Dodaq yeri

 

Dağılıb saçın üstünə,

Əl elə,qaçım üstünə.

Çılpaq ağacın üstünə,-

Sən də budaq-budaq yeri.

 

Ahımla verdim eşqə can,

Aramıza düşmədi qan.

Hər tərəfi alıb duman,

Nə düz qalıb,nə dağ yeri.

 

Gözüm zəvvar,yaxan da pir,

Düymələri açdım bir-bir.

Bir öpüşün heykəlidir,

Üzümdəki dodaq yeri...

 

 

Gözlərimi dilə tut

 

Sənə açım qəlbimi,

Ürəyində sirr elə.

Gözlərimi dilə tut,

Yaxanda əsir elə.

 

Ətirli gül-çiçəksən,

Rəsmimi şehə çək sən.

Mənə nə edəcəksən,

Ürəyimə gir,elə.

 

Başla məni saymağa,

Dilin batsın qaymağa.

Bir eşq nəzir qoymağa,

Ürəyini pir elə...

 

 

Həsrət

 

Bir ayrılıq nişanıyam bu adda,

Bu ad məni tanıdıbdır həyatda.

Ucaldığım hər pillədə,hər qatda,

Varlığıma yetən yerimdir həsrət.

 

Sipər olmaz dağ görməyən sinə ki,

Hər ahımda bir qərib isinə ki.

Bu eşq məni gətirincə dinə ki,-

Gördüm ruham,bədən yerimdir həsrət.

 

Saçlarıma ələdikcə qış qarın,

Çətir tutdum qanadını quşların.

Nə göz süzdür,nə çəkilsin qaşların,

Ümid yerim,gedən yerimdir həsrət.

 

O dağlarda qar da qoyub gəlmişəm,

Gözü yolda yar da qoyub gəlmişəm.

Yurd-yuvamı darda qoyub gəlmişəm,

Bu qürbətdə Vətən yerimdir həsrət.

 

 

Yollar da ayrılıq çəkir içində

 

Səhər yaxasını açır gecənin,

Ulduzlar boynunu bükür içində.

Şükür eləyirik göyə üz tutub,

Göylər gözəlləşir şükür içibdə.

 

Uduzdum ortaya nərdi çəkməklə.

Yalandan sınağa mərdi çəkməklə.

Özümə öyrətdim dərdi çəkməklə.

İlişib qalmışam fikir içində.

 

Sevən oyunçudur.məhəbbət oyun,

Məni məğlubların yerinə qoyun.

Hər ayaq iziylə olub qol*boyun.

Yollar da ayrılıq çəkir içində.

 

 

Əsgər atasıyam

(Oğlum Ülvinin şərəfinə)

 

Durmusan vətənin keşiyində sən,

Çöhrəni bəzəyib əsgər qüruru.

İndi sən olmusan,ay əsgər oğlum,-

Ruhumun qibləsi,gözümün nuru.

 

Başında papağın ulduzlu-aylı,

Əsgər geyimində əzəmətə bax!

Sən silaha sarıl,mən də qələmə,

Vətən göylərində şimşək kimi çax!

 

“Dirilik suyu”dur ana vətənin,-

Hər igid əsgərin alnının təri.

Sevdiyim ən gözəl sinfoniyadır,

Bizim əsgərlərin ayaq səsləri.

 

Sən əsgər gedəndə ilk dəfə idi,-

Belə ata-oğul öpüşməyimiz.

Həsrət karvanıdır sevən qızların,-

Arxanca boylanan hər cığır,hər iz.

 

...Əsgər atasıyam mən də bu gündən,

Səadət payımdır bu eşq,bu hünər.

Oğul böyüdəndə vətənə layiq,

Əsgər ataları belə sevinər!

 

 

Zalım gözəl şairi qınayar

 

İstəmirəm qarşılaşaq yalandan,

İstəmirəm yolun məndən yan düşə.

Ömür boyu üzü gülməz bu eşqin,-

Yar könlünə şöhrət düşə,şan düşə.

 

Saz sinəmdə pərdə-pərdə oynadı,

Gözüm tutan bəxtəvər də oynadı.

Qol götürüb hamı dərdə oynadı,

Az qaldı ki aralığa qan düşə.

 

Kirpik çaldın könlüm batdı qana yar,

Ayna tutsam,baxışların qanayar.

Zalım gözəl şairi də qınayar,

Vay halına belə vaxtda can düşə.

 

 

Ana dilim

 

Bir başqa sevgiylə tutub gözümü,

Hər yerdə bu dildə öydüm özümü.

Ana kəlməsini,vətən sözünü,

Səninlə söylədik,ey ana dilim!

 

Xəyalım yığışmır eldən,oymaqdan,

Doymadım yollarda mən iz qoymaqdan.

Tutub mayasını baldan,qaymaqdan,

Ruh verən məlhəmsən hər cana,dilim!

 

Sevən ürəklərdən içib su elə,

Bu dildə oxuyur hələ Qu elə.

Layladı,muğamdı,sirrdi bu elə,

Düşübdür şöhrətin hər yana,dilim!

 

 

Könlüm

 

Baxışı siləndə pəncərəmizi,

O qızı gözündən tutmuşdu könlüm.

Beləcə aldanıb ilk məhəbbətə.-

Sevgi oyununda udmuşdu könlüm.

 

Ocaq yandırmağa məndən ah istə,

İsinsin oduma yaxşı da,pis də.

Köklənib bu qürbət havası üstə,

Qəfəsdə çırpınan bir quşdu könlüm.

 

Xatirə işığı telimə düşüb,

Yollar kəmənd olub belimə düşüb.

Zalım gözəllərin əlinə düşüb.-

Xərclənən qəpikdi-quruşdu könlüm!

 

 

Fəhlə əlləri

 

Soyuqdan,istidən elə bərkiyib,

Əyilməz poladdır fəhlə əlləri.

Ən gözəl şeirə,ən xoş nəğməyə,-

Yaraşan bir addır fəhlə əlləri.

 

Zəhmət çiçəyidir əlində qabar,

Əllər bu qabarda səadət tapar.

Zirvədə uçmağın ayrı dadı var,

Yorulmaz qanaddır fəhlə əlləri.

 

Sevgidə vəfalı,dostluqda mətin,

Kim olmaz heyranı bu məhəbbətin?!

Qurub-yaratmaqdan doymağı çətin,

İşıqlı həyatdır fəhlə əlləri.

 

Şuşanin dağlari hələ qardi ki....

 

Dumanı çəkilmir,çəni çəkilmir,

Şuşanın dağları hələ qardı ki.

Gözləri yol çəkən xarıbülbülə,-

Təsəlli verməyə kimi vardı ki?!

 

Neçə ayrılığa gəldim tuş belə,

Yuva bağlamaz ki qərib quş belə.

Zirvəyə qalxsaydı hər yoxuş belə,-

Təpələr böyüyüb dağ olardı ki.

 

Şuşasız günləri ahımla sayım,

Bir gün çiçəkləyər bu qismət payım.

Yaxamı açmağa hardan başlayım,-

Bu ömür əynimə elə dardı ki...

 

 

Qürub saatı

 

Eşqə dayanacaq yeridir könlüm,

Gözlərim diksinir hər gələn səsdən.

Qərib uşaqlığım girib qoluma,

Çıxarmaq istəyir məni qəfəsdən.

 

Sərhəd dirəkləri tac qoyub ahdan,

Yanır ürəyimdə qürbət ocağı.

Ümiddən asılı yaşadım deyə,-

Unutdum dərdimi qarşılamağı.

 

Qürub saatının zümzüməsinə,-

Divanə yolçu tək baş əyir Günəş.

Torpağın çat vermiş dodaqlarına.-

Solğun şəfəqini çiləyir Günəş...

 

 

Ayrılıq yeri...

 

Göz yaşı ürəyin fırtınasıdır,

Rəsmini çəkmışəm sənin bu suda.

Dünyanı fəth edib son şərqisiylə,-

Bizdən divanəlik öyrənir Qu da.

 

Bilirəm yanında daha yerim yox,

Məni unutmaqdır ehtiyacın da.

Tumurcuq fəslisən bu ayrılığın,

Ahım çiçəkləyib dar ağacında.

 

Ayrılıq yeridir bu dünya elə,

Biz vida gözləyən bir köç qatarı.

Gəl ocaq qalayıb ötən günlərdən.-

Bir ümid işığı yandıraq barı.

 

 

Əlirza HƏSRƏT

 

Kaspi.- 2012.- 22-24 sentyabr.- S.18.