm kardioloji, həm də kardiocərrahi xidmət yaranıb. Bizim bircə problemimiz sığorta təbabətinin tam həyata keçməməsi ilə bağlıdır.

- Problemin mahiyyəti nədir?

- Problem ondan ibarətdir ki, sığorta təbabətində hər bir işçinin işlədiyi müəssisə onun sığorta polisini verir. Yəni xəstə böyük müəssisələrdə çalışırsa, o müəssisənin rəhbərliyi, maliyyə şöbəsi xəstənin özünün, ailəsinin bütün müalicə xərclərini, dərman xərclərini öz üzərinə götürür. Bunu dövlət etməlidir. Qüdrətli dövlətlər bunu tam üzərinə götürüblər. Bizdə də buna keçid üçün zəmin hazırlanır. Mənə elə gəlir ki, yaxın illərdə bu həyata keçəcək. Bu böyük miqdarda vəsait tələb edir. Ayrı-ayrı ölkələr var ki, əgər müasir xəstədən ürəkdən şikayət varsa, ümumiyyətlə, digər orqanlardan minimal qəbul olunmuş müayinədən xəstə keçirilmirsə, onda o təşkilat cəzalandırılır. Məsələn, ürək nahiyəsində ağrı varsa və bu ağrı ciddidirsə, xəstə tez bir zamanda anqioqrafiya olunmalıdır. Anqioqrafiyanın qiyməti 400 manatdır. Məsələn, sığorta təbabəti olsa, kütləvi anqioqrafiyalara ehtiyac var. Sonra xəstəyə ya stend qoyulmalıdır, ya damar dəyişilməlidir. Hər bir xəstədə ciddi ağrıdan sonra mütləq anqioqrafiya yerinə yetirilməlidir. Anqioqrafiya edilməsi, stend qoyulması xəstədə sonrakı infarktın qarşısını alır. Məsələ çox ciddidir. Risk faktorları ilə mübarizə də çox vacibdir.

 

Dərmanların keyfiyyətindəki çatışmazlıq

 

- Kişilərlə qadınlar arasında ürəkdən ölüm halları bizdə nə qədərdir? İlbəil bu rəqəm aşağı düşür ya artır?

- Demək olmaz ki, aşağı düşür. Düzdür, bütün qəfil ölümləri ürəklə bağlayırlar. Həqiqətən də böyük əksəriyyəti ürəklə əlaqədardır. Bütün dünyada tendensiya bir qədər artmağa doğrudur. Ancaq bəzi ölkələrdə artmanın sürətini azaltmağa nail olublar. Əgər xəstəyə düzgün diaqnoz qoyulursa və düzgün müalicə aparılırsa, onların böyük əksəriyyətini ölümdən qurtarmış oluruq. Xəstələrin psixologiyasında dəyişiklik olmalıdır. Xəstələr bir şeyi bilməlidirlər ki, artıq kurs müalicəsi yoxdur. Hipertoniyalı xəstə düzgün dərman qəbul edirsə, 80-90 il yaşayır. Əfsus ki, müəyyən maddi sıxıntılar olur, xəstə 1-2 kurs dərman alır, sonra dərman almaq iqtidarında olmur. Dərmanların qiymətində müəyyən siyasət olmalıdır. Qiymətlər bir qədər ucuzlaşmalıdır. Və yaxud 50 faizini hökumət öz üzərinə götürməlidir. Yaxşı dərman baha olur. Həmçinin dərmanların keyfiyyətində müəyyən çatışmazlıq var. Xüsusən üçüncü ölkələrdən ölkəmizə idxal olunan dərmanların keyfiyyəti aşağı, dərmanların əlavə təsiri isə çox olur.

 

Mütəxəssis problem

 

- Siz bayaq dediniz ki, Azərbaycanda artıq ən müasir tibbi avadanlıqlar var. Yaxşı həkimlər də həmçinin. Bəs nə üçün xəstələrimiz daha çox xaricə üz tuturlar?

- Mən elə deməzdim. Xəstələr arasında müəyyən insanlar var ki, İrandakı səhiyyəni təbliğ edirlər. Bir dəfə özləri olduqdan sonra ağız dolusu ilə İran səhiyyəsinin uğurlarından danışırlar. Müayinələrin ucuz, etibarlı olmasından danışırlar. Mən deməzdim ki, Azərbaycanda səhiyyənin, kardiologiyanın inkişafı bu gün İrandan geri qalır. Müasir avadanlıq nöqteyi-nəzərindən 6-7 yer var ki, müasir tələblərə cavab verən bütün avadanlıqla təchiz olunmayıb. O yerlərə müraciətlər də çoxdur. Burdan İrana gedənlər pul xərcləyirlər. İranlı həkimlərimiz bizim xəstələrə dərmanlar təyin edirlər. O dərmanları analiz etdikdə görürük ki, o dərmanlar 60-70-ci illərin dərmanlarıdır. Halbuki indi daha müasir dərmanlar mövcuddur. Biz iranlı, türk həkimlərlə konqreslərdə görüşürük. Deməzdim ki, Azərbaycan kardioloqlarının səviyyəsi onlardan geri qalır. Burda bir qədər dövlət xəstəxanalarının tibbi avadanlıqla təchiz olunmasında problemlərimiz var. Özəllərdə təchizat çox gözəldir. Rayonlarımızda müasir diaqnostik mərkəzlərimiz var və yüksək səviyyədə tibbi avadanlıqla təchiz olunublar. Rayonlarımızda o tibbi avadanlıqla işləyən şəxslərin hazırlanmasında bir qədər problem var. Mənə elə gəlir ki, yaxın 1-2 il ərzində bu problem də aradan qalxacaq. Çünki xeyli sayda tələbələrimiz, gənc həkimlərimiz həm özümüzdə, həm də xarici ölkələrdə uzmanlıq keçirlər. Elə bizim özümüzdə də mütəxəssis hazırlığı iki ildir ki, başlayıb və müvəffəqiyyətlə yerinə yetirilir. Bunların artıq mütəxəssis kimi fəaliyyət göstərməsi hardasa 3-4 ildən sonra baş verəcək. Onda siz görərsiniz ki, bizdə də məsələlər lazımi səviyyədədir.

 

Acı etiraflar

 

- Ürəyində əməliyyat aparılan bir neçə xəstə tanıyıram ki, həkimə müraciət edən kimi dərhal ürəklərində əməliyyat aparılıb, məsələn stend qoyulub və s. Tibb elmi ürək xəstəliklərinin çarəsini yalnız əməliyyatlarda görür?

- Müayinələr ciddi göstərişlər üzrə olmalıdır. Xəstənin vəziyyətini dəqiqləşdirmək üçün müxtəlif yükləmə sınağından keçirə bilərik. Biz dəqiqləşdirməliyik, əgər bu ağrı ürəkmənşəlidirsə, ürəyin tac damarlarındadırsa onda xəstəni anqioqrafiyaya göndərməliyik. Görsək ki, ürəyində heç bir dəyişiklik yoxdur, yükləyici sınaqlardan sonra ağrılar tipik xarakter daşımırsa, onda əlavə anqioqrafiya etməyə heç bir lüzum yoxdur. Bu hissəni həkimlərimiz bəzən zəif bilirlər. Hər xəstəyə difrinsə olunmuş şəkildə fərqli yanaşmaq lazımdır, şablon formada yox.

- Professor, bir xəstənin yaxşı müayinəsi və müalicəsi üçün yaxşı həkim önəmlidir, yoxsa keyfiyyətli dərman və ya müasir avadanlıq?

- Sözsüz ki, yaxşı həkim. Həkimlə xəstə arasında söhbətdən sonra xəstə yüngüllük hiss etməlidir. Xəstələrə müraciət edərək soruşurlar ki, sən müasir avadanlıqla təchiz olunmuş ən müasir klinikalarda, ancaq soyuq insanlarla təmasda olmaq istərdinmi? Onlar o biri qrupa üstünlük verir. Çünki xəstənin müalicəsində həkimin tutduğu mövqe böyükdür. Həkim gərək xəstənin halına yana, onunla bir yerdə həyəcan keçirə. Müasir avadanlıqların hamısı çox vacibdir. Amma onlar xəstə ilə həkimin canlı dialoqunu əvəz etmirlər. Bununla belə, qeyd etməliyəm ki, XXI əsrdir, avadanlıqsız keçinmək mümkün deyil. Məsələn, indi öd kisəsindən daşı çıxarmaq üçün böyük əməliyyat etmək mütləq deyil, zond vasitəsi ilə lokal daşı götürmək mümkündür. Eləcə də ürək üzərindəki əməliyyatlar da təkmilləşib. Anadangəlmə ürək qüsuru üçün artıq ürəyin nahiyəsini açmırlar. Kateter vasitəsi ilə ürəyin boşluqlarına çatırlar, kontrast maddə vururlar, sonra sanki yapışqan maddənin köməyi ilə defekt aradan götürülür. Elm bu sahədə də yerində qalmır, inkişafdadır. Ancaq gələcək medikimendos dərman müalicəsi üstündədir.

- Nə üçün, elm inkişaf etdikcə, tədqiqatlar artdıqca xəstəliklər də çoxalır?

- Diaqnostika yaxşılaşır ona görə. Xəstəlik də artır. Stress amilləri çoxalıb. Etiraf edək, siz bura gəldiniz, ən azı bir saat vaxtınız keçdi. Hər dəfə yolu keçəndə stress keçirmirsiniz? Dövlət Avtomobil Müfəttişliyi yolda bu qədər xətlər çəkib, üç sürücü saxlayır, beşi sürür. Saxlayana da arxadan siqnal verirlər ki, niyə saxladın? Hər dəfə Mətbuat prospektindən keçəndə az qala nəzir verirəm ki, sağ qalım. Yolda maşınları necə sürürlər? Xarici ölkələrdə birinci yerdə piyadadır. Şüurlarda dəyişiklik olmalıdır.

- Akademik Yevgeni Çazov ürək xəstəlikləri ilə bağlı cild-cild dərsliklər yazandan, elmi tədqiqatlar aparandan sonra belə bir qənaətə gəlib: “Öz həyat planlarınızı qurun və optimist olun. Bu, hər şeyi həll edir”. Həyata fəlsəfi baxış xəstəliklərin dərmanı hesab olunurmu?

- Cazovun fikri əsaslıdır. Azərbaycanlılarda da gözəl misal var: “Qəm qəm gətirər, dəm də dəm”. Sözsüz, biz nikbin olmalıyıq. İndi mən sizdən soruşum: siz gün ərzində neçə kilometr gəzirsiniz? Siz axşamüstü parka çıxırsınızmı? Siz qidalanmanı gün ərzində mütəmadi yerinə yetirirsinizmi? Siz nə qədər meyvə, göyərti və ağartı yeyirsiniz? İl boyu nə qədər balıq yeyirsiniz? Çazov bunu deyir. O, 83 yaşında yenə səyahətindən əl çəkmir. Özünü gümrah hiss edir. Biz Çazovun şənbələr işlədiyini görməmişik. Şəxsən mən şənbə günü də işləyirəm, bəzən bazar günləri də gəlirəm. Çazov cümə günü axşamdan bütün ruslar üçün xarakterik olan şəhərdən kənara çıxır. Biz isə rusların bir məsəlinə “torandan sübhədək” işləməyə üstünlük veririk. İnsanda yumor hissi, zarafat hissi güclü olmalıdır. Həmişə baməzə, zarafatcıl adamlar çox yaşayırlar. İnsan özünü yaxşı mənada çox sevməlidir. Acı etiraflarımdı – biz normal yaşamırıq.

 

 

Təranə Məhərrəmova

 

Kaspi.-2012.-30 oktyabr.-S.9.