Orduya «ictimai nəzarət» pərdəsi altında qərəzli münasibət 

 

Silahlı Qüvvələrdəki inkişafı danmaq, bütün cəhətləri qara rəngdə görməyə, neqativ şəkildə təqdim etməyə can atmaq köhnəlmiş, öz təsirini itirmiş üsuldur

 

Bu günlərdə bir sıra müxalifət təşkilatlarının toplaşdığı İctimai Palata adlı qurumda Azərbaycan Silahlı Qüvvələrilə bağlı keçirilən müzakirə cəmiyyətin bu kəsiminin hələ də orduya münasibətdə qeyri-konstruktiv mövqe tutmaqda olduğunu bir daha nümayiş etdirdi. Məlumdur ki, Silahlı Qüvvələr barədə öz dəst-xətlərinə uyğun şəkildə müzakirə açan bu qurumdakılar hərbi sahədəki vəziyyəti yalnız ayrı-ayrı hadisələri və bir neçə insidenti önə çəkərək təhlil etməyə cəhd göstəriblər. Bu məqsədlə xüsusən də cəbhənin müxtəlif nöqtələrində düşmən tərəfindən atəşkəsin pozulması, ya da qəzalar, bədbəxt hadisələr nəticəsində baş verən itkilər ətrafında hədsiz hay-küy salmağa çalışılıb. Beləliklə, ictimaiyyətdə çaşqınlıq, yersiz təşviş yaratmaq niyyəti güdülüb. Çox təəssüf ki, ordu kimi siyasətdən kənar sayılmalı olan, milli əhəmiyyətli bir məsələ haqqında süni ajiotaj yaratmaq meyli bu dəfə də özünü göstərib.

Vətənin, dövlətin müdafiəçisi olan ordunun siyasi oyunlara vasitə kimi seçilməsi dünyanın heç bir ölkəsində müsbət qarşılanmayan, hər zaman pislənən haldır. Bizdə isə guya milli məqsədlər uğrunda çalışdıqlarını bəyan edən müxalif siyasi qurumlar da, bu yöndə onların işinə yaramağın öz şəxsi mənafelərinə uyğun olduğunu düşünənlər də ordu ilə əlaqəli məsələləri hər vəchlə siyasət gündəminə gətirmək istəyirlər.

Siyasi quruma gəldikdə, onun məqsədi bəllidir. Çünki perspektivi elə ilk gündən şübhə doğuran İctimai Palata fəaliyyətsizliyini, dalana dirəndiyini, iflasa məhkumluğunu bu cür ucuz yollarla pərdələyib ört-basdır etməyə çalışır. Öz daxilindəki ziddiyyətləri, "birləşməmiş parçalanmaq" tendensiyasının qarşısını almaqda aciz qalan bu qurum ictimai diqqəti öz problemlərindən yayındırmaq üçün ən yolverilməz vasitələrə də əl atır. Silahlı Qüvvələrə, orduya aid müzakirə keçirməkdə də həmin qurumun məqsədi bundan uzağa getmir.

O ki qaldı məlum müzakirənin ən fəal iştirakçılarına, onların da fəaliyyətinin, qaldırmaq istədikləri səs-küyün nəyə hesablandığı cəmiyyət üçün sirr deyil. Həmçinin bu istiqamətdə göstərdikləri cəhdlərin əvvəlcədən uğursuzluğa düçar olduğuna, hər zaman tərs effekt doğurduğuna və doğuracağına şübhə yoxdur.

Bunun səbəblərinə diqqət yetirək: Əvvəla, qeyd etdik ki, ordu ilə bağlı məsələlərə siyasi nöqteyi-nəzərdən yanaşmaq yanlış yoldur.

Uğursuzluğun ən vacib səbəblərindən biri bundan irəli gəlir. Başqa tərəfdən, cəmiyyətdə, onun bir parçası olan orduda da artıq kimin kimi olduğu, hansı niyyəti güddüyü əksəriyyətə bəllidir. Buna görə də şəxsi mənafe üçün atılan addımlar, deyilən sözlər mənfi reaksiya ilə qarşılanır. Qeyri-obyektiv, birtərəfli, aqressiv çıxışlar reallığa əsaslanmadığı, həqiqəti təhrif etdiyi üçün də ictimaiyyətin diqqətindən kənarda qalır. Yəni Silahlı Qüvvələrdəki inkişafı danmaq, bütün cəhətləri qara rəngdə görməyə, neqativ şəkildə təqdim etməyə can atmaq köhnəlmiş, öz təsirini itirmiş üsuldur. Üstəlik, bu niyyətdə olanlar, bu istiqamətdə fəaliyyət göstərənlər də köhnə fiqurlar olduğu üçün də cəhdləri heç bir nəticə vermir. Onların tamamilə siyasiləşdikləri, hər addımlarını şəxsi mənfəət xətrinə atdıqları əslində əvvəldən də bəlli idi, çoxdan bu barədə rəy formalaşmışdı. Ancaq növbəti dəfə sırf siyasi qurum olan İctimai Palata ilə bir araya gəlmələri onların qeyri-səmimiliyini, manevrlər etməklə müəyyən sərfəli nəticələrə nail olmaq istədiklərini açıq şəkildə ortaya qoydu. Silahlı Qüvvələri media vasitəsilə mütəmadi əsassız tənqidlərə məruz qoymaq azmış kimi, artıq bunu bütünlüklə siyasi müstəviyə çəkdilər, qatı müxalif qurumun müzakirə mövzusuna çevirdilər. Açıq-aydın görünür ki, burada «orduya nəzarət» adı altında, Silahlı Qüvvələrə qərəzli münasibətdən söhbət gedir.

Bütün bunlar ondan xəbər verir ki, həmin dairələrdən orduya qarşı səmimi, obyektiv, ədalətli münasibət gözləmək, siyasətdən kənar, milli mövqeyə söykənən yanaşma ummaq sadəlövhlük olardı. Hərbi sahədəki inkişafı qaralamaq niyyəti güdənlər, çox təəssüf ki, Silahlı Qüvvələrdə həm atəşkəsin düşmən tərəfindən pozulması, həm də müxtəlif qəzalar, bədbəxt hadisələr nəticəsində baş verən itkiləri əsas tuturlar. Səbəbi hər nə olursa olsun, təbii ki, bu itkilər bizim itkimizdir, vətənimizin, millətimizin, dövlətimizin itkisidir. Bu itkilər hamımızı göynədir, dərindən təəssüfləndirir. Torpaqlarımız uğrunda şəhid olan, həyatını, sağlamlığını itirən əsgər və zabitlərimiz üçün hər bir azərbaycanlı ürək ağrısı keçirir və bu, belə də olmalıdır. Aydındır ki, belə hallar baş verən zaman komandanlığın üzərinə mənəvi məsuliyyətdən əlavə, birbaşa cavabdeh olduqları vəzifələr də düşür, onların yerinə yetirilməsinə çalışılır. Şəhid və yaralılar haqqında ictimaiyyətin dərhal məlumatlandırılması təmin edilməklə yanaşı, səbəblərin araşdırılması üçün də tədbirlər görülür. Yanlışlıqlar varsa, onların aradan qaldırılması yolunda müvafiq addımlar atılır. Ancaq əfsuslar olsun ki, bu kimi insidentləri ajiotaj mənbəyinə çevirmək, ictimaiyyətdə lazımsız həyəcan, qorxu hissi yaratmaq istəyən dairələr var. O dairələr ictimaiyyətə guya onlardan başqa heç kəsin Azərbaycan əsgər və zabitinin taleyini düşünmədiyi barədə gülünc bir rəy sırımaq istəyirlər. Xüsusilə də guya "ordu rəhbərliyinin hərbçilərin qeydinə qalmadığı" barədə saxta, əsassız fikir formalaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Bu cür çıxışların qeyri-səmimiliyi bir yana, məhz mənfəətdən ötrü, daha çox hay-küy hesabına yeni qrantlar almaq, şəxsi faydalar əldə etmək üçün səsləndirildiyi günümüzün acınacaqlı reallığıdır.

Müharibə vəziyyətində, tez-tez pozulan atəşkəs rejimində olan, bununla yanaşı ordu quruculuğu işi davam edən ölkənin Silahlı Qüvvələrinin itkilər verməsi, nə qədər ağrılı da olsa, qaçılmaz haldır. Azərbaycanda bu itkilərin qarşısının tam alınması, ya da ən azı minimuma endirilməsi naminə davamlı iş aparıldığı, bu yöndə təsirli tədbirlər görüldüyü danılması mümkün olmayan həqiqətdir. Ordunun hərtərəfli inkişaf prosesində bu məsələnin də daima diqqət mərkəzində olduğu aydındır. Ancaq savaş vəziyyətinin, hərbin bir xüsusiyyəti də budur ki, millət, dövlət və ordu məhz itkilər sınağından keçərkən öz yenilməzliyini nümayiş etdirir, düşmən qarşısında əyilmədiyini göstərir. Bariz nümunə olaraq, böyük və zəngin tarixə malik Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə, bugünkü durumuna baxa bilərik.

Qardaş ölkənin ordusu terrorçularla mübarizədə son zamanlar az qala hər gün şəhid verir, əsgər və zabitlər yaralanır. Ancaq cürbəcür qəzalarda, bədbəxt hadisələrdə həyatını, ya da sağlamlığını itirən türk hərbçiləri də olur. Eynilə Azərbaycandakı kimi orada da hadisələr barədə məlumat yayılır, müvafiq qurumlar təhqiqat aparır, səbəbləri üzə çıxarmağa çalışır. Bununla belə, orada itkilərə də, orduya da münasibət bizdəkindən tamam fərqlənir. Yəni bizdəkindən fərqli olaraq, orada kimsə çıxıb ordunun ünvanına əsassız ittihamlar səsləndirmir, itkilərə görə Silahlı Qüvvələrə qarayaxma kampaniyasına girişmirlər. İctimai-siyasi təşkilatların ordu komandanlığını istefaya çağırması isə tamam ağlasığmaz görünür. Bir sözlə, itkilər, ağrılı hadisələr zamanı Türkiyə cəmiyyəti, türk xalqı orduya daha yaxından dəstək verir, Silahlı Qüvvələrə inamını ifadə edir. Beləliklə də, Silahlı Qüvvələri düşmənlə, yəni terrorçularla daha da cəsarətlə mübarizə aparmağa səsləyir.

Hesab edirəm ki, bu baxımdan qardaş ölkədə ictimaiyyətin orduya münasibətini örnək kimi götürmək faydalı olardı. Nəinki Azərbaycan Silahlı Qüvvələrinin inkişafı yolundakı nailiyyətləri qaralamaq üçün fürsət axtarıb, hər vasitəylə antiordu təbliğatına yönələn işlər görmək.

Bu kimi cəhdlər, müxalif siyasi qurumların özlərinin keçirdikləri, ya da onların çətiri altında təşkil olunan müzakirələr Azərbaycanda ordu quruculuğuna kölgə sala bilməz. İnkişaf göz önündədir, müstəqillik qazandıqdan bəri ölkədə Silahlı Qüvvələrin gücləndirilməsi üçün misilsiz addımlar atıldığı parlaq gerçəklikdir. Ona görə də, ictimaiyyətdə ordu haqqında yanlış fikir yaratmaq, cəmiyyətdə əsassız şübhələrə yol açmaq, ordunu siyasi oyunlara vasitə etmək istəyənlər, nə qədər ki gec deyil, bu yoldan dönməlidirlər. Özləri öz xoşagəlməz niyyətlərindən əl çəkməlidirlər. Əks təqdirdə, bu gedişlə onsuz da Azərbaycan xalqı, cəmiyyətimiz özü onların yoluna da, niyyətlərinə də son qoyacaq. Milli mənafe, dövlətçilik maraqları və Azərbaycan Silahlı Qüvvələrinin daha da qüdrətlənməsi naminə!

 

 

Emin HƏSƏNLİ,

Silahlı Qüvvələrə İctimai

Nəzarət Birliyinin sədri 

 

Kaspi.-2012.-1-3 sentyabr.-S.7.