Azərbaycanda medianın durumu müzakirə olundu  

 

Vüqar Əliyev: “Azərbaycan dövlətinin də istəyi ondan ibarətdir ki, ölkəmizdə sözün əsl mənasında müstəqil, peşəkar, sərbəst, dünya səviyyəli güclü media formalaşsın”

 

Sentyabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. İki gün davam edəcək konfransı giriş sözü ilə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli açaraq, tədbirin “Etik Jurnalistika Təşəbbüsləri – Azərbaycan” layihəsi çərçivəsində Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə təşkil olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, layihənin ideya müəllifi Beynəlxalq Jurnalistlər Federasiyası, Azərbaycan tərəfdən isə tərəfdaş qurumlar JuHİ, Ruh Jurnalistlərin Hüquqlarının Müdafiə Komitəsi, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Demokratik Jurnalistlər Liqasıdır.

 

Azərbaycan 20 il ərzində böyük uğurlar qazanıb

 

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia tədbirdəki çıxışında mediaya qarşı olan bütün təzyiqləri pislədiklərini dilə gətirib. Bildirib ki, Avropa Birliyi medianın məhdudlaşdırılması ilə bağlı bir vaxtlar üzv ölkələrdə buraxılmış səhvlərin tərəfdaş ölkələrdə təkrarlanmasını istəmir: “Avropa Birliyində media və fikir azadlığı əsas fundamental dəyərlərdəndir. Vaxtilə quruma üzv ölkələrin bu sahədə bəzi səhvləri olub. Bu gün AB medianın hüquqlarının qorunması sahəsində addımlar atır. Biz mediaya bütün təzyiqləri pisləyirik. Azərbaycan 20 il ərzində böyük yol qət edib, uğurlar qazanıb”.

R.Kobia Azərbaycan telekanallarının hazırkı vəziyyətinə də toxunub. Deyib ki, bu gün Azərbaycan telekanallarında hökumətin gördüyü işlər təqdir olunur, təriflənir, amma müxalif fikirlər televiziyada görünmür. Bununla yanaşı, o, onlayn TV sahəsində Azərbaycanda kifayət qədər dəyişiklik baş verdiyini də vurğulayıb: “Bu kanallar daha çox insana öz fikirlərini azad şəkildə bəyan etməyə imkan verir. Biz bütün növ media məhdudiyyətlərini qəbul etmirik. Bu, bütün sənədlərimizdə öz əksini tapıb”.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Media sektorunun müdiri Vüqar Əliyev Azərbaycanda medianın inkişafı sahəsində atılan addımlardan danışıb. Bildirib ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra demokratiya, vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inkişafı özünün əsas hədəf yolu seçib:

 

Medianın müstəqilliyi sahəsində çox işlər görülüb

 

“1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında söz və məlumat azadlığı, jurnalist sərbəstliyi, fikir plüralizmi kimi fundamental prinsiplər öz əksini tapıb. Mətbuatın azad, sərbəst fəaliyyətini təmin etmək məqsədilə 1998-ci ildə senzura ləğv olunub. Mətbuatın üzərində dövlət nəzarəti funksiyasını həyata keçirən təsisatın fəaliyyətinə xitam verilib. Avropada geniş yayılmış bir təcrübə əsasında Azərbaycan jurnalistləri qurultaylarını keçiriblər və medianın özünütənzimləmə orqanını, Mətbuat Şurasını formalaşdırıblar. Bununla yanaşı, jurnalistlərin, cəmiyyətin hökumətin əlində olan informasiyalara sərbəst şəkildə çıxışını təmin etmək üçün “İnformasiya əldə etmək haqqında” qanun qəbul olunub. «Kütləvi İnformasiya Vasitələri haqqında» qanun kifayət qədər liberallaşdırılaraq Avropa standartlarına uyğunlaşdırılıb. Ötən 20 ildə Azərbaycan hökuməti vətəndaş cəmiyyəti quruculuğunun əsas prinsiplərini özündə ehtiva edən söz və məlumat azadlığı, jurnalist müstəqilliyi, media müstəqilliyinin təməl prinsiplərinin bərqərar olunması üçün əlverişli mühitin yaradılması istiqamətində çox işlər görüb. Bu məsələnin ikinci tərəfi əldə olunmuş pozitiv, yüksək nailiyyətlərin praktikada tətbiq olunmasıdır. Hazırda Azərbaycanda yüzlərlə medianın fəaliyyəti, böyük bir jurnalist ordusunun cəmiyyətdə, dünyada baş verən prosesləri sərbəst, azad, müstəqil şəkildə işıqlandırması, öz fikirlərini mətbuatda, vətəndaşlara, cəmiyyətə çatdırmaq imkanlarının olması bu prosesin praktikada da təşəkkül tapdığını sübut edir. Eyni zamanda bu, media azadlığı sahəsində və informasiya cəmiyyəti quruculuğu istiqamətində inkişafımız üçün çox gözəl zəmin yaradır”.

 

Azərbaycan dövlətinin istəyi

 

Hər bir cəmiyyət üçün mövcud problemlərin Azərbaycanda da müşahidə olunduğunu söyləyən V.Əliyev, Azərbaycanda medianın hazırkı durumu, perspektivləri barədə önəmli müzakirələrin aparıldığını və bunun davam etdiriləcəyini vurğulayıb: “Çoxsaylı forumların, konfransların, fikir mübadilələrinin, müzakirələrin, Azərbaycanın dünyanın aparıcı təsisatları ilə əməkdaşlığının, BMT, Avropa Şurasının, Avropa İttifaqının, ATƏT və xüsusilə bu təsisatların media strukturları ilə əməkdaşlığının qayəsində o ideya durub ki, Avropada, inkişaf etmiş ölkələrdə mövcud qabaqcıl təcrübə mənimsənilsin, Azərbaycan reallığına uyğunlaşdırılsın. Biz bu istiqamətdə iradəmizi ortaya qoymuşuq. Biz artıq Cənubi Qafqaz regionunun mərkəz ölkəsinə çevrilmişik. Ona görə bizim media da öz azadlığı, plüralizmi, sərbəstliyi ilə cəmiyyətin gözləntilərini, çağırışlarını doğrultmağa çalışmalı, inkişaf etməli, Azərbaycanda sözün əsl mənasında güclü, peşəkar jurnalistika ictimai rəyə hakim kəsilməlidir. Azərbaycan dövlətinin də istəyi ondan ibarətdir ki, ölkəmizdə sözün əsl mənasında müstəqil, peşəkar, sərbəst, dünya səviyyəsində Azərbaycanın səsini çatdıra biləcək güclü media formalaşsın. Bu, dövlətin media sahəsində əsas məqsədlərindən biridir. Biz bu məqsədin həyata keçirilməsi üçün üzərimizə hansı vəzifələr düşürsə, onu yerinə yetirəcəyik”.

 

Medianın yeni çağırışları

 

Beynəlxalq Jurnalistlər Federasiyası baş katibinin müavini Oliver Money-Kyrle medianın inkişafını demokratikləşmə prosesinin çox vacib amillərindən biri kimi xarakterizə edib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov konfransın keçirilməsinə səbəb olan “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan” layihəsinin 2 il əvvəl başladığını və hazırkı toplantının layihənin nəticələrinə həsr olunduğunu ifadə edib. O, bildirib ki, bu kimi tədbirlər Azərbaycan mediasının inkişafına müsbət töhfələr verəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) icraçı direktoru Vüqar Səfərli dövlətin KİV-in inkişafı ilə bağlı həyata keçirdiyi layihələr barədə məlumat verib. Deyib ki, KİV DF yaranan dövrdən sonra ilbəil keçirdiyi müsabiqələrin formatını genişləndirib. Onun sözlərinə görə, bu illər ərzində Fondun həyata keçirdiyi layihələrdə iştirak edən bütün media qurumları öz maddi texniki bazasını inkişaf etdirib.

ATƏT-in Bakı ofisinin təmsilçisi Vüsal Behbudovun çıxışından sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlunun sədrliyi ilə birinci paneldə məruzə və müzakirələrə başlanılıb. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkəmizdə media azadlığı və təhlükəsizliyindən, mövcud durumdan, yeni çağırışlardan danışıb.

 

Nə üçün eyni qəzetlər məhkəməyə verilir, eyni jurnalistlər döyülür?

 

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli “Söz azadlığından sui-istifadə halları: effektiv mübarizə apara bilirikmi?” mövzusunda məruzə edib. O, söz azadlığından sui-istifadə hallarının tək medianın deyil, eyni zamanda cəmiyyətin problemi olduğunu söyləyib: “Diqqət yetirsək görərik ki, bizdə mövcud olan bir çox media qurumları üçün məhkəməyə verilmək artıq “prestij” məsələsinə çevrilib. Eyni zamanda bir çox jurnalistlər üçün döyülmək, təcridxanalara düşmək də elə bil “imic” məsələsidir. Sanki, məhkəməyə verilmək və döyülmək azad mətbuat olmağın atributudur. Sual yaranır - nə üçün bir qayda olaraq eyni qəzetlər məhkəməyə verilir, eyni jurnalistlər döyülür? Bütün bu halları araşdıranda məlum olur ki, bunun kökündə birmənalı şəkildə söz azadlığındın sui-istifadə halları dayanır. Buna qarşı mübarizə aparmaq üçün Azərbaycan yetərli mexanizm mövcuddur. Bura Mətbuat Şurasının fəaliyyətini, eyni zamanda mövcud qanunvericilik bazasını aid etmək olar. Bütün redaksiyaların qoşulduğu Jurnalistlərin peşə davranış qaydalarına riayət olunmaması, qaydaların pozulması sonradan məhkəmə çəkişmələrinə, xoşagəlməz hallara gətirib çıxarır. Aydın məsələdir ki, “Mətbuat heç zaman bilərəkdən yalan məlumat yaymamalıdır”. Ancaq iş orasındadır ki, söz azadlığından sui-istifadə halları məhz bilərəkdən yalan məlumat yayılmasından qaynaqlanır. Bir çox mətbuat orqanları öz oxucularını yalana eylə öyrəşdiriblər ki, yalan yazmasalar oxucuları itirə bilərlər. Görünür Azərbaycanda söz azadlığından sui-istifadə etmək həm də biznes marağına çevrilib”.Beynəlxalq konfransdakı panel çıxışlarda CASCFEN sədri Azər Həsrət, İREX-Azərbaycan təşkilatının hüquqşünası Ələsgər Məmmədli, Avropa Şurasının Azərbaycandakı təmsilçisi Şahin Abbasov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və başqaları öz fikirlərini çatdırıblar.

Tədbirdə Azərbaycanda media azadlığı və təhlükəsizliyi, mövcud durum və yeni çağırışlar, ictimai yayım sahəsində yeni çağırışlar, demokratik medianın inkişaf etdirilməsində jurnalist ittifaqlarının rolu və sair mövzular müzakirə olunub.

Bu gün də davam edəcək konfransda isə yerli və xarici media ekspertlərinin müxtəlif mövzular üzrə çıxışları planlaşdırılıb.

 

 

Rufik İSMAYILOV

 

Kaspi.- 2012.- 26 sentyabr.- S.5.