Dahi şairin yubileyinə kitab hədiyyəsi

Sentyabrın 21-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında dahi Nizami Gəncəvinin 870 illik yubileyi çərçivəsində Əməkdar Memar, memarlıq doktoru, professor Nəriman Əliyevin Nizami Gəncəvinin memarlıq düşüncələri və filologiya elmləri doktoru, professor Mübariz Yusifovun Nizamidə azərbaycançılıq kitablarının təqdimatı keçirilib.

Tədbirdən əvvəl dahi Nizami Gəncəviyə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Kitabxananın direktoru Kərim Tahirov tədbiri açaraq bildirib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun yeni nəşrlərin təqdimatının bu qurumda keçirilməsi ənənə halını alıb: "İki gün bundan əvvəl burada Nizaminin sözlərinə yazılmış mahnı və romanslardan ibarət diskin təqdimatı olub. Mənə belə gəlir ki, istər bu kitablar, istərsə də mahnı diskləri oxucu və musiqisevərlərimiz üçün gözəl hədiyyələrdir".

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev vurğulayıb ki, Prezidentin məlum Sərəncamı ilə bağlı nazirlik geniş tədbirlər planı hazırlayaraq həyata keçirir. Indi Gəncədə Nizami Mərkəzi yaradılır. Dahi şairimizin dünyanın müxtəlif ölkələrdəki əsərlərinin əlyazmalarının surəti mütəfəkkirin vətəni Gəncəyə gətirilir.

Belə misalların çox olduğunu diqqətə çatdıran natiq həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışaraq deyib ki, hazırda Nizaminin bir neçə yeni əlyazması tapılıb.

Tədbirdə Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid və başqaları yeni nəşrlərin əhəmiyyətindən, orijinallığından, böyük zəhmət bahasına işıq üzü görməsindən danışıblar.

Müəlliflər tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda Milli Kitabxana tərəfindən hazırlanıb Nizami Gəncəvi-870 məlumat bazasının nümayişi iştirakçıların böyük marağına səbəb olub.

 

Kaspi.- 2012.- 22-24 sentyabr.- S.13.